"Dağlara dönüş" silsiləsindən
-Dedim axı, getmirəm!
-Niyə, bax niyə?! - Bacım Zülfüqarlıya gedib-qayıdandan sonra mənə qarşı yaman sərtləşib. Elə bil hansısa günah işlətmişəm.
- Camaat tökülüf oralara, bəs deməzlər, niyə bu adam ata yurduna getmir?!
-Ata yurdu qalıb ki, ay bacı...
-Niyə qalmıyıf, illafca yaxşı qalıf! Di sən getmə, mən gedif özümə bir koma tikif qalajam... - Sözdü deyir, nə koma-filan tikəndi, nə də orada tək-tənha yaşayan. - Gərək, bizim evə yığışan "voyyenni"ynən danışaydım...
-Nə barədə, ay bacı?
-Deyəydim ki, gəlif burda tikiləjəm!
Bilir ki, onu nə ata yurdunda tikinti tikməyə, nə də o zabitə bir kəlmə söz deməyə qoyacaqlar. Kəndin yeri dəyişəcək. Ata yurdunda da hərbi hissə tikiləcək. Özünü inandırmağa çalışır ki, yurdumuzda müvəqqəti qarovulçuluq edən gizirə desə, ata evimizin gavurun əlindən salamat çıxan hissəsində yaylıq bir qalacaq düzəldib müvəqqəti yaşamaq olar.
-Özünü öyrəşdirmə!
-Hara?
-Ora.
-Niyə, ora mənim....
-Ta sənin deyil...
Hər ikimiz susduq.
***
Üç ildir, portaldayam, guya gedəcəm...
Vaxtlı-vaxtında müraciətimi təzələyir, hətta tez-tez profilimə girib baxıram. Maşınımın yağını dəyişir, təkərlərə, əyləc sisteminə nəzarət edirəm. Axı Zülfüqarlıya gedən yol dolanbac, enişli-yoxuşludur. Ümumiyyətlə, məndə hər şey qaydasındadır - "my.gov.az"ım, "sima"m, "e-sosial"ım... Pensiyama hələ üç il var. O vaxta daha da yaxşı olacaq. Gedim-getməyim, qayıdım-qayıtmayım, bilmirəm...
"Hələ də getməmisən?! Niyə getmirsən? Bəs nə vaxt gedəcəksən?" Həmyerlilərimin atəş açırmışlar kimi, dalbadal ünvanıma atılan suallarından qaçmağa çalışsam da, yenə üstümə düşürlər, elə bil mən vətən xainiyəm, qorxağam-nəyəm?! İndiyədək kəndə getmədiyimi və yaxın vaxtlarda da getmək niyyətimin olmadığını yəqinləşdirən kimi, gözlərini bərəldib bir müddət susurlar. Sonra, adamından asılı olaraq, hamı üç bənzər sual verir:
-Bə niyə?
-Bə nə vaxt?
-Gəl mənnənn gedəh!
Dərslərimin çoxluğunu, səhhətimi bəhanə gətirirəm. Suallardan yorulub "valın o biri üzü"nə çevirirlər - susmurlar. O gün, bir yas yerində, dözməyib komuna da cavab verdim:
-Mən Qurgen deyiləm, Əli Bahadur oğlu Rzayevəm! Qırx ildən çox pedaqoji təcrübəsi olan əməkdar müəlliməm. Vətənimi sevirəm. Ağlım da sizdən yaxşı kəsir...
Beləcə, bir müddət susub fikrə daldılar. Elə bil onların yadına daş saldım, dediyim söz ürəklərinin başına dəydi, keçmişin toruna düşməmək üçün gerçəklərdən yan qaçmağa çalışdılar:
-Hə-ə, axı, sən oralara elə də bələd deyilsən. Nə görmüsən ki? Zülfüqarlıdan çıxanda neçədə oxuyurdun?
-İkidə.
-Ta heş-zad!
Di gəl, yenə şübhəli baxırlar:
-Doğurdan, ikidə oxuyurdun?
-Vallah, ikidə oxuyurdum.
-Bəs nətəhər o yerlər yadında qalıf?
Axı son otuz ildə, toyda, yasda, çayxanada, hər dəfə söz düşər-düşməz, Zülfüqarlının hər daşından, hər qayasından, uşaqdan böyüyə hər kəsindən elə danışırdım, elə bil öz əlimlə qoyub çıxmışam, qayıdıb götürəcəm. Gərək bundan sonra heç nə deməyim...
***
Bu boyda el-obanı qoyub gedib, yad qızı almışam - şirvanlı. Yəqin, o öyrədir. Nəyinə lazım torpaq, ata yurdu?! Söz gəzdirirlər. Müharibədən qabaq da belə idilər. Didişməkdən başları açılmırdı. Yaxşı ki, dəyişməyiblər - qeyri-ixtiyari buna sevinirəm. Amma tezliklə tamam dəyişəcəklər. Nə üçünsə, bu hiss məni yaman üzür. Yenilikçi olsam da, qəribə təəssüf hissi ilə onların hər birini Zülfüqarlıda - smart evlərin içində təsəvvür edirəm: əllərindən tutub ata yurduna apardıqları uşaqlar onları tamam dəyişdirəcəklər. Səsləri, xasiyyətləri, hətta təbəssümləri də dəyişəcək. Mən o uşaqlara dərs deyirəm. Coğrafiya dərsi. Onlar hər tərəfi yenidən quracaqlar, bilirəm...
Arvadım hər yay deyir gedək, yoxsa ata yurdunu hökumətə verəcəklər. Onun da ağlı gedib sövet dövrünə, elə bilir, mal-mülkü hökumət qamarlayıb kolxozun balansına keçirəcək.
-Mənə yurd payı düşmür. - deyirəm. - Düşsə də, ata evimizi qaytarmayacaqlar.
-Bəlkə də, qaytardılar? Axı sən bircə hökumət idarəsinin qapısını döyməmisən. Hörmətli adamsan...
-Məcburi köçkün statusum da yoxdur...
-Noolsun?! - Arvadım qeyri-ixtiyari, sanki "status"un olmadığına qəzəblənibmiş kimi səsini ucaldır, sonra da səhvini başa düşüb başqa yerdən "vurur". - Bəs deyirdin, hər daşın dibində bir uşaqlıq xatirəm yatır. Ay nə bilim, İsveçrə qələt eləyir Kəlbəcərin yanında. Axı biz oralara getməliyik, uşaqlarımız dədə-baba yurdunu görməlidir.
...biz evlənəndə torpaqlar təzəcə əldən getmişdi. Mən də yandığımdan, özümə təsəlli vermək üçün Kəlbəcərə "İsveçrə" deyirdim. İsveçrə-zad deyil, eləcə Kəlbəcərdir. Çaylaq daşları ilə tikilmiş əyriş-üyrüş evlər, daşlı-kəsəkli dolambac yollar, meşələr, yaylaqlar, çörəyi daşdan çıxan - üzü qaya kimi sərt, ürəyi pilə kimi yumşaq insanlar...
-İsveçrə nağıldır. - Mətbəxdə qab yuya-yuya məndən cavab gözləyən arvadıma deyirəm. - Başını aldatmışam...
Hansısa istəkan yuyacağa necə dəyrisə, az qala çatlasın, amma suyun səsi hər şeyi özü ilə götürüb aparır.
***
Çoxu bilmir ki, mən ikinci sinifdə oxuyandan biz Mingəçevirdə yaşamağa başlasaq da, mən onuncu sinfi bitirənədək, xüsusilə, son iki ildə - səksən beş, səksən altıncı illərdə, Qorbaçovun vaxtında, ta, səksən altının payızında sovet ordusuna əsgərliyə gedənədək, nənəmin yanına - Yelliyurd yaylağına, Zülfüqarlıdakı dədə-baba yurdumuza gedib-gəlirdim. Necə gedib-gəlmişəmsə, heç kəsin yadında qalmamışam: yəqin, onların gözündə boz, mənasız adam olmuşam...
İnciməyə, beləliklə də, getməməyə bəhanə axtarıram. Heç kənddəki bircə yolayrıcı, bir ağac, bir daş qədər də məni xatırlamırlar. Amma soruşsan, Şırlan bulaq harada idi, filankəsin neçə baş qoyunu vardı, filnakəs neçənci il, ayın neçəsində Qızıl Qayadan uçub ölmüşdü, əzbər bilirlər...
Bacım da elə o vaxtlar, sovet dövründə kəndimizə ərə gedib, orada ata yurdumuzda yaşayıb və sonradan ailəsi ilə birlikdə qaçqın düşüb. Heç kəsə deyə bilmirəm ki, mən dərs dediyim bütün siniflərə cənnətdən danışırmış kimi, Zülfüqarlının hər yerini məharətlə təsvir edə bilirdim. İndi isə, ata evimiz yandırılandan sonra, nə qədər istəsəm də, bütün təsəvvürlərim yoxa çıxıb. Beləcə, təsvirlərim də cılızlaşıb. Axı mən coğrafiya dərslərində oraları təsvir edərkən, təkcə təbiətin, yeraltı və yerüstü sərvətlərin deyil, insanların da haqqında ətraflı danışırdım. Bu, dərslərimi daha da cəlbedici, maraqlı edir, pedaqoji sahədə uğurlar qazandırırdı. Ta, heç nə və heç kim barədə heç nə deyə bilmirəm...
***
Donub qalmış heykələ bənzəyir. O qədər kədərlidir ki, oğlunun kənardan fotosunu çəkdiyindən də xəbərsiz olub. Əgər kim bacımı bu halda görsə, yəqin, dünyanın bütün müharibələrinə nifrət edər. Fotoda yandırılmış evimizin xarabalığına baxır. Ona təsəlli verməyə gücüm çatmır. Hamının, hətta gavurun da yerinə utanıram. Deyəsən, bu şəkil deyir ki, müharibə aldıqlarını geri verməyəcək. Yəqin, elə ona görə də bacım Zülfüqarlıya gedib-qayıdandan belə sərtləşib, məndən də üzü dönüb...
Yadımdadır, Mingəçevirdəki çoxmillətli məktəbimizdə, elə bacımla birgə hər il may bayramlarında sülh rəmzi olaraq səmaya ağ göyərçinlər buraxırdıq. Hamı səmaya baxıb sevinirdi: uşaqlar da, böyüklər də, göyərçinlər də. Onları ovuclarımızın qəfəsindən qurtarıb mavi səmanın ağuşuna atdığımıza görə qanad çalıb təşəkkür edirdilər...
***
-Xınababa, xınababa, uç, get, atamı gətir!
Bir də gördük, atam evimizə tərəf qalxan döngədən gülə-gülə bizə tərəf gəlir. Qollarını açıb bizi gözlədi. Mən və bacım var gücümüzlə atamın qucağına atılıb boynuna sarıldıq... Hər il beləcə, yaz gələr-gəlməz bacımla birlikdə Zülfüqarlıdakı evimizin ətrafında - zirinc və itburnu kollarının təzəcə çırtlayan tumurcuqları arasında xınababa axtarır, onu əlimizin üstünə qoyub uçanadək atamızı gətirməyini əmr edirdik. Və atam gəlirdi...
O gün Mingəçevirdəki bağçamda yer belləyirdim. Qəfil bir xınababa əlimin üstünə qondu (Mingəçevirdə yerlilər bu böcəyə "fatmanənə", bakılılar isə" parabüzən" deyirlər...). Bəlkə, məni də kimsə axtarır, xınababa? İnanmıram. Hamı yanımda, bacım da yaxınımdadır. Valideynlərimiz də çoxdan dünyasını dəyişib. Bəlkə, məni axtaran ata yurdumdur? Barmağımın ucunadək yeriyən xınababa qəfil qanad açır, lap yaxınlıqda, keçən il əkdiyim, Çindən gətirilmiş Amerika tuyasının sarı-yaşılı yarpaqlarının üstünə qonur. Deyəsən, məndən uzaqlaşmaq istəmir. Əlimi xınababanın yolunun üstünə tuturam, sevincək barmaqlarıma tərəf yeriyir. Bilmirəm, ona nə deyim? Xınababa bir müddət beləcə, əlimdə, ovcumda vurnuxur. Sonra isə əmr vermədiyimdən qəzəblənib bərkdən vızıldayır, qəfil qanad açıb havaya qalxır, elə bil, başımın üstündə dron uçur, indicə üstümə şığıyacaq! Və gözdən itir...
İndi dron səslərini xınababa səslərindən daha tez-tez eşidirəm. Şimalda və cənubdakı müharibələrdə dronun çıxardığı hoqqalar hər gün gözümün qabağındadır. Mingəçevirin ətrafındakı hərbi hissələrin təlimi zamanı da dron görürəm. Hərdən mənə elə gəlir ki, dünyadakı dronların sayı xınababaların sayını ötüb...
***
Növbəti dərsdə şagirdlərimdən biri qəfil soruşdu ki, niyə keçən rübdəki kimi Kəlbəcərdən danışmır, oraları İsveçrə ilə müqayisə etmirəm? Xeyli düşündüm. Adətən, şagirdlərimə qəzəblənmir, əksinə, sual verənləri irəli çəkir, müzakirələr üzərində dərs qurmağa, həvəslə, ətraflı şəkildə cavab verməyə çalışıram. Buna görə də onlarla qarşılıqlı ehtiram və inam yarada bilmişəm. Bu dəfə isə gözlənilmədən özümdən çıxdım:
-Get, İsveçrəni işğal elə, insanları qır, yurd-yuvasından didərgin sal, sonra da evlərini yandır, gör yerdə nə qalır?
Utandım. Axı mən nə riyaziyyat, nə də tarix müəllimiyəm...
-Coğrafiya! - arxa partada oturan nadinc, qaraşın oğlan - Ayxan ucadan deyir və hamının ona baxdığını görüb qızarsa da, sözündən dönmür. - Yerində coğrafiya qalır!
Qeyri-ixtiyari dodağım qaçdı. Vəssalam, bu dodaqqaçma yetərli idi ki, bütün sinif doyunca gülsün. Mən də onlara qoşuluram. Ayxanın cavabına elə sevindim ki, ona ən yüksək qiymət verdim, dərsimi keçib qəribə fərəh və sevinc hissləri ilə evə yollandım...
Bahar gəlir, meyvə ağacları çiçək açır, mən hələ də bağçamda yer belləmə işlərini bitirməmişəm. Hiss edriəm ki, yer bellədikcə ətrafda xınababalar da çoxalır. Onları bir daha görmək həvəsi ilə addımlarımı yeyinləyirəm. Yolüstü bacımgilə dönmək istəsəm də, fikrimdən daşınıram. Öz-özümə deyinirəm:
-Yox, mən gedəsi olmadım... yox...
Fevral-mart 2026
Bakı, Mərdəkan