Nəfsin paxlava çalarları - Alpay Azərdən yeni hekayə

Nəfsin paxlava çalarları   - Alpay Azərdən yeni hekayə

09 Yanvar 2023 13:00 443


Ehtiyac və səxavət

İki evsiz səfil kişi şaxtalı fevral axşamı zibil qutularında eşələnirdi.
– Günorta nə tapdın yeməyə? – cavan olanı soruşdu.
– Pendir, çörək, – çirkli, pırtlaşıq saqqalı sinəsinə çatan qoca öskürərək cavab verdi. – Pendir köhnəydi, hələ də ağrıyır, – mədəsini sığallayıb acı-acı gülümsədi. – Bəs sən?
– Plov, öz də kişmişli, şabalıdlı. Üstündə toyuq budu, – cavan belini dikəldib özündən razı halda dedi.
– Nə? Plov? Toyuq? Kişmiş? – heyrətlə ona baxan qocanın ağzı sulandı.
– Hə, xaladennikdən çıxardan kimi zibilliyə atmışdılar. Ağzımda qızdırıb yedim.
– Sən toyda olmusan ki. Plov dedin, paxlava yadıma düşdü. O vaxt paxlavanı bayramdan bayrama yeyirdik. Rəhmətlik bibilərim bizə gəlirdi anama kömək eləməyə, səhərə qədər şəkərbura, paxlava bişirirdilər. Paxlavanın elə qəşəng iyi olurdu, – o ətri axtarırmış kimi havanı qoxulayan qoca dərindən ah çəkdi.

Sonra qoca tiftiklənmiş pencəyi qaldırıb o tərəf, bu tərəfinə baxdı, əynində ölçdü, balacaydı. “Mənim bəxtimə elə uşax paltarı düşər,” – donquldanıb onu zibil yeşiyinə atdı. Cavan tapdığı sol şüşəsi çatlamış rəngli gözlüyü taxdı: “Necədi?” Qoca baş barmağını qaldırdı. Qutudakı zibilləri eşələyən cavan tapdığı Bakı paxlavasını qocaya göstərdi. Qocanın ona tərəf iki addım atıb paxlavanı əlindən qapması, “əvəzində” babat bir şapalaq “yeməsi” iki saniyənin içində baş verdi. Həm heyrətlənən, həm də pərt olmuş qoca əlini sillə dəyən yanağına qoydu.

Əvvəllər Sabunçu bazarında satlığa gedən köhnə şeylər tapanda, qəniməti bölmək üstündə iki-üç dəfə mübahisələri olsa da, cavan heç vaxt ona əl qaldırmamışdı, axırda dil tapıb barışmışdılar. Belə şeylərə görə başqa səfillərin bir-birilərinin ağız-burunlarını vurub qanatmaları, gözlərinin altını göyərtmələri adi şeylər idi. “Bəs indi niyə vurdu?” – ürəyində ona sual verən qoca mandrajdaydı.

Bir yandan qorxudan, – qocaya elə gəldi, ona qəzəblə baxan cavan şapalaqdan sonra ağzına bir yumruq vurub, zibilliklərdən tapdığı yemək artıqlarını əzməyə qadir dörd-beş dişini sındıra bilər, – o biri yandan, soyuqdan titrəyən qoca dedi:

– Dedin plov, toyuq əti yemisən... dedim bəlkə istəməzsən, – tez paxlavanı yarı böldü, bir dilimini ona uzadıb titrək səslə dedi: – Götür, qardaş malı kimi... Cavan nifrətlə onun qolunu geri itələyib bağırdı:
– Mən bütöyünü sənə verəcəydim, ay g..! İstəmirəm, toyda plov yemişəm!
– Bax, atamın, anamın goruna and olsun, götürməsən, bunu dilimə də vurmuyacam, – doluxsunmuş qoca sol əlində tutduğu paxlava diliminə baxdı.

Bu dəfə cavanın ona yazığı gəldi, paxlava dilimini götürüb soruşdu:

– Səndə nə qədər pul var?
– Bir dəyqə... – qan-qaraçılığı aradan qaldırdığına görə hədsiz sevinən qoca tələsik cibindən çıxartdığı qəpikləri hesabladı. – Bir manat qırx qəpik.
– Məndə doxsan qəpik, – cavan əlini cibinə salıb qəpikləri şaqqıldatdı. – İki stəkan çaya çatar. Gedək Mərkəzi parka çay alaq.
– Bu dəfə çay mənlikdi ha, keçən dəfə sən kakao almışdın – qoca dedi.

Mərkəzi parka tərəf addımladılar. Soyuqdan büzüşə-büzüşə yeriyən qoca tez-tez əlindəki paxlava diliminə baxır, az sonra isti çay içəcəyinə sevinirdi. Arada paxlavanı qoxulayır, başını bulayır, narazı-narazı nırç edirdi, o qoxu deyildi. Vurduğu şapalağa görə peşman olan, amma üzr istəməyi şəninə sığışdırmayan cavan arada ona göz atırdı. Onda qoca sol əlindəki paxlava dilimini ona uzadırdı, cavan hər dəfə əlini geri itələyirdi.

Qoca tez özünü qabağa verib köşkdən nazik ağ plastik stəkanlarda iki dənə çay aldı. İstiliyini yoxlamaqçün hər ikisi tez-tez çayı dodaqlarına toxundururdu. “Hava soyuqdu, üfürürəm, amma bu, yenə soyumur,” – qoca deyindi, səbri çatmadı, əlindəki paxlava dilimini yedi, yenə çayı iki dəfə bərkdən üfürüb bir qurtum aldı, dilinin ucu yandı deyə, üzünü turşutdu. Cavan əlindəki dilimi ona uzadıb sakitcə “Götür” dedi. Qoca “yox” mənasında başını tərpətdi. “Götürməsən, ikinci şillə gələcək,” – deyib cavan ayağa durdu. Qoca da tez ayağa durub paxlava dilimini onun əlindən üzdə ərklə, əslində isə qorxusundan götürdü. Cavan “İndi gəlirəm” deyib getdi ki, qoca paxlavayla çayı rahat içsin.

“Yox, yox, bu dəfə vurmazdı”, ikinci şapalaq ehtimalıyla bağlı qoca ürəyində bunu dedi ki, az öncəki qorxusunu yenib ağzına apardığı paxlavadan tam ləzzət alsın.

İftar

Axşam saat yeddidə qəza orucumun yeddinci günü ilıq su və xurmayla iftar etdim, şam namazını qılıb, ardınca göbələk şorbası, bir qab şabalıdlı, kişmişli cücə plov yedim. Sonra Belçika şokoladıyla türk qəhvəsi içdim. On dəqiqə sonra beş-altı qovrulmamış, duzsuz fıstıq, “Paul”dan aldığım kremli kruasan, ardınca iki dənə Qızıl Əhməd alması yedim. Saat səkkizdə yekə qədəhdə yoldaşımın plombir dondurmasıyla banan əzməsinin qarışığından hazırladığı kokteyli içdim. “Nə əcəb hıçqırmıram?” özümə sual verdim, yeməkləri bir-birinə qarışdıranda adətən, hıçqırıq tutur məni.

Artıq on birin yarısıydı, heç cürə gözlərimi masanın üstündəki Gəncə paxlavalarından çəkəmmirdim. Paxlavaların yanındakı sevdiyim başqa bir şirniyyat Brauniyə iştaham düşməsin deyə, onu götürüb şkafa qoyan anda Çayxor kafesində yediyim, heç vətəni İtaliyada (Genuya, Venesiya) yediyimin dadına çatmayan Tiramsü yadıma düşdü. “Görən, Gəncə paxlavası, Brauni və Tiramsü arasında seçim etməli olsam, hansını seçərdim?” Bu qəliz sualı dərhal rədd etdim beynimdən.

Ayda üç dəfə Gəncə paxlavasından iki-üç dənə alıb mixəkli, kəkotulu çay içə-içə yeyirəm. Dad həzzini mümkün qədər uzatmaqçün bu paxlavanı bir xeyli çeynəyib-əzib, dilimin altında saxlayıb, damağıma sıxıb, gözümü yumaraq “ləzəət” deyəndən sonra göndərirəm həzmə. Allah eləməmiş, məndə şəkər xəstəliyi tapılsa, həkimə mütləq bu sualı verəcəm: “Olar, dietik şəkər tozuyla Gəncə paxlavası bişirtdirib yeyim?” – “Yox, olmaz” cavabını eşitsəm, növbəti sualım belə olacaq: “Bəs olar, dietik paxlavadan heç olmasa həftədə iki dənəsini limonlu çayla yeyim?” Yəqin “Hə” deyəcək və mən sevinə-sevinə xəstəxanadan çıxacam.

Anam təzəcə kəkotu çayı dəmləmişdi, yəni paxlavanı yeməmçün zəmin tam hazırıydı. Bir yandan nəfs, o biri yandan, gecə mənə əziyyət verəcək mədə ağrısı gözümə durmuşdu. Əgər on birdə yerimə girsəm, yatana qədər qırx dəfə o tərəf-bu tərəfə çevriləcəkdim, gecə üçdə, dörddə gözümə yuxu gedə, ya getməyə.

İndi paxlavayla çay içsəm, ən tezi saat birdə yerimə girməliydim. İşığın altında bərq vuran sarı paxlavalarsa mənə ərklə “Nə olar, birimizi ye də” deyirdi. Ayağa durub özümə çay süzməyimə, heç olmasa, bir dənəsini yeməyə mane olan əsas səbəb həm də sabah beş fənn üzrə üç növbədə (səhər, günorta, axşam) deyəcəyim mühazirələriydi. Mədəmdəki sıxıntılara görə az yatdığımdan mühazirələri əsnəyə-əsnəyə keçəcəkdim. Əvvəllər bir neçə dəfə yatana yaxın kələpur, heyva (hətta büzüşdürməyən), armud yediyimə görə partlamaya düşmüşdüm, yuxusuzluqdan ertəsi gün onlayn mühazirələrimi keçəndə arada bir-iki dəqiqə mürgüləmişdim. Bəxtimdən, dekan müavini onlayn dərslərimə girib yoxlamamışdı, ekranda özlərini görünməz edən beş tələbəm də deyəsən, həmin vaxt şirin yuxuda olmuşdular.

“Brauni paxlavayla müqayisədə yüngüldü, tez həzm olunur, bəlkə onu yeyim?” Anam mətbəxə girib “Dəm təzədi” deyən kimi gözümün qabağındakı Gəncə paxlavalarından biri məni yoldan çıxartdı...

Otuz dəfə sağ, sol böyrü üstə çevrildim, hardasa yeddi-səkkiz dəfə çarpayının üstündə oturub mədəmi sığallaya-sığallaya özümü bir xeyli söydüm. Halbuki, paxlavanı imsağa saxlasaydım, bu vəziyyətə düşməzdim. Az sonra eyni vaxtda qarnım ağrımağa, ürəyim bulanmağa başladı. Beş dəfə yerimdən durub hamam-tualetə gedib-gəldim. Altıncı gedişimdə yediklərimin hamısını qaytardım. Yoldaşım qapını döyüb həyəcanla “Nə olub sənə?” soruşdu, mən həmin vaxt dayanmadan qusurdum deyə, cavab verəmmirdim. Ağzımı yaxalayıb hamamdan çıxdım.

Yoldaşım məzəmmətlə başını bulayıb dedi: ”Rəhmətlik nənəm sənin kimilərə p.. qarın deyirdi”. – “Düz deyirmiş, amma indi qarnımda heç nə yoxdu. Çay dəmlə”. Dəmlədi, yoldaşım mətbəxdən çıxmazdan əvvəl “Paxlavaya əlin dəyməsn ha” dedi, razılıq əlaməti olaraq qımıldandım. Çaya limon atdım, sonra mədəmi sığallayıb öz-özümə “Onsuz boşdur” dedim, paxlavanı götürüb bir dişləm aldım, ağzım dada gəldi. “Səhər imsaqsız keçinərəm” deyib çay içə-içə Gəncə paxlavasının hamısını yedim. Sonra şkafın içindəki Brauni yadıma düşdü. “Bəlkə elə onu imsaxda yeyim?”

Paxlava və geosiyasət

Prezident Vasili Vasilyeviç Plutin genişekranlı kompüterdə gözlərini Krımın xəritəsinə zilləmişdi. Masada ağ farfor fincanda çay, iri qabda Bakı, Gəncə, Quba və Şəki paxlavaları var idi. Şirniyyatları Bakıda yaşayan dostu göndərmişdi.

Plutin quqdla Azərbaycanın siyasi-inzibati xəritəsini tapıb həcmini böyütdü, Bakının, Şəkinin, Qubanın, Gəncənin üstünə müxtəlif rəngli stikerlər yapışdırdı. Yenə Krımı tıkladı, Bakı və Quba paxlavalarının zahirən bir az Krıma bənzədiyinə diqqət etdi. “Görən, Fidel Kastronun Azərbaycanda Quba adlı yerdən, bu paxlavadan xəbəri var? Çətin ki... Azərbaycanı yaxşı tanıyan kimsə bunu ona demiş olsa, hə”.

Qonşu ölkədə dəstək verdiyi prezidenti üsyançılar devirəndən dərhal sonra Plutin Təhlükəsizlik Şurasının iclasını çağırıb Krımı Rusiyaya birləşdirmək haqda təklif vermişdi, bir nəfər əleyhinə olmaqla, qalanları təklifə “hə” demişdi.

Xəritədə stiker yapışdırdığı şəhərlərə baxan prezidentin Baş Qərargahın Azərbaycana qarşı məxfi hücum planlarından xəbəri var idi: ordu hansı şəhərlərə, rayonlara, hərbi bazalara raket-bomba zərbələri endirə bilər, haradan daxil olub ölkəni neçə günə tuta bilər, harada müqavimətlə üzləşə bilər – hamısını bilirdi. Bakı paxlavasından dişləm alıb bir qurtum çay içdi...

O biri günlər Ukraynaya qoşun yeridib Donbası tutanda, prosesləri izləyə-izləyə sevdiyi Bakı paxlavasını yeyirdi. Artıq Azərbaycandan Moskvaya xüsusi şirniyyatçılar gəlmişdi, onların bişirdiyi paxlavaları çaylarla bir yerdə prezident Plutin daxil sarayın yüksək rütbəlilərinə verirdilər. Bu xəbər Bakıya çatanda, bəzi azərbaycanlı rəsmilər kremldəkilərin bizim paxlavaları bəyənmələrinə sevindilər. Bəziləri isə rusların Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı tutmaqla bağlı müzakirələr apara-apara Bakı paxlavasıyla çay içdiklərini təsəvvürlərinə gətirib gizlincə, bir-birilərinə büruzə vermədən ürəklərində özlərinə sual verdilər. “Bəs birdən paxlavalarımızı yeyə-yeyə ölkəmizi tutmaq planını müzakirə etsələr necə?”

Ukraynada hərbi əməliyyatları izləyə-izləyə Bakı paxlavasıyla çay içən Plutinə elə gəlirdi, şirniyyat son qələbə xəbərlərindən aldığı ləzzətə xüsusi qastronomik qatqı verir.

Bir müddət sonra Azərbaycana qarşı təzyiqlər başladı, onu Avrasiya İqtisadi Birliyinə qoşmaq istəyən Plutin pomidor, xiyar idxalına embarqo qoydu. Azərbaycanın gücü yüngülvarı notalar göndərməyə çatdı. “Biz həmişə münasibətlərin yaxşı olmasında maraqlı olmuşuq... Təəssüf ki, bu sanksiyalar ikitərəfli münasibətlərə xələl gətirir“.

Məsələ Bakıda, Təhlükəsizlik Şurasında müzakirə olunanda, Azərbaycan prezidenti üzünü iclasdakılara tutub sual verdi: “Moskvaya paxlava bişirənləri göndərmək ideyası necə meydana gəlib?” Baş nazir, Plutinin hələ tələbə olarkən Azərbaycanda, dostugildə ilk dəfə paxlava yeməyindən tutmuş axırda Kremlə paxlava bişirənləri göndərmək haqda tapşırıq almağından, – tapşırığı administrasiyadan aldığı məqamına bir cümləylə toxunaraq, – danışdı, sonra yarızarafatla dedi: “Onlar bizim xiyar-pomidora embarqo qoyur, gəlin biz də acığa paxlava bişirənləri geri çağıraq”. Prezident bir qədər fikrə gedib dilləndi: “Əslində, pis təklif deyil, – üzünü DTX sədrinə tutaraq: – Qısa zamanda onları Bakıya gətirmək lazımdı. Düzdü, indi rusların başı Ukraynadakı müharibəyə qarışıb, amma istənilən halda əməliyyatın məxfiliyinə xüsusi fikir verilməlidi”. Qəfil prezidentin sifətinə təbəssüm qondu, hamı nəsə gülməli bir şey edişəcəyini anlayıb diqqətlə ona baxdı. Prezident dilləndi: “Bəlkə heç paxlavaçıları geri çağırmayaq, Moskvaya halva bişirənlər göndərək?” İclasdakılar güldü. Prezident gülə-gülə xarici işlər nazirindən “Nə deyirsən?” soruşdu. – “Nə bilim? Birdən mesajı tutarlar, münasibətlərimiz daha da pisləşər”. – “Sən də hər şeyi ciddi qəbul edirsən. Mən Şəki halvasını nəzərdə tutmuşdum”. Bu dəfə qəhqəhəylə güldülər. “Nə isə, – prezident DTX sədrinə: – Sən dediyim tapşırıqla məşğul ol. İndi isə Avrasiya İqtisadi Birliyi məsələsini müzakirəsinə keçirik”.

Bir həftə sonra Moskvadakı paxlava bişirənləri aralarında üç gün fasiləylə Azərbaycan səfirliyinə çağırdılar, onlara hazır bilet verib dörd gün ərzində Bakıya yola saldılar. Gedişləri şübhə doğurmasın deyə, öncədən onlara kremldəkilərçün dörd-beş günlük paxlavalar bişirmək tapşırıldı. Məsələdən xəbər tutan FTX əməliyyatçıları sona qalan iki Quba paxlavaçısını elə Şeremetyovo aeroportunda, təyyarəyə minməməyə hazırlaşanda tutub geri qaytardılar.

Təhlükəsizlik Şurasının növbəti iclasında Ukraynadakı hərbi əməliyyatların müzakirəsi bitənə yaxın Plutin qəfil dilləndi: “Yəqin Azərbaycan bizim pomidor, xiyara qoyduğumuz embarqonun acığına paxlavaçıları qaçırdıb. – baş nazirdən soruşdu: – Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olmaq istəyir, yoxsa yox?” – “Konkret bir şey demirlər, amma müşahidəçi üzv olmağa meyllidirlər”. – “Yaxşı, pomidor embarqosunu qaldırın, xiyara sonra baxarıq, sən azərbaycanlı həmkarına zəng et, de, paxlava bişirənləri geri göndərsinlər. Heç paxlavasız iclas olar?”

Paxlava və cəza

Yasamal rayonu hakimi bir qutu südlü paxlava oğurlamış on beş yaşlı oğlanın işinə baxırdı. Oğlan deyirdi, ömründə birinci dəfədir oğurluq edib, atası onları atıb gedib, anası xəstəxanada süpürgəçilik edir, bacısı ikinci dərəcəli əlildir, qonşular arada ətli yemək verəndə, evlərində toy-bayram olur. “Hər şey birdən oldu, bir də belə şey eləmərəm, yalvarıram, nə olar, məni buraxın”. Sahibkarsa deyirdi ki, bu gədə gözünün içinə qədər yalan danışır, heç də hadisə birdən-birə olmayıb, işçiləri əvvəllər də onu mağazada görübmüşlər.

– Əvvəl mağazaya gələndə nəsə oğulayıbmış? – hakim sahibkara sual verdi.
– Yox, amma plan qururmuş.
– Hardan bilirsiz plan qururmuş?
– Möhtərəm hakim, bunu nə var bilməyə? Adi məntiq belə deyir ki,...
– Adi məntiq heç nə demir. Bəlkə, bu uşaq sizin mağazaya gəlibmiş paxlavalara baxıb gözünün qurdunu öldürsün?
– Olmadı ki? Gözünün qurdunu öldürmək nədi? Bir də ki on beş yaşında uşaq olur? ¬– iddiaçı istehzalı təbəssümlə deyib başını buladı.
– Mənim məhz elə on beş yaşım olanda, tez-tez Moskva univermağına gedib, oyuncaq maşınlara baxa-baxa gözümün qurdunu öldürürdüm. Sovet vaxtıydı, atam zavodda ayı doxsan manata mühəndis işliyirdi, anam işləmirdi. Talonla ayda dörd kilo yağ, ət alırdıq. Nə isə. Bu yaxınlarda bacanağımın ad günündə həmin o südlü paxlavadan yedim. O qədər dadlıydı ki, mənim kimi utancaq otuz adamın yanında elə hey o paxlavadan götürüb yeyirdim. Sözlə bu ləzzəti ifadə edə bilmərəm. Şair olsaydım, bunu ən azı bir bəndlik şeirlə deyərdim.

Sahibkar və oğlan qəribə-qəribə hakimə baxdı.
– Bu oğlanın oğurladığı paxlavanın qiyməti nə qədərdi? – hakim soruşdu.
– Hmm, hardasa qırx manat.

Hakim cibindən bir əllilik çıxardıb sahibkara başıyla işarə etdi ki, yaxınlaşıb götürsün. Sahibkar təəccüblə ona baxıb başını yellədi.
– Gəlin götürün də, on manat qalığı qaytarmaq şərtiylə... Nə baxırsız, gəlin də.
– Siz nə danışırsız, möhtərəm hakim? –ittihamçının sifətində yazıq, heyrətli bir təbəssüm yarandı. – Yəni mən o qədər...
– Bilirsiz, sizə baxanda nə yadıma düşdü? – əlliliyi cibinə qoydu. – Osmanlı dövründə bir sini paxlava oğurlayan iki yeniyetmə oğlanı tutub qazinin yanına gətirən dükan sahibi. Qazidən israrla tələb edirmiş ki, hər ikisinin əli kəsilsin.
– Siz nə demək istəyirsiz? – sahibkar səs tonunu azca qaldırdı. – Vallah bu lap ağ oldu. O qədər də yox də.
– Yeri gəlmişkən, mən sizin obyektlərlə tanışam, şəhərin bir neçə yerində paxlava dükanınız var. Amma vergilərdən yayınırsız, bu bir, – hakim məzəmmətlə başını buladı. – İkincisi, müəlliflik hüququ məsələsi. Bu məsələdən Türkiyə səfirliyi xəbər tutsa, bilirsiz necə skandal baş verə bilər? Təsəvvür edin, onların xarici işlər nazirliyi bizə etiraz notası yollayır, – hakim sahibkarı qorxutmaqçün nota məsələsini uydurdu. – Son müharibədə gördünüz Türkiyə bizə necə dəstək oldu, siz isə? – yenə məzəmmətlə başını buladı.
– Deyirsiz Bakıda nə qədər türk paxlavaları dükanları var, onların hamısının, hmm, nədi onun adı, müəllimlik hüququ var? – iddiaçı udqunaraq dedi.
– Müəllimlik yox, müəlliflik. Bəli, o mağazaların əksəriyyəti ya Türkiyəyə bağlıdı, ya da bizimkilər qanuni yolla lisenziyalarını alıblar. Ona görə, – gözlərini ağardaraq əlavə etdi, – sizin işləriniz çoox çətin olacaq.

– Nə təklif edirsiz, möhtərəm hakim? – sahibkar səsini yavaşıtdı, ora-bura baxdı, sifətində “Bəlkə, məsələni pulla həll edək” təklifi göründü.
– Mən iddiayla bağlı yazılı yox, şifahi qətnamə çıxardacam. Belə qətnamələri yeri gəlmişkən, orta əsrlərdə qazilər çıxardırdı. Siz bu uşağı Tarqovodakı paxlava dükanına işə düzəldəcəksiz. Elə orda da paxlava bişirməyi öyrənər, – üzünü yeniyetməyə tutaraq. – Südlü paxlava bişirmək istiyirsən?
– Hə, hə, istiyirəm, – yeniyetmə həvəslə, ürəklə cavab verdi.
– Bax, indidən deyirəm, işə düzələndən sonra ordan pul, ya paxlava oğurlasan, səni birbaşa uşaq kaloniyasına göndərəcəm, başa düşdün?
– Hə, – yeniyetmə qorxa-qorxa cavab verərək iki dəfə başını tərpətdi.
– Qərar sizi qane etdi? – hakim üzünü iddiaçıya tutdu.
– Qane etdi, – sahibkar qısa pauzadan sonra könülsüz cavab verdi, nifrətlə yeniyetməyə baxıb başıyla “Gedək” işarəsini verdi.

Üç ay sonra axşamüstü hakim həm sahibkarın kasıb oğlanı işə götürüb-götürmədiyini bilmək, həm də südlü paxlava almaqçün hava qaralanda, Nizami küçəsində yerləşən mağazaya getməyə qərar verdi.

O, bir qırağa çəkilib çöldən, şüşə qapıdan hər ikisinə tamaşa edirdi. Ətə-qana gələn həmin oğlan bir əlində çay dolu stəkan, o birində paxlava həvəslə nədənsə danışır, sahibkarsa ürəkdən gülürdü. Sözarası müdir iki dəfə oğlana başıyla işarə etdi ki, çayını iç. O, buna əhəmiyyət vermədi. Müdir gözünü ağardıb “Çayını iç” deyəndə, oğlan tez paxlavanı ağzına apardı. Onun bu əmri tez yerinə yetirməyinə, paxlavanı tez-tez çeynəyib ardınca tələsik iki qurtum çay içməyinə hakimin gülməyi tutdu. Sonra deyəsən, paxlava oğlanın boğazında qaldı, ya qıcıqlandırdı boğazını, öskürdü. Müdiri əliylə oğlanın belinə vura-vura onu danladı ki, hara tələsirsən. Özünə gələn oğlan nəsə dedi, müdir yenə güldü. Hakim anladı ki, içəri girsə, onlar əl-ayağa düşəcək və çox güman, alacağı paxlavanın pulunu ondan götürməyəcəklər. “Əşi gedib başqa yerdən alaram,” – deyib oradan uzaqlaşdı.

8 noyabr, 2021, ¬– 17 oktyabr, 2022
Bakı