Magik realizmin üç kahini: Borxes, Kortasar, Köhnəqala

Magik realizmin üç kahini:  Borxes, Kortasar, Köhnəqala

22 Sentyabr 2023 09:49 321


Bu yazının yazılmasında məqsəd son əsrin ən dəbdə olan, ən çox dartışılan və əlbəttə, ən çox oxunan ədəbi dalğası - magik realizmin Azərbaycanda da var olduğunu göstərməkdir.

Magiya, sehr, müəmma, məntiqlə çözülə bilməyən nəsnələr bütün dövrlərdə insanlar üçün cazibədar olub.

Qədim tarixdən də məlumdur ki, monoteist dinlərin yaranmasına qədər, hətta ondan sonrakı dövrdə də gizli məbədlərdə sehirbazlıq, cadugərlik, ezoterika ilə məşğul olan, qeyri-adi bacarıqlara sahib kahinlər var idi. Qədimdə insanları möcüzələrə, fövqəltəbii qüvvələrin varlığına inandırmaq elə də çətin deyildi. Yeni din gətirən peyğəmbərlərin, yeni təlim yaradan ustadların insanları cəlb etmək üçün möcüzə göstərmələri, mistik qüvvələrlə əlaqəsi olduğunu sübut etmələri şərt idi. Qədim Misir kahini Musanın əsanı əjdahaya çevirməsi, barmağı ilə dənizi ikiyə ayırması kimi məşhur əhvalatlar da qədimdə hipnoz və telepatiya sənətinin geniş yayılmasından xəbər verir.

Ən qədim xalqlara məxsus mifoloji görüşlər, əsatirlər, nağıl və rəvayətlər sehirli, magik elementlərlə zəngindir. Bir sözlə, insan təxəyyülü sərhəd tanımır. Bu sərhədsizliyin özünü hər cür imkanı ilə nümayiş etdirə bilən ən təsirli sənət növlərindən biri də ədəbiyyatdır.

Məlumdur ki, ədəbiyyat özlüyündə reallıqla təxəyyülün, mahiyyətlə zahiri görüntünün, doğru ilə yalanın qovuşduğu, üz-üzə gəldiyi bir aləmdir. Bu aləmdə ibtidai təsəvvürlərdən tutmuş, kosmik kəşflərə qədər böyük bir tarixi alan mövcuddur. Əlbəttə, bu müstəvidə kinonun imkanları kitabla müqayisədə daha genişdir. Kino gəncdir, ədəbiyyatın törəməsi, nəvə-nəticəsidir, ancaq o, nə qədər universal imkanlara malik olur-olsun, son nəticədə yenə də ədəbiyyata möhtacdır.

Lakin bu yazıda məqsəd ədəbiyyat-kino paralelləri aparmaq deyil. Mövzumuz ədəbi mistisizm, daha konkret desək, magik ədəbiyyatdır.

Məlumdur ki, ədəbiyyat üzü Şumerlərin gil yazılarından, "Gilqameş"dən (Bilgəmiş), "Nuh tufanı"ndan, "İliada"dan, "Vedalar"dan tutmuş bu günümüzə qədər gerçək dünya ilə mistik aləmi üz-üzə gətirir, sözün və təxəyyülün gücü ilə mümkün olmayanı mümkünə çevirir. Söz sənəti də magiyanın bir növüdür, bu mənada söz sənətçilərini də ən qədim maqlardan hesab etmək olar.

Əlbəttə, söz sənətinin çoxmənalı labirintləri, bitib-tükənməz döngələri var. Bu sonsuz cığırlardan biri də Latın Amerikasında doğulan magik realizm axınıdır. Uruqvay yazıçısı Orasio Kiroqa 1926-cı ildə yazdığı "Ölü adam" hekayəsi ilə bu ədəbi cərəyanın yaradıcısı kimi qəbul edilir. Yeri gəlmişkən, Kiroqanın faciəli həyatı mistik olaylarla dolu olub. Belə ki, yazıçının özü, ailə üzvləri və ətrafındakı ən yaxın adamlar öz həyatlarına intiharla son qoyublar.

Son əsrin ən populyar ədəbi dalğası olan magik realizm Alexo Karpentyerin ("Bu dünyanın krallığı"-1949), Migel Anxel Asturiasın ("Banan trilogiyası"-1949), Xuan Rulfonun ("Pedro Paramo"-1955) əsərlərində, daha sonra Xorxe Luis Borxesin, Qabriel Qarsia Markesin, Xulio Kortasarın, Oktavio Pasın, Karlos Fuentosun, Mario Varqas-Lyosanın yaradıcılığında öz əksini tapıb. Əlbəttə, bu sıraya Xose Saramaqo, Jorj Amadu, Milorad Paviç, İzabel Alyende, Toni Morrisson, Salman Rüşdi, Haruki Murakami, Qoderzi Çoxeli kimi isimləri əlavə etməsək, haqsızlıq olar.

Magik realizm cərəyanı Azərbaycan ədəbiyyatında da bir dalğa kimi keçir. Bu sehirli cərəyan məlum olduğu kimi, özünün geniş ifadəsini əsasən, nəsrdə tapır. Anarın "Gözmuncuğu" povesti, Elçinin "Mahmud və Məryəm", "Baş" romanları, Kamal Abdullanın "Sehirbazlar dərəsi", Murad Köhnəqalanın "Bulud pinəçisi", "Yuxularım", Şərif Ağayarın "Ağ göl" əsərləri müasir Azərbaycan nəsrində magik realizmin əsas nümunələrindəndir.

Yusif Səmədoğlunun "Qətl günü", "Deyilənlər gəldi başa", Mövlud Süleymanlının "Köç" romanlarında isə Azərbaycan folklorundan qaynaqlanan mifik hadisələrin gerçəkləşməsi epizodik təsvir olunur. Bu əsərlərdə mistik qat aparıcı olmayıb, yardımçı funksiya daşıyır.

Magik realizmdən danışarkən, onun ən görkəmli nümayəndələrindən biri olan, çətin oxunmasına rəğmən, həmişə sevilən yazıçı Xorxe Luis Borxesi xatırlamamaq olmaz. Borxesin hekayələri müəllif diktəsinin çox az hiss edildiyi xaotik bir dünyadan bəhs edir. Onun yaratdığı dünya realdır, ancaq burada məntiqlə izah edilə bilməyən hadisələr baş verir. Borxesin hekayələri həyatın, əbədi hərəkətin özü kimi sonsuzluq içindədir, onların sanki nə əvvəli, nə də axırı var. Bu hiss yazıçının "Qum kitabı" hekayəsində daha çox qabarır. Borxesə görə, insan müəmmalar içində yaşayır, hər şey məchuldur, sirlidir. Əvvəl və son yoxdur, biz isə bu sonsuzluqda əriyən nöqtələrik. Biz bu sonsuz sirlərdən, ucsuz-bucaqsız məchulluqdan yan keçirik, cavabı olmayan böyük suallardan yayınır, öz ibtidai duyğularımıza, primitiv məişətimizə sığınırıq. Biz dərkedilməzlikdən və ağlımızı itirməkdən qorxuruq. Əminəm, şəxsən Borxesin özü də bu qorxunu keçirib.

Bir sıra hekayələrində Borxes bədii mətnin hüdudlarını aşaraq yazıçılıqdan filosofluğa keçir, ancaq adama elə gəlir ki, o bunu qəsdən eləmir. Yəni, Borxes bir müəllif-idarəçi olaraq, əsərdə özünün çoxspektrli düşüncə axınını cilovlaya bilmir, fəlsəfəyə qapılaraq əsərin "ipini buraxır". Həssas oxucu onu da hiss etməmiş deyil ki, Borxes bir yaradıcı kimi öz obrazlarına qarşı çox da tələbkar deyil. Ərköyün oxucu bu üslubu yazıçı "məsuliyyətsizliyi" də adlandıra bilər. Borxesin süjetləri ilk baxışdan xaotik görünsə də, əslində, onların hər biri daxili nizama malikdir. Bəzən hekayələrində yazıçının neytrallığı gözləniləndən də artıq olur. O, mətnlərində sanki deistlərin tanrısı kimi davranır. Yaratdığı dünyanın işlərinə qarışmır, buradakı amansız reallığı, ölüm-dirim savaşını sadəcə, tamaşaçı qismində seyr edir. Bu mövqe onun "Şər qadın", "Gizli möcüzə" kimi hekayələrində daha çox nəzərə çarpır. Borxesin yaradıcılığında ümumən, magik realizm, posmodernizm, qismən də impressionizm elementləri qarışır. Əslində, magik əsərlərdə postmodern nüanslara rast gəlinməsi tamamilə təbii və gözləniləndir, çünki bu ədəbi nəhrin imkanları yazıçı təxəyyülünün bütün çalarlarını nümayiş etdirməyə şərait yaradır. Burası aydındır. Sual doğuracaq məqam Borxes mətnlərinin impressionist qatı ilə bağlıdır (İmpressio - fransızca "təəssürat" deməkdir). İş orasındadır ki, Borxes öz yaradıcılığında insanın iç dünyasının mənzərəsinə impressionistcəsinə yer ayırır. Bəzən onu gerçəkliyin özündən daha çox, gerçəyin doğurduğu təəssürat maraqlandırır. Ona görə də təəssüratın ağırlıq etdiyi mətndə oxucuya elə gələ bilər ki, süjet donub, hərəkət sanki dayanıb. Bu halda süjet xətti mənəvi-psixoloji vəziyyətin uzun-uzadı izahından ibarət imiş kimi görünə bilir. Borxes üslubundan danışarkən, yazıçının özünəxas yazı stilinə də toxunmaq lazımdır. Borxesvari özəlliklərdən biri də bədii mətnə informativ, intellekt yüklü haşiyələrin müdaxiləsidir. Əlbəttə, bu, yazıçının fərdi üslubuna aid məsələdir. Lakin bildirməliyik ki, bədii əsərin intellektual yüklənməsi oxucudan müəyyən hazırlıq tələb edir.

Magik realizmin kahinlərindən sayılan daha bir latın amerikalı yazar isə magiyasevərlərin yaxşı tanıdığı Xulio Kortasardır. Bütün yazıçılıq potensialını "Xana-xana oyunu" adlı romanında göstərsə də, Kortasara dünya şöhrəti qazandıran magik hekayələridir.

Kortasar hər şeydən öncə oxucunu heyrətləndirməyi, onu uzun müddət öz təsiri altında saxlamağı bacarır. Ustadı Borxeslə müqayisədə, onun süjetləri daha çevikdir və əlavə informasiya yükü azdır. Kortasarın üslubu çəkici və aldadıcıdır, başqa sözlə desək, o, bir növ illüzionistdir. Kortasarın əsas magik gücü oxucunu qurduğu süjetin "bataqlığ"ına çəkə bilməsindədir. Hekayələrində süjet xətti dinamik, yaratdığı mühit həyəcanvericidir. O, mətn daxilində sözlərlə fotoqrafik təsvirlər çəkməyin ustasıdır. Hekayələrinin əksəriyyətində novellaya çevrilmək potensialı hiss edilir. Bəzi hekayələrində oxucuya qeyri-adi sonluq və ya gözlənilməz final vəd edən yazıçı əsərin sonuna yaxın oxucuya sürpriz edə, yəni, oxucunu sirlərlə dolu labirintdə gəzdirib sonucda müəmmanı açmaya da bilər ("Əsir ev" hekayəsindəki kimi). Magik yazarlardan heç birinə bənzəməyən Kortasar oxucuda alışqanlıq yaradır.

Murad Köhnəqala Azərbaycanda postmodern ədəbiyyatın qurucularından biridir. Gerçəkçilik və postmodernist fantastika Köhnəqalanı təbii olaraq, mistik realizmə yaxınlaşdırıb. Onun "Bulud pinəçisi" povesti ideya, məzmun və forma yenilikləri baxımından müasir ədəbiyyatın incilərindəndir. Real-fantastik üslubda qələmə alınmış bu əsər absurd, irreal, romantik və tragikomik qatları ilə postmodern nəsrin tələblərini yüksək səviyyədə ödəyir.

Yazıçının təsəvvüf fəlsəfəsi üzərində yazdığı "Gümüş kuzə" povesti klassik Şərq ədəbiyyatının dekonstruksiyası nümunəsidir. Şərq klassikasına yeni həyat verən bu əsərdə sufilərin mistik gücündən, həyatı və ölümü dərketmə, eyni zamanda nəfsin tərbiyəsi kimi təlimlərdən bəhs edilir.

Murad Köhnəqalanın 2015-ci ildə işıq üzü görən "Yuxularım" hekayələr silsiləsi isə ədəbi forma baxımından yenilik sayıla bilər. Hekayələr yuxudanışma təhkiyəsi ilə qələmə alınıb. Yazıçının yuxu adlandırdığı hər bir hekayəyə şüuraltı təlatümlərin bədii formada təzahürü kimi də baxa bilərik. Köhnəqalanın özü bu silsiləni "sürreal hekayələr" adlandırsa da, hekayələr əsasən magik realizm elementlərini özündə əks etdirir. Bu iki dalğa arasında şəffaf sərhəd ondan ibarətdir ki, sürrealizm başdan-sona qədər gerçək olmayan olayları təsvir etdiyi halda, magik realizmdə hadisələr gerçək həyatda baş verir. Öncədən də qeyd etdiyimiz kimi, Muradın yaradıcılığında aparıcı dalğa postmodernizm olduğundan bu hekayələr silsiləsi də son illərin postmodern nəsrinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər. Müəllif "Yuxularım"da öz sərbəstliyi, mətnə ən ağlagəlməz formalarda müdaxiləsi, oxucu ilə söhbətə girişməsi, qəfildən hansısa obraza dönüşməsi kimi bədii çevrilmələri, zərif ironiyası, zərgər detalçılığı ilə oxucunu inanılmazlara inandıra bilir.

Ümumən, muradsayağı absurdlara, ironik priyomlara "Yuxularım"da çox rast gəlmək olur.

Kitabdakı on dörd hekayənin hər biri orijinal süjet xəttinə malikdir. Eyni zamanda bu yuxu-hekayələr biri digərinə bənzəməyən fərqli mövzuları əhatə edir. Silsilə içində həm gerçəklik, həm mistika, həm simvolizm, həm ironiya, həm də faciə yarada bilən müəllif, yuxuların hər birində özünün kəşf etdiyi rəngli obrazlardan, orijinal bədii təsvirlərdən istifadə edib. Muradın "Yuxularım"ı oxucunun birnəfəsə oxuyacağı kitabdır. Hekayələrdə süjetin əvvəlindən axırına qədər gərgin hərəkətlilik izlənilir:

"Baxdım ki, arxasınca gəldiyim quş nəhəng bir kaktusun bənövşəyi çiçəyinə qondu. Qocalara yaxınlaşıb quş haqda nəsə soruşmaq istəyəndə ipdəki paltarlardan biri qəfildən vahiməli səs buraxaraq uça-uça üstümə cumdu. Mən dərhal o paltarı tanıdım. Bu, mən uşaq olarkən kəndimizin yas yerlərində eybəcər səsi ilə qorxulu dualar oxuyan saqqallı qocanın köynəyi idi. Bir vaxtlar onu küçədə görəndə necə qorxub qaçdığımız yadıma düşdü. Düymələrindən alov qalxan köynək qollarını açaraq üstümə şığıyıb dik duran yaxalığı ilə gözlərimi çıxarmaq istəyirdi".

"Gül məni yedi"

"Gördüm, nəhəng qarışqalardan biri dərhal ətrafdakı adamlardan birini tutdu, bircə saniyə ərzində ətini sorub yedi və sümüyünü salamatca yerə qoydu. Adamın yalnız skeleti, bir də gözləri qaldı. Dəhşətlisi də bu idi ki, əti sorulan adamın heç qışqırtısını da eşitmədim. Yuxuda mənə məlum oldu ki, sən demə, onlar adamın ətini sormazdan əvvəl üstünə keyləşdirici ağız suyu püskürdürlərmiş".

"Skeletin gözləri"

Muradın "Yuxularım"ında oxucu indiyədək rast gəlmədiyi magik çevrilmələrlə, gözlənilməz fantastik kadrlarla qarşılaşır:

"Gördüm ki, sənin sol ayağındakı ayaqqabının bağı açılıb. Mən sənə işarə eləyib açılmış ayaqqabı bağını göstərdim. Sən gülümsəyərək yuxarıdan aşağı sol ayağına baxdın və baxışlarınla ayaqqabının bağını gül şəklində bağladın. Bunu məndən başqa vaqonda heç kim görmədi".

"Sənin ayaqqabının bağı"

"Gördüm, mənə duru, axar bir çay göstərib dedilər, o biri sahil yuxudu. Yuxu görmək istəyirsənsə gəl, səni çayın o biri tərəfinə keçirdək. Baxdım, çayın o biri sahilinin yamacı yamyaşıl çəmənlik, biraz o tərəfi isə meşəlikdi. Oralar mən durduğum boz sahillə müqayisədə çox gözəl görünürdü. Dedim, ora çox gözəldi, ancaq söz verin ki, mənə vahiməli yuxu göstərməyəcəksiniz".

"Ürəyimi qusdum"

Zaman çevrilmələrinə baxaq:

"...Ancaq güzgüdə məni arxadan tutanın əksi görünmür. Mən qorxudan əsə-əsə birtəhər arxaya çevrilirəm. Gördüm, çiynimdən tutan atamdı, sən demə, o, ölməyibmiş. Baxdım ki, atamın cavan vaxtlarıdı, üzümə gülümsəyir, qucağında da bələyə bükülmüş bir körpə var. Gördüm, o uşaq mənəm, təzəcə doğulmuşam. Atam məni doğum evindən çıxarıb evə aparır. Artıq adımı da qoyub. Çoxdanın həsrətliləri kimi onunla qucaqlaşıram. Gördüm, biz qucaqlaşanda bələkdəki körpə aramızda itdi. Atamın sağ-salamat olmasına çox sevinirəm. Sonra ondan soruşuram, bəs deyirlər sən ölmüsən? O da deyir, ölsəm də səninlə görüşmək istəyirdim".


"Atamın meyiti"


"Gördüm, uzaq keçmişi xatırlayıram. Rusiyanın Murmansk vilayətində hərbi qulluqda olan böyük qardaşım əsgərlikdən gəlib. Bütün kənd camaatı həyətimizə yığılıb. Qardaşım əsgər paltarındadı, gəlib-gedənlə görüşür. Gördüm, həyətimizin "əl damı" adlandırdığımız tərəfində odunla qalanmış ocaqların üstündə iri qazanlar asılıb. Arvadlar yuxa bişirmək üçün nəhəng bir teştdə xəmir qatıblar. Ortalıqda qalan böyük xəmiri yoğurmağa heç kimin həvəsi yoxdu. Gördüm, nənəm məni arvadlara göstərib deyir ki, bunun on iki yaşı var, bu yaşda uşaqlar mələk kimi saf olur. Ayaqlarını yuyun, qoyun, girib xəmiri ayaqları ilə yoğursun. Narahat olmayın, günaha yazılmır! Gördüm, anam şalvarımı çirməyib, ayaqlarımı yuduqdan sonra məni qaldırıb teştin içinə qoydu. Mən teştdə gəzişib ayağımla xəmiri yoğururdum. Gördüm, beynimin quyusundan çıxan belikəndirli bu uşaq xəmiri ayağı ilə yoğuran həmin uşaqdı. Gördüm, hamımız yuxudan yoxa çıxmışıq. Təkcə o uşaq, bir vaxtlar gördüyüm kimi ayaqyalın, şalvarı da dizə qədər çirməkli, yuxumun ortasında dayanıb gülümsəyir. Gördüm, külək hardansa bir parça nazik hörümçək torunu alıb xəfifcə onun üzünə vurdu. Gördüm, uşaq əlini yelləyə-yelləyə, qıdıqlanan üzündən bu zərif toru götürmək istəsə də onu tapa bilmir. Ayıldım ki, üzümdə balaca bir hörümçək gəzir".


"Bir səbət xəyanət"


Bu hekayələrdə Köhnəqalanın süjet xəttini istədiyi qədər mürəkkəbləşdirə bilmək imkanları açıq hiss olunur. Onun əsas özəlliklərindən biri də budur ki, süjet nə qədər şaxələnib mürəkkəbləşsə də, yazıçı heç bir olayı özbaşına buraxmır, əsərdəki hər xırda detalın, kiçik bir rəmzin belə yerinə yetirməli olduğu funksiya var və süjetin inkişafı boyu bu funksiya mütləq başa çatdırılır.

Ümumiyyətlə, bədii əsərdə həlli tapılmayan məchul məqamlara yazıçı tərəfindən aydınlıq gətirilməməsi, sual doğuran məsələlərin açıq qalması bəzi tənqidçilər tərəfindən üslub fərdiliyi və fərqliliyi kimi qəbul edilsə də, bu vəziyyətin daha tələbkar tənqidçi tərəfindən qeyri-peşəkarlıq kimi qiymətləndirilməsi də mümkündür.

Bu anlamda, Murad Köhnəqalanın hekayələrində həlli oxucunun ümidinə buraxılmış sonluğa, yazıçının özünün də baş açmadığı qeyri-müəyyən situasiyaya, demək olar ki, rast gəlmirik. Bu tip idarəçi-yazıçılar arasında magik realistlərdən Qoderzi Çoxelinin və Salman Rüşdinin də adlarını çəkə bilərik. Hər üç yazıçıya xas olan bu xüsusiyyət bəlkə də onların altşüur bazasında bütün fəlsəfi suallara cavab verməyə, başlanğıcı və sonu izah etməyə çalışan Şərq mifologiyasının oturuşmasından irəli gəlir. Ola bilsin, elə bu səbəbdən şərqli yazarın mətnində səbəbsiz heç nə baş vermir, olanların və olacaqların əsasında mütləq bir səbəb-nəticə ardıcıllığı izlənilir. Bu mənada, Şərq yazıçısı öz əsəri ilə hansısa dövləti, yaxud taleni idarə edirmiş kimi davranır, hökmən başlanğıcı və sonu da yazır.

Qərbli düşüncəsində isə vəziyyət biraz başqa cürdür. Qərb yazıçısı az emosionaldır, bizə görə isə hətta soyuqqanlı və laqeyddir, xristianlıqdan törəyən əxlaqi dəyərləri belə, mutasiyaya uğrayıb. O, fərdiyyətçiliyə, mütləq azadlığa, son nəticədə xaosa meyillidir, bu mənada, qərbli yazıçının hətta çox ciddi struktura malik romanının sonluğu "heç nə" ilə də bitə bilər, yazıçı ümumiyyətlə, heç bir məsuliyyət hiss etmədən hər şeyi oxucunun öhdəsinə buraxıb "aradan çıxa" da bilər. İş burasındadır ki, vurğulanan bu psixoloji nüanslara çox sevdiyim Kortasarda da, Borxesdə də rast gəlmək olur.

Yeri gəlmişkən, həm Borxesin, həm Kortasarın, həm də Köhnəqalanın söz adamının padşahla üzləşməsi və sözün qılınca, sənətin gücə qalib gəlməsi ilə bağlı hekayəsi var. Hər bir yazıçının fərdi üslubu və fərqli fantaziyası ilə canlanmış bu mövzu Borxesdə pessimist, Kortasarda inqilabi, Köhnəqalada isə optimist həllini tapır.

Bir maraqlı nüans da var: Kortasar və Köhnəqala əksərən, magik realizmin qidalandığı qəlibə çevrilmiş hazır üsullardan, standart mistik təsəvvürlərdən - cadugər, ruhlar, şər qüvvələr, mələk, iblis və s. kimi mifik elementlərdən mümkün qədər qaçırlar.

Yəni, əsərdəki magik auranı onların özləri yaradır.

Borxesdə isə məsələ bir qədər fərqlidir. Onun Taylanddakı "Ölülər kitabı" kimi sirli mətnlərə, çətin oxunan qədim kitabələrə, ibtidai mifik təsəvvürlərə bağlılığı var və bu maraq onun əsərlərində də özünü göstərir. Lakin Borxes bu bilgiləri öz fantastik dünyasında məqsəd kimi yox, vasitə kimi istifadə edir.

Deməliyik ki, Muradın "Yuxularım"ı onun düşüncəsindəki metafizik dünyanın dərin qatlarının çox az bir qismini üzə çıxarmağa nail olub. Bu hekayələrin hər birində sıxılmış roman enerjisi yatır.

Muradın hekayələrində qəhrəman ard-ardınca metafizik çevrilmənin bir neçə qatını (metamorfoz halı) yaşayır, zamanlar qarışdırılır, hallisünasiyalar, şizofrenik qarabasmalar, gerçək dünya ilə astral dünya arasında çaşbaş qalan insanın iztirabları, bir zamandan digərinə keçmə, bir dünyadan başqasına düşərkən baş verə biləcəklərin təsviri verilir. Köhnəqalanın fantastikası kimyəvi laboratoriyaya bənzəyir, bədii material onun "düşüncə kolbasında" haldan-hala düşür, sürətlə tərkibini dəyişir və yeni maddəyə, formaya, məzmuna dönüşür.

Ümumən, "Yuxularım" silsiləsi mistik, fantastik-qorxulu filmlər üçün hazır ssenarilərdir.

"Yuxularım"dakı "Bir səbət xəyanət" hekayəsində sofistcəsinə deyilmiş bir cümlə var:

"Hara getdiyini, niyə getdiyini bilməyən adamın beyninin içi təmizlənməlidir". Hekayədə də beyninin təmizlənməsi prosesi təsvir olunur. Qəhrəman bu təmizlənmə boyunca haldan-hala, formadan-formaya düşür və dördqat metamorfoza uğrayır. Hekayənin sonluğu isə xüsusilə möhtəşəmdir.

"Rəngli kirpilər", "Divar kağızının nitqi" kimi hekayələrdə çoxlu absurd detallar, qeyri-adi videoqrafik mənzərələr qarşımıza çıxır.

"Abort" hekayəsində də ardıcıl çevrilmələrlə qarşılaşırıq: "Xeyli getdikdən sonra gövdəsi insan bədəninə bənzəyən bir ağaca rast gəldim. Ağacın budaqlarındakı meyvələrin hər biri axtardığım körpəyə bənzəyirdi. Lakin onlar oğlan deyil, qız uşaqları idi. Gördüm, budaqdakı həmin qızlar arxasınca gəldiyim bu oğlan uşağının budaqda olmasını istəmirlər. Ona görə ağac uşağı məcburən kal vəziyyətdə budaqdan salıb".

"İlan qadın" hekayəsində isə qəhrəman onun arxasınca düşən qorxunc ilandan qaçaraq bir binaya girir. Binanın mərtəbələri ilə üzüyuxarı qaçdıqca, ilan da onun ardınca sürətlə sürünür, adam bu təngnəfəslikdə hara qaçmalı, necə gizlənməli olduğunu fikirləşəndə qarşısında binanın damına açılan lük görür, lakin lükün üstündə qıfıl var:

"Gördüm, artıq sonuncu mərtəbəyə çatıram, ilan da arxamca gəlir. Sonuncu mərtəbədə bir nərdivan vardı. Nərdivanla yuxarı qalxdım, yuxarıda dəmir lük var, üstündə də qıfıl. Ay dad, bəs mən necə eləyim? Qıfılı aça bilməyəcəm. Gördüm, mənə dedilər, bir yaxşı əməlini, bir də bir pis əməlini yada sal. Mən qışda bir pişik balasını gödəkçəmə büküb evə gətirməyimi yada saldım. Sonra səhər onu isti qaz peçinin qırağında birəyə qarşı şampunla necə çimizdirdiyimi yadıma gətirdim.

Gördüm, bunları fikirləşən kimi qıfıl öz-özünə açıldı və mən lükü qaldırıb binanın üstünə çıxdım".

Beləliklə, Köhnəqala yaradıcılığında görməyə alışdığımız karma qanunu bu hekayədə də bumeranq fəlsəfəsi ilə ortaya çıxır və oxucunun şüuraltına yaxşılıq etməyin vacibliyi ilə bağlı simptom ötürür.

"Buzlaqda" hekayəsi "Yuxularım"ın sonuncu yuxusu, yəni, finalıdır. Digər yuxulardan fərqli olaraq, bu hekayənin sonunda qəhrəman yuxudan ayılmır. Hekayə digərlərindən tamamilə fərqli ruhda yazılıb və yazıçı buzlaqdakı şaxtanı oxucunun iliklərinə qədər hiss etdirə bilir. Əslində, bədii mətnin də qüdrəti ondadır ki, təsviri canlandırmaq üçün onun yardımçı vasitələri yoxdur. Yəni, kinodan, fotoqrafiyadan, hətta rəssamlıqdan fərqli olaraq, yazıçının sözdən başqa texniki köməkçisi olmur. Muradın "Buzlağ"ında bir insanın addım-addım necə donmasını oxuduqca adama elə gəlir, müəllif özü nə vaxtsa, bəlkə də bundan öncəki həyatında, eynilə bu hekayədəki kimi sümüyünə, iliyinə qədər donub. Çünki bu hekayədə təsvir edilən əzabları yalnız şaxtadan sümüyü çatlayan adamlar hiss edə bilər. Əsərdə qəhrəmanın bütün əzaları donaraq bədənindən qopub buz üstünə tökülür. Ən sonda onun beyni donur: "Bu zaman beynimdən yeni bir xəbər gəldi ki, başım qopub yerə düşüb və qafam çatlayaraq beynimi buz üstə buraxıb. Mən bu işgəncəyə dözə bilmir, bağırmaq istəyirdim. Beynim dayanmadan fəlakətli bir səslə "mən donuram, mən donuram!" xəbərini yollayırdı. Mən anlaşılmaz hisslərimi quduz kimi dalayan şaxtanın getdikcə artdığını duyur, yalnız bu işgəncənin bitməsini arzulayırdım. Ancaq beynim buz üstündə donduqca ötürdüyü xəbərlər sozalıb qırılır, anlaşılmaz olurdu. Mən nəhayət, buz üstündə donub şüşəyə dönmüş beynimi gördüm və bunun son olmasını düşündüm..."

Beləliklə, nümunədən də gördüyümüz kimi, magik realizmin gücü bütün bu ağlasığmaz eksperimentləri, irreal olayları, idraküstü prosesləri ədəbiyyat hadisəsinə çevirməyə qadirdir.

Şəlalə Göytürk Niaqara