Həvəskar oxucu (elə yazıçı da) adətən əsərin mövzusu ilə onun məzmununu eyniləşdirir. Bu cür oxucular (yazıçılar) üçün əsərin mövzusu elə əsərin özüdür.
Buna görə də bu cür oxucular (yazıçılar) çox vaxt bədii əsərin inandırıcılığını mövzunun reallığa uyğun olub-olmaması ilə ölçürlər. Belə şeylər eşitmiş olarsınız, axı həyatda heç kim böcəyə çevrilmir. Əlbəttə çevrilmir, yoxsa hər “Çevrilmə” alana bir tarakan dərmanı hədiyyə verilməliydi.
Niyə insan belə düşünür, beynində nələr baş verir? Deyvid Hyumdan bilirik ki, insan beyni eyni vaxtda baş verən şeyləri, sinxronluğu səbəbiyyətlə qarışdırmağa meyllidir. İnsan beyni dalbadal gələn iki faktdan birincini səbəb, ikincini isə nəticə saymağa yatımlıdır.
Bədii ədəbiyyatda isə zaman da, məkan da, şəffaf və şərti ola bilər. Oxucu soruşur: Qreqor Zamza necə böcəyə çevrilə bilər?
Halbuki sual belə ola bilərdi: Görəsən dünən nə baş vermişdi ki, Zamza səhər yuxudan böcək kimi oyanmışdı?
Ötən gün köhnə qeyd dəftərlərimə baxanda gördüm ki, neçə illər bundan qabaq “Çevrilmə” ilə bağlı xeyli qeydlər etmişəm. Çünki o vaxt miniatür bir roman yazmaq fikrinə düşmüşdüm, adı da belə idi: “Zamzanın dünəni”.
Belə bir eksperiment aparmaq istəyirdim, Zamzanın böcəyə çevrilməmişdən əvvəlki bir gününü yazmaq...