AYB-yə üzv olan dostlara... AYB olsun

 AYB-yə üzv olan dostlara...   AYB olsun

22 Aprelel 2022 09:52 437


Başqa yolları qalmamışdısa...

Sərdar Amin

Sınaq çatdı, bizim nəslə.

Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq sınağı.

Nəsil deyəndə nə təvəllüd eyniliyi olan dostlarımı nəzərdə tuturam, nə də eyni illərdə yazmağa başladığımız həmkarları, çünki sözügedən şablonlara uyğun yazarlar arasında uzun illər əvvəldən də bu quruma üzv olanlar var. Söhbət xeyli vaxtdır eyni ambisiyalar, dəyərlər ətrafında toplaşdığımız dostlardan gedir.

Hansı ki, biz onlarla bir çox işlərə imza atmış, uzun gecələri sübh etmiş, dünya boyda planlar qurmuşuq.

Onların – Elşən Mehdi, İlham Əziz, Rəşad Nağı Mustafa, Elvin Paşa və digər həmkarlarımın qeyd-şərtsiz qoca AYB-yə üzv olması xeyli düşündürücüdür.

Bir gənc AYB-yə niyə üzv olsun?

Bu suala xeyli cavablar vermək olar. Ələlxüsus da bu sualı qiyas kralı olan AYB görəvlilərinə verin, ağzınız açıq qalar.

Ancaq dostların rahatlıqla AYB-yə üzv olmasına - onları çox yaxından tanıyan biri kimi – yetərincə arqument qazandıra bilmədim.

İlk ağlagələn təqaüddür – birillik Prezident təqaüdü. Bilməyənlərə də deyim ki, bu təqaüdün miqdarı 200 manatdır, hər bir gənc bunu yalnız bir dəfə və yalnız bir il müddətində ala bilir, bu da eləyir 2200 manat.

Mən çox istərdim ki, bizim nəslin uşaqları AYB-yə xüsusi təkliflər, layihələr reformlarla getsin. Əks halda getməsin. Çünki qocalıb rus tabutu kimi soyuq bir binaya çevrilmiş quruma səmirsiz üzv olmaq onların passivinə yazılır.

Şəxsi istedadı, gücü ilə ortaya çıxan, heç kəsdən dəstək görməyən bir yazar qanadlarını açan kimi AYB-nin torunu başının üstündə görür. Şişirtməyim, tor dediyim şey xüsusi qəfəs deyil, yəni heç kəsi bu quruma zorla üzv eləmirlər, yaxud da, bu quruma üzv olanları nəyəsə məcbur eləmirlər. Ancaq bura üzv olan, təqaüd alan hər bir vicdanlı gənc “loxma boğmadır” deyimində qovrulur, sabah ürəyinin diktəsinə fərəhlə əməl edə bilmir, aldığı məvacib hülqumunda ilişir, onu bu təqaüdə yazan katibin çöhrəsi gözünün önündə, səsi qulağında canlanır... Beləcə əlvan qanadları istədiyi kimi pərvaz eləmir.

Bunu da qoyaq kənara... AYB-yə üzv olan yeni yazarlara bu qurum 2200 manatdan savayı nə qazandırır?

Ətrafınızda olan AYB üzlərindən (o qurumun işçilərindən savayı) soruşun, onlara üzv olduqları qurum nə qazandırır?

Tutaq ki, Elşən Mehdi, Rəşad Nağı, Elvin Paşa 200 manat təqaüd alacaq, bəs İlham Əziz neyləyəcək? Onun məqsədi nədir? Bu adları ona görə çəkirəm ki, həmin fərdlərin hər biri bura üzv olan yüzlərlə adamın obrazıdır. AYB-yə gələnlərin 90 faizi bir vaxtlar dövlətə, cəmiyyətə təsir gücü olan bir qurumun – İsa Muğannanın, Rüstəm İbrahimbəyovun, Əkrəm Əylislinin üzv olduğu Azərbaycan Yazıçılar İttifaqının eyforiyasını yaşayanlar, digər qismi təqaüd, iş yeri güdənlər, bir qismi də vəd alıb gözləyənlərdir.

Bir neçə gün əvvəl AYB-də gənclərin hesabat məruzəsi səsləndikdən sonra mənə söz verildi, AYB sədri, hörmətli yazıçı Anarın qarşısında da bu sözləri dedim: AYB layihələrində, siyasətində Sovet formallığı qalmaqdadır. Bu qurumun çiyinlərində ədəbiyyatın haqqı var. Qurum işində effektivlik yaratmalıdır.

Bir gənc AYB-yə niyə üzv olmamalıdır?

Çünki qurumun tənqidinə başlasan, sadalandıqca bitməyən nöqsanlar var;

- elektron resursları işləmir:
1500-dən çox üzvü olan bir qurumun saytına ayda bir material qoyulur. Hərçənd çağdaş sənətin bir nömrəli tribunası elektron mediadır. Bu qurum hələ ortaya kütləvi oxunan bir portalla çıxa bilmir. Eyni zamanda qurumun videoplatformalarda xüsusi diqqətçəkən kanalı, layihəsi yoxdur.

- dərgilərin alıcısı, oxucusu aşağıdır:
Maddiyyat ayrılsa da, qurumun jurnal və qəzetləri oxucu diqqəti çəkə bilmir. Kütləvi oxucusu yoxdur. Gənc oxucuları isə, demək olar ki, yoxdur.

- ölkə miqyaslı ədəbiyyat layihələri keçirilmir:
Azərbaycanda ölkə səviyyəli, səs doğuran silsilə poeziya, nəsr festivalları, müsabiqələri, ədəbiyyata sevgi yaradacaq yeni atmosferli ədəbiyyat gecələri təşkil olunmur, gənc auditoriyaya xitab edəcək tədbirlər diqqət çəkmir.

- Azərbaycan ədəbiyyatının dünyaya çıxmasına dəstək verilmir:
Bu sahədə də formallıq var. Son illər AYB-nin xaricdə nəşr olunmasına dəstək verdiyi imzaların heç biri uğur qazana bilməyib. Qurum prestijindən istifadə edib effektiv imzaları beynəlxalq müsabiqələrə, agentliklərə, nəşrlərə təqdim edə bilər, lakin bu sahədə hələ ki, effektiv addım görmürük.

- AYB tərkibində yüzlərlə ədəbiyyata aidiyyəti olmayan şəxslər var:
Sədr Anar 2012-ci ildə verdiyi müsahibədə özü etiraf edirdi ki, birliyin 1400-dən yuxarı üzvü var, onların bəlkə də heç 1000 nəfəri yazıçı deyil.

Quruma hər il üzv olan yüzlərlə şəxsin böyük hissəsi sənətə yaxınlığı olmayan, istedadsız şəxslər olur ki, bunlar da qurumun nüfuzuna mənfi təsir edir.

Quruma üzv olarkən istedadına xüsusi hörmət edən şəxsləri bu amil mütləq narahat etməldir.

Bu mətn AYB-nin nöqsanlarının sadalanmasına hesablanmadığından tənqidi bitirirəm. (Bu mövzu geniş təhlil istəyir. Artıq qurumun işlərinin sanballı müstəvidə təftişinin zamanı çatıb).

Söhbət daha bir nəslin AYB-yə üzv olması problemindən gedir. Qurum tərəfindən ciddi təklif almayan, təklif vermədən quru-quru qurbanlıq olmaq qələm adamını heyifsiləndirməkdir. Son bir neçə ildir ki, yazıçılar üçün xidmət etməli bir qurum yazıçıları özünə xidmət etdirir. Gəlib onların adına sığınır, ocaqlarına qızınır, məşhurluqlarında daldalanır.

Məsələn, beş gün öncə İlham Əzizin kitab təqdimatında ona AYB-nin üzvlük vəsiqəsi təqdim edildi. Həmin təqdimat, mənə görə yüz əlli adam qarşısında diqqəti AYB-yə çəkmək cəhdi idi ki, bu da heç xoş mənzərə deyil. Hansı ki, AYB həmin təqdimat da daxil olmaqla, bu kimi tədbirləri öz çiyninə götürməli, yazıçıları işığına çəkməli idi.

AYB üzvlük vəsiqəsi son illər bankların kredit kartına dönüb, az qala gətirib gənc yazarların qapısından asalar ki, buyurun, gəlin, bizimlə “alış-veriş” edin.

Pis-yaxşı – bir əsrə yaxın Azərbaycanın mədəniyyət tarixində funksional olmuş bir qurumun gündən-günə təsir qüvvəsini itirməsi ədəbiyyat adamını düşündürməlidir.

Hər fürsətdə uğurlu imzaları özünə sadəcə üzv edib öz ömrünü uzadan qurum mənə cavanların qanıyla gənc qalmağa çalışan əfsanəvi əjdahanı xatırladır.

Təbii ki, yeni nəslin Azərbaycan Yazıçılar Birliyinə üzv olmağı düşüncəmdə nə satqınlıq, nə istedadsızlıq nümunəsidir. Dostlarımın böyük qismi bu qurumun üzvüdür, bəziləri artıq AYB-də rəhbər postdadır. Problem uzun illərdir effektsizliyini sezdiyimiz, danışdığımız, qəzəbləndiyimiz, güldüyümüz, irad bildirdiyimiz bir quruma günlərin biri üzv olmaqdır, həm də bu üzvlükdən sonra da heç nəyin dəyişməyəcəyinə əmin ola-ola.

Yazılarımda “mən-mən” deməyi heç sevməsəm də, onu mütləq vurğulamalıyam ki, AYB rəhbərliyi ilə münasibətlərim həmişə normal olub, bu gün də belədir. Hətta Prezident AYB-yə 800 min manat vəsait ayıranda mənə 1000 manat dəyərində “Uğur” mükafatı verilib. Hansı ki, bu, AYB tarixində bəlkə də bir ilk idi - üzv olmayan yazara bu məbləğdə mükafat verilirdi. Həmin məqamı ona görə qeyd edirəm ki, quruma qarşı yazdığım bu yazını heç kəs şəxsi qərəzə bağlaya bilməsin, düşünməsin ki, AYB ilə hansısa fərdi problemim var – bu əfsuslar sevdadandır.

Pərişanlıq yaradan durum qələm yoldaşlarımızın xeyli müddət gözləyəndən sonra AYB-yə qeyd-şərtsiz təslim olmasıdır.

Düzdür, bu gün analoji müstəvidə qarşı tərəf yoxdur, AYB-nin qarşısına çıxarılacaq birlik, dərnək, hərəkat olmadığından yazarları AYB-ni seçdiyinə görə kəskin qınamaq olmur. Lakin onların bu yaşda, bu başda quru ada, yaxud 2200 manata formallıq içində batan bir quruma üzv olması, mənə görə zəiflikdir. Hərçənd onlar bu gün yeni qurum yarada, əsl ədəbi platforma qura biləcək yaşda və başda idilər. Yaxud da elə AYB-yə ciddi reform vədi aldığı halda gedə bilərdilər. Çünki bizim ideallarımız belə idi.

Dostlarımın isə hansı müstəvidə çarəsiz qaldıqlarını anlaya bilmədim.

Başqa yolları qalmamışdısa, nə deyirəm, AYB olsun!


Qafqazinfo