Öp məni, əl çəkmə dodaqlarımdan – Yeni şeir

Öp məni, əl çəkmə dodaqlarımdan   – Yeni şeir

22 Fevral 2022 10:30 744


Öpüşün hərarəti

Orxan Adıgözəl

Dodaqlarında günəşi tapdım,
Ovundum onun hərarəti ilə.
Hiss etdim dilini,
ağız suyunu,
dad aldım həyat neştərindən.

Sıxıldı dodaqların dodaqlarımda,
Əridi qarlarım ürək yolumda.
Ətraf buz kimi, dodaqlarsa od,
İçimdə qaladın sevgi alovun.

Qışda baharı gətirdin mənə,
Varlığın həmdəm oldu bir daha
Səhrada su təşnəsi çəkən yolçutək,
Dodaqlarının nəmin daddım
doyanadək.

Məni bu soyuq haldan salıbmış,
Sən demə, məni yoran sərt ovqatmış.
Artıq üşümərəm qışın oğlan çağında,
Qoynun, qucağın, bir də ürəyin
həmişə olacaq dodaqlarımda.

Öp məni, əl çəkmə dodaqlarımdan,
Doymaram baharın gözəl çağından.
Yumub gözlərimi, duydum dodaqlarını,
Unutdum dünyanın qaranlıqlarını.

Səndədir ümid açarım, sevinc göz yaşım,
Öp, oxşa, qıfılı aç, yenidən doğul dodaqlarımda.