Kaçeqar - Aliyə

Kaçeqar  - Aliyə

10 Fevral 2022 09:33 775


YeniYaz.Az Aliyənin “Kaçeqar” adlı məktəb xatirəsini təqdim edir.

Orta məktəbin yeddinci, ya da səkkizinci sinfindəydim. Dəqiq yadımda deyil. Mən deyim, yan-yörəsini siz düzəldin. Kənd məktəbi. 90-lar. Yaz deyilsə, fevral ayı. Arada günəş işıldayır, amma soyuq əvvəlki kimidi. Kənddə həyat fəsillərdən, havadan çox asılıdı, təbiət təsviri dərdində deyiləm yoxsa ki.

- Məktəbə radiodan əməkdaş gəlib.

Biz, hər şeydən çox yenilikdən yoxsul uşaqlar bu gün direktorun göstərişi ilə daha bir dəfə qalanmış sobanın ətrafında bir az da bu xəbərin istisinə qızınırıq.

Qapı qəfil açıldı. Xadimənin titan dişləri otağı sarı həyəcanlı işığa bürüdü:

- Direktor səni çağırır.

Əməkdaş sözünü onda eşitdim. Kitab-zad çox oxuyurdum, amma rastıma çıxmamışdı. Hətta lap çox oxuyurdum. TV yox, əyləncə yox. Ancaq böyüklərin söhbəti, qayğıları, evə gələn qəzetlər, dərs və kitablar. Qısa bir təlimatdan sonra yuxarı sinifdən başqa bir qızı da mənimlə birgə qonaq var deyə quru odunla daha gur yanan peçin qızdırdığı direktorun otağına, radio əməkdaşıyla söhbətə göndərdilər.

Orta yaşlı, qarabuğdayı kişi idi. Çoxlu danışdı. Aparatı qoşmamış kəşfiyyatçı suallar verməyə başladı. Bizimsə ağzımızı bıçaq kəsmir, o qədər dilsizik. Kim indiyədək bizdən nə soruşub ki?

Əməkdaş deyir, Türkiyədə, Rusiyada uşaqlar dil-dil ötür, bizsə...

Adam sual verir, sualasa cavab vermək lazımdı. Məsələn, deyir, adi sual verim, səni indi düşündürür, problemin nədir?

Əlbəttə, biz "oxuyub layiqli vətəndaş olaraq məktəbin və vətənin adın qaldırmaq" şablonunu keçmişik artıq...

Deyirəm, işıqlar verilmir, televizora baxa bilmirik, sizin radionu da ancaq gecələr dinləyirik. "Bulaq" verilişindəki kənd-kəsək söhbətlərini.

Sonralar fanarli, zaryadka saxlayan, maqnitofonlu radiolar da çıxdı, gecələr kənd cavanları fanarları yandırıb maqnitofonu qoşub kəndin içində gəzir, ya da bir-birinin evinə oturmağa gedən qohumları ötürürdülər.

TV-ni burax, yemək bişirmək zülmdür.

Evdə ocaq qalamaq işinə mən baxırdım, yaş odun yanmır, gözlərimiz tüstüdən çıxırdı.

Mən yaş odunları yandırmaqda usta idim, işimi sevirdim, istiliyi sevirdim. Hətta ləqəbim də vardı: "Kaçeqar". “Ocaqçı” yəni...

İşıq söhbəti yerinə düşmədi. Kişi qalxıb dar otaqda o baş-bu başa getdi, qayıdıb yerinə oturanda dedi:

- Bu, başqa məsələdir. Şəhərin özündə də işıqlar verilmir. Siz gələcəyimizsiniz bizim. Ordan bura sizin fikirlərinizi soruşmağa gəlmişəm. Bax, deyirlər sən savadl uşaqsan, çoxlu kitab oxuyursan. Oxuduqlarından kimə oxşamaq istəyirsən?



Oxumuşam, amma kiməsə oxşamaq ağlımın ucundan keçməyib. Adamsa sual verib gözləyir. Ağlıma heç nə gəlmir. Adam gözləyir.

Şşşşşşşş...

Aparat qoşulu deyil, amma bu səssizlik sanki radiodan gəlir.

Şşşşşş...

Hər şey bir yana, qapının arxasındakı müəllimləri, direktoru biabır eləmək olmaz. Bütün məktəb gözləyir.

Russonun “Etiraf”ını belə oxumusam, amma nə olsun. O qədər kitabdan biri dadıma çatmır. Evdə işlənməyən qaz sobasının altına pərsəng yerinə qoyulmuş, gözümüzü döyənək eləmiş, peçi lazımsız əşya kimi çıxarandan sonra əlimə keçən, heç oxuyub bitirmədiyim kitabdan başqa. Varını verən utanmaz. Nə ola-ola. Təki əl çəksin:

- Ostrovski. “Polad necə bərkidi”. Pavel Korçagin...

İttifaq dağılıb, kommunizm sözü çöküb, ideologiya dəyişib, hər kəsi türk çıxardığımız vaxtların havasındayıq hələ də. Milli özünüdərk... Özünəqayıdış... Repressiya haqda araşdırmalar, işğal, siyasi dəyişikliklər, bazar iqtisadiyyatı... Və birdən Korçagin. Yox bir Pavlik Morozov!

Amma yenə də kitabdır hər qapını açan.

Otaqdan çıxıram:

- Heç nə soruşmadı, özü danışdı elə.

Suallar səngiyəndə, müəllimlərin arasından anam deyir:

- İşıqlar yanır. Radiodan gələn kişi gedənəcən söndürməyəcəklər. Qaç evə, çayniki “pletka”ya qoy, mən də gəlirəm.

Evə gedirəm.

Həyəcanlı və məyusam.