Xarakter olmayanda - Seymur Baycan yazır...

Xarakter olmayanda   - Seymur Baycan yazır...

09:35 116


Cavid Ramazanovun “Üslub köhnələndə” yazısını oxudum. Cavid yazısında 2000-ci illərdə baş vermiş təlatümlü, gur ədəbi prosesi, hadisələri sırf çəpər davası kimi təqdim etməyə çalışır. Kim bilməsə də, məhz Cavid çox gözəl bilir ki, vəziyyət qətiyyən belə olmayıb. Kim bilməsə də, məhz Cavid çox gözəl bilir ki, dövrün şərtlərini mütləq nəzərə alsaq, o illərin ədəbi prosesinin azdan-çoxdan, necə deyərlər, kasıbın olanından intellektual məzmunu, yükü də olubdur. Məhdud imkan daxilində esselər, müsahibələr, hekayələr, ayrı-ayrı romanlardan hissələr tərcümə edilibdir. Cavid isə yazısında elə bir təəssürat yaratmaq istəyir ki, illərlə davam edən, ağır, vacib bir proses, guya ancaq çəpər davası səviyyəsində imiş.

Kim bilməsə də, məhz Cavid çox gözəl bilir ki, o illərdə bir neçə şəxsi çıxsaq, heç kim bizə dəstək vermədi. O illərin davasında xalq da, müxalifət də, hakimiyyət də, demokratiyadan, azad sözdən, fikir müxtəlifliyindən dəm vuran QHT akulaları da yeniliyin, yaradıcı azadlığın yox, köhnəliyin, “ədəbi generalların”, parnik ziyalılarının, ədəbi nomenklaturanın tərəfində dayandı. O illərdə siyasi müxalifətdə olmaq, mədəni müxalifətdə olmaqdan qat-qat asan idi. Siyasi müxalifətdə olanda çiyinlərini böyük bir düşərgəyə, bu düşərgənin sahib olduğu mətbuata, elektorata söykəyə bilirdin. Mədəni müxalifətdə olanda, Anar Rzayevdən və onun bandasından yazı yazanda isə xalq, müxalifət, hakimiyyət sənə qarşı sıx birləşirdi. Onu da mütləq qeyd edim ki, müxalifət bu məsələdə daha radikal mövqe tuturdu. Müxalifət mətbuatı yaradıcı azadlıq təşəbbüslərini süngü ilə qarşılayır, müxalifət düşərgəsinə aid adamlar parnik ziyalılarını, ədəbi nomenklaturanı var qüvvətlə müdafiə edirdilər. O illərdə “AYO”çulara qarşı, şəxsən elə mənə qarşı ən kinayəli yazıları müxalifət düşərgəsinə mənsub adamlar yazırdılar. Hakimiyyət düşərgəsi, mətbuatı bu mənada daha təmkinli görünürdü.

Çox yaxşı yadımdadır, bir dəfə Anar haqqında yazı yazmışdım. Kamil Vəli Nərimanoğlu ilə Axundov kitabxanasının qarşısında rastlaşdıq. Kamil müəllim mənə elə dərin bir nifrətlə baxdı ki, həyatımda cəmisi iki-üç dəfə elə dərin nifrətlə dolu baxışlar görmüşəm. Bu qədər yazıdan, davadan, söz-söhbətlərdən sonra Cəmil Həsənli hələ də Anara dostum deyirsə, indi təsəvvür edin ki, 2000-ci illərdə vəziyyət necə çətin, gərgin olub.

Biz çox ağır bir davaya girmişdik. Qüvvələr nisbəti həddən ziyadə qeyri-bərabər idi. Bir tərəfdə şəhərin mərkəzində yekə binası, jurnalları, qəzetləri olan, mükafat, təqaüd, ev verən, qoca kahinlərin idarə etdiyi Yazıçılar Birliyi, digər tərəfdə Allahın bir yığıncağını keçirməyə yer tapa bilməyən, çayxanalarda, kafelərdə yığışan, çox vaxt borca yemək yeyən kasıb-kusub, yetim-yesir gənclər.

Yoldaş Ramazanov, sən ki bütün bunları, o illərdə bizə qarşı nifrətin miqyasını hardansa oxumamısan, kimlərdənsə eşitməmisən, şəxsən öz gözlərinlə görmüsən.

Cavid yazır: “Dövrün reallığında bəlkə hiss olunmurdu, çünki cəmiyyət nuh əyyamında ilişib qalmışdı, ancaq indi geriyə baxanda görürsən ki, sözügedən nəsil intellektual özünüifadədə xeyli axsayırmış. Nəzəriyyə, təhlil və texnika çatışmırdı”.

Əgər söhbət, doğrudan da səmimi şəkildə nəzəriyyədən, təhlildən, texnikadan, üslubun köhnəlməsindən və yaxud yeni üslubların yaranma zərurətindən gedirsə, bəs onda biz bu nəzəriyyələri, təhlilləri, texnikaları, yeni üslubları Cavidin müəllifi olduğu “Amanabənd” romanında niyə görmürük? Bu meydan, bu da şeytan, yaz da yeni üslubda əsərlər. Sənə nə, kim mane olur?

Bəyənmədiyin 2000-ci illərdə “18,6 sm” kimi həm mövzu, həm də üslub cəhətdən tamamilə yeni roman yazılıb. Üslubun köhnəlməsindən, yeni üslubların yaranması zərurətindən danışan yoldaş Ramazanov “Amanabəndlə” “18,6 sm” romanını yanaşı qoysun. Əgər bacarırsa, əlini də, öz növbəsində, ürəyinin üstünə qoyub obyektiv qiymət versin. Hansı daha yeni romandır? 2000-ci illərdə yazılmış “18,6 sm”, yoxsa bir neçə il əvvəl yazılmış “Amanabənd?”

Əgər söhbət həqiqətən üslubdan, yenilikdən gedirsə “Amanabənd” “18,6 sm” romanına beş sıfır yox, yeddi sıfır yox, düz yetmiş sıfır uduzur. Mən iki romanı dalaşdırmaq, hansı roman döyər tərzində müzakirə açmaq istəməzdim. Cavid üslublar köhnəlib, yeni üslublar lazımdır kimi söhbətləri ilə özü bu davanı, müqayisəni tələb edir. Yaxşı, mən nəzəriyyəni bilmirəm, sən ki bilirsən. Bəs o zaman sənin yazdığın roman iyirmi il əvvəl yazılmış romana yenilikdə, üslubda niyə belə yetmiş sıfır uduzur?

2000-ci illərin təlatümlü, gur ədəbi prosesindən söhbət düşəndə mübarizəsiz, onurğasız, xaraktersiz adamlar birmənalı olaraq ancaq dövrün münbit şəraitinə, mühitinə fokuslanırlar. Gah deyirlər ciddi dava olmayıb. Gah da deyirlər ki, ciddi dava əlverişli şərait, münbit mühit olduğuna görə olubdur. Özləri özlərin təkzib edirlər. Bəli, mühit vacib şərtdir, amma nədənsə bu adamlar heç cür başa düşmək istəmirlər ki, mühiti həm də yaratmaq lazımdır. Biri deyir almanca oxuyuram, biri deyir fransızca oxuyuram, biri deyir ingilis və ispan dillərini tum kimi çırtlayıram. Biri deyir üç xarici , elitar ədəbiyyat jurnalına abunə yazılmışam. Hər jurnal bir ölkədən gəlir. Elitar ədəbiyyat junallarında çox ciddi müzakirələr oxuyuram. Əda göstərirlər, forslanırlar, naz-işvə satırlar, əslində isə xalis ədəbi pijonluq edirlər. Almanca, fransızca oxuyan, ingilis və ispan dillərini tum kimi çırtlayan, elitar jurnallara abunə olan cənablar, bəs hanı sizin tərcümə etdiyiniz müsahibələr, hekayələr, esselər, nəzəriyyələrə və cərəyanlara aid kitablar? Tərcümə edin mənim kimi savadsız, Azərbaycan dilindən başqa heç bir dili bilməyən adamlar da oxuyub faydalansınlar, özlərini inkişaf etdirsinlər. Allaha da xoş getsin, bəndəyə də.
Hanı sizin ədəbiyyat yanğınız? Sual verirəm, hanı sizin ədəbiyyat yanğınız? Bir daha, üçüncü dəfə sual verirəm, hanı sizin ədəbiyyat yanğınız? Beş nəfər bir yerə yığışıb bir səviyyəli sayt yarada bilmirsiniz. İşiniz-gücünüz 2000-ci illərdəki əlverişli şəraitdən, mühitdən danışmaqdır. İşiniz-gücünüz 2000-ci illərdə baş vermiş prosesləri gözdən salmaqdan ibarətdir. Bir səviyyəli sayt yaratmağa, tərcümələr etməyə, beş-altı adamı bir yerə yığıb oxucu klubu yaratmağa, ayda bir kitabı müzakirə etməyə sizə kimlər, hansı qüvvələr, nələr mane olur?

Cavid mühitə çox tez, lap gənc yaşlarında düşmüşdü. Əgər digər gənclər, tələbələr yazıları qəzetlərdən, almanaxlardan, jurnallardan, yeni-yeni yaranan saytlardan oxuyurdularsa, Cavid o yazıları yazan, mühitə təsir edən adamlarla, demək olar, hər gün canlı ünsiyyətdə olurdu. Əgər başqa gənclər, tələbələr yazılardan, proseslərdən dolayı yollarla qidalanıb, təsirlənirdilərsə, obrazlı desək, bəli, məhz obrazlı desək, Cavid birbaşa bulaqların gözündən su içirdi.

Cavid aqrar deyil. Zövqlüdür, mütaliəsi, siyasi savadı yerindədir. Cavid bir nəslin düşüncə mayakı, zövq etalonu ola bilərdi. Bunun üçün onun hər cürə potensialı, imkanı vardı. Talemi deyək, həyatmı deyək ona hər cür imkan yaratmış, səxavət nümayiş etdirərək gen-bol fürsətlər vermişdi. Lakin Cavid bir nəslin düşüncə mayakı, zövq etalonu ola bilmədi. Çünki xaraktersizliyi buna imkan vermədi. Bu adamın ciddi bir problemi var: xaraktersizlik. Bu adam papağını qarşısına qoyub dərin-dərin düşüncələrə dalmalı, bu suala cavab axtarmalıdır: “Mənim bir nəslin düşüncə mayakı, zövq etalonu olmağa hər cürə imkanlarım var idi. Bəs görəsən niyə ola bilmədim? Mənə nə mane oldu?”

( Yeri gəlmişkən, bu vəziyyət, bu mənzərə, bu sual təkcə Cavidə aid deyil, cavidyosunlu bir neçə başqa adama da aiddir.)

Cavid bu suala cavab axtarmaq, xaraktersizliyinə qarşı mübarizə aparmaq əvəzinə tipik opportunist, meşşan kimi 2000-ci illərin ədəbi proseslərini hər vəchlə gözdən salmağa, bununla həm də ədəbi nomenklaturanın, onların tör-töküntülərinin, təlxəklərinin xoşuna gəlməyə çalışır. Belə yerdə deyirlər; Boyunu yerə soxum.

Digər yandan baxanda Cavidi yaxşı başa düşmək olar. 2000-ci illərin ədəbi proseslərini gözdən salmaqla, ağır, vacib prosesi çəpər davası kimi qələmə verməklə öz aləmində xaraktersizliyinə bəraət qazandırmaq istəyir. Alınırmı? Heç alınmır. Tam əksinə, xaraktersizliyinə bəraət qazandırmaq istəyi onun xaraktersizliyini daha açıq-aydın göstərir.

Cavidin sözündən belə çıxır ki, hər hansı mövzuda bir az sərt yazı yazmaq, yazıda mus-mus demədən hər şeyi öz adı ilə çağırmaq 2000-ci illərin üslubunu yamsılamaq, təqlid etmək, xülasə, köhnəlmək deməkdir. Əslində isə Cavidin yazısını belə başa düşmək lazımdır: əgər mən ütülü yazılar yazıramsa, başqaları da mütləq mənim kimi ütülü yazılar yazmalıdır. Başqaları ütülü yazılar yazmayanda, mus-mus deməyəndə mənim qorxaqlığım, xaraktersizliyim, terminlərlə gözə kül üfürməyim, qorxaqlığıma, xaraktersizliyimə üslub-müslub, yenilik adı qoymağım daha aydın görünür.
Yaxşı, tutaq ki, Cavid həqiqətən də ancaq ədəbiyyatla məşğul olmaq istəyir, dava-dalaşlıq halı yoxdur. Belə olduğu halda ortaya xeyli aktual bir sual çıxır. Bəs bu adamın yaratdığı ədəbiyyat hardadır? Yaş gəlib qırxa çatıb, hanı bu adamın yazdığı romanlar? Amanabənd?

Не смешите мои тапочки!