İyirmi il əvvəl idi. Universitetə ilk addımlarını atan on səkkiz yaşlı gənciydim. Bir gün dərsdən sonra yoldaşlarla görüşüb Beynəlxalq Mətbuat Mərkəzinə yollandıq. Orada tanınmış muğam ifaçıları qəzetdə çıxan bir məqaləylə əlaqədar tədbir təşkil edəcəkdilər. Biz tədbiri pozmaq niyyətindəydik.
Sözügedən məqalə müfəssəl yadımda deyil, amma məzmununu yaxşı xatırlayıram. Muğamatçıların ifa tərzi məlum heyvanın çıxardığı səslə müqayisə edilmişdi. Onları cin atına mindirən də bu ifadə idi.
Mətbuat konfransında çıxışlara başlayan muğam ustaları dövlətin təhqiramiz ifadələrlə bağlı ölçü götürməyini istəyirdilər. Di gəl, çıxışları ürəkləri istədikləri kimi alınmırdı. Biz gənclər yerli-yersiz çəpik çalmaqla qarışıqlıq yaradırdıq. Muğamatçılar nə baş verdiyini anlamırdılar, bilmirdilər, çəpiyi onları dəstəkləmək üçün çalırıq, ya... Tədbir yekunlaşanda məyus idilər, demə, gənclər onları ələ salırmışlar.
Gənc postmodernistlər
Bu əhvalat 2000-lərin əvvəlində meydana atılmış qəzəbli nəslin at oynatdığı dövrə təsadüf edirdi. Muğamatçılara sataşan məqalənin müəllifi də həmin nəslin nümayəndələrindən biriydi. Biz tədbirə onu dəstəkləmək üçün getmişdik.
Qızğın oxucusu olduğumuz nəslin nümayəndələri (əsasən, Azad Yazarlar Ocağının ətrafında birləşmişdilər) ənənəvi dəyərləri və bu dəyərlərin təmsilçilərini yaylım atəşinə tuturdular. Onlara görə, ölkənin modernləşməsi üçün başqa yol yoxdu, köhnə hamam, köhnə tas silinib süpürülməliydi.
Əslində, bu davanı xalis intellektual mübarizə kimi qiymətləndirmək çətindir, çünki arqumentlərin çəkisi ürəkaçan səviyyədə deyildi. Şair Həmid Herisçinin xəyalı o vaxtlar postmodernizm cərəyanının ətrafında pərvaz edirdi. O, gənc qələm adamlarının ağlına daş salmışdı ki, onlar da postmodernist olsunlar. Beləcə, gənclər Pelevini, Sorokini, Limonovu ordan-burdan oxuyub postmodernist olmaq qərarına gəlmişdilər.
Hərçənd burada bir nüans vardı. Əgər rus postmodern yazıçıları cəmiyyəti bədii provokativ əsərlərlə tənqid edirdilərsə, bizim gənclər bu provokasiyanı əsasən publisistikada tətbiq etmək eşqinə düşmüşdülər. Bədii və qeyri-bədii ədəbiyyat arasındakı sərhəd itmiş, tənqidlər təhqirlə müşayiət olunmağa başlamışdı. Filankəs mətbəx solçusudur; filankəs oxumur, anqırır; filankəs Tükəzbandır kimi şəxsi hücumlarla yanaşı, “azərbaycanlılar elə, azərbaycanlılar belə” tərzində həqarətli ümumiləşdirmələr publisistik məqalələri bəzəyirdi.
"Füzuli şair deyil..."
Azərbaycanın öz tənqidi ənənələrində əslində, istinad ediləsi məqamlar vardı. Götürək elə peşəkar tənqidin banisi Mirzə Fətəli Axundovu. Onun Məhəmməd Füzuliylə bağlı tez-tez gətirilən belə bir sitatı var: "Füzuli şair deyil…" Sözügedən dövrdə mən həmin sitatı tez-tez eşidərdim.
Axundov şairlərin dörd yüz il Füzulini təqlid etməsini anaxronizm sayırdı. Onun fikrincə, Füzuli estetikası texnoloji kəşflərlə müşayiət olunan 19-cu əsrin standartlarına uyğun gəlmirdi. Şeirlərində real həyat problemləri, ictimai fikir yoxdur, poeziyası mücərrəd eşq və klassik şərq motivləri üzərində qurulub - Axundov qeyd edirdi. Avropa realizmindən təsirləndiyinə görə, o, sadə dilin və real həyatı əks etdirən ədəbiyyatın tərəfdarı idi. Ona görə də Molla Pənah Vaqif və Qasım bəy Zakiri Füzulidən daha yaxşı şairlər hesab edirdi.
Amma bir məqam mütləq qeyd edilməlidir ki, Axundov "Füzuli şair deyil" deyərkən alçaltmaq məqsədi güdmürdü, çünki sitatın arxası vardı: “Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur, ancaq nazimi-ustaddır...” Yəni Axundov onu nəzm texnikasında ustad, amma kəsərsiz şeir yazan hesab edirdi. Bu intellektual və estetik polemika idi.
Gənc postmodernistlər Axundovun "Füzuli şair deyil" fikrini götürmüş, amma davamını gözardı etmiş təsiri bağışlayırdılar. Çünki intellektual və estetik polemikada elə də maraqlı görünmürdülər. Arqumentləri əsasən hökmlər üzərində qurulmuşdu, onlar ehkam kəsirdilər - filan şey elədir, beşməkan şey də belə! Niyə? Çünki mən belə hesab edirəm!
Dövrün reallığında bəlkə hiss olunmurdu, çünki cəmiyyət nuh əyyamında ilişib qalmışdı, ancaq indi geriyə baxanda görürsən ki, sözügedən nəsil intellektual özünüifadədə xeyli axsayırmış. Nəzəriyyə, təhlil və texnika çatışmırdı. Postmodernizmə iddia edirdilər, amma postmodernizmin nə olduğunu müfəssəl bilmələri şübhə doğururdu. Ona görə yaradıcılıqlarında aydın xətt yox idi. Mətnləri postmodernizm, maarifçilik, moralizm, vulqarizm, liberalizm, konservatizm, kosmopolitizm, millətçilik elementləri arasında var-gəl edirdi.
İntellektual və estetik meyarları təhlillə əsaslandıra bilmədiklərindən hökmlər kara gəlirdi: filan cür yazanlar təlxəkdirlər, filan əsərləri bəyənənlər pijondurlar. 2000-lərin ortalarında Xaqani Has adlı mürəkkəb konseptual mətnlər yazan şair və yazıçı ortaya çıxmışdı. Onun barəsində qəzetdə bu başlıqla məqalə çıxmışdı: "Xaqani Has, bayıra bas".
Qərəz, bu dövrün polemika səviyyəsi varıydısa belə, 19-cu əsrin Axundov standartlarından aşağı idi. Axundovun ədəbi tənqid barədə görüşləri beləydi məsələn:
"Məlum edirəm ki, bu qayda (ədəbi tənqid) Avropada məlumdur və onun böyük faydaları vardır. Məsələn: bir şəxs bir kitab yazdığı zaman başqa bir şəxs onun əsərinin mətləbləri xüsusunda kritika yazır, bu şərtlə ki, onun yazısında müəllif haqqında ədəbsiz və könül incidən bir söz belə olmasın. Hər nə deyilsə, incəliklə deyilsin. Bu işi «kritika», fransız istilahı ilə «kritik» adlandırırlar.
Müəllif ona cavab verir. Ondan sonra üçüncü bir şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya da kritika yazanın fikrini üstün tutur. Bu işin nəticəsi budur ki, get-gedə nəzm və nəsr, inşa və təsnif bütün Avropa xalqlarının dilində səlavət (səlistlik) qazanır və mümkün qədər cəmi nöqsanlardan təmizlənir. Müəlliflər və şairlər öz vəzifələri və təklifləri haqqında tamam xəbərdarlıq alırlar".
Bu yanaşma hara, "Xaqani Has, bayıra bas" hara?
Sözügedən nəslin çılpaq üslubunun səbəbləri müxtəlif ola bilər. Azərbaycan mətbuatında rəsmi senzura 1998-ci ildə götürülmüşdü. Dünya standartlarını nəzərə alsaq, 2000-lərin əvvəllərində və ortalarında yerli mətbuat azad hesab olunmaya bilərdi, ancaq tarixi nöqteyi-nəzərdən baxsaq, bu, yerli standartlarda mətbuatın ən azad dövrü idi. Bəlkə də biz bu üslubu yeni müstəqillik qazanmış ölkədə azad fikrin uşaqlıq (ərköyünlük) dövrü hesab etməliyik.
Post-sovet analogiyaları
Əslində təkcə Azərbaycanda deyil, post-sovet coğrafiyasında da bənzər hərəkatlar vardı. Rusiyada tənqidi fikir ədəbiyyatda özünü qabarıq göstərirdi. Ancaq Rusiya hər halda Rusiyadır, tənqidi fikir bir, iki deyil, çox müxtəlif mənbələrdən qidalanır. Bizdə isə Axundovdan bəri tənqidi fikri ədəbiyyatçılar formalaşdırır, fəlsəfə məktəbi inkişaf etməyib, akademiya azad deyil, jurnalistlər də əksərən ədəbiyyatçı olublar. Rusiyada Pelevin romanında kimlərisə heyvana bənzədə bilərdi, amma Rusiya tənqidi fikrində bu dominant təmayülə çevrilə bilməzdi. Gürcüstan və Ukraynada da həmçinin. Avropaya yaxınlıq, ədəbi tənqidlə yanaşı, akademik və fəlsəfi diskursun da güclü olması bu ölkələrdə polemikaların səviyyəsini yuxarıda saxladı.
Üstəlik Gürcüstan, Ukrayna, Moldova, hətta Ermənistanda bizdəkinə bənzər hərəkatların dəstəklədikləri ictimai-siyasi qüvvələr hakimiyyətə gəldilər, beləcə, cəmiyyət siyasi və ictimai müstəvidə müəyyən yol qət etdi. Avropa mədəniyyətinə yol açıldı, yeni yanaşmalar labüd oldu. Bizdə isə sözügedən nəslin siyasi və ictimai sferada bəxti gətirmədi, nəticə etibarilə mövzu və üslubda mərhələ qət edə bilmədilər.
Anaxronizm
Davanın siyasi-ictimai nəticəsinin olmaması, mədəni dəyişikliklərin baş verməməsi səbəbindən fikir yerində saymağa başladı və anaxronizmə çevrildi. (Anaxronizm - qədim yunancadan gəlmə bu söz xronoloji ardıcıllığın pozulması mənasına gəlir. Düşüncə anaxronizmə yuvarlananda, köhnəlikdə ilişib qalır).
Azərbaycanın intellektual və estetik düşüncəsində anaxronizm tarixən ən ağrılı məqamlardan biri olub. Anaxronizmi siyasi və mədəni qapalılıq bəsləyir. Cəmiyyət siyasi və mədəni cəhətdən nə qədər çox qapalıdırsa, fikir adamları və sənətkarlar anaxronizmə bir o qədər çox aludə olurlar. Bu özünü məxsusən estetik mətnlərin və intellektual mühakimələrin üslubunda göstərir.
Üslub barədə yazılmış mühüm mətnlərdən biri olan "Üslub haqqında" ("On Style") essesində Susan Sontaq məhz üslubdakı anaxronizm probleminə diqqət çəkib.
Sontaqın əsas arqumenti budur ki, üslub zamandan və tarixdən kənar dəyişilməz bir anlayış deyil. O, dövrdən dövrə dəyişir. Nəticədə biz bir sənət əsərinə baxarkən təkcə onun necə göründüyünü deyil, hansı tarixi dövrə və məkana aid olduğunu da dərk edirik.
Üslub özbaşına yaranmır, Sontaq vurğulayır, onu zərurət ortaya çıxarır. Ona görə də kimsə əvvəlki üslubu kopyalayan zaman yaratdığı nümunə həminki zərurətdən məhrumdur deyə səthi görünür.
Sontaq üslubu həqiqət, əxlaq və idrak kimi fundamental məsələlərlə əlaqələndirir. Bir müəllif kiminsə üslubunu kopyalayarkən fundamental məsələlər barədə baş sındırmaqdan yayınır, beləcə, özünü yeni baxış bucağı ortaya qoymaqdan və sənətkar kimi inkişafdan məhrum etmiş olur.
Fikir sahibi olmayanların istinad yeri
Eyni arqument 2000-lərin publisistik və ədəbi tənqid üslubunun təqlidi üçün də keçərlidir. Təqlidçilər əslində 2000-lərin Seymur Baycanını, Günel Mövludunu, Əli Əkbərini yamsılamaqla, o dövrün reallığını süni şəkildə günümüzə daşıyırlar.
Halbuki sözügedən üslubun üzərindən artıq əsrin dörddə biri keçib. Ola bilsin, o əvvəllər şok-terapiya kimi ağlabatan idi, amma artıq 2026-cı ildir, 25 il şok terapiya olmaz. Hər şey bir qırağa, ədəbi tənqidin Axundovdan bəri necə mürəkkəb yollardan keçdiyini başa düşmək üçün indi bir klik bəs edir: psixoanaliz, fenomenologiya, hermenevtika, strukturalizm, semiotika, post-strukturalizm, sair. Bu cür qəliz söhbətlərin qabağına hələ də “Filankəsin mətni düşük, səviyyəsiz, səydəşdi, deməli, özü də düşük, səviyyəsiz, səydəşdi” kimi arqumentlərlə çıxmaq nə dərəcədə məqbuldur?
Yamsılamaq asan olduğundan bu üslub fikir sahibi olmadıqları halda fikir sahibi kimi görünmək istəyənlərin istinad yerinə çevrilib. Köhnə nəsil nümayəndələrinin öz təqlidçilərini təbliğ etməsi başadüşüləndir. Bu, bir üslubun ömrünü uzatmaq cəhdidir. Ancaq qatar gedib, dövrün artıq başqa reallıqları və ehtiyacları var.
Bunların nələr olduğu başqa yazının mövzusudur. Ancaq hər bir halda 25 ildə çox dəyişiklik baş verib. Yeni nəsil ortaya çıxıb. Eləcə də hər dövrdə fikir adamının və sənətkarın vəzifəsi yeni baxış bucağı ortaya qoymaqdır, anaxronizmlə məşğul olmaq yox.
Hər nəslin öz missiyası
Bir məsələni dəqiqləşdirim, mən bu yazını yazmaqla heç də sözügedən nəslin xidmətlərinə kölgə salmaq niyyəti güdmürəm. O nəslin hesabına xeyli gənc, içi mən qarışıq, yıxıla-dura mərhələ adladı. Bu söhbətlər mənim gəncliyimdir. Muğamatçıların tədbirini pozmağa gedərkən özümü inqilabçı zənn edirdim. İndi həmin dövrə boylananda təbii ki, gəncliyimlə fəxr edirəm. Necə deyərlər, gəncliyində inqilabçı olmayanın ürəyi yoxdur. O gənci başa düşürəm, amma artıq heç də bütün fikirləriylə razılaşmıram, xüsusilə üslub məsələsində.
Sözügedən nəslə minnətdarlıq hissi həmişə var. Onun qabaqda gedən nümayəndələri öz həyatları ilə də prinsiplərinə sadiq olduqlarını sübut ediblər. Onların prinsipiallığı alqışa layiqdir. Amma söhbət şəxslərdən deyil, ideyalardan gedir. Tənqid etdiyim cəhət müəyyən publisistik və tənqidi üslubdur ki, düşünürəm, artıq köhnəlib.
2018-ci ildə Azad Yazarlar Ocağına qoşularkən, sözün düzü, mənim niyyətim onun yeni bir mərhələyə keçməsi üçün töhfə vermək idi. Düşünürdüm, yeni nəfəs lazımdır. İndi anlayıram ki, bu çox sadəlövh yanaşmaymış, çünki AYO bir nəslin təşkilatıdır və o nəslin bir missiyası vardı. Bir nəsil və o nəslin birliyi maksimum bir missiyanı həyata keçirə bilər, bir neçə missiyanı yox.
Sözügedən nəslin nümayəndələri onlardan sonra gələn nəsli hərdən davasızlıqda, müdriklikdə, kənara çəkilib yazı yazmaqda ittiham edirlər. Bəzən bu arqumentlərdə mənəvi üstünlük tonu sezirsən. Anlaşılandır. Amma, ancaq və lakin onlar bir şeyi nəzərə almırlar ki, heç də hər nəsil eyni üslubu və eyni missiyanı daşımaq məcburiyyətində deyil. Əksinə, şərtlər necə olursa olsun, hər nəsil orijinallığa can atmalıdır. Əgər əvvəlki nəsil qrup halında düşünüb qrup halında fəaliyyət göstəribsə, növbəti nəsil məsələn, individual düşünüb individual fəaliyyət göstərməyi seçə bilər. Bunda qınanılası heç nə yoxdur. Belə olması hətta daha yaxşıdır. Təki təkrarçı olmayaq və anaxronizmə yuvarlanmayaq. Qalanı əlbəttə ki, düzələr.