Haqqın var yaşamağa... - Esse

Haqqın var yaşamağa...   - Esse

06 Dekabr 2023 12:49 340



Məmməd Araz -90

Mehman Qaraxanoğlu

Esse

- Salam, gənc ədiblər!
- Salam, Ustad!
- Buyurun, əyləşin!

“Hazır-qayıb” ayini başlar-başlamaz Ustadın gözü lövhəyə sataşır:

- Bəs lövhəni kim siləcək?
Bu, Lövhü-Məhfuz deyildir!

“Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhü-Məhfuzda) olmasın” (“Yunus” surəsi, 61)
Bu, poeziya löhvəsidir!

Burada məmləkətimizin və dünyanın çox ünlü sənətkarlarının isimləri vardı.
O silinməlidir ki, Ustadın söyləntiləri alınsın. Silmək inkar anlamını vermir!
Ustad sağ əli ilə eynəyini alnına sarı qaldırıb:
- Məmməd İbrahim! – dedi.

Gur, qapqara saçları səliqəli bir ehtirasla arxaya daranmış, üzü mis rəngli ortaboylu gənc ayağa qalxıb lövhəni sildi və döyülən dəryazdan fışqıran qarşısıalınmaz bir səslə şeirini oxudu:

Dirəndi dağlara nur qatarımız,
Yeni segah dedi könül tarımız,
Aldı fırçasını Bəhruzlarımız,
Dünyaya Naxçıvan dünyası gəldi.

“Dünyaya Naxçıvan dünyası gəldi”
Ustad bayaqdan əlində tutduğu eynəyini qeyri-ixtiyari burnunun üstünə buraxdı:
- “Dünyaya Naxçıvan dünyası gəlir!” – dedi.

“Naxçıvan dünyası” tək gəlməyəcəkdi, Arazla gələcəkdi və saysız-hesabsız həzrətləri, o cümlədən, Həzrət-İbrahimi də yola salan Araz binayi-qədimdən öz yerini-yatağını yaxşı bildiyindən gənc Məmmədin böyrünə qısılacaqdı. Və “Min illərlə Naxçıvan torpağının ətəyini yalayıb keçən, qoşulan nəğmələr, ağılar, bayatılarla damla-damla suyunu çoxaldan, duruldan, bulandıran” (Məmməd Araz “Həyatın və sözün rəngləri” Bakı, 1975, səh:4) Araz bilirdi ki, özüylə təkcə Naxçıvan dünyasını deyil, dünyanın özünü gətirəcəkdi…

Ustad şagird dəftəri varağına yazılmış şeiri alıb diqqətlə baxdı:

- Bu ki sənin xəttin deyil! – dedi.
- “Ev tapşırıqları”nı başqa xətlə yazıram, Ustad, – dedi.
- Niyə məhz “ev tapşırıqları”nı?
- “Tapşırıq” olduqlarına görə!

Kətil

Bəzən saatı asmaq üçün kətilin üstünə çıxmalı olursan. Kətilin ayaqları nahamar yerdə olarkən yıxılmaq ehtimalın da çoxalmış olur. Nəhs tərəfini düşünək, fərz edək ki, yıxılırsan, illərlə üfürə-üfürə qoruduğun qədim, əntiq saatın içalatı tökülür üstünə. Tərs kimi əqrəblər də düz ürəyinin başına düşür. Və sənin dışla heç bir ilişkin olmadığından özünü sanki vakuumda hiss edirsən. Nə olsun vakuumdasan, “vaxtı keçirmək” üçün bir işlə məşğul olmalısan, ya yox? Birdən gözlərin köksün üstə düşüb qalan heysiz əqrəblərə dəyir. Başlayırsan onları hər iki əlinlə saga-sola verməyə. İndi vaxt sənin əlindədi, guya vaxtı müəyyən edən sənsən! Və arada böyrü üstə yıxılan kətilə də baxırsan…

Məmməd Araz şeiri ayağımız altındakı bütün kətilləri uçurur. Zaman üstümüzə dağılır. Biz kətili məkanın pozitiv metaforası kimi də qəbul edə bilərik. Təkcə şairin “Atamın kitabı”nda yarımbaşlıq halında yer aldığı “Biganələr iqlimi” (Məmməd Araz “Atamın kitabı” Bakı, 1974, səh: 86-110) silsiləsinə diqqət etsək, fikrimizin ilgincliyi bəlirlənəcək. Şairin “qaçıb qəsdən biganələr iqliminə” düşməsi mövcud ədəbi-bədii-siyasi mühitin bəlkə də dünyada tayı-bərabəri olmayan ən “şirin” və qəddar ironiyası idi. Əslində “qəsdən” kəlməsi şeirə qəsdən salınıb.

Əli Kərim zamanında və Əli Kərimdən sonra ədəbi irtica daha “nəvazişlə” istedadlı qələm yiyələrinin “qulluğunda” duraraq onları “biganələr iqlimi”nə sürgün edirdi. Burada həm də Ana dili üşüdüyündən Ezop ona isti geyim verməli olur…

“Sürgün”də olarkən şair görün nələrdən söhbət açır: İlya Çavçavadzeni öldürən güllənin muzeydə qorunmasından, fillərin ömrünə susayan tülkülərdən, “daşın qayadan böyük olması”ndan, boz sərçələrin haray-həşirindən bezməyən qoca çinardan, uşağın göz yaşlarına məhəl qoyulmadan kəsilən quzudan, şairin müəyyən müddət “qəzet qapısı”nı açmamasından, yalançı təəssüflərdən, bir rəyçinin nadan çağırışından, bəzi adamların qurd xasiyyətindən, “gündəlik” sual-cavabdan, saxta humanizmdən, yuxuda şairə qəbir qazan dost xəyanətindən, bir natiqə tövsiyəsindən, bir yıxılan ağaca heyrətlərindən qeyrətlənən qan qardaşlarından, nəhayət, “el üçün ağlayan gözlər kor olacaq!” tezisini Damokl qılıncı kimi bu millətin başı üstündən asan babaların tarixi yanlışlığına qarşı özünün bir övlad sayğısı ilə: “Fəqət sən ağla! Böyüyüb ağlınla ağla!” anti-tezisini qoymasından…

Şeirlərin yerini (Məkan anlamında), altında yazılan tarixləri (Zaman anlamında) dərbədər olmuş saat əqrəbləri kimi dəyişirəm və heyrətamiz bir mənzərə alınır, daha doğusu, o mənzərə alınmır, hər şey əvvəlki şəklindədir - biganələr iqliminin sakinləri gözəgörünməyən bir hasarı aşırlarmış kimi kətillərin üstə çıxıb sanki fəsilsizlikdən fəsillərə sarı boylanırlar və bu zaman ayaqları altında uçan kətillə birgə məchulluğa yuvarlanırlar…

Aman Tanrım, anamdı…

Bir xalqın telindən dırnağınacan milli olan söz sənətinin hər iki qolunu (Bir qol “Dədə Qorqud” eposu, o birisi Nizami “Xəmsə”si) kosmik epizmə bu sayaq - gərilincəyə qədər açması dünya ədəbiyyatının ən unikal hadisələrindən biridir. Ədəbiyyatımız bu çağacan o epizmin həsrətini çəkir – desək, yanılmarıq. Məmməd Araz da gələnəksəl düzənləri qədim türk, rus və Avropa şeirindən gələn oturuşmuş bəlirtilərlə sintez edərək qarşımızda qeyri-adi poetik panoramalar açır. Həqiqətdə buna canatım şairin doğal təbiətindən doğurdu.

Məmməd Araz şeiri çətini danışana qədərdir, sonrası qalır Uca Rəbbin ixtiyarında – bu, kosmosda baş verən və müəyyən ardıcıllıqla bir-birini əvəzləyən kataklizmlərə bənzəyir və şeir səsləndikcə bu proses insan təbiətində də eyni nizamla davam edir. “Anamdan yadigar nəğmələr” də ruhumuzun fəzasında sözügedən görəvi yerinə yetirir.

Yer üzündə anasının son anına yetişməyən nə qədər insan vardır! Bəlkə də bu, analara Tanrı lütfüdü – hansı ana istəyər ki, ciyərparası, ana ciyərindən axıb gələn son nəfəsin ağrılı tamını öz canında hiss etsin?! Hansı ana istəyər ki, ölüm anının şəklini öz əlləri ilə balasının nəmli gözlərindən assın?! Hansı ana istəyər ki, canvermənin ilahi ritualına balası “elitar” görkəmdə deyil, hövlnak, laübalü, qaranəfəs iştirak etsin?! Bəs balalar bu çağrını necə çözürlər? Etiraf edək ki, Məmməd Araz çözümü ovqatın metamorfoz və növbələşmə məqamlarına görə dünya ədəbiyyatında nadir bir haldır:

Bir qarı dilləndi: “Anan ölüncə,
Dedi ki, balamı çağırmayın siz.
Qorxar... İşi çoxdur...azca ağladı,
Qorxdu ki, eşidib kədərlənərsən.
Son anda şəklini o qucaqladı,
Gözünə baxmadı, qəhərlənərsən”

Qarı obrazı şeirdə bir şimşək kimi yanıb sönsə də, mətnin mifik, daxili energetik gücü göy qübbəsi kimi məhz onun başı üstündə dayanır. Qarı, dünyanın qəddar naturasını özündələyir – gerçəkliyi şairə məhz qarı deməliydi!

“Bacım Gülsümə məktub” düşüncə universallığına görə Azərbaycan şeirinin yeni bir fazaya - epik vüsətə keçidini təsdiqləyən tipik bir nümunədir. Təbii ki, söhbət ana haqqında yazılan şeirlərdən gedir. Ana burada təbiətin özüdür. Cəhrə, yun, daraq, yarpız, nanə, qocaman qoz ağacı - hər şey anadan söz açır. Paradoksal görünsə də, Yeseninin “Bacıma məktub”u yada düşür. Bəlkə də dahi rusun “Anama məktub”unu xatırlasaydıq, müqayisə daha real görünərdi. Fəqət bu, zahiri oxşayış olardı. Hər iki dahinin şeirində gözəgörünməyən bir obraz vardır: yaddaş! Məmməd Arazda yaddaşın milli, etnoqrafik, Yesenində isə qayğısız uşaqlığın həsrət çaları daha qabarıqdır.

Yağış damcıları dünyanın sərt üzü ilə - səki ilə toqquşurlar! Bu, kiçik əl qumbarası “effekti” yaradır; qəlpələnən damlalar, qəribə görünsə də, əzəl odalarına - göyə can atırlar. Sözlər də yağış damlaları kimidir, onlar daha qəddar bir aləmlə - şair dünyalarıyla toqquşaraq nəhayətsiz zərrələrə parçalanır və geriyə şığımaq istəyirlər. Şairlər geriyə uçuşan sözləri havalı adamlar kimi tutub saxlamaq istəyirlər. Hər kəs öz miqdarınca götürüb havalanır. “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” (Füzuli) Onunçün də Yer üzünün bütün sözlərində bir Göy dadı, tamı, intonasiyası, möhürü vardır!

Məmməd Araz o istedadlı bəxtəvərlərdəndir ki, hələ gənc yaşlarından sözün göy qatına vardı. O, sözün zahiri cilvələriylə deyil, batini ilə, haman qatla “rəqs” edir. Sobanın iç həniri dışa vurduğu kimi şairin sözlə tutan bu batini oyununun istisi də məna impulsları və “pörtmüş” qafiyələrlə özgürlük yaradaraq yuxarıda qeyd etdiyimiz kosmik epizmə yol açır, “bir zərrənin işığına milyonları şərik” edə bilir. Şairlə “söhbəti” tutan hər bir oxucu qəfil deyə bilər:

Aman Tanrım, bu, mənəm!
Aman Tanrım, Vətənimdir!
Aman Tanrım, anamdır!

Çöl , çöl, çöl...

Milli yaddaş sistemi və ruhsal dünyamızda Çöl genetik kodun daşıyıcısı olduğundan Məmməd Araz kimi seçkin bir sənətkar ondan yan keçə bilməzdi, əksinə, günlərin bir günü onun yolu məhz Çöldən keçməliydi. Çöl təkcə metaforik qavramı deyil, həm də əcdadlarımızın gerçək sosial-fəlsəfi yaşam tərzini ehtiva edir.

Qadın Çöl, kişi Səmadır!
Çöl sinidir, Səma qapağı!
Sinini sirli edən qapağıdır!
Qadın sirri mifdir!
Qadın (Çöl) sirri faş edəndir!
Leyli Çölü, Məcnun Səmanı simvolizə edir!
Nağıl qəhrəmanları dərə, dağ, düzü (Çölü) keçməlidir!
Düzü (Çölü) keçəndən sonra açılışlar olur.

Məlikməmməd məhz dərə, dağ, nəhayət düzü (Çölü) keçəndən sonra quyuya rast gəlir. Quyu nə qədər yandırıcı olsa da, nağıl qəhrəmanı həmin andan sonra bütünləşir, bütövləşir və sonakı maneələr keçilməz olmur. Peyğəmbərlər də, böyük məslək adamları da, sufilər də Çölü keçirlər!

Səbrsiz olmağa tələsməyək, təpə (Dağ) da Çölü qanuniləşdirir. Uca dağların ucalıqları Çöl deyilmi? Məhz oradan kosmik təmas daha gözəl alınır.

Çöldə qadinla kişi tez “dil tapıb” qovuşurlar. Rejissor Ş.Əliyevin “Çölçü” (Bakı, 2012) psixoloji film-dramı bu yönü doğru incələmiş olur.

Məcnun (Səma), Leyli (Çöl və ya Səhra) ilə heç bir zaman “qovuşa” bilməz! Füzuli “sehrbaz”lığı burada da öz işini görüb, zamanı bir qədər geri çəkmək lazımdır, axı qovuşanlar təkrarən niyə qovuşmalıdırlar? “Əgər mən mən isəm, nəsən sən, ey yar? Əgər sən sən isən, nəyəm mən, ey yar?” (Füzuli, “Leyli və Məcnun”).

İç və Dış oğuzlarının aralarında heç bir zaman sürəkli, dayanıqlı əmin-amanlıq olmur, çünki Çöldən aralı düşüblər.

İnsan da İç və Dışdan (Çöldən) biçimlənib. İnsan içə vara-vara dış ondan aralanır. O elə bir müəmmadır ki, içini çölə yansıtmaq istəmir. İnsan öz gizlininə aludə olmuşdur. Ona görə də, Çölünü unutmuşdur.

Məmməd Araz insanı Çöldən ayıran və fəlakətlərə sürükləyən bu ayrımları ilk sezən müstəsna sənətkardır. O, ədəbiyyata Çöldən gəldi. Onunçün də sivilizasiyaların ayrıntıları (Ən azından, kənd (Çöl), şəhər (Meqapolis) anlamında) onun yaradıcılığında bəlirli özətlərlə sonuclanır.

Çöl şairin başlıca ilham mənbəyidir! Çağdaş Azərbaycan şeirində “ilham” kəlməsini Məmməd Araz qədər cazibədar edən, necə deyərlər, onu sutkanın 24 saatı “diri” saxlayan, hətta deyərdim ki, bu sözə termin statusu verən az sənətkar tapılar. “Ruh istədiyi yerə pərvaz edir; şüursuz olan sirlərini vermir. İlham imtiyazlı seçkinə nazil olur; böyük ideya onu nurlandırır, qəlbinə hakim kəsilir, ona əzab verir və bəlli yola itələyir...” (A.Joli “Böyük adamların təbiəti” Bakı – 2008, səh:15)

Azərbaycançılıq məfkurəsinin hayqırtısı olan “Anamın kitabı” bir xalq olaraq siyasi-tarixi, sosial-fəlsəfi və estetik mahiyyətimizin bütöv halında ortaya çıxarılışında müstəsna rol oynayaraq, bədii-elmi, etnik-mədəni dəyərə malikdir. Bu yorumda olan bütün kitablar, fikrimizcə, “Anamın kitabı”ndan sonra gəlir. Əgər biz fikir şəbəkələrimizi hər cür kontekst daxilində araşdırsaq, “Anamın kitabı”ndan sonra gələn ikinci kitab, böyük ehtiras, coşqu və ilhamla yazılmış “Atamın kitabı” olmalıydı.

Məmməd Arazın “Atamın kitabı” milli-genetik yaddaşımızda Çöl əlifbasıyla kodlaşdırmaqla Çöl və Dağ mədəniyyətinin bütün bəlirtilərini təkrarən bizə qaytarır. O, Çöl əlifbasını olağanüstü (qeyri-adi) özəlliklə oxuyan ilk şairimizdir. Əsərin orta məktəb dərsliklərinə salınmaması təəssüf doğurur. XI sinif şagirdləri “Anamın kitabı”ndan sonra “Atamın kitabı”nı oxumalıdırlar, çünki siyasi-bədii-elmi kontekstdə “Mən kiməm?” sualının cavabını alan vətəndaş, bunun ardınca “Mən Vətənimin dağ, çöl, aranına hansı işarə və simvollarla bağlıyam?” sualına cavab aramalıdır. Cavab isə “Atamın kitabı”ndadır.

Planetar (Çöl) düşüncə baxımından Məmməd Araz türk dünyasının digər nəhəngləri Çingiz Aytmatov və Oljas Süleymanovla eyni platformada dayanır.

Xatırlatmaq yerinə düşər ki, XIX əsr rus poeziyası da gözünü Çölə açdı. Çöl atributları Fyodor Tütçevdən Yeseninə qədər və hətta bu gün də rus poetik mətnlərini barındıran başlıca nəsnələrdir. Məmməd Arazın Çöl çabaları Oljasdan da öncəyə düşdü. Fəqət burada da şairin bəxtı gətirmədi. (Bəlkə bəxti suçlamaq daha asan çıxış yoludur!) Oljasın və Aytmatovun Çöl bilintiləri isə onları dünya arenasına çıxara bildi. Təbii ki, bu işdə onlara rus dilində yazıb yaratmaları və qazax xalqını dünyada təmsilçiliyi – çeşidli görəvlər yapmaları da yardımçı oldu.

Çöl yanğısı Məmməd Arazda sistemli izlənimlər şəklində, Oljasda isə ədəbi-bədii-elmi formatda qudsallaşır.

Ey Məmməd Araz!
Ey Çöl şairi!
Ey Çölçü!
Nə qədər Çöl var, sən də yaşayacaqsan!
Və misralarını sənə pıçıldamaqdan savayı əlimizdən nə gələ bilər ki:

Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa...