Müharibə olmasa- Günün şeiri

Müharibə olmasa - Günün şeiri

05 Aprelel 2022 09:28 465


Məmməd Araz

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, --
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, --
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, --
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, --
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi -- söz,
Sözü -- məhəbbət olar --
Müharibə olmasa!

1956