İçimizdəki Şəhər - Müasir İçərişəhər hekayəsi

İçimizdəki Şəhər    - Müasir İçərişəhər hekayəsi

29 Sentyabr 2023 10:00 965


Yüzillik tanışlar...

Hekayə

Lalə Qasımlı

«Bir axşam taksidən düşüb payıza…» Yox, payız deyildi, iyun axşamı idi, sərin bir iyun axşamı. Yay hələ girməmişdi. Sabir bağında skamyada oturub gözləyirdim. Görüş vaxtından, haradasa, yeddi dəqiqə keçirdi. Vatsapdan göndərdiyim «Çatdım...» mesajının tək işarəsi bozarırdı. Nə ölkədaxili telefon nömrəsi var idi, nə də interneti açıq idi. Başımı telefondan qaldırdığımda mənə yaxınlaşan bir nəfər. O, idi. Deyəsən, kepkası vardı başında, yoxsa deyil?! Qara futbolka və krem rəngli şalvar geyindiyini dəqiq xatırlayıram. İngilis tələffüzü və rahatlığı ilə:

– Hello, –dedi.

Rahat idimi, həqiqətən də?! Yoxsa o an mənə elə gəlmişdi?!

– Salam.

Sonra hansı cümlələrin qurulduğunu xatırlamıram. Ancaq öz dilimizə keçmişdi.

İstiqaməti müəyyənləşdirməyə çalışdıq:

– Hara gedək? Tarqovı, yoxsa İçərişəhər?

İşıq gələn tərəfə getdik. Əyri-üyrü, dar küçələrə...

İçərişəhərin sonradan açılan Sabir bağı qapısından daxil olub, sola, daha qədim Qoşa qala qapısına sarı addımladıq.

İlk dəfə idi üz-üzə görüşürdük. Üçillik virtual dostluq son bir ayda fərqli məcraya yönəlmiş kimi idi. Ancaq o an dost kimi görüşmüşdük. Və ya mənə elə gəlirdi. Bəlkə də belə olduğunu düşünmək istəyirdim.

Qoşa qala qapısından sağa, Qız qalasına tərəf döndük. Arxeologiya və Etnoqrafiya Muzeyinin yanında, sağımızda duran binanı göstərib:

– Bu bina harasa aid idi, – dedim, – ancaq xatırlaya bilmirəm nə vaxtdır, oxuyub unutmuşam yenə.

Yaman unutqandım.

– Ensiklopediyanın binasıdır.

Bilirdi, həm də unutmamışdı. Və bir daha unutmayacaqdım...

Nə danışırdıq? İşlərimiz, layihələr... konfranslar... Bu gün və gələcək planlar… Keçmiş yox idi.

Cümə məscidinin yanında mənə zəng gəldi. Kimin zəng etdiyini təxmin edərək telefona baxdım. Doğru bilmişdim. Telefonu səssizə aldım. Səssizə aldığım ilk zəng idi bu. Kiminsə üzünə telefon bağlamaq daha ağır gəlib mənə həmişə. Bəlkə səssizə almaq daha ağırdır. Qarşı tərəf ümidlə gözləyir, gözləyir... Bir daha bunu etməməliyəm. «Bağışla, əzizim, heç özüm də bilmədim niyə elə etdim» - ürəyimdə rəfiqəmdən üzr istəyirdim.

Konsentrasiyam pozulmuşdu, hər halda.

– Danışa bilərsiniz.

– Əhəmiyyətli deyil.

İnsan dəyərli olsa da, həmin mövzu o an əhəmiyyətli deyildi çox da.

Vaqif Mustafazadənin ev-muzeyinin yanından keçərkən məlumatlandırdım.

– Artıq gecdir, indi açıq olmaz, yəqin...

– Aha...

Sonra Marionet Teatrının binasını göstərdim. İki gün sonra «Arşın mal alan» tamaşasına gedəcəkdim. Bilet alarkən bəhs etmişdim. Proqramı bəlli olmadığı üçün ona bilet almamışdıq. Və biletlər bitmişdi. Rəfiqəmlə gedəcəkdim. Yox, zəng edən o deyildi.

Danışır... Danışırdıq... Addımlayır... Addımlayırdıq... İlk dəfədir bu... ilk dəfədir gəzərkən bu qədər çox danışıram. Və ilk dəfədir bunu belə rahat edə bilirəm.

«Brilyant əl»in yanından keçirik. Filmi xatırlayır, qaranlıqda fotoşəkil çəkdirən turistlərə baxa-baxa irəliləyirik. Haradansa dalana dönürük. İçərişəhərin əyri-üyrü küçələrindən biri. Ağlıma Əsmərlə Oqtay gəlir.

Dar, əyri-üyrü, bilinməzə gedən küçəyə baxıram. Bir az sual qarışıq bunu edəcəyimizi bilirmiş kimi qurulan tək sözlü cümlə:

– Azaq?!

– Azaq!

Daha qətiyyətli idi.

Oqtay idi. Əsmərin Oqtayı...

Bəs mən?! Əsmər idimmi mən?!.

İçərişəhərdə azmadınsa, onu gəzmiş sayılmazsan.

Filmi xatırlatdım. İkimizin də ən sevimli filmi imiş. Təəccüb və təəccübsüzlük bir arada.

O dalandan necə çıxdıq?! Düz Şirvanşahların qarşısına çıxmışdıq. Armudu stəkanlar kompozisiyası olan parkın qarşısından keçərkən:

– Bəlkə, oturaq?– dedim.

Çox rahat insandır. İlk görüş olsa da, sıxılmırdım yanında.

Ərik ağacının altında otururuq. Qarşıdakı əncir ağacının altında qadınlar vardı. Hər kəs öz dünyasında idi. Böyük ehtimal, İçərişəhərdə yaşayırdılar. Geyimləri və davranışları yaxınlıqda yaşayan insan təəssüratı yaradırdı. Məhəlləyə çıxmışdılar. Necə gözəl idi bu düşüncə. İçərişəhərdə yaşamaq və yay axşamları qədim şəhərin küçələrində sərinlənmək məqsədi ilə gəzmək.

Qəribə idi. Bir müddət də olsa, İçərişəhərdə yaşamaq arzumuz da üst-üstə düşmüşdü.

Sərin meh əsir, saçlarımı dalğalandırırdı... Bir də ərik ağacının yarpaqlarını... Nə hiss edirdim? Bilmirəm... doğmalıq vardı, yaxınlıq. İlk dəfə üz-üzə görüşdüyün insanı yüz ildir tanıyırmış kimi yaxın, əziz hiss etmək. Dünən ayrılmış, bu gün yenidən görüşmüşdük sanki. Yoxsa əzəl tanışları idik biz? Ruhlar aləmində dəymişdi gözlərimiz gözlərimizə...

Yan-yana oturmuşduq. Üzümə baxmırdı, demək olar. Baxanda isə tez gözlərini qaçırırdı. Niyə? Bilmirdim, ancaq bu məni narahat etmirdi. Niyə belə edir demirdim. Axı yüzillik tanışlar idik biz. Heç nə fərqli gəlmirdi. Heç nə yeni deyildi sanki.

Parkın balaca pişikləri vardı. Biri gəlib aramızda durdu. Pişikdən narahat olacaq deyə çox qorxdum. Ancaq, əksinə, sevdi. Buna niyə sevindim ki?! Çantasının üstündə oturan pişiyin fotosunu çəkdi. Məni təəccübləndirməyə davam edirdi.

O axşam burada bitmədi. Məni evə yola salarkən yenə görüşəcəyimizi dedi. Görüşəcəkdikmi? Harada? Niyə İçərişəhərdə oldu bu ilk görüş? Niyə biz onlar kimi İçərişəhəri qarış-qarış gəzdik o axşam? Payız da deyildi axı! Yoxsa biz onlar idik? Yox! Əsmər olmaq istəmirəm mən! Biz onlar olmayaq! Axı biz birlikdə çox gözəl idik...

Biz yenə görüşəcəkdik. O, Qoşa qala qapısından yuxarı çıxacaqdı, mən Sabir bağı qapısından aşağı enəcəkdim. Yolun düz ortasında təbəssüm edəcəkdik bir-birimizə. Əlimdən tutub bu dəfə o, qədim şəhərin dar küçələrində azmağa dəvət edəcəkdi. Əl-ələ azacaqdıq..

Azacaqdıq, bir az içimizdə, bir az İçərişəhərdə...