Türbulans Pro Max hekayə: Orta barmaq işarəsi

Türbulans Pro Max hekayə:   Orta barmaq işarəsi

08 Avqust 2023 13:42 401


Əsəd Qaraqaplan

Şəhriyar Del Geraniyə

Xınalığa çatmamış Cek kəndi var; yolu iki tərəfdən keçən bu kəndin girəcəyində bir uşaq dayanmışdı: 10-12 yaşlarında. Yanında da bir neçə qoyun-quzu. Bu ağappaq, qırmızıyanaq uşağı elə bil indicə başqa dünyadan – göy üzündən paraşütlə endirmişdilər. Dünyanın bu ucqar yerində hər kəsdən qaçmağa hazırlaşırmış kimi bir duruşu var idi. Sarı saçlarını elə bil qazan qapağı qoyub kəsmişdin; başı bir az da ağı soyulmuş soyutma yumurtaya oxşayırdı.

Adəti üzrə – belə bir adət var axı, şəhərdən gələnlər özlərini sevimli göstərmək üçün ətrafdakılara, illah da uşaqlara salam verir, yeri gəldi-gəlmədi, yol soruşurlar – qabaq pəncərədən başımı çıxarıb ona salam verdim və anında aldığım reaksiya mənə qəşəng dərs oldu. Uşaq acıqla orta barmağını qaldırıb salamımı eləcə aldı. Sanki demək istədi ki, rədd ol get də yolunla, niyə mənə salam verib artistlik edirsən. O qədər bezmiş sifəti var idi bu “yadplanetli” uşağın, sanasan, bu hərəkəti – reaksiyanı son çıxış yolu kimi tapmışdı. Ya da elə bil bu dünyanın adamlarından o qədər bezmişdi ki, lal-kar olub onları eşitməmək üçün bu hərəkəti öyrənmişdi.

Susdum, əlbəttə, ötüb keçdik yanından və o, göy üzündə hələ görünməyən ulduzlara baxa-baxa – öz evini axtarırmış kimi arxamızda qaldı. Oradan o yana qulaqlarıma bir uğultu girdi, elə bil təyyarədə idim, havaya qalxır, uçuş zolağına yüksəlirdik. Qulaqlarımı yuxarı dartırmışlar kimi uğultu yavaş-yavaş daha da yüksəlirdi. Az qala heç nə eşitmir, sanasan, bu dünyadan ayaqlarım kəsilir, başqa bir evrənə keçməyə başlayırdım. Bir yandan da yolun və maşının səsi. Əllərimi qulaqlarıma tutub bir neçə saniyə saxlasam da, düşündüm ki, bunun da xeyri olmayacaq, bu ucalığa yüksəlməyin bir bədəli olmalıdır, ya yox. Ətrafın bu mənasız səs-küyünü arxada qoymaq üçün mütləq qulaqların tutulmalı deyilmi? Yoxsa nə gəzirsən burada...

Yenə xeyli yol gedib, dağların kənarından qıvrılıb, çayların böyründən ötüb o ucalığa çatdıq və dostlar düşüb ətrafı seyr elədi, bir-iki mənasız şəkil çəkdirib qayıtdılar. Mənsə maşında oturub gözlədim, ağlım o uşaqda qalmışdı. Nə vaxt yola düşdük, nə vaxt eyni yolları geri qayıdıb, gəlib, yenə Cekdən keçib rayona çatdıq, ordan çıxıb şəhərə gəldik, xəbərim olmadı. Bircə onu bilirəm, o uğultu – qulaqlarımın tutulması günlərlə getmədi və mən şəhərdə kar kimi dolaşdım. Allahdan o günlərdə iş yox idi, mən də çox vacib şeylər eşitmək məcburiyyətində qalmadım. Yoxsa deyəcəkdilər, bu uşağa nə oldu, niyə eşitmir bizi, ya da deyəcəkdilər, qəsdən belə edir, özünü eşitməzliyə vurur, qısacası, hörmətsizlik eləyir. Ancaq mən bunun hayında deyildim, qulaqlarım tutulmuşdusa, cəhənnəmə tutulmuşdu. Məni düşündürən o balaca oğlan idi, o başının yarısı soyulmuş yumurtavari yadplanetli uşaq.

Bütün günü onu düşünür, evdəki və çöldəki işlərimi görə də bilmirdim. Elə bil qulaqlarımı batıran o yüksəklik yox, uşağın elədiyi barmaq işarəsi idi. Sonrakı günlər o uşağın indi başqa bir planetdə – öz evlərində olduğunu düşündüm. Elə bildim, biz ondan ayrılandan sonra – hava qaralar-qaralmaz o da öz ulduzunu tapmış, qayıdıb getmişdi evinə. Qoyun-quzusunu da özüylə aparmışdı. Yəqin, o planetdə otlaq yeri yox idi deyə, uşaq qoyun-quzusunu bura otarmağa gətirmiş, sonra geri qayıtmışdı.

Hər gün axşamı gözləyirdim, bəlkə, binaların arasından azca bir yer tapam və ulduzlara baxa biləm. Bəlkə, baxıb o uşağı görə biləm. Görüm, indi evlərində nə edir, ailəsi necədir, hansı uşaq əyləncələri var və ümumiyyətlə, onlarda həyat necədir? Nə yeyib, nə içirlər? Ümumiyyətlə, yeyib içirlərmi? Bəs qoyun-quzular? Onları elə-belə saxlayırlar? Yoxsa bizim kimi onları yemək haqqında düşünmür, sadəcə heyvan sevgilərindən bəsləyir, yaşadırlar...

Ancaq nə qədər edirdim, bir dənə də ulduz tapa bilmirdim, baxam, daha doğrusu, bu səmasız şəhərdə elə bir yer tapmırdım ki, göyə baxam, üfüqlərim genişlənsin. Sadəcə ordan-burdan mənasız bulud parçaları görünürdü, bir də lap rayonlara tərəf aypara - Ayın yarımçıq hissəsi. Tərslikdən bu günlərdə bu lazımsız: yağmayan, boşalmayan bulud parçaları Ayı da gizlədir, dünyadan və bizdən məhrum edirdi.

Mən hələ də qulağımın uğultusu ilə özümü başqa dünyada hiss edir, lal-kar gəzir, key-key dolanır, o uşağı düşünürdüm. Ən çox da onun o orta barmaq işarəsini. Onu tapıb üzr istəmək üçün, az qala, hər gecə göylərə yalvarırdım, elə bil ilk dəfə idi Allahla dialoqa girirdim. İlk dəfə dua edirdim ki, 2 dəqiqəlik o uşağı ordan burax, elədiyim o bezdirici hərəkətə və verdiyim salama görə ondan üzr istəyim. Ancaq Tanrı həmişəki kimi yenə səsimi eşitmirdi, ya da mən eşitmirdim onu. Qulaqlarım bu dünyaya aid hər şeyə bağlanmışdı sanki. Məni öz içimə qapadıb, eləcə gəzdirir və düşündürürdü. Yolumu azmış kimiydim bu dünyada, elə bil o uşağın yuxarı qaldırdığı orta barmağı mənə bezginlik reaksiyası kimi yox, göylərə qayıtmağım üçün bir işarə idi. Sanki “bizim yerimiz oradır”, – deyir, məni göylərə çağırırdı.

Yerdəki halımı qəbullana bilmədiyim bu günlərdə gecələr də uzun idi, insanlar da darıxdırıcı, hadisələr də mənasız. Heç nə məndə ayrıca bir reaksiya, ayrıca bir təəccüb, ayrıca bir hiss-həyəcan yaratmırdı. Özümü burada azdırılmış kimi hiss edir, ancaq o uşağı düşünür, tapıb onunla birgə evimizə dönmək üçün dartınırdım. Sanasan, əllərim buludlardan asılı qalmışdı, ayaqlarım yerdən üzülmüş, türbulansa girmiş təyyarə kimi ortalıqda dolanır, enməyə yer tapmırdım.

İndi o uşaq məndən nə qədər uzaqda idi, bilmirdim, mən onun əmisi idim, ya dayısı, ya böyük qardaşı, ya atası, onu da bilmirdim. Özümü heç cür ondan kənarda və yadlıqda görə bilmirdim. O isə indi, yəqin, qoyun-quzunu damına salıb evlərinin kandarında əkdiyi ağacın yanında oturub xəyallara dalmış, bu dünyadakı insanlar haqqında düşünürdü. Mənsə burda – bu adamların arasında o uşaq haqqında düşünür, heç cür bu tərəfdə yer tapa bilmir, özümü qaldırıb buludların o tayındakı evim bildiyim yerə, o varlıqların yanına qoya bilmirdim...

Artıq ağlımı itirdiyimi düşünənlər var idi; kimsə nəsə deyəndə sadəcə keçib gedirdim, deyə bilmirdim ki, eşitmirəm, sonra danışarıq. Onsuz da dinlədiklərim işimə yaramamışdı deyə bir az da özümə qapanmış, bir az da dinməz-eşitməz, işarələri və dodaq oxumaları belə görməzdən gələn olmuşdum. Zaman da keçmək bilmirdi, elə bil bu dünyanın saatı ilə yaşamırdım, nəsə bir zamansızlıq içində əlim-ayağım havada üzürmüş kimiydim. Dizlərimin yerdən taqəti çoxdan kəsilmişdi, göyə də əllərimin yetişməyi bir az uzaq görünürdü. Fəzada kimsəsiz vurnuxur, o uşaqdan, o uşağın dünyasından başqa heç nə düşünməz olmuşdum.

İnsan həyatıyla bağlı normal heç nə ağlıma gəlmir, heç bir şeylə baş sındırmaq istəmirdim. Başqa bir dünyamın, o dünyada daha yaxınlarımın olduğunu bu “ağlımı itirdiyim” günlərdə daha çox hiss eləyir, daha çox anlayırdım. Bunu kiməsə izah etməyə nə həvəs, nə istək, nə də normal bir düşüncəm var idi; mənə uzanan əlləri özüm kimi havada buraxmış, mənə açılan dilləri cavabsız qoymuş, mənə deyilən sözləri eşitməzdən gəlmişdim, daha doğrusu, eşidə bilməzlikdən.

Uşaqlığım meyvə ağaclarında keçib, mahnı oxuya-oxuya dünyadan uzaqlaşaraq, başqa bir planetdəki kimi. Bizim kəndin içindən başqa bir kəndə yol keçmirdi, dağ ətəyi yerdə, meşələrin arasında, içindən çaylar axan bu yerlərin mənim üçün ən gözəl yanı meyvə ağaclarında oxuduğum mahnılar idi. Elə də səsim yox idi, ancaq bu önəmli deyil, əsas oxumaq idi, özünü tamam unudub, başqa bir dünyaya keçmək, başqa bir işarət yoluyla hər şeydən uzaqlaşmaq. Qapqara uşaq idim, bizə gün yaxından dəyib qaraldırdı, havasızlıqdan yanaqlarımız qırmızı da deyildi. Amma eynən 10-12 yaşlardaydım ilk dəfə ağacdan yıxılıb dünyaya qayıtdığım, həm də ölməyib geriyə döndüyümdə.

Bir də onda ayıldım ki, 18 yaşıma çatıb şəhərə oxumağa üz tutmuşam, bu səfər mahnı deyil, universitet. Ordan da əsgərliyə, əsgərlikdən sonra da iş həyatı və yol kimi keçib gedən illər. Axırda da gəlib o uşağın işarət barmağına tuş gəlib durmaq və yenidən iki dünya arasında vurnuxmaq. Elə bil heç böyüməmişdim, bu illər də keçməmişdi; indi gördüyüm şeyləri görməmiş, tanıdığım insanları tanımamış, rast gəldiyim hadisələrə şahid olmamışdım..

Yavaş-yavaş o uşağın işarət barmağına dönürdüm; elə yalqız, elə ortada qalan və sadacə göydən yapışmış, yuxarıya tuşlanmış halda. Normal halımdan uzaqlaşıb nə elədiyimi bilmədən eləcə ruh kimi dolaşır, daha doğrusu, süzür, nə zamanı hiss edirdim, nə də yaşamı. Baxanlar dəqiq məni o uşağa bənzədirdi, bilirdim; məni mənim o yadplanetli uşağı gördüyüm kimi görürdülər. Yəqin, bunun heç bir izahı yox idi, heç bir halda bundan qaçış olmadığı kimi, bunu aydın şəkildə anlatmağın da bir anlamı olacağını düşünmürdüm. Qoy mənə xəstə desinlər, razıyam. Guya nə olacaq ki?! Mən öz dünyamı, ya da öz dünyamdan olanı tapmışdımsa, daha mənə nə lazım idi?! Daha məni kim tuta bilərdi ki, lap ölümə qədər yolu olsa da...

O günlər gəlib keçəndə, yəni qulaqlarımdan uğultu çəkilənə yaxın özümü xəstəxana divarları arasında, yataqda gördüm. Gözümü açdım, hər yer ağappaq idi və mən uzanmış idim. Ətrafda da heç kim yox. Qolumdakı sistemdən başa düşürdüm ki, mənə nəsə olub, götürüb gətiriblər bura. Yoxsa niyə burada olum? Ümumiyyətlə, mən harada idim, onu belə uzun zaman anlamaqda çətinlik çəkdim.

Dedim, gözlərimi yumum, bəlkə, yenidən əvvəlki halıma qayıdaram, ancaq xeyri olmadı. Açdığımda yenə özümü eyni halda gördüm, eyni vəziyyətdə və ətrafımda yenə dümağ divarlardan başqa heç nə yox idi. Bir də başımın üstündən asılmış, elə bil göydən bura çəkilib damarıma qoşulmuş sistemdən başqa.

Gözlərimi yenidən yumub açanda, sistem şüşəsinin içində 10-12 yaşlı bir uşağın üzdüyünü gördüm; balaca əlləriylə suya vurub şappıldadır, ətrafa şən qəhqəhələr atırdı. Bu dəfə gördüm ki, uşağın başı sapsarıdır – tamam soyulmuş soyutma yumurta kimi...