İçsən bu dərmanları... – Günün şeiri

İçsən bu dərmanları...   – Günün şeiri

17 Yanvar 2022 11:26 274


Bu gün əslən güneydən olan şairə Mədinə Gülgünün doğum gündür. Bu münasibətlə onun cənub həsrəti ilə yazılmış “Bir ovuc qar” şeirini təqdim edirik.

Həkim çox qulaq asdı,
Ürəyimi yoxladı.
Həssas barmaqlarını
Nəbzim üstə saxladı.

Qəlbinin döyüntüsü
Artmış bir qədər, dedi.
İçsən bu dərmanları
Yəqin düzələr, dedi.

Söylədim, aman, həkim,
Əbəsdir dərman, həkim.

Qulaq as ürəyimin
Tellərini dindirən
Həsrətə, qəmə, həkim.
İçsən bu dərmanları
Sağaldar demə, həkim!

Vətəni darda qalan,
Gözü yollarda qalan
Bir elin xəstəsiyəm,
Nüsxə yazma nahaqdan.
Mənə bir çiçək gətir
Doğulduğum torpaqdan.

Boynu bükük bənövşə,
Bağrı yanıq lalə dər,
Məni dərmanlar deyil,
O çiçəklər dirildər.

Savalanın qarından
Bircə ovuc tap, həkim.
Bu vaxtsız ayrılıqdan
Çəkməyim əzab, həkim.
Qoyum sinəmin üstə,

Yanğım azalsın barı.
Sanım ki, vətəndəyəm,
Unudum ağrıları,
Unudum ağrıları...