Naşirlər ƏDV qanunsuzluğuna görə toplandılar - Fotolar

Naşirlər ƏDV qanunsuzluğuna görə toplandılar   - Fotolar

27 Aprelel 2022 15:36 437


Bu gün “Qanun” Nəşrlər Evinin akt zalında naşirlərin, yazarların və media nümayəndələrinin iştirakı ilə kitab üzərində əlavə dəyər vergisinin (ƏDV) qanunsuz olaraq saxlanılması ilə bağlı toplantı keçirilib.

YeniYaz.Az xəbər verir ki, toplantını giriş sözü ilə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu açıb. O, qonaqları salamladıqdan sonra ölkə başçısının müvafiq fərmanına əsasən kitab və kağızın 18 faiz əlavə dəyər vergisindən azad edilməsi haqda qanun qəbul edildiyini xatırladıb. Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minsə də, müvafiq icra hakimiyyəti orqanları tərəfindən “yeni təlimat yoxdur” adı ilə kitab satışı və istehsalından və xaricdən gətirilən kağız məmulatlarından hələ də vergi tutulur.

Problemin həlli üçün dəfələrlə müraciət olunsa da heç bir nəticə yoxdur.

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri və “Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadiq də məsələ ilə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, son vaxtlar kağızın qiyməti onsuz da qalxıb, belə bir şəraitdə ƏDV-nin ödənilməsi istər böyük, istər kiçik nəşriyyatlar, istərsə də mətbəə və kitab mağazaları üçün böyük problem yaradır.

Daha sonra “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli, “Qanun” Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayar çıxış ediblər və problemin tezliklə həll olunma zərurətindən danışıblar.

Sonda Şahbaz Xuduoğlu toplantıya yekun vuraraq məsələ ilə bağlı yenə də aidiyyatı qurumlara kollektiv müraciət olunacağını bildirib.