Hekayə öz ideyasının hesabına yaşayır - Nizami Bayramlı yazır...

Hekayə öz ideyasının hesabına yaşayır  - Nizami Bayramlı yazır...

17 Noyabr 2022 09:44 414


Bədii ədəbiyatın hekayə janrı ilə sistemləşməsi müasir ədəbiyyatın hazırda deyərdim ki, ən uğurlu tərəfidir. Niyə uğurlu? Əslində, hazırki ədəbiyyat "qısa mətn" mərhələsini yaşayır, oxucunu bacardığı qədər yormamağa doğru meyillənir. Təbii ki, söhbət həcmcə kiçik və keyfiyyətli sənət nümunələrindən gedir. Ədəbi tənqid və ədəbi təhlilin də hərisləndiyi məqamlar müəllifin bacardığı qədər az sözlərdən istifadə etdiyi mətnlərdir.


Öncədən onu bildirim ki, bəzi oxucuların ağlında sual yarana bilər ki, bəs həcmcə böyük və keyfiyyətli olan hekayələr necə? Bildiyimiz kimi həcmcə böyük hekayələr artıq povest adı altında çıxış edir. Yəni bu o demək deyil ki, povest adı altında çap olunan irihəcmli hekayələr keyfiyyətsizdir və s. Qayıdaq əvvələ, müasir hekayə söhbətinə.


Yuxarıda göstərdiyim nüanslara baxmayaraq, bizim ədəbiyyatda yazılan hekayələrin adlarının bir çoxu müasir dövrün tələblərini demək olar ki, ödəmir. Məsələn, hazırda qeyd etdiyim "Zəng Xədicədən gəlirdi" hekayəsi kimi. Bir də xatırladıram, məsələ addan gedir. Hekayəyə ad seçimindən. Müəllifin əlacsız vəziyyətdə qalmasından. Hekayəni oxuyan oxuculardan biri də mənəm. Məsələnin bu yerinə qədər də qeyd etdiyim fikirlər bir oxucu olaraq mənim şəxsi fikirlərimdir. Ola bilsin ki, müəllif belə bu fikirlərlə razı olmasın. Filoloji təhlil ön plana keçirsə, Nihat Pirin ad seçimini qeyri-kafi qiymətləndirirəm. Səbəbini isə bu dəfə oxucu olaraq yox, filoloji mətnin təhlilində "ad seçimi uğursuzluğu" kimi əsaslandırıram. Hekayəni oxuyarkən açıq-aydın şəkildə hiss olunur ki, bəzi texniki qüsurları, nəzəri meyarlara əsaslanmamağı, söz seçimində bər-bəzəkli sözlərdən istifadəni kənara qoysaq, müəllif bədii istedadından lazımi qədər istifadə edə bilib. Nihatın mövzu və ideya seçimi sentimentallığı özündə əks etdirə bilər, amma bu ona əsas vermir ki, müasir hekayələr sentimental olmasın. Mətndə gərəksiz və aşırı sentimentallıq yoxdur. Cübran Xəlil Cübranın dediyi kimi, "onun əsərləri ideyaya adekvatdır". Yəni hekayə öz ideyasının hesabına yaşayır. Bəlkə də müəllifdən qabaq belə bir mövzuda hekayələr yazılıb və ya əksi, müəllifdən sonra yazılacaq. Amma məsələ ideyanın mövzuya fərqli müraciət formasına əsaslanır. Mən çox istəyərdim ki, ədəbiyyatda mövzunun üzərinə bu qədər köklənmək tamamilə sıradan çıxsın, birmənalı olaraq yazılan mətn ideyadan asılı olsun. Postmodernist ədəbi mətnlərə nəzəri olaraq ekskurs eləsək, görərik ki, ümumiyyətlə, nəzəriyyə mətndən uzaqlaşır, yazarın yeni təkliflərinə olan müraciəti sürətləndirir.


"Zəng Xədicədən gəlirdi" hekayəsinin süjet xəttində ilk olaraq göz önünə Şərqdəki yaşayış və reallığın leqal təsvirindən kənarlaşaraq məişət səhnəsini yaratmaq təşəbbüsü var. Çox böyük təəssüf hissi ilə bildirməliyəm ki, müəllif nə qədər Şərqə doğru meyillənsə də, hekayəsinin baş qəhrəmanına özündən asılı olmadan Qərb təsirini sürükləyir. Bu asılılıq zərurətdən doğsa da, gənc müəllif dostuma məsləhət görərdim ki, milli ruhda olan obrazı azad buraxmağa üstünlük versin. Bu həm mətn üçün, həm də mətn oxucuları üçün müsbət bir hal kimi qəbul oluna bilər. Ələxsus da, 20-ci əsrin sonlarında ilişib-qalan kompozisiyadan uzaqlaşsın. Çünki postmodernist mətni hansısa bir çərçivədə yazmaq deyə qanun yoxdur. Xüsusən də, hekayədə. İndi keçək, bər-bəzəkli sözlərdən istifadə məsələsinə. Hekayədə ən çox təəssüfləndiyim məqam budur. Sözügedən mətni oxusanız, görəcəksiniz ki, gənc müəllif postmodern "dil oyun qaydaları"ndan yararlanmaq əvəzinə, cümlələrində modernist mətnlərin yazılması zamanı istifadə olunan bər-bəzəkli sözlərə üstünlük verib. Roman janrından bir şeyi bilirik ki, onun qatları iç-içə soxulmaqla yarımçıqlıq kürkünə bürünməklə məşğuldur.


Nihat Piri (və öz müşahidəmi) tərif (tənqidi mətn olmasına baxmayaraq) eləyəsi olsam, deyərdim ki, mətni həmin yarımçıqlıq kürkündən azad etməsi diqqətəlayiqdir. Çünki mətnə olan məsuliyyət bütövlüyün, tamamlığın dayaqlarını uçurmur. Bu təbiiliyin arxasında dayanan faktor isə mənəvi missiyadır. Özündən əvvəlkilərin əsarətindən azadolma kimi də qiymətləndirmək olar. Ətrafdakılarla arasındakı harmoniyanı pozma prinsipini formalaşdırmaq haqqında danışdığımız mətnin ən yaxşı keçididir.


"Zəng Xədicədən gəlirdi" hekayəsi, düzü, müəllifin, şübhəsiz ki, yaxşı hekayələri arasında gördüyü mətnlərindəndir. Ədəbi tənqidin tələb və meyarlarını ödəməməyi baxımından, şərh baxımından haqqında bir o qədər də danışmaq mümkün deyil. İnanıram ki, müəllifin yaratmaq istədiyi yeniliklər birmənalı olaraq onun istedadına söykənən əsas amillərdəndir. Gənc dostum Nihata çıxdığı bu ədəbi yeniliklər yolunda uğurlar arzu edirəm!