“Sadəlik” illüziyası - Qismət yazır...

“Sadəlik” illüziyası  - Qismət yazır...

23 Aprelel 2026 17:20 36


Bekka Rotfeld ən yeni nəslin parlaq tənqidçilərindən biridir, 35 yaşı var, onun biri kitabı məni heyran elədi, adı belədir: “Hər şey çox balacadır: İfratı mədh edən esselər”.

Bekka Rotfeld bu kitabında yazır ki, indiki əsrin mədəniyyətində sadəlik, minimalizm xəstəliyi var, fasiləsiz şəkildə sənətin hər sahəsində zorən bərabərlik yaratmaq istəyirlər, nəşriyyat sektoru, sos-media elə bir illüziya yaradıb ki, sanki pis müəllif yoxdur, bütün kitablar əladır. Bekka yazır ki, əgər iqtisadiyyat və siyasət sahəsində bərabərlik (eqalitarianizm) vacib şərtdirsə, bunu sənətə, sevgiyə, seksə, şəxsi zövqlərə aid etmək böyük səhvdir. Çünki estetika təbiətən iyerarxikdir, onun dünyası ifratın, bərabərlikdən çox, hansısa estetik tərəfi seçməyin dünyasıdır.

Rotfeld yazır ki, çağdaş mədəniyyətdəki “minimallaşma”, “sadələşmə” əttökəndir, illüziyadır. Necə ki, dünyaca məşhur yapon dizayner Marie Kondo hamıya evləri artıq əşyalardan təmizləməyi tövsiyə edir, psixologiyada da təz dəb düşüb – “fərqindəlik” (mindfulness) – şüurunu, zehni artıq fikirlərdən arındır – bir sözlə, hər yerdə dərinlik itkisi, ruhi yoxsullaşma baş verir, halbuki insanı insan edən artıq ehtiyacımız olmasa da saxladığımız əşyalar, dağınıq, hərəsi bir yerdə qalaqlanmış kitablarla dolu otaqlardır.




Ədəbiyyatda da bu baş verir, cümlələr liliputlaşır, xatirəsi, duyğusu, təşnəliyi olmayan, “iştahsız” informativ şablonlara çevrilir, romanların əksəriyyəti fraqmentardır - sadəlik adına bəsitlik, normallıq meyar kimi sırınır. Rotfeldə görə, bunun ən məşhur örnəyi Salli Runidir, romanın adı belə hər şeyi deyil: “Normal insanlar”. Halbuki sənətin canında, mayasında ifrata can atım, maksimalizm var.

Rotfeld yazır ki, yeni puritanizm seksi də bu günə qoyub, praqmatikləşdirib, halbuki seks də yabanı enerjisilə, dəlisovluğuyla insanı dəyişdirən bir aktdır.

Rotfeld minimalizmə qarşı maksimalizmin, sadəliyə qarşı təntənənin haqqını müdafiə edir.

Onun fikrincə, hər tərəfdən istəyirlər ki, bizi insan, yazıçı, yaradıcı şəxs edən atəşinliyi, təşnəliyi, yaratmaq iştahını – yəni ruhumuzu “pəhrizə” otuzdursunlar, bədənimiz kimi ruhumuz da “arıq” olsun.

Rotfeld deyir ki, indi təşviq edilən bədii mətnlər estetik sarsıntı yaratmaq üçün yox, yazıçı ilə oxucunun – hər ikisinin politkorrekt, düzgün siyasi seçimdə həmrəy olduğunu təsdiqləyib xoşbəxt olmaqlarına hesablanır. Bunlar bədii əsər yox, “sən də mənim kimi fəzilət yiyəsisən” deyən müqəvva bəyənatlardır. Rotfeld deyir ki, bu sadəlik, normallıq maskası taxan yazıçılar guya “muskul” göstərmirlər, ancaq onların saxta təvazökarlıq performası ən böyük “muskul şousu”dur, onlar sənəti ağıllı tozsoran, ya da addımsayan qol saatları kimi qavrayırlar.

Bekkaya görə, indiki çıqqılılaşan, ruhunu pəhrizə otuzduranların əksinə, filosof Simona Veyl deyirdi ki, gözəlliyi görəndə onu yemək istəyirik, “iştah”a gəlirik, onun canımıza yayılmağını arzulayırıq, istəyirik, gözəllik bütün varlığımızı işğal etsin. Rotfeld deyir ki, “ortabablığın şantajı” hər yerdə anti-kritik, hamının hər şeyi bəyəndiyi bir atmosfer yaradıb. Sənət əsərləri estetik sarsıntı, vəcd yaratmır, nümunəvi, politkorrekt olmağa hesablanır. Bekka yazır ki, bu məndə estetik allergiya yaradır, çünki sənət sözəbaxan, didaktik mesaj qutusu deyil. Məsələn, Floberin “Madam Bovari” romanı əxlaqlı bir personajdan bəhs etdiyi üçün yox, yazıçının detalları vasvasılıqla seçməsinə və həssas üslubuna görə əxlaqidir.

Bu gün nəşriyyatlar estetik standartları müdafiə və təşviq edən mədəniyyət memarları deyillər, bazarın datalarına görə hərəkət edən, hamısı bir-birinə oxşayan qurumlardır. İndi keyfiyyətli və dəyərli olan ilə sıravi və bəsit olan arasında yalançı bərabərlik işarəsi qoymaq dəbdir, bu, psevdo-demokratik bərabərlikdir. Bütün sahələrdə ortababların intellektual olana qarşı bəslədiyi kin ucbatından əyalət sentimentalizmi, filistinizm hər yanı tutub.

Bekkacığımın sözünə qüvvət, mən buna mahsunqırmızıgülçülük deyirəm, yəni təxminən belə bir arabesk ton: Hepimizzzz kardeşiiizzzz, bu kavgaaaa, neee diyee? Dağlar oy-oy-oy!