Kərbəla faciəsinin ideoloji davamı - Fəxri Uğurlu

Kərbəla faciəsinin ideoloji davamı   - Fəxri Uğurlu

09 Sentyabr 2022 14:39 337


İki islamın savaşı

Fəxri Uğurlu

Çaldıran döyüşünün 508-ci ildönümü ərəfəsində düşüncələr


Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır. Əbəs yerə bu döyüşün bir adını da “sufiqıran” qoymayıblar.

Sultan II Bəyazidin zamanında Şah İsmayıl Osmanlı imperiyası ilə savaşa girməkdə maraqlı deyildi, ən azı o səbəbdən ki, Osmanlı taxt-tacının varisi şahzadə Əhməd özü də sufi-qızılbaş ideologiyasının ardıcılı, Xətainin mənsub olduğu Ərdəbil ocağının müridlərindən idi. Bunu onun Səfəvi dövlətindən sığınacaq istəyən oğlu Murad Şah İsmayıla yazdığı məktubda ayrıca vurğulayırdı. O zaman artıq Sultan Səlim Osmanlı taxtında çox qısa müddət oturandan sonra devrilmiş Sultan Əhmədi də, o biri qardaşı şahzadə Qorqudu da, üstəlik, onların övladlarının çoxunu da qətlə yetirmişdi, Əhmədin oğlu əmisinin təqibindən yayınmaq üçün Şah Xətaiyə pənah aparmağa məcbur olmuşdu.

Əgər Osmanlı tacı öz müridinin başına qoyulacaqdısa, Şah İsmayılın qonşu dövlətə qarşı savaş tədarükü görməsinə nə ehtiyac vardı? O dövrdə qızılbaş ideologiyası Anadolu ərazisində onsuz da populyar idi, Osmanlı xanədanlığının gözdən saldığı, məmurluğa, orduya yolunu bağladığı türkmən tayfaları Səfəvi torpaqlarına könüllü axışırdılar, oranı özlərinə cənnət bilirdilər. Bu axın elə bir təhlükəli həddə çatmışdı ki, Sultan Bəyazid türkmənlərin yolunu kəsmək üçün sərt tədbirlər görməyə məcbur olmuşdu. Bu da təəccüblü deyil, çünki insan işğalı torpaq işğalından daha təhlükəlidir. Şah İsmayıl eləyəcəkdisə, Osmanlı ərazisini yox, oradakı insanların beynini, qəlbini zəbt eləyəcəkdi, hətta bu proses bir xeyli irəliləmişdi artıq.

***

Çaldıran döyüşü Kərbəla faciəsinin ideoloji davamıdır.

Sultan Səlim taxta çıxandan sonra Əməvi islamını diriltdi, xəlifəliyi ələ keçirib dirçəltdi. Halbuki Osmanlı xanədanlığı da bir zamanlar eynən Səfəvi dövləti kimi türkmən gələnəyi, ürfan ərkanı üzərində qurulmuşdu, ordunun özəyi sayılan yeniçərilərə ələvi-bəktaşi tərbiyəsi verilirdi. Ancaq Çaldırandan hələ çox əvvəl xanədanlığın ürfana sədaqəti səmimiliyini itirmişdi, formal xarakter daşıyırdı. Belə olmasaydı, adı bəlli Sultan Mehmet yeniyetmə çağlarından təsiri altında olduğu hürufilərə saray fitnəkarlarının, üləmanın təhrikiylə divan tutub böyük bir təriqəti yer üzündən silməzdi. Şah İsmayılın babası Şeyx Cüneyd şiəliyi məzhəb seçib (ona qədərki bütün babaları sünniməzhəb olmuşdular) siyasətə qurşanandan sonra Fateh Osmanlı dövlətinin Ərdəbil ocağına verdiyi nəziri (indiki dillə desək, qrantı) də kəsdi.

Səfəvi dövlətinin qurulması yüz illər boyu təqib olunmuş, parlaq liderlərinə zülm, işgəncə verilmiş bir firqənin – sufilər, dərvişlər partiyasının hakimiyyətə gəlməsi demək idi. Təsadüfi deyil ki, Avropa salnaməçiləri xanədanlığı “Şərqin böyük sufiləri” adlandırırdılar. Nə səfəvilərdən qabaq, nə də sonra belə bir fakta rast gəlməzsiniz. Mən hansısa Şərq-müsəlman dövlətinə, yaxud onun rəhbərinə ürfan əhlinin yaxınlığından, təsirindən danışmıram, söhbət təriqət başçısının, sufi şeyxinin bilavasitə hakimiyyətə yiyələnməsindən gedir.

***

Çox adam ürfan şiəliyi ilə, yəni ələviliklə fars-İran şiəliyini, təriqətlə məzhəbi qarışıq salır. Az öncə xatırlatdığım kimi, Cüneydə qədər İsmayılın bütün babaları, o cümlədən dövlətin üstünə adı qoyulmuş Şeyx Səfi də məzhəb etibarilə sünni olmuşdu. Ürfan əhli üçün təriqətə hansı məzhəbdən gəlməyin elə bir əhəmiyyəti yoxdur. Həzrət Əliyə əsər həsr elədiyinə görə Nişapurdan sürgün olunan Fəridəddin Əttar da, gizli şiəlikdə suçlanan İbn Ərəbi, Mövlana Rumi də məzhəbcə sünni idilər. Hansı məzhəbə qulluq eləməsindən asılı olmayaraq bütün sufilər Həzrət Əlini özlərinə mürşid, rəhbər bilirdilər. Əslində onlar Əlini Allahın yer üzündəki xəlifəsi, təcəllası sayırdılar. Xətainin, ondan əvvəl Nəsiminin şeirlərində buna işarələr çoxdur. Şah Xətai bir qəzəlində Əlini hətta bütün nəbilərdən üstün tutduğunu açıq mətnlə bəyan eləyir.

Sufilərin Əlisiylə şiələrin Əlisini qarışıq salmaq olmaz. Sufilərin Həzrət Əliyə münasibəti təqribən xristianların İsaya münasibəti kimidir. Şah İsmayılı məhz şiəliyin, məzhəbçiliyin bayraqdarı sayanlar onda belə bir suala cavab versinlər: niyə çağdaş fars şiəliyinin, İran mollalarının qibləsi Ərdəbil deyil, Qumdur?

Şiələrin iyerarxiyası bəllidir: Allah, Məhəmməd, Əli. Amma sufilərin yanaşması bundan fərqlidir. Burasını da deyim ki, ortodoksal sünniliklə ortodoksal şiəliyin sufizmə münasibəti çox da fərqlənmir. Şah Xətai təsəvvüf yolçusu, sufilərin himayədarı olduğunu şeirlərində dönə-dönə vurğulayır. Həqiqətən də o dövrün ürfan əhli onu özünə qiblə sayırdı.

Mövlana Cəlaləddin Ruminin qırx min beytlik “Divani-Kəbir”i (bütün qəzəllərini Şəms Təbrizinin adıyla möhürlədiyinə görə “Divani-Şəms” də deyirlər) Əlinin nəti ilə başlanır. O mənzumədə Mövlana Həzrət Əli haqqında elə sözlər deyir ki, ürfandan uzaq şiə onları küfr sanar, əsla qəbul eləməz. Üstəlik, Məhəmməd peyğəmbərdən iki hədis də gətirir: “Haqq olan yerdə Əli var, Əli olan yerdə Haqq var”; bir də: “Əli bütün nəbilərlə gizli ünsiyyət saxladı, mənimlə aşkar görüşdü”. Əcəba, şiə ruhanisi Əliyə belə münasibəti qəbul eləyə bilərmi?..

***

İkinci xəlifə Ömər ibn Xəttab ortodoksal islamın, dördüncü xəlifə Əli ibn Əbutalib mistik islamın simvoludur. Hər halda mənim baxdığım bucaqdan belə görünür.

***

“Şah İsmayıl Təbrizə ruh bədənə girən kimi girdi” – tarixçi Həsən bəy Rumlu “Əhsənüt-təvarix” əsərində qızılbaş liderinin Azərbaycan paytaxtında taxta oturmasını bu poetik cümləylə ifadə eləmişdi. Əgər arxasında dərin zehniyyət, parlaq ideologiya durmasa, hansısa tarixçinin ağlına belə bir cümlə gələrmi? Buna inanmayanlar bir də Osmanlı tarixinə dair başlıca mənbələrdən birinə – söyüş-təhqirlə dolu Solakzadə tarixinə nəzər salsınlar.

Çaldırandan sonra Sultan Səlim də Təbrizə girdi, ancaq şəhərdə vur-tut doqquz gün ləngiyə bildi. Buna bənzər bir cümlə onun Təbrizi zəbt eləməsi barədə də yazılıbmı görəsən? Təbriz sünnilərinin Osmanlı ordusunu gül-çiçəklə qarşıladığını deyənlər bir izah versinlər görək, qalib ordu məğlub ölkəni paytaxtı qarışıq niyə öz dövlətinin sərhədləri içinə qata bilmədi? Sultan Səlim taxt-tacına ən böyük təhdid saydığı Səfəvi dövlətinin varlığına niyə son qoymadı? Klassik Azərbaycan tarixinin ən böyük şəxsiyyəti Şah İsmayıl Xətaiyə sağdan-soldan ağlagəlməz böhtanlar yağdıranlar, onu törətmədiyi cinayətlərin başında “yaxalayanlar” bu suala cavab verə bilərlərmi?

***

“Mən karvan basan hərami deyiləm” – Çaldıran döyüşündən qabaqkı hərbi müşavirədə Osmanlı ordusuna gecəgözü dağ keçidlərində zərbə vurmaq təklifi verənlərə Şah İsmayıl beləcə sərt üz göstərmişdi. İmkan vermişdi ki, düşmən ordusu rahat yerdə qərarlaşıb döyüşə hazırlaşsın. İndi bunu ona irad tutan, onu aşırı təkəbbürlü davranmaqda qınayan təəssübkeşləri anlamalıdırlar ki, bu, bir sufi, bir cəngavər əxlaqı, kişilik, mərdlik örnəyidir.

Qızılbaşdan fərqlənməyən bəktaşi ocağında tərbiyə almış yeniçərilər əqidə qardaşlarıyla savaşa çıxmaq istəmirdilər, hətta yolda Sultan Səlimə sui-qəsd törətməyə də cəhd göstərmişdilər. Bu səfərə çıxmamışdan osmanlı sultanı cəllad bıçağını itiləyən zalım üləmaya, şəriətin amansız müdafiəçilərinə öz niyyətinə yarayan sərt fətvalar verdirmişdi, qızılbaşların, ələvilərin kafirliyi barədə mollalardan sənəd alıb onları ən ağır ittihamlarla suçlatmışdı. Bu məsələdə xüsusi canfəşanlıq göstərən din xadimlərindən biri – kürdlərin mənəvi lideri, əvvəllər Ağqoyunlu sarayının xidmətində durmuş İdris Bitlisi Anadolu ərazisində qırx min qızılbaşın qanına bais olduğunu fəxrlə, qürurla yazır. Bu əməliyyatlar nəticəsində qızılbaş əqidəli türkmənlər ya qətlə yetirildilər, ya yurdlarından didərgin düşdülər, ya da özlərini danıb kürdləşdilər.

Bir neçə il ölkəmizin İstanbuldakı konsulu vəzifəsində çalışmış mərhum şairimiz Abbas Abdulla bir dəfə mənə maraqlı bir söhbət elədi. Dedi ki, Diyarbəkirin gözdən-könüldən uzaq dağlarında kəndlər gördüm, əhalisi eynən bizim kimi danışırdı. Onlardan kimliklərini, hansı millətdən olduqlarını soruşanda belə cavab verirdilər: özümüz kürdük, əslimiz türkməndir.

Hamıya bəllidir ki, türkmən əsilli kürd olmur. Məncə, bu cavab Çaldırana qədər nələr baş verdiyini, savaşın kimə qarşı aparıldığını açıq-aydın göstərir. Əminəm ki, Türkiyənin bugünkü güney-doğu problemi də Çaldırandan qaynaqlanır.

***

Çaldıran savaşını Şah İsmayılın, Səfəvi dövlətinin məğlubiyyəti saymaq olmaz. Onda gərək Kərbəla döyüşünü də Yezidin qələbəsi sayaq. Hər iki meydanda bir-birinə daban-dabana zidd olan iki zehniyyətin qovğası gedirdi. Qardaşı qardaşa qırdırmamaq üçün Sultan Səlimi təkbətək döyüşə çağıranda da, açıq meydana çıxmağa cürəti çatmayan sultanın öz yerinə onun üstünə göndərdiyi bahadırı – mərtəbəsi, rütbəsi qat-qat şahdan aşağı adamı əsl döyüşçü ləyaqətiylə qəbul eləyib onu qılıncının bir zərbəsiylə iki şaqqaya böləndə də, canına qızırğalanmayıb özünü topların arasına vuranda da, Sultan Bəyazidin nəvəsini rəhmsiz, amansız Yavuzun qanlı pəncəsindən qoruyanda da Şah İsmayıl əsl sufi əxlaqı, cəngavər mərdliyi sərgiləmişdi.

Buna qədər özündən on yeddi yaş böyük sultanın (üstəlik sultan oğlunun) yazdığı təhqirlə, hədyanla dolu dörd məktubdan yalnız birinə, həm də böyük ədəblə, şeyx mərifəti, hökmdar ərkanıyla cavab vermişdi. Bütün bunlar onun Kərbəla gecəsi İmam Hüseynin göstərdiyi şami-qəriban əxlaqına sadiq qaldığını, səltənəti, ordusu, canı bahasına başa gəlsə belə namərdlikdən, müxənnətlikdən, fürsətcillikdən uzaq olduğunu sübuta yetirir. Əxlaqdan nəsibini almayanlar bunu anlamazlar.

Adlı-sanlı sərkərdələri, minlərlə əsgəri top-tüfəngin güdazına getdisə də, Osmanlı ilə sərhəd bölgələrdə torpaq itkisinə uğradısa da, Şah İsmayıl bu döyüşdən də zəfərlə çıxdı, necə ki, İmam Hüseyn Kərbəla çölündə haqqı nahaqqın ayağına verməmişdi, canını ölümə təslim eləyib əqidəsini ölməyə qoymamışdı, imanı, əxlaqı, Allahı qorumuşdu.

Möhkəm əqidəyə, böyük fəlsəfəyə söykənməyən, haqqa inanmayan kəs bunca qorxmaz, cəsarətli ola bilməz. Heydər oğlu İsmayıl atasını erkən itirmişdisə də, ürfan atalarının himayəsində, mərd kişilərin arasında böyümüşdü. Osmanlı padşahları qardaşlarını, doğmalarını taxt-tac üstündə boğduranda Şeyx Səfi ocağının sonuncu odqoruyanını can qohumları da yox, ruh, əqidə qohumları (əlbəttə, əqidə bağı qan bağından güclüdür), sufi kişilər onun qanına susamış süd qohumlarından göz bəbəyitək qoruyub boya-başa çatdırmışdılar, ondan ötrü Qurana əl basmışdılar, ona mükəmməl təlim keçib kamil əxlaq, yüksək mərifət təlqin eləmişdilər.

***

Çaldıranda atılan topların odu hələ də sönməyib. Uzun illərin müşahidələrinə əsasən deyə bilərəm ki, ölkəmizdə Şah İsmayıla, Səfəvi dövlətinə düşmən kəsilən bir xeyli gənc əmələ gəlib. Elə əvvəlki nəsillər arasında da belələri vardı. Mənim onlara ilk sualım həmişə bu olub: Şah İsmayılı, Səfəvi dövlətini tariximizdən silib atsaq, yerində nə qalacaq? Heç şübhəniz olmasın ki, tariximiz lüt qalar.

Türkiyədə Osmanlı tarixini əzbər bilən bir tarixçi professor var, onun söhbətlərini çox dinləmişəm. Adamın Şah İsmayıla atmadığı böhtan qalmayıb – gah onu kürd çıxarır, gah da ana qatili, dinsiz, kafir elan eləyir. Osmanlı dövlətini əlli il geri salmış Əmir Teymura təhəmmüllə yanaşır, onu əməlisaleh müsəlman sayır, amma neçə əsrlik ənənəsi olan, elə Teymurun da dərin ehtiram bəslədiyi böyük bir təriqətin başçısı Şeyx İsmayılı kafir kimi qələmə verir.

Dərd orasındadır ki, bu başabəla professor tək deyil, qardaş ölkədə onun kimi düşünən tarixnəvislər çoxdur. Bəziləri utanmadan, göz qırpmadan qızılbaşların adam əti yediyini deyir. Ancaq məsələn, qocaman Şirvan dövlətinin, atasını, babasını qətlə yetirmiş xanədanlığın yağmalanmış xəzinəsini pislik, çirkab, haram saydığına görə Kürə axıtmış gənc İsmayılın nəfsinin toxluğundan, halallığa sədaqətindən, əqidəsinin möhkəmliyindən danışan yoxdur. Türk dövlətlərinin, türk xaqanlarının onların tərtib elədiyi siyahılarına baxın – nə Səfəvi dövlətinin, nə Şah İsmayılın adına rast gələrsiniz. Nə yaxşı ki, son illər qardaş ölkədə keçmişin bu dönəminə işıq tutan ədalətli, obyektiv tarixçilər də meydana çıxıb, tarixi gerçəkləri onların dilindən eşitmək xoşdur.

***

Qızılbaş hərəkatı istər inam, əqidə müstəvisində, istər müharibə meydanlarında, istərsə də dövlət quruculuğu sahəsində elə möcüzələrə imza atıb ki, əgər Şah İsmayıl bir ingilis, fransız, ya bir alman cildində doğulsaydı, dünyanın bütün tarix dərsliklərində ona ayrıca paraqraf həsr olunardı.

Ancaq söhbət təkcə böyük dövlət qurmaqdan, döyüşdə şücaət göstərməkdən getmir – bəşər tarixində imperiya quran hökmdarlar, savaş sənətinin incəliklərini dərindən bilən döyüşçülər az olmayıb. Şah İsmayıl bu sıralarda fəxri yer tutsa da, onu bənzərsiz eləyən nə bu keyfiyyətlər, nə də yazdığı şeirlərdir. Tarixdə hakimiyyət başına keçmiş yeganə dərviş, tək mistik kimi Şah Xətainin də, onu zirvəyə qaldırmış qızılbaş hərəkatının da unikallığı həmin çərçivələrdən qırağa çıxır. Əgər bu hərəkatın mahiyyəti, fəlsəfəsi doğru-düzgün öyrənilsə, əminəm, qızılbaşlığın dünya miqyaslı tarixi hadisə, Şah İsmayıl Xətainin planetar əhəmiyyətli lider olduğu üzə çıxacaq.

Azərbaycan tarixi kontekstində qızılbaşlıqdan, Şah İsmayıldan az danışılmayıb, yenə danışılacaq. İndi də bu mövzulara dünya tarixi, fikir, fəlsəfə tarixi kontekstində baxmağa çalışaq. Onda üzümüzə yeni bir aləm açılacaq; elə bir aləm ki, təkcə bizdən ötrü baxımlı olmayacaq, bütün dünya onun tamaşasına durmaq istəyəcək.

Mənbə: “Yeni Azərbaycan” qəzeti