İçən günlərimi sayır – Günün şeiri

İçən günlərimi sayır   – Günün şeiri

28 Yanvar 2022 08:52 858


Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür. YeniYaz.az bu münasibətlə şairin “İçən günlərimi sayır” şeirini təqdim edir.

İçən günlərimi sayır
yenə də barmaqların.
Sənə ömrüm əzab verir
mənə də barmaqların.

Günlərimin çoxu gedib,
daha sayma heç nəyi.
Bir şeyə söykənməlidir
axı insan ürəyi.

Səbəblərin hamısı boş,
səbəblər yalnız səbəb.
Hər şey bəhanədir, gülüm,
Ömür, ölüm, qəm, əsəb...

Hələ içkidə batmayıb
insan kədəri, dərdi.
Batsaydı insan dərdindən
Allah özü içərdi...

İçən günlərimi sayır
yenə də barmaqların.
Sənə sərxoş gözüm baxır,
mənə də barmaqların...

1982