Müğənni qadının faciəsi - Namiq Hüseynov

Müğənni qadının faciəsi   - Namiq Hüseynov

28 Fevral 2022 16:29 535


Bir Şərq filmində müğənni qadının faciəsi və qadın azadlığının kökləri haqqında

Namiq Hüseynli

Şərq filmlərində müğənni, aktrisa qadın obrazları üzərinə düşünərkən bir qayda olaraq belə obrazların hamısının həyatında mütləq azad, müstəqil olma uğrunda mübarizələr və bu mübarizələrin əksər hallarda itkilər, faciələrlə bitməsi qanunauyğunluğundan bəhs etmək istərdim.

Bu araşdırma məqaləmdə istərdim bu obrazların ümumi yanları və ayrıca götürdüyüm türk rejissoru Çağan Irmakın 2014-cü ildə çəkdiyi “Unutursam fısılda” filmindəki baş qəhrəman Haticenin (səhnə adı Ayperi) özünəxas xüsusiyyətləri, belə filmlər vasitəsilə qadın azadlığının şərtləri haqda ümumiləşmiş nəticələrimi yazım.

Məqaləmdə daha sonra ayrıca tədqiq edəcəyim “Unutursam fısılda” filmindən əlavə qısaca olaraq Şərqdə sənət qadınının sənət və mübarizə yolu, qələbəsi və faciəsi motivlərinin işlənildiyi bir başqa şərq filmləri haqda yazmaq istərdim.

Bəhs etmək istədiyim birinci film İran rejissoru Jafar Panahinin 2018-ci ildə çəkdiyi və Kann film festivalının “Qızıl Palma” (Palme d'Or) mükafatı almış “Üç üz” (Three Faces) filmidir. Film İranın etnik azərbaycanlılar yaşayan regionlarının birinin sakini, aktrisa olmaq istəyən və bunun üçün konservatoriyaya imtahan verib qəbul olunmuş Mərziyə adlı qızın həyat hekayəsindən bəhs edir. Filmin adı “Üç üz” olması həm də orda üç qadının həyat əhvalatından bəhs edilməsi ilə əlaqədardır. Bunlar aktrisa və müğənni olmaq istəyən Mərziyə, hal-hazırkı İranda məşhur serial aktrisası Behnaz Cəfəri və inqilab öncəsində aktrisalıq etmiş və sonra öz yaşadığı kənddə tamam gözdən-nəzərdən salınmış Şahrzad (Shahrzad) adlı qadınlardır.

Bu üç qadının əhvalatında həm də bir növ İranda səhnə sənəti ilə məşğul olmaq üçün çalışan qadınların üç taleyini, üç zaman kəsiyində və məkanda yaşadıqları həyatlar göstərilir. Hiss olunur ki, tanınmış aktrisa Behnaz Cəfəri nisbətən müasir, şəhərdə yaşamış bir iranlı ailəsindən gəlir və bu cür modern əhatəsi onun yaxşı bir aktrisa kimi yetişməsinə yardımçı olub.

Mərziyə və Şahrzad isə Behnaz Cəfəri qədər şanslı deyillər. Onlar İranın bir ucqar əyalətində yaşayırlar və bu əyalət olduqca mühafizəkar qaydaların hələ də qorunduğu bir yerdir. Şahrzad İran İnqilabından kənddən şəhərə getmiş, şəhərdə müğənnilik və aktrisalıq etmiş, inqilabdan sonra isə əxlaqsız adıyla damğalanmışdır. Mərziyə isə Şahrzadla eyni kənddə yaşayır, mühafizəkar qardaşı və atası var, onlar qızcığazın aktrisa və müğənni olmasının qəti əleyhinədir. Buna həm mühafizəkar adətlər, həm də kənddəki Şahrzad nümunəsi təkan verir.

Film müxtəlif yaşlarda olan bu üç qadının şəxsi azadlıqdan daha çox cəmiyyətin azad olması uğrunda mübarizədə yan-yana gətirərək ortaq qayədə birləşdirir.

“Unutursam fısılda” filmi 1970-ci illərin Türkiyəsində qadın və daha dəqiqi sənət qadını, sevgi, o dövrün modernist gəncliyi, musiqi, ailə münasibətlərindən bəhs edir.

Film iki dövrü paralel təsvir edir. Bir dövrdə baş qəhrəman Haticenin yaşadığı İzmirin Ödemiş adlı qəsəbəsindən, oradakı mühafizəkar ailə və cəmiyyət münasibətlərindən bəhs olunarkən, ikinci dövrdə isə baş qəhrəmanın qocalığı, artıq unudulmuş 70-lər müğənnisi kimi maddi cəhətdən iflas etmiş və bitkin halda yenə öz doğulduğu Ödemiş qəsəbəsinə gəlişindən bəhs olunur.



Qeyd etmək lazımdır ki, filmdə hadisələrin türk kültüründə İzmir və ölkənin cənub-qərbində yerləşən Egey dənizi sahilləri bölgəsi nisbətən müasir, mühafizəkar qaydaların çox da hakim olmadığı bölgədir. Bunu həmin bölgədə vaxtilə xristian əhalinin müsəlman əhali ilə iç-içə yaşaması ilə əlaqələndirmək olar.

Filmin baş qəhrəmanı və əsas ziddiyyət mərkəzləri Haticə və onun bacısı Hanifedir. Bu iki bacı eyni evdə yaşasalar da xaraktercə bir-birindən kəskin fərqlənirlər. Haticə dünya görüşcə daha açıq baxışlı, daha modern, özünü və hisslərini daha sərbəst ifadə edən, mahnı oxumağa, oynamağa böyük marağı olan, kişilərin cəmiyyətindən qaçmayan, əksinə onlarla dostluqlar quran, onlarla birgə futbol oynayan həyat dolu bir qızdır. Hanifə isə türk milli əxlaq qaydalarına daha çox sadiqdir. O ənənəvi türk qadını kimi yaşayır, kişilərlə arasına məsafə qoyur, əyninə şalvar geyinmir, kişilərin üzünə yersiz gülümsəmir, yersiz danışmır, gənc yaşlarından özünü artıq evlənməyini gözləyən potensiyal arvad kimi aparır.

Hanifenin belə mühafizəkar həyat tərzi həm də onun psixoloji olaraq özünə daha qapalı olmasına səbəbiyyət verib. Hanife az danışır, çox müşahidə edir, əks cinsə qarşı hisslərini büruzə vermir, əvəzində hisslərini kağıza tökür, gizlincə şeirlər yazır, platonik sevgi ilə uzaqdan sevdiyi qəsəbənin yaraşıqlısı Tarıka hisslərini açmaq yerinə, ənənəvi türk-müsəlman adətlərinə uyğun olaraq Tarıkın gəlib ona eşq elan etməsini və ailəsindən onu istəməsini gözləyir.

İki bacının dünya baxışındakı dərin uçurum ilk baxışdan nəzərə çarpmasa da hər iki bacını yoldan çıxarmağa çalışan Tarık obrazının vasitəsilə bacıların bir-birindən nə qədər fərqli olduğu anlaşılır. Tarık obrazı iki bacı arasında rəqabət, ziddiyyətlər və ən sonunda nifrətin də səbəbidir. Ancaq Tarıkın sevgi baxışlarını havada yaxalayan və ona cavab verən Hatice obrazı bunu öz müasir baxışları, sosiallığı ilə əldə edərkən, illərlə uzaqda sevməklə kifayətlənib ürək sözlərini yazı masasının siyirməsində gizlətdiyi və heç vaxt çap etdirmədiyi şeir dəftərinə əks etdirən Hanife isə bir növ öz mühafizəkar təbiətinin cəzasını çəkir.

Tarık obrazı filmin əsas düyünlərini öz üzərində toplayan, maraqlı bir obrazdır. O, gəncdir, rayon qubernatorunun oğludur, ailəsi əyalətə İstanbuldan gəldiyi üçün modern və görgülüdürlər. Filmin ilk səhnələrindən başlayaraq adamda belə bir təsəvvür yaranır ki, Tarık həqiqi sevgiyə inanmır, onun nə olduğunu bilmir, hətta məqsədli olaraq həqiqi sevgini belə axtarmır. O, sadəcə bu əyalət qəsəbəsində sıxılmamaq üçün könül əyləndirməyə bir qız axtarır. Onun hədəfi öz baxışlarına uyğun, köhnəlmiş ailə dəyərlərinə və qadın xarakterinə qarşı olan, nikahdankənar öpüşməyə və seksə pis baxmayan bir qız tapmaqdır. Hatice məhz şalvar geyinməyi, futbol oynamağı, kişilərdən həya edib uzaq durmamağı ilə Tarıkda ilkin olaraq “müsbət” təəssüratlar oyadır.

Ancaq Hanife də Tarıka filmin əvvəllərində maraqlı gəlir, o, bu saf, utancaq, duyğusal qızcığazı da zəif halqa kimi görür, onu yoldan çıxarıb öz narsist eşqi ilə dəli-divanə etməyin verəcəyi zövqü yaşamaq istəyir. Film irəlilədikcə Tarık bilir və anlayır ki, istədiyi fiziki zövqü, ruhi birliyi, duyğu selinin Hanife ilə yox, Haticə ilə yaşaya biləcək, buna görə onun Hanifeyə marağı və diqqəti get-gedə azalır, ancaq hər ehtimala qarşı onu da yoldan çıxartmağa davam edir.

Hatice ilə Tarıkın münasibətlərində həlledici məsələ musiqi olur. Tarık qızları cəlb etmək üçün və həm də əksər zənginlərin övladları kimi musiqi ilə maraqlanır, gitara çalır, mahnılar bəstələyir. Hatice isə mahnı oxumağı, öz dövrünün məşhur müğənnilərinin repertuarını öyrənib onlar kimi kiçik səhnəciklər göstərərək ifalar etməyi sevir. Bütün bu cəhətləri ilə Tarıkı cəlb edən Hatice onu daha da özünə bağlamaq üçün kiçik bir yalan da danışır. O, bacısının heç vaxt çap olunmayacaq şeirlərini ələ keçirərək Tarıka öz şeirləri imiş kimi təqdim edir və bununla da şəhərdən gələn oğlanın könlünü əldə etmək üçün son və həlledici addımını atır.



Kədərli və faciəvi olan məsələ isə budur ki, bacısı bu şeirləri məhz Tarıkın özünə həsr edirdi və Tarıkın bundan heç zaman xəbəri olmur. Bu intellektual oğurluq isə iki bacı arasında ən yaralı, dərin izlər buraxacaq intriqanın başlanğıcı olur. Çünki Hatice sonradan məhz bu şeirlərlə böyük səhnədə addımlarını atır, uğurlarını qazanır. Hanife isə hətta üstündən 30-40 il keçdikdən sonra belə bacısının bu cürə intellektual oğurluğunu bağışlaya bilmir, çünki bu oğurluq vasitəsilə Hatice həm də bacısının böyük sevgisi Tarıkı da ondan oğurlayır. İstənilən halda burda iki bacı arasındakı intriqaların mənbəyi kimi onlar özləri və bir-birinə əks dünya görüşləri deyil, Tarıkın onlara qarşı ikiüzlü başdançıxarma addımlarıdır. Təsadüfi deyil ki, filmin irəliləyən səhnələrində Tarıkın ölümü ilə iki bacı arasındakı intriqalar azalmağa və filmin sonlarına doğru tamam ortadan qalxmağa doğru gedir.

“Unutursam fısılda” filmi bizə 1970-ci illər Türkiyəsinin qadın-kişi münasibətlərindən bəhs edən, bu yolla o dövr qadınlarının həyat çətinlikləri ilə bağlı bir qədər təsəvvür yaradır. Filmdən aydın görünür ki, evli olmayan qadınlar ata-analarının əmirlərinə tabe olmalıdır. Ailələr qadınları öz baxışlarına görə dizayn edir, öz baxışlarına görə qurub-yaradır.

Acıqlı atalar və qardaşlar qadınların bütün davranışlarını əvvəldən müəyyənləşdirir. Qadınların seks həyatı ancaq evlilikdən sonra başlamalıydı, nikahdankənar hər cür seksual münasibət isə əxlaqsızlıq sayılır. Demək olar, qadınlar hamısı ayaqlarını və sinələrini örtəcək uzun, geniş paltarlar geyinir. Haticenin nümunəsində qız uşağının məhəllədə futbol oynamağı kiçik ailə skandalı ilə, məktəbdə yaradılmış musiqi qrupunda oxuması isə atası tərəfindən böyük isteriya ilə qarşılanır. Ata qızının bu azadlığını həzm edə bilmir, qəzəbini boğa bilmir və hətta qızına əl qaldırmağa da cəhd edir.

Ata ilə qızı Hatice arasındakı münaqişə əslində baş qəhrəmanın öz azadlığı üçün ilk addımlarını atmasını təmsil edir. O artıq sevgilisi ilə daha azad şəkildə görüşür, onunla küçə ortasında qucaqlaşır, hətta onun evinə belə gedir. Bu baxımdan bəlkə də belə demək olar ki, mühafizəkar cəmiyyətlərdə qadınların azadlığa atdıqları ilk addımları evdən qaçmaq, ya da maddi müstəqillik əldə etməklə yox, qəlbinə yatan sevgilini tapmaq və onun vasitəsilə də azadlığa doğru addımlamaqdır.

Haticənin azadlığı məhz Tarıka qoşulub birlikdə İstanbula getmək və orada müğənni olmaq uğrunda ilk addımlarını atmaqla başlayır. İstanbula gələn Haticenin burda ilk gördüyü nisbətən modern həyat tərzidir. Filmdən belə anlaşılır ki, 70-lərin İstanbulunda qadınlar arasında şalvar geyinmək dəbi artıq var, yaxaları nisbətən açıq köynəklər geyinirlər. Geyimlər adətən ipək, yaxud parlaq sintetik parçalardan hazırlanır, al-əlvan rənglərdə olur.

Hatice ilə Tarık ilk dövrlər dostlarının evində qalırlar və bu, həm də onların sevgilidən əlavə həm də seks partnyorluqlarını göstərir ki, deməli, o dövrün qadın azadlığının əsas şərtlərindən biri seks partnyorunu özü seçmək və birlikdə ola bilmək idi. Belə demək olar ki, 70-lərin türk, müsəlman qadını azad olmaq üçün onun həyatında mərhələ ilə “sevgi - doğma evi tərk etmə - azad seks həyatı - şəxsi qazanc - evlilik” kimi bir ardıcıllığa əməl etməli, bu ardıcıllığı təmin etmək üçün mübarizə aparmalı, qurbanlar verməlidir. Doğrudur, filmdə baş qəhrəmanların seks həyatı haqda elə çox məlumat verilmir, çünki film çəkilən zaman Türkiyədə mühafizəkar, islamçı AKP hakimiyyəti mövcud idi.



Haticenin Tarıkla güclərini birləşdirərək musiqi aləminə atılmaqları ilk növbədə hazır bəstələri ilə İstanbulun musiqi prodüserlərinin qapılarını döymələri ilə başlayır. Bu ərəfədə Haticenin geyimi, saç düzümü, həyat tərzində ciddi transformasiyalar olur. O dövrün dəbinə uyğun geyinməyə çalışır. Geniş boyunluqlu köynəklər, göy qurşağı kimi rəngarəng donlar, dar, bədənə yapışan, beli və sinəsi daha açıq paltarlar, saraldılmış, nisbətən qısa saçlar, normasında, nə çox, nə az makiyaj, iri, parlaq rəngli sırğalar onun görünüşündə ilk nəzərə çarpandır. Bu dövrdə Hatice ilk dəfə içki içir, pivənin dadını öyrənir, kafelərdə axşam məclislərində, ev partilərində iştirak edir.

Əyalət qızı Haticenin azadlığının növbəti mərhələsi məşhur bir prodüserlə tanış olaraq musiqi aləminə uğurlu girişi ilə başlayır. Prodüser ilk növbədə onun adını dini ad olan Haticedən dəyişdirərək Ayperi qoyur. Ayperi 70-80-lərdə Türkiyədə dəbdə olan tərzdə pop musiqisi oxuyur. Bu pop musiqisi stilinə görə slow (yüngül, həzin) və cazz elementləri ilə zəngindir.

Tanınmış müğənni olandan sonra Aypernin xarici görünüşündə ilk dəyişiklik saç düzümü olur. O, saçlarının rəngini, formasını, uzunluğunu tez-tez dəyişir. İkinci mühüm dəyişiklik isə geyimlərinin daha da açıq-saçıq olmasıdır. Belə ki, Ayperinin geyimi 70-lərin hippi elementləri ilə doludur. O, ayaqları gen, o dövrdə trapez adlandıran şalvarlar geyinir, köynəklərinin də qolları eynən şalvarları kimi gen olur. Adətən sinəsinin quruluşunu aydın göstərəcək açıq köynəklər geyinir. Ayperini gitarada müşayiət edən dostları Erhan və sevgilisi Tarık isə “Bitlz” (The Beatles) qrupu üzvlərinin saç düzümünə bənzər saç saxlayır, üzlərini təmiz qırxır, köynəklərinin yaxasını yuxarıdan iki-üç düymə açaraq boyunlarına nəzərəçarpacaq medalyonlar asırlar. O dövrdə eynilə trapez stilində şalvarlar kişilər üçün də dəbdədir. Həm kişi, həm qadın paltarlarında parlaq, sayrışan rəngli parçalardan istifadə edilir.

Ayperinin həyatında bədbəxtliklər seriyası o pul və məşhurluğu qazandıqdan sonra başlayır. Əvvəlcə Tarıkla evlənir, ancaq evlilikdə xoşbəxt ola bilmir, həyat yoldaşı artıq sevgilisi Tarık kimi birisi olmur. Tarık şöhrətdən get-gedə deqradasiyaya uğrayır, içkiyə qurşanır, Ayperini qısqanmağa başlayır, evində tez-tez böyük partilər keçirir. Belə partilərin birində şöhrət və var-dövlət gələndən sonra Ayperi ilə Tarık arasında dərin uçurumların yarandığı ortaya çıxır. Tarık Ayperinin şöhrətində böyük rolu olduğuna inanır, amma bu rolunun kiçildiyini düşünür. Ər-arvad arasında olan münaqişə Tarıkın evdən getməsi və bir müddət sonra maşın qəzasında ölməsi ilə bitir. Tarıkın ölümünün arxasınca Ayperinin musiqi yaradıcılığında da tıxanma baş verir, özünə gəlməsi xeyli vaxt aparır.

Filmin son hissəsi Ayperinin əlində topladığı mal-mülkünü və məşhurluğunu itirərək 40 il sonra öz doğulduğu evə qayıtması və bacısı ilə üzləşməsindən bəhs edir. Bundan əlavə, o həm də artıq alzeymer xəstəsidir və get-gedə yaddaşını itirməkdədir. O, evi tərk etdikdən sonra heç vaxt evlənməyən və ömürlərinin sonlarına qədər ana-atasının ağır yükünü çəkən Hanife ilk dövrlər onu qəbul etmək istəməsə də, sonradan onunla üzləşməyə hazır olmağa başlayır. İki bacı arasında, necə deyərlər, “ağır söhbət” (“hard talk”) baş tutur. Bu “ağır söhbət” film boyu yaranmış bütün düyünlərin açılışıdır həm də. Bu söhbət həm də müsəlman-türk qadınının azadlıq problemi haqda çox önəmli elementlər daşıyır. Böyük bacı Hanifenin Haticeye ittihamlarını bir-bir irəli sürüb onu qınaması ilə başlayır. Kiçik bacı isə böyük bacının ittihamlarını bir-bir cavablandırır.

O, onu qınayan bacısına deyir: “Mən öz arzularımın arxasınca getdim, bu gün olsa bu gün də gedərdim. Mahnı oxumağı sevirəm mən. Sənsə bu həyatı seçdin, bu qapıdan çölə çıxıb bir addım irəli getməyə cəsarət eləmədin. Uşaqlıqdan özünü əzabkeş qadın kimi apardın. Sənin şeir dəftərçəni oğurlayıb şeirlərindən istifadə etdim, doğrudur. Ancaq mən o şeirləri oğurlamasaydım, vərəqlərdə saralıb gedəcəkdi”.

Bu üzləşmə və “ağır söhbət” bacılar arasındakı buzları əritməyə yardımçı olur. Onlar illər sonra barışırlar və bir-birinə dəstək olmağa başlayırlar.

Filmin süjet xəttinin sonunda tamaşaçıya göstərilən iki bacının iflas olmuş, uğursuz həyatları əslində müsəlman təfəkkürünə əsaslanan magik xurafatçılıqdır. Ssenari müəllifi hər vəchlə tamaşaçıya göstərməyə çalışır ki, şərq ailə dəyərlərinə qarşı çıxan fərdlər əslində azad yox bədbəxt olurlar. Burda böyük bacı Hanife şorgöz kişi obrazına platonik aşiq olaraq və ona duyduğu hissləri şeirlərə tökərək də nümunəvi müsəlman qadınına zidd davranır və buna görə də bir növ lənətlənir və ömür boyu tək, qüssəli bir həyat yaşayır.

Kiçik bacı Hatice isə ata-anasının xeyir-duasını, razılığını almadan sevdiyi oğlana qoşularaq, əyalətdən şəhərə gedərək, onunla birlikdə uzun müddət nikahsız yaşayır və buna görə də bir növ lənətlənir və axırda maddi-mənəvi çöküş yaşayır.

Ssenaristin bu cür “arabesk” kədər yaratmaq üçün qadın azadlığının istənilən halda bədbəxtliyə aparacağı iddiası əslində onun və filmi çəkənlərin qadın azadlığını heç veclərinə almamasını göstərir. Əslində isə azad qadının xoşbəxt ola bilməməsi yaşadığı cəmiyyətin bu azadlığa hər yolla mane olması ilə bağlıdır, burda heç bir magiya, heç bir lənət axtarmamalıyıq. Qadağançı, mühafizəkar, fərdləri öz standartlarına, qəliblərinə salmağa çalışan, haqlarını ancaq müəyyən mübarizələr və qurbanlarla özlərinə verən cəmiyyət belə qadınların xoşbəxt həyat yaşamasına göz yuma bilməz. Elə filmdə də bu azadlığa göz yuma bilməmək, barışa bilməməkdən bəhs olunur.