Qanun Nəşrlər Evində gənclərlə görüş keçirildi – Yeni nələr olacaq?

Qanun Nəşrlər Evində gənclərlə görüş keçirildi   – Yeni nələr olacaq?

14 Fevral 2022 10:47 399


Ötən şənbə Qanun Nəşrlər Evində gənc yazarlar və sənətçilərlə görüş keçirildi.

YeniYaz.Az xəbər verir ki, görüşü giriş nitqi ilə Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu açdı.

O, tədbirin məqsəd və məramını açıqladıqdan sonra iştirakçılara söz verdi.

Gənc yazarlardan Təvəkkül Boysunar, Rəvan Cavid, Seymur Su, Vüqar Babazadə, El Roman, tanınmışlardan “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli, şair Murad Köhnəqala, yazıçı Şərif Ağayar, şair, “Alatoran” nəşriyyatının rəhbəri Rasim Qaraca, yazıçı Hədiyyə Şəfaqət, tənqidçi-ədəbiyyatşünas Nərgiz İsmayıl, yazıçı Eyvaz Zeynalov, yazıçı Alpay Azər, yazıçı Cəlil Cavanşir, tərcüməçi Leyla Şah və başqaları çıxış etdilər.

Görüşdə Azərbaycan dilindən ingilis dilinə əsərlər çevirən tanınmış tərcüməçi İan Peart da iştirak edirdi. O, Azərbaycan ədəbiyyatı və çağdaş dünya haqqında danışdı.

Ayrı-ayrı çıxışlar və konkret təkliflər səslənən görüş həm də qızğın müzakirə və polemikalarla keçdi.

Sonda çıxışçıların işgüzar təklifləri nəşriyyat tərəfindən qeydə alındı.

Təkliflər aşağıdakı kimi təsnifatlaşdırıldı:

- ustad dərsləri keçiriləcək
- gənclərin yaradıcılığını stimullaşdırmaq məqsədi ilə almanax, jurnal nəşr ediləcək
- ən azı ildə bir gənc yazıçının kitabı ingilis dilinə tərcümə ediləcək
- Book review - Azərbaycan kataloq jurnal nəşr ediləcək
- nəşriyyatın Art-zalında yaradıcı insanlarla görüşlər, kitab müzakirələri təşkil ediləcək.
- poeziya axşamları, oxu saatları təşkil ediləcək
- uşaqlar üçün nağıl saatları olacaq
- gənclərin bəyənilən əsərləri nəşriyyat hesabına nəşr olunacaq və yayılacaq
- Milli Kitab Mükafatı bərpa olunacaq.

Sonda çıxış edən Şahbaz Xuduoğlu tədbirə ümumi yekun vuraraq, gələcəkdə bu cür görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğuladı.