Sanatoriyada qaçqın yası - Yeni hekayə

Sanatoriyada qaçqın yası   - Yeni hekayə

03 May 2022 11:02 1667


YeniYaz.Az Günel Musanın “Yas” hekayəsini təqdim edir.

Üç gün olardı Tavat xala can üstdəydi. Dünənə qədər qapılarının ağzından keçəndə quyunun dibindən gələn hıqqltısı bu gün, demək olar, kəsilmişdi. Qonşular arada iki-iki, üç-üç ayaqlarını sürüyə-sürüyə Tavat xalaya dəyib qayıdırdılar. Onun “can vermə”si nə qonşular üçün təzə xəbər idi, nə də Rusiyanın Krasnoyarsk vilayətində yaşayan oğlanları üçün. Qızı Zəminə qardaşlarından pul qopartmaqdan ötrü ildə iki-üç dəfə anasını infarkt adı ilə yorğan-döşəyə salıb həyəcan təbili çalırdı. O ərəfədə Zəminənin telefon danışıqlarını bütün qonşular eşidirdi. Necə eşitməyəydilər? Hamı bir-birinin qulağının dibində yaşayırdı. Zəminənin həyəcanla söylədiyi “Əbülfəz, Zabil, bacınız qurban, başınızı orda isladın, burda qırxdırın” sözləri məhəllə cavanlarının ağzına düşmüşdü. Hər dəfə oğlanları gələnəcən Tavat xala ayağa durur, neçə ildir qaçqınların sığınacaq yerinə çevrilmiş köhnə sovet sanatoriyasının həyətində xalq yaradıcılığı nümunəsi kimi quraşdırılmış ayaqyolundakı kola butulkasının suyunu əndərib içinə qum dolduranın ənkə böyüyünə söyə-söyə qarğıya oxşayan barmaqları ilə enli tumanının ətəyini ovuclayaraq UNİCEF-in payladığı “Qlinton yağları”nın qutularından quraşdırılmış umuvalnikə abdəst almağa gedirdi. Dalınca Muxtarın balaca budkasından “Marlboro” siqareti alanda qardaşlarının Zəminəyə yaxşıca “xəstəxana pulu” göndərdiyini anlayırdıq.

Bu dəfə on ildən artıq Krasnoyarskda yaşayan Əbülfəzlə Zabili həyətdə gördük. Demək, bu xına o xınadan deyildi. Tavat xala doğurdan da otərəflik idi.

Səhərin alaqaranlığından gecə şər qarışana qədər qapılarının ağzında zırpı-zırpı kişilər siqareti-siqaretə calayır, yayın adama od qoyan istisində qarpız yaşılı vilurdan don geyinmiş qadınlar ayaqları dolaşa-dolaşa özlərini Tavat xalagilə atır, dizlərinə, başlarına çırpa-çırpa yerə çökürdülər. Arvad hələ ölməmişdi. Qoyun gözünə oxşayan xırda, yumru gözlərini bir nöqtəyə zilləmişdi. Hərdənbir ağzını açıb-yumur, dərisi sümüyünə yapışmış çırpı barmaqları ilə nə isə qəribə işarələr verirdi. Zəminə əllərini şappıltı ilə ətli budlarına çırpıb qulağını arvadın ağzına tərəf əyirdi:

- Can, can, ay Tavat! Başına dönərəm, sənin! Nə istiyirsən? De görüm, kimi çağırım?

Tavat xala heydən düşən gözlərini yuman kimi Zəminə “Ay mama!” deyib qıyya çəkir, vilur donlu arvadlar da eyni vaxtda bir dizə, bir başa çırpıb ağlaşırdılar. Bir-iki dəqiqə sonra Tavat xala yenə göz qapaqlarını ağır-ağır qaldırıb boş-boş ətrafa baxırdı.

İki dünya arasında qalan arvadın bu get-gəli Əbülfəzi tıncıxdırmışdı. Bir tərəfdən ona yazığı gəlir, digər tərəfdən işlərinin tökülüb qalmasına yanırdı. Arada sanatoriyanın həyətinə toplaşan qohumlara “sən öl” vururdu ki, işin qızğın vaxtında mağazanı bağlayıb gəlib.

Ağzını doldurub Rusiyadan, ordakı həyat şəraitindən, sosial rifahdan danışmaq istədiyi an Zəminənin yanğınsöndürən siqnalını xatırladan səsi həyəti başına götürdü. Zabilin arvadı pəncərədən işarə elədi ki, arvad getdi, hazırlığınızı görün. Qardaşlar mağar üçün “Kirayə çadır” şirkətinə zəng vurdular. Molla dalınca gedən olmadı. Beş il əvvələ qədər ayıq vaxtı tapılmayan, keçirtdiyi qəzadan sağ çıxdığı üçün tövbə edib ibadətə keçən Məşədi Müseyib olan yerdə kənardan kimisə çağırmağa heç kimin üzü gəlmirdi. Beş il idi sanatoriyada rəhmətə gedənlərin duasını Müseyib oxuyurdu. Düz oxuyurdu, səhv oxuyurdu bir Allah bilirdi, bir də özü. Amma hamı Müseyibin Quranı ərəbcə oxuduğuna inanırdı.

Bir dəfə yeznəsi hirslənib ağzından qaçırtmışdı ki, kişi ərəb dilini bilmir, cibində gəzdirdiyi balaca “Quran” kitabının arasına kiril əlifbası ilə yazılmış “Yasin” qoyur. Bir dəfə yadından çıxıb, vərəqi qoymayıb, ordan-burdan huşunda qalan bütün ayələri bir-birinə qarışdırmaqla birtəhər vəziyyətdən çıxıb.

Hamı qardaşları qucaqlayıb başsağlığı verir, bu dünyanın faniliyini yada salıb səbir diləyirdi.

Əbülfəzin yanındakı sarısaç, göygöz oğlan uşağı gələn gündən məhəllə arvadlarının diqqətini çəkmişdi.

Ölüm xəbəri ildırım sürəti ilə bütün şəhərə yayıldı. Bu dəfə məxmər donlu, tirmə şallı arvadlar beş-beş sanatoriyanın həyətinə axışdı. Zəminə cənazənin başında oturub gələnləri ağı ilə qarşılayırdı. Balacaboy, girdəsifət bir arvad əllərini havada yelləyə-yelləyə Zəminəyə sarı gələndə Zəminə də oturduğu yerdə eyni şəkildə yelləndi:

-Azzz, ay Durna xala, aaaz niyə gəlmisən? Anamın bu gününəmi gələcəydin, ay Durna xala?!

Bayaqdan havada yellənən arvad qəfil üzünə çırpıb Zəminənin yanına oturdu və ona segah üstündə yanıqlı ağı ilə cavab verdi. Sən demə, bir aymış gecələr gözünə yuxu getmirmiş, elə bil ürəyinə nəsə damıbmış.

Durna arvad ağının ardınca necə hönkürürdüsə, deyirdin bu saat içalatı yerə töküləcək.

Saat 11-də cənazəni yumaq üçün məscidə apardılar. Zəminə də cənazəylə getdi. O, qapıdan çıxar-çıxmaz otaqda pıçapıç başladı. Vilur donlu arvadlar evi, Zəminənin gəlinini, qızını, Zabilin arvadını “rentegen”dən keçirirdilər. Bayaqdan üz-gözünə çırpıb segah oxuyan Durna xala evin gəlinini məzəmmət etmək üçün fürsəti fövdə vermədi:

-A bala, bu camaata bir stəkan çay verin dana. Ağlamaqdan boğazımız quruyub. Öz aramızdı, qanacaqda heç Zəminəyə oxşamamısan.

Gəlin cəld tutacaqlarının qırmızı lenti hələ açılmayan kamotdan xurustal stəkanları, nəlbəkiləri çıxarıb mətbəxə keçdi. Bu vaxt başqa bir qadın evin tavanına baxıb başını buladı:

-Bunlar nə təhər arvaddılar, ay başına dönüm? Sən allah, ordan sallanan tora bax. Hörümçək adama əl eləyir. Bilirsən xəstən var, evi bir “iborka” elə də.

O biri qadınlar bu iradı başları ilə təsdiqləyir, arada qapıya sarı baxıb gözləri ilə bir-birinə ev sahibinin gəldiyini xəbər verirdilər. Ev yiyəsi içəri girəndı kimsə Tavat xalanın cavanlığında kürəyindən sırma kimi aşağı sallanan saçlarını yada saldı.

Günorta Tavat arvadı məsciddən gətirdilər. Qiblənin istiqaməti bir balaca mübahisə doğurduğu üçün cənazə beş-altı dəqiqə havada qaldı. Arvadlar bir tərəfi göstərirdi, kişilər başqa tərəfi. Ortaq nöqtəni tapa bilməyən qohum-əqrəba ilə ölü yiyələri arasında mübahisə düşdü. Əbülfəz tabutun altındakı adamlara baxıb səsinin yoğun yerinə saldı:

- Nə mıxlanıb qalmısız, qoyun arvadı yerə!

Əlləri ağızlarına gedən vilur donlu arvadların boğuq “boo” nidası uğuldadı. Yenə pıçapıç başladı:

-Aaz, bu gədə də təmiz urusdaşıb.

-Gözündən bir damcı yaş da çıxmır. Elə bil heç bu arvad doğmuyub bunu.

Söhbəti iki arvad o yanda qulağı çalan ortası şallı ağbirçək əlinin dalını ağzının qırağına qoyub pıçıldadı:

- Deyirlər, rəhmətliklə Əbülfəz küsülü imiş.

Doğrudan da qohum-əqrəba arasında belə bir söz gəzirdi. Guya rus qızla evləndiyinə görə Tavat xala Əbülfəzi övladlıqdan çıxarmışdı.

Əbülfəzin israrından sonra cənazəni yerə qoydular. Araya bir neçə dəqiqəlik sükut çökdü. Elə bil qurbağa gölünə daş atmışdın. Hardansa içəridə peyda olan yaşıl bir milçək Əbülfəzin başının üstündə dövr eləməyə başladı. Durna arvad əllərini havaya qaldırdı:

- Ay Tavat, balandan doymadın heyləmi? Doyunca görmədin üzünü. Ruhuna qurban olsun mən bacın, ay Tavat. Aaz vallah o milçək deyil, Tavatın ruhudu, Əbülfəzin başına dolanır.

Durna arvadın fantaziyası Əbülfəzi özündən çıxartdı:

-Ay Durna bibi, sən allah ruh nədi, pox milçəyidi. Səhərdən yüz dəfə dedim o tualetlərin qapısını bərk bağlayın.

Yenə arvadların barmaqları dodaqlarına çəpər çəkdi. Balaca bir otaqda qucaq-qucağa oturan qırxa yaxın qadın dəfn saatına qədər Əbülfəzi bir dəfə nişanladılar, iki dəfə də evləndirib boşandırdılar. Balaca oğlan uşağının Əbülfəzdən olmadığına və rus qadının onu “dədəsi evi”ndən gətirdiyinə dair dəqiqləşdirilməmiş məlumatlar ağızdan-ağıza dolaşdı.

Hər gələn qonağı ağlaya-ağlaya qarşılamaqdan Zəminənin göz yaşı qurumuşdu. Yasa gələn bütün arvadlar son günlər yuxuda Tavat xalanı görmüşdü.

Şaxsey-vaxsey mərasimindən sonra Zabil, Əbülfəz və bir neçə kişi içəri girdilər ki, bəs maşın gəlib, cənazəni dəfnə aparırıq. Zəminə qəfil yerindən qalxdı, özünə divan tutdu ki, qoymaram anamı o qara torpağın altına aparasınız. Əbülfəz Zəminənin əl çəkməyəcəyini görüb ona bir şillə vurdu:

-Azz, neyniyəssən? Lenin kimi qurudub muzeyə verəssən? Səy qızı səy!
Üzünü qara köynəkli cavanlara tutdu:
- Götürün, ə! Yayın günüdü, yubatmaq olmaz.

Zəminə şillənin təsirindənmi, yoxsa yalandanmı sərildi otağın ortasına. Tavat xalanı arvadların əlindən güclə alıb dəfnə apardılar. Kişilər qayıdana qədər zaman artıq dərdə dərman olmuşdu. Dəhlizi bürüyən qab-qacaq çıqqıltısı, dodaq marçıltısı ağlaşma səsini əvəz etmişdi. Ehsan süfrəsi açılmış, arvadlar halvanın şirinliyindən, yağından gileylənməyə, boşqabda vəzərini, pendirin dilimini hesablamağa başlamışdılar. Tavat xala yaddan çıxmışdı. Zəminə özü də anasının öldüyünü unutmuşdu elə bil. Bu saat onun qarşısında daha mühüm bir vəzifə dururdu: anasının adına layiq yas məcilisi vermək. Bunun üçü var, yeddisi var, qırxı var, cüməaxşamları var. Zabil alınacaq şeylərin siyahısını yazmaq üçün mətbəxə keçdi. Zəminə ağlaya-ağlaya, anam bu şeyi xoşlayırdı o da olsun, o şeyi xoşlayırdı o da olsun deyir, siyahını uzatdıqca uzadırdı. Zabil işini bitirəndən sonra siyahını qatlayıb cibinə qoydu. Mətbəxdən çıxanda bir də soruşdu ki, yaddan bir şey çıxmayıb? Zəminə yox dedi. Amma qardaşı aralanan kimi qəfil yaddan çıxan şeyi xatırlayıb özünü dəhlizə atdı:

- Zabil, iyirmi dənə on iki vərəqli dəftər al!

Tavat xalanın qırxı göz qırpımında gəlib çatdı. Bu qırx gündə Zəminəgildə açılan süfrənin üstündən yemək, ayaq-başından on iki vərəqli dəftər əskik olmadı. Qonaq-qara dağılışandan sonra bacı-qardaş toplaşıb yasa salınan pulları hesablayır, siyahıda adının qabağında kiçik rəqəm yazılmış adamların qarasına deyinirdilər.

Qırx mərasiminin axşamı bacı-qardaş arasında dava düşdü. Əbülfəz deyirdi, bu qədər xərc-xəsarətə nə gərək var? Zəminə deyirdi, el-oba bizi poxla odlayar!

Qırx gün enli tuman, qırmızı sifət qadınlar Tavat xalagilin qapısından ağlaya-ağlaya girib, gülə-gülə çıxıdılar.

Qırx gün sonra Zəminə Tavat xalanın paltarlarını ehtiyacı olan qonşulara payladı. Anama da rəhmətliyin yun jaketini verdi. Bu jaketi Əbülfəz Krasnoyarskdan göndərmişdi. Anamın xoşuna gəlirdi. Hər dəfə rəhmətlik deyirdi: “Zibeydə, vəsiyyət eləmişəm, öləndə jaketimi sənə versinlər”. Anam ürəklə aldı jaketi. Tavat arvada rəhmət oxuya-oxuya geyinib güzgünün qabağına keçdi. Əlini cibinə saldı. Cibindən kağız çıxdı. Tavat arvadın vəsiyyəti idi. Xeyli söz yazmışdı. Hamının xeyirinə yaramasa da, şərindən qalmayan Tavat arvad ona yas keçirilməsini istəmirdi. Onun vəsiyyəti bu sözlərlə bitirdi:

“Mən öləndə o ağzıpoxlu arvadları ora yığıb gorumu çatlatmayın”.

Amma olan olmuşdu. Tavat xalaya qırx gün yas keçirtdilər. Duasını Müseyib oxudu, ağısını Durna arvad dedi. Axırda Tavat xala oldu min ilin ölüsü. Zəminə hüzrdə arasına pul qoyulan dəftərləri aparıb yükün arasına basdı.

İndi ayda bir dəfə o dəftərləri açıb Krasnoyarska zəng vurur:

“Əbülfəz, Zabil, bacınız qurban, borcdu də qaytarmalıyıq”.