Tövbələrdə yağış səsi eşitdim - Kazımoviçin şeirləri

Tövbələrdə yağış səsi eşitdim   - Kazımoviçin şeirləri

04 Sentyabr 2024 09:03 216


İşığa çatdılarmı barı yolda qoyanlar?!
Pozdu qədəm səsləri gecənin sükutunu,
Söndürdü utanmasın yarı yolda qoyanlar,
Üzlərə ar çiləyən çıraqlara ağladı.

Nicat gəmisin aldı limandan tufan kimi,
Altı aylıq gözündə olan-qalan yaşı da;
Duaların xətrinə tökülən leysan kimi,
Susuzluqdan çat verən, dodaqlara ağladı.

Səhra, külək, tozanaq; hər yanda qılınc səsi,
Möhürlənmiş ürəklər, cəhənnəm izdihamı,
Körpə bağırışların duyulmadı heç səsi,
Ürəkləri eşidən qulaqlara ağladı.

Qum üstə qazdı quyu sanasan barmaqları,
Bir içimlik pay aldı qolları bağlı çaydan,
Atdı ovucdan suyu sanasan barmaqları,
Su yoluna göz dikən uşaqlara ağladı.

Nuru görsəndi yarın ox batanda gözünə,
Məşuqa qovuşmağın məqamı çatdı artıq.
Sanki toxunmaq üçün həqiqətin izinə,
Son elçinin öpdüyü yanaqlara ağladı.

Keçdi məzlumun ahı ərşin hər küçəsindən,
Göy yerə təslim oldu bulud bayrağı ilə.
Göylər yerə baxanda səma pəncərəsindən,
Cənnətin süd çayları bulaqlara ağladı.

***

Atdığın əl hər tərəfin boşlarına dəyəcək
inanmasan batacaqsan, inansan qurtularsan,
Addım atsan ayaqların su üzündə üzəcək,
Qədəmlərin buludların başlarına dəyəcək.

Üz tutanda dəymədüşər, aman-zaman səmaya,
Baxışların zillənəndə zaman-zaman səmaya,
Əllərində qanad açıb, uçan zaman səmaya,
Duaların göyüzünün quşlarına dəyəcək.

Ahın çatar sevgiliyə dildə sözündən qabaq,
Görər göyü gözyaşların üzdə gözündən qabaq,
Səcdəgaha sarı gedən alınyazından qabaq,
Torpaq sənin gözlərinin yaşlarına dəyəcək.

Tövbələrdə günahları boş verəcək İlahi,
Təəccübçün sənə kiprik, qaş verəcək İlahi,
İnandıqca möcüzələr baş verəcək ilaxır,
Hər gün sənin kipriklərin qaşlarına dəyəcək.

***

Mənim sənə olan sözüm bitib qutarmır axı,
Dilim topuq vurur dua etmək bacarmır axı,
Yanına gələnlər dünyadan heç nə aparmır axı,
Sənə məktub yazmışam, bilmirəm necə göndərim.

Mən nəfsimin salmadıqca hər cür istəyin yerə,
İmanımın hər güləşdə, çırpıldı çiyni yerə,
Dünya yumrudur küçələr çıxarır eyni yerə,
Dərgahına sarı gedən döngəsiz küçə göndər.

Yolunda çox yubanmışam, yubanmayım son gedişdə,
Addım atıb dayanmışam, dayanmayım son gedişdə,
Çıraqları söndürüm, utanmayım son gedişdə,
Can alan mələyini, qurban olum, gecə göndər.

***

Döngə kimi burulanda tamahdan,
Talaq verib, əl üzəndə sabahdan,
Mən hər dəfə yan keçəndə günahdan,
Mələylərin alqış səsin eşitdim...

"Siz ey mavi göylər, səmavi göylər,"
Qəlbimdə dolaşar qərib suallar;
Yerə pıçıldayar nə mavi göylər?!
Çaxan ildırımlar, nurlu şüalar:
Toqquşan buludlar və mavi göylər,
Müəzzin, minarə, azan, dualar;
Tövbələrdə yağış səsin eşitdim...

Zəm-zəm daşar təəccüblənər səhralar,
Çin çıxacaq Yusif yozan röyalar,
Vəh(y) gələndə qulağıma misralar,
Pərilərin tanış səsin eşitdim...