Hörmətli xanım yazar Fidan Tağısoyun “Bələdçi” romanını oxudum. Açığını desəm, bu əsər 40 yaşdan yuxarı bir müəllif tərəfindən qələmə alınsaydı, aşağıdakı fikirlərimi tamam fərqli şəkildə ifadə edərdim. Lakin nəzərə alsaq ki, müəllif çox gəncdir və bu yaşda roman ərsəyə gətirmək heç də asan deyil, yanaşma da təbii olaraq dəyişir. Mən özüm o yaşda roman yazsaydım, yəqin ki, mənfi cəhətlər müsbətləri üstələyərdi. Hər halda, yaradıcı gənclərə irad tutmaqdan daha çox onları stimullaşdırmaq vacibdir. Ola bilər ki, Fidan xanım gələcəkdə – məsələn, 40 yaşından sonra – elə bir əsər ortaya qoysun ki, bu, geniş miqyasda rezonans doğursun.
Psixoloji roman olmasına baxmayaraq, əsər axıcılığı ilə seçilir və oxucunu yormur. Müasir dövrdə informasiya bolluğunun yaratdığı zaman qıtlığı fonunda uzun-uzadı təsvirlərdən çox lakonik və məqsədyönlü ifadə tərzi daha çox tələb olunur. Bu baxımdan “Bələdçi” konkretliyi və daxili ritmi ilə seçilir, təbiət təsvirlərini süni şəkildə genişləndirmədən psixoloji dinamikanı qoruyur.
Romanın adı da simvolik məna daşıyır: burada “bələdçi” yalnız məkan göstəricisi deyil, insanın öz daxili aləminə doğru yolçuluğunda mənəvi istiqamətverən anlayışdır.
Fidan Tağısoyun “Bələdçi” romanında Qumiho obrazının işlədilməsi təsadüfi folklor detalı deyil. Qumiho – Koreya folkloruna məxsus doqquz quyruqlu tülkü ruhu — mifoloji yaddaşda həm cazibə, həm təhlükə, həm də transformasiya simvoludur. Müəllif bu arxetipi mətnə daxil etməklə yalnız ekzotik motiv təqdim etmir; o, Azərbaycan oxucusunu Uzaq Şərq mifoloji düşüncəsi ilə tanış edir.
Qumiho obrazı Koreya mifoloji sistemində çoxqatlı məna daşıyır. Ənənəvi təsəvvürdə o, insan formasına girə bilən varlıqdır. Qumiho daha çox kimlik axtarışında olan, insan olmaq istəyən, daxili ziddiyyət yaşayan obraz kimi təqdim edilir. Bu transformasiya motivi “Bələdçi” romanının psixoloji strukturu ilə səsləşir.
Romanın daxili axtarış xətti ilə Qumiho mifinin semantik yükü arasında paralellik qurmaq mümkündür. Qumiho yalnız folklor elementi deyil; o, insanın daxili ikiləşməsinin, maskalanmış kimliyinin və dəyişmək ehtiyacının carçısıdır. Bu baxımdan Fidan Tağısoy ədəbiyyat çərçivəsini aşaraq mətni psixaloji, mifoloji kontekstlə əlaqələndirir.
“Bələdçi”nin bu xüsusiyyəti əsəri sırf milli müstəvidən çıxarır. Müəllif Uzaq Şərq ədəbiyyatı və folklorunun elementlərini psixoloji roman strukturuna inteqrasiya etməklə Azərbaycan nəsrində nadir rast gəlinən mədəni sintez yaradır.
Romanın sonuna yaxın fəlsəfi qatının daha da dərinləşdiyi açıq görünür. Müəllif insanı öz mahiyyəti ilə üz-üzə qoyaraq onu daxili axtarışa səsləyir. Zamanın ruhu anlayışı isə hadisələrə sadəcə xronoloji deyil, mənəvi prizmadan baxmağı tələb edir. Dünya ilə kainat arasındakı əlaqə sual kimi qoyulur və oxucu bu sualın cavabını öz daxilində axtarmağa yönləndirilir. Burada əsas vurğu insanın dəyişmək və dərk etmək gücünə edilir. Mətn göstərir ki, hər bir anlayış insanın daxili inkişafının bir parçasıdır. Bu baxımdan roman oxucunu yalnız izləyici deyil, həm də düşünən tərəfdaşa çevirir.
Təəssüf ki, gənc yazar bəzi ciddi nöqsanlara da yol verir. Belə ki, eyni fikrin təkrar-təkrar ifadə olunması mətnin dinamikasına mənfi təsir göstərir. Hadisələr göstərilmək əvəzinə birbaşa təqdim olunur ki, bu da əsəri bədii çərçivədən qismən uzaqlaşdırır.
Romanın sonlarında fəlsəfi qatının daha da dərinləşdiyi açıq görünür. Müəllif insanı öz mahiyyəti ilə üz-üzə qoyaraq onu daxili axtarışa səsləyir. Zamanın ruhu anlayışı isə hadisələrə sadəcə xronoloji deyil, mənəvi prizmadan baxmağı tələb edir. Dünya ilə kainat arasındakı əlaqə sual kimi qoyulur və oxucu bu sualın cavabını öz daxilində axtarmağa yönləndirilir. Burada əsas vurğu insanın dəyişmək və dərk etmək gücünə edilir. Mətn göstərir ki, hər bir anlayış insanın daxili inkişafının bir parçasıdır. Bu baxımdan roman oxucunu yalnız izləyici deyil, həm də düşünən tərəfdaşa çevirir.
Məsələn, “Etan həyəcanlandı” deyilir, lakin oxucu bu həyəcanı hiss etmir – o, sadəcə məlumatlandırılır. Halbuki bədii mətn oxucuya hiss etdirməyi bacarmalıdır.
Bundan əlavə, müəllif tez-tez birbaşa fəlsəfi mülahizələrə keçir və bu keçidlər bəzən süjetin təbii axarını zəiflədir. Mən növbəti əsərlərində müəllifə hadisələri göstərmək, emosiyanı isə təsvir və detal vasitəsilə ötürmək üzərində daha çox işləməyi tövsiyə edərdim.
Başqa bir iradım isə əsərin milli koloritdən qismən uzaq düşməsidir. Obraz adlarının Etan və Eva kimi seçilməsi mətnin coğrafi və mədəni kimliyini bir qədər qeyri-müəyyənləşdirir. Halbuki eyni süjet və ideya Müzəffər və Gülbadam kimi adlarla təqdim olunsa, əsərin bədii dəyəri zəifləməz, əksinə, yerli oxucu üçün daha doğma və inandırıcı səslənə bilər. Axı müəllifin əsas oxucu kütləsi məhz bu mədəni mühitin içində formalaşır.
Bununla yanaşı, müəllifə dünya ədəbiyyatının tanınmış nümayəndələrinin – Xalid Hüseyini və Viktor Hüqo kimi yazıçıların əsərlərini daha dərindən mütaliə etməyi tövsiyə edərdim. Onların yaradıcılığında həm milli ruhun qorunması, həm də ümumbəşəri mövzuların bədii təqdimatı ustalıqla uzlaşdırılır.
Bir sözlə, uzaq səyahətlərə çıxarkən “Bələdçi” romanı sizin səssiz yol yoldaşınız ola bilər. Bu əsəri oxuduqca insanın içində qəribə bir sakitlik doğur – sanki yol uzandıqca, sözlər də səni tələsmədən özünə qaytarır. Bəlkə də bu romanın ən böyük uğuru məhz bundadır: o, səni harasa aparmaqdan çox, özünə yaxınlaşdırır.