Mədəni cəmiyyətin "günah keçisi" - Aqşin Yenisey

Mədəni cəmiyyətin "günah keçisi"   - Aqşin Yenisey

11 Sentyabr 2024 11:42 207


İtaliyan filosofu Qramşi cəmiyyətləri mədəni və siyasi deyə iki qrupa bölür.

Qramşiyə görə mədəni cəmiyyətlər təhsil, ailə, iş münasibətlərində könüllü bərabərliyə razı olan cəmiyyətlərdir.

Siyasi cəmiyyətlər orduya, polisə, bürokratik sistemə söykənənlərdi.

Mədəni cəmiyyətdə qərar müzakirənin nəticəsidir, siyasi cəmiyyətdə hökmün.

Problemlərin yalnız siyasi yolla çözüləcəyinə inanan cəmiyyətlər, əslində, hökm verməyi sevən, arzulayan, həyatlarını verilən hökmlərlə tənzimləyən fərdlərdən ibarətdir.

Belə cəmiyyətlərdə hər kəs bürokratiyanın əlində "sehrli çubuq" olduğuna inanır və problem yarandıqda bürokratiyanı söyür, həll edildikdə alqışlayır.

Ona görə də siyasi cəmiyyətdə bürokraya xidmətçi yox, hökm sahibi obrazına bürünür. Alqışlanacağını bildiyi üçün söyülməkdən ehtiyat etmir.

Mədəni cəmiyyət söyüşü də, alqışı da özünə götürür, hər kəs üzvü olduğu cəmiyyətə söyüş gətirməmək üçün ya problem yaratmamağa çalışır, ya da problemin həllində özü də iştirak edir.

Qramşinin mədəni və siyasi cəmiyyət fərqinə bir əlavəm olacaq: siyasi cəmiyyətdə hər kəs özünə dar gün üçün bir "günah keçisi" bəsləyir.

Mədəni cəmiyytdə isə dar gündə hər kəs özü bir "günah keçisi"dir.