Yazıçı oturub əsərini yazmalıdır? - Seymur Baycan

Yazıçı oturub əsərini yazmalıdır?   - Seymur Baycan

19 Sentyabr 2024 17:11 602


Hər bir sənətkarın həyat və yaradıcılığına obyektiv, ədalətli qiymət vermək üçün onun yaşadığı dövrün şərtlərini, mənsub olduğu cəmiyyətin zövqünü, mədəni səviyyəsini, ənənənin gücünü mütləq nəzərə almaq lazımdır. Bunları nəzərə almasan sənətkarın həyat və yaradıcılığına obyektiv, ədalətli qiymət verə bilməzsən.

Məsələn, tutaq ki, dövrün şərtlərindən, ab-havasından xəbərsiz X. adlı bir insan açır Mirzə Cəlilin kitabını və Mirzə Cəlilin dərviş nağıllarına qulaq asanları tənqid etdiyini görür. O, nə hiss edəcək? Çox güman, məyus olacaq. Fikirləşəcək ki, bu boyda kişinin işinə-gücünə bax, oturub dərviş nağıllarına qulaq asanlardan yazı yazıb. Amma həmin adam dövrün şərtlərindən, ab-havasından xəbərdar olsa belə fikirləşməz. Başa düşər ki, dərviş nağıllarına qulaq asmaq o dövrdə ciddi mövzulardan, ciddi problemlərdən biri imiş. Başa düşər ki, klassiklər yazılarında, əsərlərində hansı mövzulara toxunublarsa, həmin mövzular o dövrdə çox aktual olub. Hər şeyi qoyaq bir kənara. Ortada əlahəzrət məntiq var. O boyda kişi dərviş nağıllarına qulaq asanlara niyə baş qoşmalı idi?

Əgər yaddaşım məni aldatmırsa, Çəmənzəminlinin xatirələrində belə bir söhbətə rast gəlmişdim. Şuşaya bir dərviş gəlir. Camaat günlərlə gedib dərviş nağıllarına qulaq asır.

Deməyim odur ki, ilk jurnalı 1906-cı ildə nəşr olunan bir camaatın yazıçısından "Sehrli dağ" səviyyəsində əsər tələb etmək ədalətsizlikdir. Biri var münbit, suyu bol torpaqda bağ salırsan, biri də var səhranın ortasında. Bunlar tamam başqa-başqa şeylərdir.

Obyektivlik naminə onu da qeyd edim ki, Mirzə Cəlilin və digər klassiklərin yaradıcılığı təkcə dərviş nağıllarına qulaq asanların, it boğuşduranların, xoruz döyüşdürənlərin tənqidindən ibarət deyil. Həm Mirzə Cəlil, həm də digər klassiklər ortaya bədii əsərlər də qoyublar. Dövrün şərtlərini nəzərə alsaq, əminliklə deyə bilərik ki, altına girdikləri mövzuların öhdəsindən kifayət qədər yaxşı gəliblər. Şübhəsiz bir az münbit şərait, bir az ənənə olsaydı daha yüksək performans göstərə bilərdilər.

Bəzi yoldaşlar Molla Nəsrəddin məktəbinin heç bir fayda vermədiyini deyirlər. Kökündən səhv, olduqca ədalətsiz, çiy münasibətdir. Molla Nəsrəddin məktəbinin nə qədər fayda verdiyini görmək üçün uzağa getməyə ehtiyac yoxdur. Şimali Qafqaza getsən, sənə bəs edər.

Şimali Qafqaz şəhərlərinin birində İslam tibb mərkəzi var. O mərkəzdən hazırlanmış bir reportaja baxmışdım. Əyninə kamali-ehtiramla ağ xalat geyinmiş bir həkim xəstənin çarpayısının qırağında oturmuşdu. Xəstəni göstərib dedi ki, bunun vücuduna iki cin girib. Dualar oxuduq cinin biri hidayət olundu. Hətta adını da dəyişib müsəlman adı götürdü. O biri cin hələ ki yola gəlmir. İndi onun üstündə iş aparırıq. Həkim cinlərdən danışdığı vaxt xəstə qarnın qucaqlayıb zarıyırdı. Hansısa orqanın sancısı ona əzab verirdi. Hakim xəstəni, göstərib dedi ki, baxın bu cindi, onu narahat edir. Xəstənin canına girmiş cini sakitləşdirmək, zərərsizləşdirmək, haqq yoluna gətirmək üçün başladı dua oxumağa. Və bu məzhəkə yerli dövlət televiziyasında göstərilirdi...

Bütün hallarda Molla Nəsrəddinçilər həm ədəbiyyat, həm də düşüncə, ideya nöqteyi-nəzərdən bir cığır salmağa müyəssər oldular. Dövrün şərtlərini, cəmiyyətin mədəni səviyyəsini nəzərə alsaq, bunun özü də balaca iş deyil. Onlardan sonra gələnlərin (vaxt məsafəsi nəzərə alınmadan) vəzifəsi bu cığırı genişləndirmək, yola çevirməkdir.

Təsəvvür et ki, bir cəngəllikdəsən. Bilmirsən hara gedəsən. Gah yeddi başlı əjdahanın mağarasına gedib çıxırsan, gah zəhərli ilanların ordusuna rast gəlirsən, gah da qarşına hər cürə, hər növ vəhşi heyvanlar çıxır. İçməyə su da tapmırsan. Belə məqamlarda əgər ədalətli adamsansa, normal yaşayış məskəninə, bulaq başına, təhlükəsiz yerə aparan cığırın qiymətini bilə bilərsən. Bu cığırı salan adamların nə qədər əzab-əziyyət çəkdiyini başa düşərsən. Başa düşərsən ki, onlar bu cığırı salmaq üçün zəhərli ilanlar ordusuyla, hər cürə vəhşi heyvanlarla vuruşublar, əjdahalara, həşəratlara yem olublar. Əgər sənin cığırı genişləndirməyə, cığırı yola çevirməyə cəsarətin, hünərin çatmırsa, heç olmasa bu cığırı salanları gözdən salmağa çalışma.

Əziz Nesinlə Orxan Pamuk tamamilə başqa-başqa adamlardır. Amma Orxan Pamuk Əziz Nesinin qiymətin bilir, ona hörmətini izhar edir. Belə də olmalıdır. Bu çox gözəl nümunədir.

Bəzi qələm sahibləri deyirlər ki, yazıçının işi tənqid etmək deyil, yazıçı oturub əsərini yazmalıdır, ancaq ədəbiyyatla məşğul olmalıdır. Bu "azadlıqdan qaçış"ın bir növüdür. Məsələ ondadır ki, "yazıçı oturub əsərini yazmalıdır" deyən adamlar ortaya heç ortabab məhsul da çıxara bilmirlər. "Yazıçı oturub əsərini yazmalıdır" deyən adamlar ortaya ortabab məhsul çıxara bilsələr, onların mövqeyini başa düşmək olar. Deyərsən ki, hə də bu adam başın aşağı salıb əsərini yazmaqla məşğuldur. Axı ortada ortabab əsər də yoxdur...

Ümumiyyətlə, şəxsi müşahidələrimə, oxuduqlarıma söykənib qətiyyətlə deyirəm ki, Molla Nəsrəddin məktəbini gözdən salmaq istəyən, "yazıçı oturub əsərini yazmalıdır" janrında bəyanatlar verən adamlar xaraktersiz, mübarizə ruhu olmayan adamlardır. Azərbaycan kimi ölkələrdə "yazıçı oturub əsərini yazmalıdır" janrında bəyanatlar verən adamlar "batan gəminin göyərtəsində rəsm çəkən rəssamlar"a oxşayırlar.