Kəmsər oğlu kəmsər dolma istəyir məndən? - Sevincdən yeni hekayə

Kəmsər oğlu kəmsər dolma istəyir məndən?   - Sevincdən yeni hekayə

17 May 2023 13:10 390

Yarpaq dolması

Sevinc Elsevər

hekayə

“O kəmsər oğlu kəmsər dolma istəyir məndən? O qədər ölünün içindən o gəlib niyə tapır məni? Niyə gedib arvadını tutmur ruhu? Padar qızını, Gülbikəni? Məndən yaxşı deyildi? Məni boşayıb onu almadı? İki oğul doğmuşdu ona! Belə yaxşıydı, elə yaxşıydı, noldu?!”

Şölənin qışqırığına ruh ölçən qadın diksindi. Qaraqabaq qadın sərt baxışlarla Şölənin gözlərinə baxanda Şölə özünü yığışdırdı. Bu şaman qadını da nə zülmlə tapmışdılar! Basa-basa neçə kənd, qəsəbə ötmüş, gəlib qadının evinə çıxmışdılar. Qadın xəstələrə şəfa paylayır, sınıq-çıxığı sağaldır, doğmayan qadınların belini bərkidir, mədəsində tikə qalanın tikəsini ötürür, sonsuz kişilərə qırx gün çiy yumurta içirir, ruh tutanların ruhunu ölçürdü.

Şölə iki aya yaxındır həkimlərin əlac tapmadığı mərəzə yoluxmuşdu. Axşamüstü düşən kimi Şöləni üşütmə tutur, tir-tir əsir, dişi-dişinə dəyirdi. Belə vaxtlarda üst-üstə üç-dörd yorğana bürünürdü, ancaq yenə canı qızmırdı.

Qonşuda yaşı ötmüş qız ölmüşdü. Şölə də yasına getmişdi. Qaragünlü qız öz-özünə danışırmış, gah qışqırıb bağırırmış, gah yerə yıxılıb çabalayırmış. Bir dəfə də qardaşı arvadına deyib ki, kimdirsə qapımızı sındırır. Gəlin də mat-məəttəl baxıb, heç nə eşitmədiyini deyib. Qız israr eləyib, yox e, qapını döyürlər. Qız qaçıb qapıya, ordan da küçəyə. Beş -altı metr qaçandan sonra üzüqoylu yıxılıb ölüb.

Biri dedi, qızı cin vurub, içinə cin giribmiş. Biri dedi, ürəyi partlayıb ölüb. Gah dedilər başında nəsə varmış. Ya vəlvələdən, ya zəlzələdən qız durduğu yerdəcə yıxılıb ölmüşdü. Yasda qızı ürəkdən ağlayan adam yox idi. “Anası ölmüş” -deyə əzizləyib ağlayanların hamısı elə öz dərdinə ağlayırdı.

Yuyat yerindən gələn arvadlardan biri qonşu Güləbətin arvada üzünü tutub demişdi:

“Ay Güləbətin, niyə oğlanlarından birinə almadın bu anasıölmüşü? Azzz, bir əti, bir əndamı varmış! Bir döşü- başı varmış ki, baxan deyər bir də baxım! Heyf oldu gül kimi qız!”

Güləbətin də öz növbəsində ağlaya-ağlaya cavab vermişdi: “Ay Suğra, neynəyim, zalımı çıxmamışların biri yaxın durdu ki? Elə bilirsən demədim? Eşitdirmədim? Gedib hərəsi bir əndamı yanmışı alıb gətirdi, günümü qara elədilər”.

Biri dedi: “qardaşım vay!”, biri dedi: “atam, vay!”, Şölə də bədənini əsdirə-əsdirə: “Xəstə canım, vay! Yay-qış üşüyən canım vay! Çarə tapılmayan canım vay!” - deyə ağlamağa başladı. Arvadlardan biri Şölənin dərdini eşitcək ürəyi yumşaldı. Ağlayanda adamların ürəyi yumşalır, gözəl ürəkli, yaxşılıq sevən insanlara çevrilirlər.

Şöləyə dedilər ki, həkimlər dərdinə çarə tapmır, onda Saray arvad tapacaq. Onun dərdinə çarə tapmadığı adam yoxdur. Moskvada tibb institutunu oxuyub gələn həkimlər Saray arvadın yanında qələt edir. Keçən il çölmədodaq Afətin nəvəsi yıxılıb qolunu sındırmışdı. Uşağı həkimə aparıb qolunu gipsə qoydurmuşdular. Açanda görüblər uşağın qolu əyri bitib, qız uşağı özü də. Sabah baş qaxıncı olacaq, qarıyıb dədəsinin yurdunda qalacaq. Ondan sonra uşağı aparıblar Sarayın yanına. Saray uşağın qolunu təzədən sındırıb, yumurtadan hazırladığı yaxmayla sarıq düzəldib. Əliylə yoxlayaraq adamın harasında hansı sümüyü sınıb, çıxıb, çatlayıb o dəqiqə bilir. Rentgen kimi arvaddır. Get onun yanına, nə dərdin var deyəcək sənə.

Şölə vaxt itirmədi. Oğlu Yavəri də yanına salıb Saray arvadın yanına gəldi. Saray arvad Şölənin dərdini biləndən sonra çörək gətizdirdi. Sonra bir dəsmal sərdi, çörəyi iki böldü. Ucuna ip bağlanmış qaşığı ikiyə bölünmüş çörəyin ortasında saxladı və dodağının altında pıçıldamağa başladı. Sonra üzünü Şöləyə tutub dedi ki, ölülərinin adını saysın. Şölə kimin adını çəkdi, Saray arvad başını bulayıb, “o deyil” - dedi.

Şölə bütün ölülərin adını sadaladı, körpüdən keçəndə yan-yana dəydiyi rəhmətliklərinin də adını çəkdi. Saray arvad Nuh dedi, peyğəmbər demədi. Axırda Şölə məcbur olub, hətta adı yadına düşəndə söyüb batırdığı birinci ərinin, Səməd kişinin adını çəkdi. Kişinin adı gələn kimi arvadın əlindəki qaşıq sürətlə ora-bura əsməyə başladı. Şölə başını kənara eləməsəydi, qaşıq ağzının üstündən tutacaqdı.

Arvadın dediyinə görə, onu Səmədin ruhu tutmuşdu, ürəyi də yarpaq dolması istəyirdi. Şölə adına axşamında bir qazan dolma asmalı, Səmədin ruhunu çağırmalı, dolmaya qonaq eləməliydi.

Şölə eşitcək bağırdı: “O kəmsər oğlu kəmsər dolma istəyir məndən? O qədər ölünün içindən o gəlib niyə tapır məni? Niyə gedib arvadını tutmur ruhu? Padar qızını, Gülbikəni? Məni boşayıb onu almadı? İki oğul doğmuşdu ona! Belə yaxşıydı, elə yaxşıydı, noldu?!”

Səmədlə Şölə düz yeddi il ər-arvad olmuşdular. Səmədin atasıgil Şöləgilin qapısının dabanını çıxardandan sonra qızı ala bilmişdilər. Şölənin atası quyruğunun üstündə dayanıb deyirdi kəndə qız verməyəcəm. Şöləgil rayon mərkəzində yaşasalar da, məktəbdən tez-tez pambığa aparırdılar. Səməd onu pambıq tarlasında bəyənmişdi. O vaxt Səməd sürücü işləyirdi, yük maşınında pambıq daşıyırdı. Şölə məktəbi qurtarmamış elçilərini göndərmiş, qızın atası yox deyincə, ağır seyidləri axtarıb tapmış, onları kişinin qapısına göndərmişdi. Söz vermişdi ki, Şölənin əlini ağdan-qaraya vurdurmayacaq, mal-qara sağdırmayacaq, alağa göndərməyəcək. Kişi də çar-naçar razılaşmışdı. Məktəbi qurtaran yayı Şöləni zurna-balabanla aparmışdılar.

Şölənin də Səməddən ötrü ürəyi az atmırdı. Dədəsi çağırıb qızının fikrini soruşanda da əzilib-büzülərək, “böyüklərim nə məsləhət görürlərsə, mən də ona razıyam” demişdi.

Ancaq aylar keçdikcə, Şölənin xoşbəxt günləri-gecələri azalmışdı. Uşaqlarının olmamağı söz-söhbət yaratmış, qaynanası Şöləni burunlamışdı. Baldızın da ayağı yer almış, bir dəfə Şölənin saçından tutub sürümüşdü. Axırda Şölə dözməmiş, bir gecə ayağı yalın, başı açıq dədəsinin evinə qaçmışdı. O qaçan, bu qaçan. Dədəsi də daha geri qayıtmağına icazə verməmişdi. Sonra Şöləni dul bibisi oğluna ərə vermişdilər.

Şölə dörd uşağın üstünə ana getmişdi. Bibisi nəvələrinin qarınlarını doyurmuş, qızların saçlarını daramış, oğlanların ayaqqabılarını parıldatmış, gün gəlmiş, Allahın Şöləyə rəhmi gəlmiş, özünə bir oğul övladı vermişdi.

Şölə həmin oğluyla bir damın altında qalır. Ancaq qapısından-pəncərəsindən yel vurub yelkənlər oynayan damın altında.

Bibisi oğlu dünyaya gözlərini yuman kimi oğulluqları, qızlıqları mal-mülkün üstündə Şöləylə, bir əlcə oğluyla davaya çıxdılar. Axırda Şöləni də, oğlunu da evdən -eşikdən perik saldılar. Şölə oğlunu götürüb kəndin kənarına gəldi, balaca torpaq sahəsini ölçdürdü-biçdirdi, yastı-yapalaq dam tikdirib girdi içinə. Ancaq Şölənin sümükləri də üşüdü bu damın altında. Üstünə yeddi yorğan salsa da, tir-tir əsdi. Axırda dərdinə çarəni Saray arvadın qaşığının ucunda aradı.

Saray arvad deyəndə ki, Səməd kişinin ruhu yarpaq dolması istəyir, cümə axşamında bir qazan dolma as, kişinin ruhunu çağır, gəlsin iyini alsın, Şölə qeyzləndi, dedi buz tutaram, o kişiyçün qazan asmaram. Heç iki yumurtanı qırıb qayğanaq da eləmərəm.

Oğlu Yavər anasına dil töküb yalvarırdı: “Ay ana, daşı tök ətəyindən. Kişi otuz il qabaq səni boşayıb, sən də boş durmamısan, atama ərə gəlmisən. Bir qazan yarpaq dolması nədir ki, indi o kişiyə çox görürsən. Yemək də gerçəkdən kişinin qarnına getməyəcək. Canlı-qanlı süfrəmizin kənarında oturmayacaq. Yeməyin qoxusuyla doyacaq. Deyirəm, dirilər də ölülər kimi doysa, nə yaxşı olardı. Bir qazan yemək bişirib, gedib-gəlib isidərdik, iyinə qarnımız doyardı”.

Yavər şirin dilini işə salar, yorğanın altında tir-tir əsən anasının boynunu qucaqlayar, anası da dirsəyiylə oğlunu dürtmələyib yerə salardı.

“Heç ar yoxmuş səndə, dədən eşitsə hirsindən dəliyə dönərdi. Yad kişiyə yemək bişirim? Ruhunu ocağıma çağırım? Dədənin də şəkli divardan baxsın? Yad kişini qapımda görüb küssün? Nə var-nə var, üşüyürəm, qızdırıram? Ölsəm də dolma bişirməyəcəm!”

- Ay ana, bəs ömür boyu yarpaq dolması yeməyəcəm?
- Get bibingildə ye. Bir dəfə də qabağına o, yemək qoysun. Sən də qardaşının balasısan. Qardaşının o biri yetimçələrindən ötrü əldən-ayaqdan gedir. Sən yadsan?

Anasının fikri Yavərin başına batdı. Yoxsa tamah onu öldürürdü. Səmədin ruhundan da betər şişirdi yarpaq dolmasından ötrü. Qonşuda yarpaq dolması bişəndə qaçıb evə girirdi ki, qoxusu burnuna gəlməsin. Anası aylardır evə ət almırdı. Makaronla, kartof soyutması yeməkdən Yavərin mədəsi xarab olmuşdu. Elə hey deyinirdi: “ay ana, heç olmasa bu makaronun hər dəfə ayrı formasından al. Bir dəfə uzunundan, bir dəfə kəpənək şəkillisindən. Buruq-buruq makaron yeməkdən burnumun ucu da burulub”.

Ancaq Şöləyə oğlunun sözləri təsir etmirdi.

Yavər bir axşam bibisinin evinə getdi. Bibisiylə xoş- beş etdi, ordan-burdan danışdı. Uşaqlığındakı kimi bibisinin dalına düşüb ev boyu gəzdi. Arvadın da bir qulağı Yavərdə, öz işindəydi.

-Ay bibi, bir gün də gələrəm, mənimçün yarpaq dolması bişirərsən?

Söz Yavərin ağzından çıxmamış mətbəxdən qayıdan bibisinin əlindəki nimçə yerə düşdü, içindəki kələm dolmaları xalçanın üstünə dağıldı.

Yavər əyilib yerdəkiləri toplamağa başladı. İsti kələm dolmaları barmaqlarını yandırdı, Yavər barmaqlarını ağzına soxub yaladı. Heç yarpaq dolmasından geri qalmırdı bibisinin kələm dolması!

Bibisi güclə divara söykənib gözlərini yumaraq pıçıldadı:

-Sən bilmirsən, bilmirsən… bəs anan da bilmirmi ki, Telmandan sonra bu evdə nə yarpaq dolması bişirirəm, nə dilimə yarpaq dolması vururam?!

Yavər kəkələdi:

-Ay bibi, niyə? Başa düşmürəm, vallah!
- Yarpaq dolması Telmanın ən sevdiyi yemək idi. Anası ölmüş yarpaq dolmasını az qalırdı çiy-çiy yeyə.

Yavərin bibisinin kiçik oğlu bir neçə il qabaq Qarabağda şəhid olmuşdu.

Zavallı Yavər özünü dal-dalı otaqdan bayıra atdı. Az qaldı aynabənddə bibisi oğlunun maketiylə toqquşa. Maketi Telmanın iş yoldaşları hazırlatdırıb bibisigilə gətirmişdilər. Bibisigilə gələndə bibisi oğlunun canlı insandan seçilməyən foto maketiylə çətinliklə göz-gözə gəlirdi. İndi onunla üzləşmək həmişəkindən də ağır gəldi.

Yavər suyu süzülə-süzülə bibisinin evindən çıxdı. İndi evə getməyə, anasını da görməyə gözü yox idi. Rayona sarı yol aldı, bəlkə dost-tanışa rast gələ, fikri dağıla. Gəzə-gəzə rayon mərkəzindəki kafelərdən birinə gəlib çıxdı. Gözü qapının üstündəki menyuya sataşdı. Menyuda yarpaq dolması da vardı. Dostlarıyla bu kafedə oturmuşdu, nisyə dəftəri də vardı bu kafenin.

İçəri keçib dolma sifariş elədi. Ofisiant sifarişi götürüb gözdən itdi. Qonşu masada bir kişi, bir qadın, bir də balaca qız uşağı oturmuşdu. Üst-başlarından gəlmələrə oxşayırdılar. Masanın üstündəki menyunu qızğınlıqla müzakirə edirdilər.

Kişi qadınla uşaqdan nə yemək istədiklərini soruşdu.
Qadın yarpaq dolması istədi. Uşaq etiraz elədi. Kişiylə qadın üzlərini qıza tutdular:
-A bala, yarpaq dolmasından yaxşı yemək?
- O gün evdə də zorla yedizdirdiz! Yarpaq dolması yeməkdən bezmişəm!
-A bala, ermənilər yarpaq dolmamıza da göz dikmişdilər e! Otuz il yarpaq dolmasını da onlardan qorumuşuq! - kişi başını buladı, - istəməsən də yeyəcəksən, ölünü öz xoşuna qoymaq olmaz!

Bibisinin evində olanlar hələ də Yavərin canını sıxmaqdaydı.

Yan masadakı kişi də deyirdi ki,” ölünü öz xoşuna qoymaq olmaz!” Ancaq aylardır bir ölünün həyatına “müdaxiləsiylə” yarpaq dolması yeyə bilmirdi.

Yavərin başı gicəlləndi, gözü qaraldı, ürəyi bulandı. Ofisiantın gətirdiyi dolmadan qalxan iy oğlana lap pis təsir elədi, həmişə iştahını açan iyə bənzəmədi. Durub havaya çıxdı. Bir boşqab yarpaq dolması Yavərin gedişi anlaşılana qədər stolun üstündə buğlana-buğlana qaldı.