12 fevral saat 14-də Qanun Nəşrlər Evində gənc yazarlarla görüş keçiliəcək.
Bu barədə YeniYAz.Az-a nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.
O, bildirib ki, son dövrlərin yaradıcı gəncləri ilə tanışlıq xarakteri daşıyan bu görüşdə həm də əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Ş.Xuduoğlu qeyd edib: “Sevdiyim 50 hekayə” layihəsi ilə bağlı yerli yazarlarımızın əsərlərini oxuyuram. Xeyli yeni imza ilə tanış oldum. Amma “Sevdiyim 50 hekayə”də üzə çıxa bilən, iddia qoyan az imza rastıma çıxdı.
İllər öncə kitab bloggerlərini görüşə dəvət etdim, hələ də o xoş təəssürat yaddaşımdadır. Kitab mühitində hadisə oldu. İnanıram, yaradıcı ortamın bir araya gəlməsinin kitab işinə, sizin yaradıcılığınıza çox böyük töhfəsi olacaqdır.
Bir kitabın ərsəyə gəlməsi üçün əsas onu yazandır, sonra onu tərtib edən, daha sonra isə növbə naşir və kitabçılara gəlir”.
Şahbaz bəy görüşün detallarından da danışıb:
“Nəzərdə tutduğum görüşdə şair, yazıçı, tərcüməçi, rəssam və mətn üzərində çalışan bütün heyəti görmək istəyirəm.
Naşir kimi yeni yaradıcı mühitin formalaşmasında hansı rolu oynaya bilərəm, yaradıcı gəncliyə necə dəstək ola bilərəm? Bu suala cavab tapmaq üçün sizlərlə görüşmək istəyirəm.
Bu həftənin şənbə günü vaxt ayırın, nəşriyyata gəlin. Həm bizim imkanlarla tanış olun, həm də fikir mübadiləsi aparaq. Qarşılıqlı imkanlarımızı dəyərləndirək. Gözləntilərinizi dilə gətirin.
Uzaqda qalmaqla bir-birimizə dəstək ola bilmərik. Gücümüzü bir edək. Yazaq, nəşr edək, təbliğ edək, daha geniş çevrələrə xitab edək.
Yaradıcı əməkdaşlıq üçün o an gəlib”.