Beynəlxalq Muğam Mərkəzində “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov "Nizami İli" çərçivəsində görülən işlərdən danışıb.
Nazir qeyd edib ki, şairin adı ilə bağlı müsabiqələrin təşkili onun irsinin yaşadılmasına xidmət edir: "Ötən il Cənab Prezident tərəfindən "Nizami İli" elan olunması ilə əlaqədar Azərbaycan və beynəlxalq səviyyədə önəmli tədbirlər keçirilib”.
Nazir bu gün Nizami Gəncəviyə iddiaların olduğunu qeyd edib: “Bu iddialara bizim cavabımız belədir: Nizami o xalqın şairidir ki, o xalq onun mirasını qoruyub əbədiləşdirir. Bu gün məhz Azərbaycan xalqı onun ölməz əsərlərini qoruyur. Bu, onun göstəricisidir ki, Azərbaycan xalqı öz mütəfəkkirinə, şairinə sahib çıxır”.
A.Kərimov "Nizami ili" çərçivəsində beynəlxalq forumun, beynəlxalq kitab, işıq festivallarının keçirildiyini diqqətə çatdırıb: O, Nizami Gəncəvi Beynəlxalq forumunun bu il də keçirilməsinin planlaşdırıldığını deyib.
Müsabiqənin şəffaf şəkildə təşkil olunmaması iddialarına da münasibət bildirən nazir iddiaların əsassız olduğunu, müsabiqənin şəffaf keçirildiyini vurğulayıb: "Ötən il biz "Nizami Gəncəviyə məktub" adlı beynəlxalq layihəyə start verdik. 19 ölkədən bu müsabiqədə iştirakçılar oldu. Sosial şəbəkələrdə belə bir manipulyasiyalar da yayılmışdı ki, qaliblər şəffaf şəkildə seçilmir, biz özümüz onları seçirik. Halbuki esselər ştrix-kodlarla, anonim şəkildə münsiflərə təqdim olunmuşdu".
Sonra mükafatlar təqdim olunub.
Birinci yerə “Büyük Kahraman: Nizami Gencevi” essesi ilə Selçuk Karakılıç, ikinci yerə “A Letter to Nizami Ganjavi” essesi ilə Tariq Yousef, üçüncü yerə isə “Nizami Gəncəviyə məktub” essesi ilə Mülayim Hümmətova layiq görülüb.
Birinci yer üzrə qalibə 2021 ABŞ dolları, ikinci yer üzrə qalibə 1141 ABŞ dolları və üçüncü yer üzrə qalibə 880 ABŞ dolları məbləğində pul mükafatı və Mədəniyyət Nazirliyinin xüsusi diplomu təqdim olunub.
Daha sonra tədbir çıxışlarla davam edib.
Qeyd edək ki, müsabiqə Nazirlər Kabinetinin 22 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən təşkil olunub.
Müsabiqə Mədəniyyət və Xarici İşlər Nazirlikləri tərəfindən təşkil edilib.