Roman janrı: müharibə və qadın - Şərif Ağayarın romanı haqqında

Roman janrı: müharibə və qadın   - Şərif Ağayarın romanı haqqında

19 Aprelel 2024 12:58 513


BDU-nun filologiya fakültəsinin doktorantı İlahə Səfərzadənin yazıçı Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı haqqında yazıb “Dil və Ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalında çap etdirdiyi “Roman janrı: müharibə və qadın” məqaləsini təqdim edirik.

İlahə Səfərzadə
Bakı Dövlət Universiteti

Xülasə

Bədii əsərdə qadın obrazlarına müəllif yanaşması müasir dövr ədəbiyyat araşdırmalarında tədqiqatçıların üzərində xüsusi dayandığı məsələlərdəndir. Bu tendensiyanın geniş vüsət almasında sosial-siyasi səbəblərlə yanaşı, ədəbiyyatşünaslıqda gender amilinə diqqətin artmasının da böyük rolu vardır. Ədəbiyyatda müharibə mövzusuna isə, demək olar, bütün dövrlərdə müraciət edilmişdir. Müharibə böyük siyasi çalxantını, ictimai qarışıqlığı və bəşəri ədalətsizliyi özündə birləşdirən qeyri-insani akt olaraq toplumlarda böyük izlər buraxır. Həmçinin mənəvi böhranları da öz bərabərində gətirir. Ədəbiyyat müharibə zamanı və müharibədən sonra rast gəlinən əxlaqi ziddiyyətləri, vicdanın səsini və etik dəyərləri mühakimə edir. Uzun illər işğal altında qalan Azərbaycan da bu ağrıları yaşamış, müharibə və müharibənin insanların həyatına vurduğu yaralar ədəbiyyatın baş mövzularından birinə çevrilmişdir.

Ədəbiyyatımızda müharibə mövzusunda yazılan əsərlər arasında Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” əsəri diqqət çəkməkdədir. Əsərin qadın qəhrəmanı müharibənin qanlı üzünü daha təsirli boyalarla əks etdirmək baxımından seçilir. Nənə obrazı bütün mənfi və müsbət xüsusiyyətləri ilə ədəbiyyatımızda sevilən obrazlar sırasındadır.

Açar sözlər: müharibə, qadın, Şərif Ağayar, Arzulardan sonrakı şəhər, xarakter, nəsr, roman

Giriş

Qadınların tarixən müxtəlif müharibə və münaqişələrdə oynadığı rolun, tarixi kataklizmlər zamanı üzləşdikləri çətinliklərin, yaşadıqları travmaların və mübarizələrin geniş şəkildə qələmə alındığı bədii əsərlərə istər dünya, istərsə də Azərbaycan ədəbiyyatında çox sayda örnək gətirmək mümkündür. Bu mövzu müharibələrin qadınların həyatına necə təsir etməsi, gender dinamikasındakı dəyişikliklər və qadınların çətin həyat şərtlərinə necə reaksiya verməsi kimi bir çox mühüm meyarları ehtiva edir.

Ədəbiyyatda müharibə mövzusunun tarixi qədimdir. Xalqların tarixində baş verən müharibələr ədəbiyyata da təsirsiz qalmamışdır. Hələ tarixin ilkin çağlarında yaradılmış ədəbi nümunələrdə savaş motivi ilə rastlaşırıq. Şifahi xalq ədəbiyyatında isə dastanlar, demək olar ki, müharibə motivi üzərində qurulmuşdur. Azərbaycan epik təfəkküründə qadın qanlı döyüşlərdə belə kişinin yanındadır, kişi döyüşə gedəndə isə qadın onun arxasının dayağıdır. Siyasi təməllərə dayanan qeyri-insani müharibə ilə humanizmin ön planda olduğu ədəbiyyat tarix boyu bir-birini müşayiət etmiş, bu təmas zəminində “müharibə ədəbiyyatı” anlayışı formalaşmışdır. Müharibə ədəbiyyatının təsnifatı [5, s. 101], eləcə də müharibə dövündə yazılan əsərlər ilə müharibədən sonra yazılan əsərlərdə mövzuya yanaşma fərqləri ədəbiyyatşünaslığın gündəliyində olan məsələlərdəndir [3, s. 220].

Müharibə ədəbiyyatında yaradılan qadın obrazları ya onların fədakarlığının tərənnümü, ya da çəkdikləri ağrı və əzabların təsviri ilə səciyyələnir. Dünya ədəbiyyatı təcrübəsində qadın xarakterləri, əsasən, güclü və dözümlü, azad, vətənsevər, fədakar, mübariz insanlar kimi təqdim edilir.

“XX əsrin 70-ci illərində humanitar elmlərdə “qadın mövzusu”na maraq xeyli artmışdı. Bu da onunla izah olunmuşdu ki, XX əsrin ikinci yarısında feminizm hərəkatında bir sıra dəyişikliklər baş verdi, nəticədə cinslərin, münasibətlərin nəzəri təhlil zərurəti meydana gəldi” [7, s. 7].

Azərbaycan romanlarında qadın obrazları müharibənin kölgəsində zamanın gedişatına müqavimət göstərən, öz əzizlərini qorumağa çalışan güclü şəxsiyyətlər kimi təqdim edilmişdir. Qarabağ savaşına həsr olunmuş romanlarda qadınlar təkcə fərdi faciələri ilə deyil, həm də sosial transformasiyalarla öndədirlər. Müharibənin sərt reallıqları ilə üzləşən azərbaycanlı qadınlar romanlarda çox vaxt müharibədən sonrakı cəmiyyətdə öz rollarını yenidən müəyyənləşdirməyə çalışan güclü və dözümlü fərdlər kimi görünürlər. Qadın obrazlarının yaşadığı mənəvi ağrılar və itkilər müharibənin bəşəriyyətə dərin təsirlərini anlamağa kömək edir. Azərbaycan yazıçıları qadın probleminə diqqət yetirməklə müharibənin iç üzünü oxucuya daha təsirli çatdırırlar.

“Arzulardan sonrakı şəhər”də qadın

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Şərif Ağayarın yaradıcılığında dövrün ictimai mənzərəsinin təsviri xüsusi yer tutur və bu təsvirlərdə müəllif uydurması ilə real həyat gerçəklikləri bir-birini tamamlayır. Yazıçının, əsərlərində müharibə və onun nəticələrinə geniş yer verməsinin səbəblərindən biri doğulub boya-başa çatdığı Laçın rayonunun uzun illər düşmən işğalı altında qalması, işğalla üzləşmiş xalqın acı taleyini yazıçının öz ömründə yaşamasıdır. Onun əsərlərinin əksəriyyətinin mövzusunu Qarabağ, müharibənin törətdiyi fəsadlar, qaçqın və köçkünlərin acınacaqlı həyat tərzi və doğma torpaqlara qayıtmaq arzusu təşkil edir [9].

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanının mərkəzində müharibənin nəticəsi olaraq indiki zamana yadlaşma, özgələşmə problemi dayanır. Yazıçı əsərdə göstərir ki, itirilən sadəcə torpaq deyil, torpaqla birlikdə yaşayan və ölən insanların həyatlarıdır. Romanda yadlaşmanın gətirdiyi konflikt gerçəkliklə xəyal dünyası arasında baş verir. Əsərin baş qəhrəmanı “hər vəchlə arzularına əks olan, qəddar və amansız gerçəklikdən qurtulmağa çalışaraq xəyallarına sığınır” [6, s. 85].

Romanda hadisələr iki zamanda təqdim edilir: biri, Həsənin dilindən anladılan hazırkı dövr, ikincisi isə Misirdəki Maanis adlı qulun dilindən nəql olunan min illər əvvəl baş vermiş hadisələrin zamanı. Müəllif iki fərqli zaman yaradaraq azadlıq idealının insan təxəyyülündə dəyişmədiyi fikrini irəli sürür.

Əsər nənəsindən başqa heç kəsi olmayan Həsənin yuxusunda çəhrayı atları görməsi ilə başlayır. Həyatda ona əziz olan insanların, demək olar ki, hamısını itirmiş nənə nəvəsinin ruhi vəziyyətinə görə narahat olub onu psixoloqun yanına gətirir. Nənənin özünün də ruhi vəziyyətini normal məntiqlə izah etmək çətindir: o, nəvəsini özünün bir parçası kimi görür. Həsən də bunun fərqindədir: “Sizə bir sirr açım: Nənəm mənimlə bədəninin bir parçası kimi rəftar edirdi. Mən qulağımı qaşıyanda da onun iradəsi ilə etməli idim. Bir yerim ağrıyanda məndən artıq ufuldayırdı. Eyni qayda xəyal dünyama da aid idi. O, tarakan kimi qulağımdan beynimə girib nə düşündüyümü bilmək istəyirdi. Dünyada ən zəhləsi gedən şey, şübhəsiz ki, çəhrayı atlar idi. İmkan olsa, onları beynimin içindəcə qılıncla doğrayar, qanını xəyalımdakı yaşıl təpəliklərə tökərdi. Gücü çatmasa, bir qutu boya alıb hamısının rəngini dəyişərdi. Ona görə yox ki, o atlar mənə əzab verirdi. Ona görə ki, o atları nənəmin icazəsi olmadan düşünür, başımdan çıxara bilmirdim” [1, s.].

“Həsənin qeyd etdiyi çəhrayı atlar romanın süjet xəttinin düzümündə əsas yerlərdən birini tutur. Əsərin əvvəlində ağzı bağlanmış atların təsvirini verməklə müəllif torpaqlarımızın işğal altında olmasına eyham vurur. Çəhrayı atların Həsənin anasının ölümündən sonra onun yuxusuna girməsi isə Ana obrazını itirilən torpaq anlamında qavramağa imkan verir” [3].

Nənə nəvənin gözündə xarici görünüşünə görə çirkin olsa da (müəllif nəvəsinin dili ilə onun çirkinliyini detallarına qədər təsvir edir), nənənin xarici görkəmi ilə daxili aləmi təzad halındadır. Kənardan baxana çirkin və qaba görünən nənənin kövrək qəlbi var, kənardan güclü görünməyə çalışır, içi isə özünü yandırır, öz zavallılığının fərqindədir.

Romandakı nənə xətti ilə bağlı paralelliklər aparan ədəbiyyatşünas Məti Osmanoğlu “Mənim nəğməkar bibim”, “Saz”, “Tütək səsi” kimi nümunələrdə də müharibə illərinin yetim uşağı və onu himayə edən yaşlı insan tandeminin olduğunu vurğulayaraq bütün bu assosiasiyaların fonunda Şərif Ağayarın nəvə-nənə hekayəsinin, bütövlükdə romanın tamamilə orijinal olduğunu qeyd edib [4].

Nənə və nəvə doğma yurddan qovulmuşlar. Hər gün başlarının üstündən, yanlarından mərmilərin uçuşduğu məkanda yaşamaq qorxulu olduğu üçün nisbətən sakit bölgədə uzaq qohumlarının evinə yerləşmişlər. Nənə öz nəvəsini burada məktəbə göndərir, onun qayğısına qalır, təlim-tərbiyəsi ilə məşğul olur. İstəyir ki, nəvəsi dərslərini yaxşı oxusun, ağıllı olsun, onun sözündən çıxmasın. Əsər boyu nəvənin məktəb macəralarının şahidi oluruq. Həsən uşaq olsa da, nənə qadınlıq instiktindən irəli gələn duyğu ilə ona arxalanır. Bazarda satıcı qadınla dalaşıb, yeniləndə nəvəsini görür, ona sığınıb ağlayır. Bu, şəfqətə və qayğıya daha çox ehtiyacı olan qız uşağının öz atasına olan münasibətinə bənzəyir.

“Əsər döyüş səhnələrindən uzaq olsa da, müharibənin yaratdığı fəsadları oxucuya dəqiqliyi ilə təqdim edir” [8]. Ölkədə həmin dövrdə hökm sürən xaos, boşluq qadınların timsalında daha aydın cizgilərlə nəzərə çatdırılır. “Nənəmin təxmininə görə ayaqlarını rahatca o halqalara keçirən oğru binanın çardağından sallanıb, pəncərədən içəri keçəcək, çəhrayı atlı xalçanı və 300 manatı götürüb aparacaqdı. Biz pulu poçtdan alanda, xalçanı həyətə düşürüb təmizləyəndə görmüşdülər. Üstəlik, yiyəsiz, kimsəsiz olduğumuzu hamı bilirdi. Kim kimədi! Bu saat it yiyəsini tanımır. Nə milisə etibar var, nə əsgərə. Pula-xalçaya görə lap bizi öldürə də bilərdilər” [1, s.]. Bu sətirlərdə müharibənin başsız qoyduğu, ərsiz, oğulsuz qalan, başının üstündə kişi olmayan qadının sosial statusuna, düşdüyü şəraitdəki acizliyinə diqqət çəkilir.

Müharibə dövründə bütün cəmiyyət, eləcə də qadınlar iqtisadi çətinliklərlə üzləşirlər ki, bu da qadınların üzərinə düşən işin ağırlaşmasına, ailə daxilindəki ənənəvi normaların dəyişməsinə səbəb ola bilir. Əsərdəki nənə nəvəsinin maddi ehtiyaclarını qarşılamaq üçün əlindən gələni edir. Bununla belə, onlar bəzən günlərlə evdə yeməyə heç nə tapmırlar və nənə bunun mənəvi ağırlığı altında əzilir.

Müharibə şəraiti qadınları sosial statusunu dəyişməyə məcbur edir, onlar ictimai-siyasi proseslərə müqavimət göstərməli, ictimai dəyişiklik və ədalət uğrunda mübarizədə fəal iştirak etməli olurlar. Nənəni nəvəsi ilə yaşadıqları evdən çıxarmaq istədikləri zaman onun içində yığılmış enerji üzə vurur: “bizi oradan gavurlar qovalayır, buradan da siz? İmam haqqı od vurub yandıraram buraları!” [1, s.]. Nənənin bu sözləri müharibənin iç üzünü, onun insanların, xüsusən də yurdsuz-yuvasız qalmış qadınların acınacaqlı halını çılpaqlığı ilə göstərir.

Şərif Ağayar romanda nəvəsi ilə yalnız qalmış yaşlı qadının həyat mübarizəsini ikili planda təqdim edir. Birinci planda nənə yaşamaq naminə savaşan, nəvəsini böyütmək əzmində olan qadındır, ikinci planda isə onun davranışları və danışıqları kənardan baxana kobud görünür.

Ətrafdakı yad mühit, insanlar arasında müharibənin şiddətləndirdiyi soyuqluq nənəni də yurd-yuvaya laqeydləşdirir:

“- Deyirəm, görən, gavurlar biz tərəfləri də alıblar, yoxsa, yox?
- Nəyinə lazımdı? Heç kim yoxdu oralarda.
- Oraları alsalar, biz də qaçqın sayılarıq, hökümətdən çörəkpulu alarıq.
- İstəyirsən, alınsın, bizə çörəkpulu versinlər?
- İstəmirəm, əgər alınıbsa, haqqımızı alaq deyirəm” [1, s.]..

Romandakı əsas xarakter – nənə müharibənin qəddarlaşdırdığı mühitdə öz mənəvi gücünü və müqavimətini itirmir. Ayaq üstə dayanmağın zəruriliyini hiss edir: “Nənəmin növbədəki basırıqda yıxılmasından yaman qorxurdum. Hər dəfə çörək almağa təkidlə özü gedirdi. Deyirdi, sən üzüyumşaqsan, bacarmırsan. Nənəm çörək növbəsində əziləndə elə cikkə çəkirdi ki, adamlar dik atılırdı” [1, s.]..

Öz keçmişindən, həyat təcrübəsindən gələn qəliblərlə yaşamağa nənənin haqqı var, bununla belə, o, vəziyyətə uyğunlaşmaq, yaranmış vəziyyətdə yeni dəyərlər sistemini qəbul etmək məcburiyyətindədir. Məsələn, nənə üçün qəhrəmanlıq savaşmaq yox, qardaşı Mirzəmmədin meyiti qoyub qaçmamasıdır. Nənə obrazının təzadlarla dolu mürəkkəb psixoloji dünyasını nəvəsi hamıdan yaxşı açır: “Nənəmdir, vəssalam. Əyri dişli, donqar belli, çör-çöp saçlı, cır səsli, zəhlətökən nənəm. Mənim sevimli ifritəm! Miss 154-üm!” [1, s.].

Bu həm də sosial-siyasi problemlərin, işğal faktorunun, yurdsuzluğun ağrı və acılarının təsviri baxımından mükəmməl ədəbi priyomdur.

“Arzulardan sonrakı şəhər” romanının mövzusu müharibə olsa da, burada azadlıq və özgələşmə probleminin bədii həlli müəllifin diqqət mərkəzindədir. Həsən obrazı sonacan “özgələşsə” də, təzadlı şəxsiyyətə malik nənə daxilində özgələşmə psixologiyası ilə mübarizə aparır. Bu mübarizə müharibə dövrünün nənəsinin bir fərd və bədii obraz kimi orijinallığını şərtləndirir.

Nəticə

Müasir Azərbaycan ədəbiyyatında müharibə mövzusunun ayrıca yeri var. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu mövzu ilə bağlı bir çox əsərlər qələmə alınmış, həmin əsərlər əsasında filmlər çəkilmişdir. Birinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğalı ilə nəticələndiyi üçün ədəbiyyatda daha çox bu məğlubiyyətin gətirdiyi ağrı-acıların təsviri ön planda olmuş, intiqam çağırışları əsas motiv kimi üzə çıxmışdır.

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanında da müharibənin gətirdiyi fəlakət, azadlıq idealı və özgələşmə problemlərinin bədii həlli əsas götürülmüşdür. Romandakı nənə obrazı bir çox xüsusiyyətlərinə görə müharibənin didərgin saldığı qadınların ümumiləşmiş obrazı səciyyəsi daşıyır. Yazıçı diqqəti bu obrazın zahiri ilə daxilindəki təzad əsasında “kişisizləşmiş” cəmiyyətdə qadının qoruyucu vəzifəsini öz üzərinə götürməsinə yönəltmiş, nəvənin “sevimli ifritə” kimi səciyyələndirdiyi şəxsiyyət fenomeni yaratmışdır. Qeyri-tipik müharibə qadını olan nənə daxilinə nüfuz etməyə can atan “özgə” ilə mübarizə aparır, özgələşməyə müqavimət göstərməyə çalışır. Nənə müharibənin qarşısını almağa acizdir, bu onun iradəsindən kənardadır, lakin gücü çatdığınca müharibənin faciələrinə canını sipər edir.

O da vurğulanmalıdır ki, Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfər, torpaqlarımızın işğaldan azad olunması ədəbiyyatın qarşısında da yeni üfüqlər açır, ən mühümü isə ədəbiyyatın “məğlubiyyət kompleksindən” təmizlənməsinə şərait yaradır.