“Mən heç nə başa düşmədim” - Dördün-biri - Yeni layihə

“Mən heç nə başa düşmədim”   - Dördün-biri - Yeni layihə

01 Avqust 2022 10:39 752


YeniYaz.Az “Dördün-biri” adlı yeni layihəyə başlayır. Layihədə gənc yazarlardan dörd nəfər bir şeiri müzakirə edəcəklər. İlk müzakirə üçün Əlibala Əhmədovun “Sənsizlik - fani qalmaqdır” şeirini seçdik.

Sənsizlik - fani qalmaqdır

Tanrıya

Ötən günlərdə
(tabaqlarda üzüm vardı qarşında)
Sənə getdiyin yolun düz olduğunu söylədim
Bir səadət sənin üçün - müqəddəs yüklü cümlələr dilimdən sənin üçün qopdu.
Zəkanı gördüm
(Allahın yardımıyla)
parlayan işığını
axıcı nitqini
bilgili sözlərini..
(istədim ki, biləsən səninlə fəxr etdiyimi, fəxrə layiq olduğunu.)

Sevdiyin qadın əlləriylə saçını tumarladı və üzünə baxdı
dedi:
bədənindən başqa bir bədən mənəviyyatındır,
sənin hər iki bədənin üçündür ehtirasım..

(Sənə deyirəm - iki bədənə sahibdir, məhz o özü də.)

Sənə... xoşbəxt olduğunu deyirəm lakin
gövdən qopmuş, köhnə qabıqlardan yaranıb
sanki - ruhun bədənindən, bədəninsə ruhundan uzaqlaşıb
Və qüssəyə bəxş edilib onların
ayrılıq yeri...

(Ey gənc)
Ustad və qadın sevgisi niyə bəs etmir varlığına
niyə qırmızı nar tək içində saflaşmır xoşbəxtlik?

- Ustad - sən və qadın
və mənim bədənim
(və mənim gəncliyim)
diri ehtirasım və məhəbbətim - elə bil ki, cibinizdən bir bıçaq çıxarırsınız
və almanı kəsmək istəyirsiniz mənim üçün
lakin - ikiyə ayırmağa az qalmış onu
qollarınız tutulur və dad ruhuma yetişmir.
(Niyyətinizin dadı)
Köməksiz ruhum

təmiz havadan zəhərlənir
günəşdən iri yanıq götürür dərim
Allahın güvələri didib - dağıtdı müqaviləni
Şeytanın güvələri parça - parça edir ruhumu..
(İşığımı parçalayır.)



Dilimlənmiş meyvələr şirənin içində
(sizin xoş sözləriniz)
bulanma yaradır ruhumda

duaların sahibi
məndən kəsdiyi mərhəmətin
sizdən gələn bərpasına
gülür hey dayanmadan....

Hərəkətlər hər biri - ruhumu məhvə aparır...

Faydasız cəhdlər hələ də yormadımı sizi,
Ustad, Allahsız cəhdlərin boş içi tökülmədimi....

Artıq inanmaq vaxtıdır hər şeyin bitməsinə
Köməksiz ruhun içində yaşam
su kimi tez tükənir...

Aqşin Evrən

Mətnin atmosferində şərq - ərəb aurası duyulur. Forma və məzmun olaraq maraqlıdır, bir az söz bolluğu var, redaktə olunmalıdır. Məsələn, “sevdiyin qadın əlləriylə tumarladı”. “Əlləriylə” sözünə lüzum yox. İntertekstuallığa cəhdlər yaxşıdır, lakin ifadə formasında axsama var; qəfildən nəsr dilinə keçid alıb. Müəllif yeni, fərqli istiqamət götürüb, uğurlar arzulayıram.
Ümumilikdə fərqli və maraqlı bir şeirdir.

Vüqar Babazadə

Mən bu şeirdən heç nə başa düşmədim. Ola bilər ki, müəllif qlobal əzablar çəkir, böyük mesajlar vermək istəyir. Təəssüf ki, mənim diapazonum balacadır. Heç vaxt darıxanda açıb Əlibala bəyin bu şeirini oxumaram. Məncə, bu, şeir deyil. Əvvəlcə, fikirləşdim, bəlkə, problem məndədir. Bir neçə dəfə oxudum və yenə heç nə başa düşə bilmədim. Niyə belə qəliz şeylər, mürəkkəb cümlələr yazırlar, başa düşmürəm. Qəliz cümlələr, fəlsəfi cümlələr məni yorur. Uğurlar.

Ələsgər Əhməd

Əvvəla demək istəyirəm ki, Əlibalanın şeirləri ilə tanış olanda təəccüblənmişdim. Sonra getdikcə bu təəccüb eyniləşdi. Haqqına desək, fərqlənə bilən imzadır, daha doğrusu, idi. Çünki oxşar həyəcanlarla davam etməyə başladı. Məlumdur ki, quş belə eyni küləkdə qanad çırpsa, lələklərinin səsi bir yoruculuqda və digər küləklərdən bixəbər olar. Əlibalanın daha öncə yaxşı şeirləri olardı, indi yaxşı misraları var.

Gələk şeirə.

"Sənsizlik - fani qalmaqdır" Maraqlıdır, amma həqiqət deyil. Şeir ümumən həqiqətlərdən bəhs edən danışıq tərzi olmasa da, ən azından məcazında da həqiqətə söykənmək üçün bir and yeri olmalıdır.

Bir səadət yükü ağırlığı qədər danışmalısan. "Bir səadət sənin üçün - müqəddəs yüklü" Bu misranı əməlli-başlı duydum. Ruhumun ən kar hissəsi də qulaqlarını şəklədi. Tanrılogiya ideyasına söykənsək, peyğəmbər təşəkkürü ilə alqışlayarıq. Mən tanrı olsaydım, bu misraya görə Əlibalanı cənnətə vəsilə edərdim.

Bu misranı, ayrılıqda hansısa şad gündə səbəbkara deyərək üzünü güldürmək, hətta meyxana ritmi üstündə şabaş adıyla dipdiri 200 manatını almaq olar, amma şeirdə o zövqü vermir. Üstəlik, səadətin ardınca gələn zəka, yardım, işıq, nitq və bilgili sözlər (bilikli sözlər)...

Bilik varsa, bilgiyə ehtiyac yoxdur. Mən mötərizədə doğru formanı istifadə etdim, fəqət və əfsus Əlibala mötərizədən çox məlumat xarakterli istifadə edib, şeiri təhlil edib, buna ehtiyac yoxdur, bu kimi şairanə köməklər səni oxucudan fərqləndirmir.

- Qadın amili - Əksərən maksimalist poeziyada qadın, tanrı, bəşər isimləri gərəksiz, yorucu, köhnədir. Sanki 24 yaşında 124 yaşlı qadını sevirsən, sənə nəsə qatmır, zövq vermir, sadəcə şeir misrası olur bədən tərifində görmədiyin cavanlığı.

Bir az da Ustaddan danışaq. Məncə ustad deyiləcək bir varlıq hələ ki, yoxdur. Ustalıq iddiası olan, həmçinin ustadlığı qəbul edən tabeçilik həvəskarları var.

Uzun sözün lap qısası, Əlibala daim eyni misralarını təkrarlamasa, yaxşı şair olacaq. Uğurlar.

Furqan Sadıqov

Əlibala həmişəki kimi anlaşılmazdır. Şeiri oxuyanda bilirsən ki, içində nəsə var, amma o "nəsə"ni başa düşmək çox çətindir, müşküldür. Məsələn, "Allahın güvələri" hansı müqaviləni didib-dağıtdı? Şeiri beş dəfə oxudum və bu sualın cavabını axtardım. Bəlkə də bu misrada insan dünyaya gəlməmişdən əvvəl ruhla Allah arasında bağlanan müqavilədən (müqavilə?!) söhbət gedir. Əlibalanın bundan öncə bir neçə şeirini oxumuşam. O şeirlər də maraqlı gəlir, amma başa düşə bilmirəm. Başa düşən var hər halda. Amma Əlibala da oxucuya "ipucu" versə yaxşı olar.