Yeni yazarlar üçün
Xüsusilə elmi fantastika, fantastika, triller və ya detektiv yazanlar tez-tez qəhrəmanlara əcnəbi adlar verirlər və hadisələri sanki başqa bir coğrafiyada qururlar. Qəhrəmanlar Əhməd, Həsən deyil, ingilis, alman və s. olur.
Bu, məncə, natamamlıq əlamətidir. Bundan azad olmaq lazımdır.
Hətta siz fərqli planetlərdən, irreal bir dünyadan yazırsınızsa belə, o dünyanı yaradan sizsiniz. Siz artıq bu prosesin içindəsiniz. Özünüzü yazmaqdan, öz adınızdan istifadə etməkdən çəkinməyin. Hər yerdə özünüz olmağa çalışın.
London metrosu Roulinq üçün nə qədər sirli idisə, Bakı metrosu da sizin üçün o qədər sirli və möcüzəvi ola bilər.
Elə düşünməyin ki, qərb və ya Avropa adları istifadə etməklə onların diqqətini cəlb edəcəksiniz. Bu yanlış yanaşmadır. Əksinə, avropalı üçün yeni olan sizin həyatınız, sizin məişətiniz, sizin insani münasibətlərinizdir.
Bir avropalı üçün həqiqi Azərbaycan gerçəkliyi daha maraqlıdır, nəinki ona tanış olan bir dünyanın başqasının dili ilə təkrar olunması.
Çox vaxt yazanlar özlərini olduğundan daha ağıllı göstərməyə çalışırlar. Sadə fikri mürəkkəb cümlələrin arxasında gizlədirlər. Halbuki ən güclü fikir ən sadə deyiləndə təsir edir.
Bəzən yaxşı oğlan, yaxşı qız olmaq istəyirlər. Qəhrəmanlarını təmiz, qüsursuz göstərirlər. Amma həyat belə deyil. İnsan həm yaxşıdır, həm də qüsurludur. Ədəbiyyat da məhz bu ziddiyyətin içində yaranır.
Bir çox hallarda yazdıqları həyat deyil, oxuduqları kitabların kölgəsi olur. Özləri görmədiklərini, yaşamadıqlarını yazırlar. Halbuki yazı müşahidədən başlayır.
Qəhrəmanlarını yaşatmaq əvəzinə idarə edirlər. Qəhrəman danışmır, müəllif danışır. Bu da mətnin canlılığını öldürür.
Bəzən yazdıqları hekayə olmur, nəsihətə çevrilir. Oxucuya dərs keçmək istəyirlər. Halbuki ədəbiyyat dərs demir, göstərir.
Risk etmirlər. Özlərini açmaqdan, içlərini göstərməkdən çəkinirlər. Halbuki ən güclü mətnlər insanın özündən qorxmadığı yerdə yaranır.
Dilləri təbii olmur. Danışıqdan uzaq, süni, kitabi dil qururlar və bu da oxucu ilə məsafə yaradır.
Ən böyük səhvlərdən biri də öz həyatlarını kiçik saymalarıdır. Elə bilirlər ki, yazılmalı həyat haradasa uzaqdadır. Halbuki yazılacaq ən böyük material elə yaşadıqları həyatdır.
Özünüzə qarşı səmimi olun. Gördüklərinizi, içində olduğunuz hadisələri, müşahidələrinizi çəkinmədən, həm də şişirtmədən yazın.
Ədəbiyyat sizin düşündüyünüz qədər uydurma deyil. Bu gün yazdığınız həqiqi gerçəklik illər sonra fakt kimi yaşayır.
İstərdim ki, gənclər yazarkən bunları nəzərə alsınlar.