Heykəlin yanında salam verdiyim pişik - Yeni şeirlər

Heykəlin yanında salam verdiyim pişik   - Yeni şeirlər

07 İyun 2022 09:28 515


YeniYaz.Az Tural Cəfərlinin şeirlərini təqdim edir.

Köynək

Keçən həftə,
Dəqiq günü xatırlamıram...
Cümə günü deyildi,
Ayağımı yorğanıma görə uzadıb,
Bir köynək aldım...
Gördüm ki, əllərimi də cibimə görə
Uzatmalıyam...
Beləcə əllərimi, ayaqlarımı ölçə-ölçə
Bir köynək aldım,
May ayına uyğun...

Yeraltı keçid

Yeraltı keçiddə mahnı oxuyurdu bir gənc -
Ancaq Günəş düşməyən bu keçiddə
Bir işıq var idi -
o işıq da həmin mahnı oxuyan gənc idi...
Yeraltı keçiddə qaranlığı yaran gəncin
Papağına atılan qəpiklər
Sanki rəqs edirdi gizlicə...

Qış parkındakı pişik

Qış parkında qara pişik var -
Füzulinin heykəlinin dibində
özünü günə verir həmişə...
Bilmirəm, nədənsə bu halı ilə
Füzulinin kölgəsində yox,
Gün düşən yerində gördüyüm pişiyə
Sanki heykəlin cazibəsindən idi -
Salam verib keçdim, özümdən asılı olmadan...

Skuter

Oğlum sürdüyü skuterlə
sanki gələcəyə uçurdu -
O da demək istəyir ki, təkan ilə çox uzağa
Lap arzularına doğru getmək mümkündür...
Təkanı özü verdikcə, anladım ki, həyat
Elə öz təkanın ilə başlayır,
Özgələrinin təkanı ilə dayanır...

Salam, necəsən...

Getdikcə “salam” verdiyim adamların
Sayı azaldı...
Sonra “necəsən” sualına cavab gözləmədən
Davam etdi “süni” əhvaltutma priomları...
Beləliklə, adamlar bir-birindən
“Salam” ilə uzaqlaşdı,
“Necəsən” sualı ilə yad oldu...

Darıxmaq xəstəliyi

Heç vaxt tanımadığım adamlarla metro vaqonunda
Bir istiqamətdə yol almaqdı həyatın bir üzü...
Tıxacda siqnal səsini ney səsinə bənzədən
Nə qədər adam var görəsən?!..
Bəxtini pozmaqla sınayan kütlənin içində
Heç kimin gözündə ümid görmədim,
Bu gün də alınmadı,
Sabaha saxladı bəxtini
İnşaat fəhləsi...
Başqalarına ev tikən ustaların,
Evləri yarımçıq qaldı,
Yol çəkən mühəndislərin
Həyatla bağlı arzuları
Yollar qədər sonsuz olmadı...

Qocalıq qorxusundan yazılan şeir

Yenə axşam düşür,
Yenə səhərin qayğılarına
Pərdə çəkir gecənin əlləri...
Bir otaqlı evdə, tənha yaşayan qoca üşüyür,
Mətbəxdə fit verən çaynikin buxarı
İsitmir otağın divarlarını...
Hörümçək toruna düşən milçəyin
Ümidi daha böyükdü
Qocanın üzündəki ifadədən...
Pəncərədən baxanda
İlk gördüyün adamın əhvalı necədirsə,
Günün o əhvala görə dəyişir...