Yazarlarımız isveçrəlilərin marağına səbəb olub - Qafqaz günləri

Yazarlarımız isveçrəlilərin marağına səbəb olub   - Qafqaz günləri

04 Martt 2022 10:06 445


25-27 fevral tarixlərində İsveçrənin Sürix şəhərində fəaliyyət göstərən Sürix Ədəbiyyat evində Qafqaz Ədəbiyyatı günləri keçirilib.

YeniYaz.Azın verdiyi xəbərə görə, ədəbiyyat günləri çərçivəsində Müasir Azərbaycan ədəbiyyatı haqqında da xüsusi tədbir keçirilib.

Ədəbiyyatımız haqda tarixçi, tərcüməçi, fəlsəfə elməri doktoru Elnurə Civəzadə "Bakı divanı: Azərbaycanın müasir mədəniyyəti və ədəbiyyatı" adlı mühazirə ilə çıxış edib.

Çıxışda əsas diqqət Qarabağ müharibəsinin müasir ədəbiyyatda işlənməsinə yönəlib. Müasir yazıçılardan Şərif Ağayarın “Şəkil” hekayəsi və Günel Mövludun “Düşərgə” romanından danışılıb, əsərlərdən parçalar alman dilində aktrisa Lara Körte tərəfindən qiraət olunub.

Bundan başqa, Zümrüd Yağmurun “Yağış qadın”, Seymur Baycanın “Quqark“ romanı, Rasim Qaracanın "On bir gecə" hekayələr toplusu və Əli Əkbərin “Artuş və Zaur” romanı haqqında qısa təhlil təqdim olunub. Poeziya nümunələrindən Bahar Zamanın “Sən olmayan şəhər“ və Aqşin Evrenin “Dünya yaşıl olanda“ utopiyası oxunub.

Qarabağ müharibəsinə həsr olunmuş əsərlərin humanist əsasları haqqında danışılıb. Oxunan nümunələrdə müharibənin insan taleyinə necə təsir etdiyi, cəmiyyəti necə dəyişdirdiyi izah olunub. Azərbaycan ədəbiyyatının nifrət və düşmənçilikdən uzaq durduğu vurğulanıb.
Zümrüd Yağmürun Xocalı əsirliyindən çıxan qadınlara həsr etdiyi romanında göstərildiyi kimi, müharibə onun nəticələrindən asılı olmayaraq, iştirak edən hər iki tərəfdə münasibətlərin sərtləşməsinə, postmüharibə dövründə fərdlər üçün normal həyata dönüşün çox çətin olmasına diqqət çəkilib.

Azərbaycanın ən innovativ müəlliflərindən olan Rasim Qaraca isə öz hekayələrində müharibə qurbanlarının adi həyatını təsvir edərək, onları qəhrəman kimi müqəddəsləşdirib cəmiyyətdən uzaqlaşmaqdan xilas edir və bu itkilərin qoyduğu boşluğu aydın göstərir.
Azərbaycan ədəbiyyat tarixndə azsaylı utopiyalardan olan "Dünya yaşıl olanda" şeiri həm ekoloji həm də sosial və mədəniyyətlərarası sülhə çağırış kimi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qafqaz və xüsusən də Azərbaycan ədəbiyyatı haqqında geniş təsəvvürü olmayan qonaqlar bu əsərləri alman dilində oxumaq istədiklərini dilə gətiriblər və müasir Azərbaycan ədəbiyyatının belə rəngarəng olduğuna təəccüblərini ifadə ediblər.

Azərbaycan dilində bu qədər fərqli əsərlərin yazılması İsveçrədə bu ölkə haqqında məhdud təsəvvürü olan insanlar üçün gözlənilməz olub.