Nə qədər qoca olsam da - Qismət yazır...

Nə qədər qoca olsam da   - Qismət yazır...

17:02 41


Gerontokratiya və ya mən nə qədər qoca olsam da...

Aqşin Yeniseyin sosiologiya və fəlsəfə mandatını təhvil verməyindən istifadə edərək, qocalıq və cavanlıqla bağlı yeni əsrdə gah alovlanan, gah sönən bir-iki anlayışa baxmaq istəyirəm: gerontokratiya – qocaların hakimiyyəti və eycizm – yaş ayrı-seçkiliyi.

XIX əsrdə Jan Jak Fazzi mühafizəkar və qocalardan ibarət Fransa parlamentini ələ salmaq üçün gerontokratiya sözündən istifadə edib. XX əsrin modernist hərəkatlarıyla birlikdə aradan çıxacağı, öz qınına çəkiləcəyi düşünülən qocaların idarəçiliyi yoxa çıxmadı, əksinə, yeni-yeni metodlarla kök saldı. Gerontokratiya anlayışını nəzəri olaraq ilk dəfə araşdıran Maks Veber olub. Veberin şərhində gerontokratiya ənənəni fetişləşdirən və bunu edərkən başqa bir mühafizəkar institut olan dinə apelyasiya edən konservativ cəmiyyətlərdə ictimai strukturdakı yeniləşmənin astagəl, ləng olmasına gətirib çıxarır. Gələcəyi qurmaq üçün keçmişin heç nəyindən vaz keçə bilməyən, “həm o olsun, həm bu” deviziyliyə öz həris illüziyasına məğlub olan bu cür cəmiyyətlərdə cavanlar öz sırasının gəlməsi üçün qocalmalıdır. Bizim mədəniyyətdə uşağa ölmüş atanın, ananın, nənənin, babanın adı qoymaqla doğulan kimi onun müstəqil kimliyinin yarısını ənənəyə qurban verən adətlərin hələ də yaşaması gerontokratiyanın işığında təhlil oluna bilər.

Kim bilir, bəlkə də qocalığın mötəbər sayılmasına görə, dünyadakı bütün yeni fikir cərəyanları, müasir tendensiyalar bizə qocalandan sonra gəlir, cəmiyyət bu ideyaları öz vaxtında yaxına buraxmaq istəmir, qocalıb, heydən düşüb, aktuallığını itirəndən sonra onu qəbul edir. Bu düşüncə silsiləsinin davamı özünü başqa yerlərdə də göstərir: bizdə hamı bir-birinə nəzarət eləmək istəyir; elə buna görə də bütün dünyada, tutalım, katastrofik vəziyyətlərə “böhranın idarə olunması” deyirlər, bizdə “böhrana nəzarət”.

Bizim kimi modernizm qızılcasını vaxtında keçirmədiyi üçün haldan-hala düşən cəmiyyətlərdə qocalarla bağlı problemlər ayrı cür təzahür edir, bu mərhələni çoxdan keçmiş, tamam başqa intellektual müstəviyə çatmış, rifah səviyyəsinə yüksəlmiş cəmiyyətlərdə başqa cür. Bunları qarışdırmaq olmaz.

1969-cu ildə Amerikanın məşhur Kolumbiya Universitetində çalışan psixiatr Robert Batler əmlak birjasında maraqlı bir tendensiya görür. Müşahidə edir ki, qocaların çox yaşadığı yerlərdəki evlərin kirayə haqqı ümumi nisbətdə başqa yerlərdən daha ucuzdur. Batler araşdırır ki, cavanlar qocaların çox olduğu yerlərdəki evləri kirayə götürmək, satın almaq istəmirlər və alim bu tendensiyanı “eycizm” – yaş ayrı-seçkiliyi adlandırır. Çağdaş dövrdə isə Linda Vulf “Eycizmin nəzəri əsasları” adlı kitabında bu anlayışın XXI əsrdəki təzahürlərini araşdırıb. Vulfun fikrincə, ölümlə eyniləşdirilən qocalıq düşüncə qəlibinin əks qütbündə cavanlıq kultunun hədsiz şişirdilməsi durur. İstehlak cəmiyyətində daha çox gəncliyin, cavanlığın ön plana çıxarılması, bədii ədəbiyyatda, televiziya proqramlarında, kinoda fasiləsiz şəkildə fiziki gözəllik ilə arıq, fit olmaq arasında əlaqə qurulması eycizmin arxa planındakı səbəblərdən bəziləridir. İnsanlar özlərini fiziki görkəmləri, zahiri komponentləriylə ifadə etməyə başladıqları üçün yaş keçdikcə fiziki görkəmləri dəyişən qocalar ölümü, xəstəliyi yada salan subyektlərə çevrilirlər ki, bu da ayrı-seçkilikdir. Eycizm irqçilikdən və cinsiyyətçilikdən sonra üçüncü ən böyük və yaxın gələcək üçün hələ aktual olacaq ayrı-seçkilik hesab edilir.

Deyəsən oralarda yeni əsrin mahnısı belə olacaq: Mən nə qədər cavan olsam da, dəyərəm min qocaya!

Ümumdünya Səhiyyə Təşkilatının mövzuyla bağlı ötən illərdə yaydığı hesabatda deyilir ki, XXI əsrdə qloballaşma nəticəsində daha çox insan şəhərlərdə yaşamağa başlayıb və ənənəvi ailə strukturu, yaşayış formaları çox dəyişib. ÜST-ün fikrincə, bu dəyişmələrin arasında ən tragik olanı əhalinin qocalmasıdır. Çox yaxın gələcəkdə bəşər tarixində ilk dəfə qocaların sayı uşaqların sayından daha çox olacaq. Bu hesabatdan artıq xeyli keçib, proqnoz artıq özünü doğruldub və bu gün Avropa sosioloqlarının, futuroloqların ən çox müzakirə etdiyi mövzulardan biri elə budur. Rifah səviyyəsi yüksələn, inkişaf etmiş səhiyyə sistemi yaradan qabaqcıl Avropa ölkələrində bir yandan insanın ömrü uzanır, yəni avtomatik şəkildə qocalar çoxalır, digər tərəfdən dünyaya uşaq gətirmək istəyənlərin sayı azalır.

Eycizmin, əslində, iki qütbü var: əgər bir tərəfi “sən artıq yararsızsan” deyərək qocalara qarşı olan ayrı-seçkilikdirsə, digər qütbü “sən hələ çox yetişməmisən” deyərək cavanlara qarşı olan diskriminasiyadır.