Əzizi ölsün müharibənin - Seyid Aynurun şeirləri

Əzizi ölsün müharibənin  - Seyid Aynurun şeirləri

24 Yanvar 2023 14:02 122


YeniYaz.Az gənc şair Seyid Aynurun şeirlərini təqdim edir.


Yuxu


Günəşlənər bir qız
ayrılıqlar adasında,
Üzündə təbəssüm
dayanar sahildə
səbirsiz balıqçı.
Dalğalar çırpınar qız ürəyi kimi:
arzular fırtına olub çəkər günaha sarı
ayaqqabılarını çıxar, dostum,
oyanmasın balıqlar,
yoxsa yuxusu qaçar dənizin.


Ayrılıq

Əlimdəki telefonun ekranından
harasa boylandın
şəkil-şəkil.
Göndərdiyin bütün mesajların hərflərini
nağıllardakı divlər yedi.
Bir bulud qondu
yamyaşıl ağacın başına.
Payız gəldi:
töküldü yarpaqları.


"Xudayarın nəğməsi"
Qeyrətinin üzünü yudu zabit,
Zühur etmiş arzular bulağında
Çiçək açdı mərmilər,
tüpürdü çarmıxa çəkilmiş İsa
erməni xislətinə.

Həsrətinlə yaşıd oğullar gəldi,
nəğmə deyə-deyə, fit çala-çala,
Bir evdə bir ananın
yuxusunda çilikləndi aynalar
vağzalı çalınmadı.

Xatirələri başdaşılarında qalan,
Ağoğlanı düşünüb Məryəm ana
yaddaş məzarlığında
hıçqırdı elə hey ağac-ağac,
saraldı yarpaq-yarpaq.

Göyə əl açan yaralı məscidlər,
Gileyləndi bu dünyanın işindən
üfüqlər əcəl kimi:
Peyğəmbəri-əkrəmin hüzurunda
Ağlamsındı mələklər.

Dalğalanar gözlərimdə bayrağım,
Gəldim oturub söhbətləşək, Şuşa:
sən, mən, dəfnə ağacı
səbrim ovuclarıma sığmır daha
çırp keçmişin tozunu.

Təbiətin beşinci fəslindəyəm –
bir budağım gətirib qucaq-qucaq,
o biri tumurcuqlayıb
Dastan yazıb Cıdırda yallı gedən
Koroğlular, vətənim!..

"Xudayarın nəğməsi" ni oxuyur,
Yarım qalan səngər-səngər məktublar
Dağlara şeir aparın,
bir də ovuc dolu vətən buğdası-
göyərçin yuva salıb.


Susduq

Zaman xəbərsiz ötdü,
külək dalğalandı durmadan,
çayın üzü qırışdı.
Dnepri pıçıltıya bənzər məlahətli səsindən tanıyıram,
onun məni xatırladığı kimi
Bu dəfə düşmən səsimizi eşitməsin deyə
görüşəndə ikimiz də susduq.
“Səhər proqramı”nda dahi Şevçenkonun
məhv edildiyi,
heykəlin baş nahiyəsindən
güllələndiyi xəbərini oxuyan
aparıcı qız ağlamsındı birdən:
“Əzizi ölsün müharibənin!”
Alimlərin proqnozlarına görə –
Buça çayının sahilində yaşayan bütün Məryəmlər
Müqəddəs ruhdan yox,
düşmənin azğınlaşmış əsgərlərindən
hamilə qalacaq,
Qara dənizin balıqları
bir də heç vaxt kürüləməyəcəkdi.
Sabahdan ağır-ağır oyanan
tənbəl günəş
bütün anasız körpələri
bərk-bərk qucaqlayacaqdı.
Bildiyim bir həqiqət var:
müharibə uşaqlarının ayaq səsi
dünyanın ən kədərli musiqisidir.
Şəhər külə dönmüşdü,
Şəhadət barmağını lapdan qaldıran
balaca Lyubaşa qışqırdı:
“Ana, ana, bax, ora
evlərin içində ağac bitib!”


Kəpənək

Gözlərimin içində məskunlaşmış atom hissəciklərinin
göyün üzünə səpələnmiş bütün ulduzların sayından
Trilyon dəfə çox olduğunu dəqiq bildiyim üçün
deyə bilərəm ki, məhəbbətin gözü kor deyil.
İnanmırsan, işıqları söndür,
gözlərimin içinə bax.
Gəl ümumdünya cazibə qanununu pozmayaq,
qollarımızı geniş açıb qucaqlaşaq səninlə.
Nə oldusa, bu gün oldu...
Ömrümün ən uzun tıxacına düşəndən bəri
İllərdir sənə doğru yol gəlsəm də,
səni gördüyüm heç bir dayanacaqda tapmadığımı anladım.
Özümü ayaqları ilə dad alan
kəpənəklər kimi hiss edirəm:
Anam atamdan ayrılandan bəri
neçə bayramdır,
“Uşaqlıq” adlı sehirli şəhərə
düşmür yolum.