“Kitayski” Çin - Aqşin Yenisey yazır

“Kitayski” Çin   - Aqşin Yenisey yazır

10 Oktyabr 2022 11:58 267


Qədim Çin fəlsəfəsi Daosizmin banisi Lao Tzı ömrünün sonuna yaxın öz kəlini minib Çini tərk edərkən gömrük məntəqəsində "ilişir”. Gömrük rəisi ondan, çox güman, ölkəni niyə tərk etdiyinin səbəblərini yazmağı tələb edir və qoca Lao bir gecədə "Dao De Çinq” kitabını yazaraq Dao fəlsəfəsinin əsasını qoyur. Dao tərcümədə "yol” deməkdir. Fəlsəfəsinin kökündə yol anlayışı dayansa da, Çin xalqı tarixin heç bir dövründə yola çıxmaq istəmədi, çıxdığı yolların da yarısından qayıtdı. Hətta ucu-bucağı görünməyən Çin səddini tikib özünə gələn və özündən gedən bütün yolların önünü kəsdi.

Bəlkə də, buna görə tarixin arxeologiyası ilə məşğul olan Mişel Fuko Çin mədəniyyətini zamanın kar qulağı adlandırırdı. Çin dünyanı eşitməyən, görməyən ayrıca bir sivilizasiya idi, kainatın ayrıca bir küncü idi onun gözündə. Dörd min illik yazılı tarixi (Daymond kimi bəzi alimlər şumer və Mayya yazı mədəniyyətini daha qədim hesab edir) ilə özünü dünyanın yerdə qalan hissəsindən ayıran bu mədəniyyət dünyanı eşitmək, görmək istəməsə də, dünyanın gözü həmişə Çində idi. İki min il öncə dünya Çinin evindən kağızı, min il öncə barıtı oğurladı və tamam başqa bir dünyaya çevrildi. Hətta Çini tanımağın sayəsində bədəvi ərəb də kitab yazdı.

Çinin ayrıca bir sivilizasiya olmasının səbəbləri elm adamlarının həmişə yuxusuz gecələri olub.

Məsələn, ingilis tarixçisi Vudruff yazır ki, Avropa və Asiyada insanları cəmiyyət halında yaşamağa həvəsləndirən, onlara gələcəyə ümidlə baxmağa güc verən mənəvi-ruhani fenomen din idisə, Çində bu güc mədəniyyət idi. Çinlilər ta özlərini tanıyandan bu yana tanrıdan, ya da tanrılardan daha çox bir-birlərinə inanır və öz yaratdıqlarına güvənirlər (yazının növbəti sətirlərində bunu görəcəyik). Çinlilər üçün dini əvəz edən mənəvi-ruhani narrativlərin heç biri xoşbəxtliyi metafizikada axtarmır. Məsələn, Konfutsianlıq bir nizam-intizam sistemidir, insan nə qədər düzənli, nizamlı həyat yaşasa, bir o qədər xoşbəxt olacaq. Bundan ötrü isə o özü, mühiti və təbiət arasındakı harmoniyanı pozmamalıdır.

Yaxud Daosizm bir inancdan daha çox, bir idarəetmə, yönləndirmə sistemidir. İnsan xoşbəxtliyini tamamilə real bir iyerarxiyaya bağlayır. Daosizmin əsas "ayə”lərinin birində deyilir: "İnsanlar özlərini dünya ilə, yer üzünü cənnət ilə, cənnəti yol ilə, yolu da təbii yaradılış ilə tanıyarlar”.

Burada metafizik anlayış olan cənnətin özü də "yer üzü” və "yol” anlayışları ilə eyniləşdirilərək mövhumi örtükdən xilas edilir. Buddizmə gəlincə, bu əzabkeş mənəviyyat paradiqması insanlarla təbiət və insanlarla kral arasında ortaq məxrəcə gəlməyi tövsiyə edən bir nəsihətnamədir. Biz üç əsas Çin inancının heç birində tanrıya rast gəlmədik.

Əsas Çin mənəviyatını təşkil edən bu sistemlər ibrani dinlərdən fərqli olaraq insanın ruhani gözəlliyini onun günah hissini deyil, utanc hissini duymasında görürlər. İnsan onu utandıracaq əməllərdən qaçmalıdır. Uzaq Şərq inanclarına görə, ən ağır cəza utanc hissidir!

Amma milli şüuru dindən deyil, mədəniyyətdən qidalanan Çin həm də dünyada "Çin işgəncəsi” kimi "cəza brendi” ilə məşhurdur (Çində 1905-ci ilə kimi cinayətkarı ağrı şiddətinin uzunmüddətliyinə hesablanmış Çin işgəncəsi ilə öldürürdülər, həm də Orta əsrlərdə olduğu kimi xalqın gözü önündə).

Bu zorakılıqların səbəbi də Çinin milli şüurunda yatan özünü təcridetmə düşüncəsindən gəlir. Çünki çinlilər tarix boyunca, (bəlkə, bu gün də) başqa xalqlara barbar gözü ilə baxıblar və elə buna görə də Fukonun dediyi kimi, dünyanın digər hissəsindəki hadisələr qarşısında kar-kor qalmağa üstünlük veriblər.
Çinlilərin dünyaya barbar kimi baxmasının səbəbi əvvəlcə köçəri monqol-türk tayfalarının Çinə dağıdıcı hücumları idisə, ikinci səbəb çinlilərin XIII əsrdə dünyanı italyan səyyahı Marko Polonun simasında görüb onun ardınca dünyaya yaxından baxmaq istəmələri və bədbəxtlikdən bu dəfə də qarşılarına adamyeyən Afrika qəbilələrin çıxması idi.

Əhvalat belə olmuşdu. Magellandan, yüz, Kolumbdan, təxminən, doxsan il əvvəl Çinin Min imperatoruluğu dünyaya öz mədəniyyətini göstərmək üçün yeddi böyük gəmi ilə Hind okeanından yolu düşdü. 134 metr uzunluğu, 56 metr eni olan bu Çin gəmilərinə bənzər gəmilərə Avropa hələ üç əsrdən sonra sahib ola biləcəkdi (Vudruff). Bədbəxtlikdən külək bunları qova-qova gətirib Afrikanın cənubuna çıxardı: lüt-ətcə, qara-qara adamlar, bir-birilərini ovlayıb yeyirlər, sağ qalanlarını şir-pələng parçalayır, uşaqları yırtıcı quşlar caynağına vurub aparır, qadınlar hələ də bitki kökləri toplayırlar və s.

Bura, yəni Afrika, bir növ, ölçüləri kiçildilmiş ibtidai dünya idi. Yazıb-oxuyan, kağızı, barıtı, mancanağı yaratmış, gəmiçilik, inşaat texnologiyalarına sahib Çin, qarşısında dünyanı belə gördü; lüt-üryan və adamyeyən! Çinli səyyahlar afrikalı qəbilə başçılarından (bəlkə, onları da basıb yeməsinlər deyə), xalaxətri, bir-iki zürafə, beş-altı dəvəquşu yumurtası, bir-iki kisə kərgədan sür-sümüyü alıb bir daha dünyaya dönməmək adına geri qayıtdılar. Çin ABŞ-la "ticarət müharibəsi”nə girdiyi bu günlərəcən bir də heç vaxt dünya ilə maraqlanmadı. Amma dünya həmişə onunla maraqlandı.

ABŞ-ın məşhur politoloqu, beynəlxalq münasibətlər üzrə "modern peyğəmbər” sayılan Zbiqnev Bjezinski "Böyük şahmat taxtası” kitabında dünyanın növbəti "siyasi-seysmik” zonaları arasında Avrasiyanın da adını çəkir. Hansı ki, bu bölgə XVI əsrdən üzü bu yana həmişə Qərb müstəmləkəçilyinin rəqabət mərkəzi olub. Bu bölgədə Qərb ordularından daha çox Qərb tacirləri döyüşüb.

Bu gün Çin yenidən dünyaya açılmaq istəyir. Çünki qulağının dibində tarixi düşmənləri olan və Qərb modernizmini mənimsəyərək güclənmiş dövlətlər "peyda olub”. Çin öz gələcəyindən qorxur.

Bu qorxu Çin Səddini tikən tarixi bir qorxudur. Çünki Afrikanı görüb geri qayıdandan sonra özünə, öz mədəniyyətinə qapanan Çin, Konfutsianlığın, Daosizmin və şübhəsiz o dövr üçün öz texnoloji inkişafının təsiri ilə əsrlər boyunca özünə daldı və bir də onda oyandı ki, missioner xristian keşişləri, bütün dünyanı alış-veriş mərkəzinə çevirmiş Avropa tacirləri və ən nəhayət, ən müasir silahlarla dolu Avropa gəmiləri sahillərində "yezda” keçir.

Çox keçmədən Hindistan malını çinlilərə satmaq istəyən Britaniya ilə Çin arasında məşhur "Tiryək müharibələri” başladı ki, səbəbi ilə maraqlananlar girib internetdən oxuya bilərlər.

Çin bu dəfə "qara məni basınca, qoy qaranı mən basım” düşüncəsi ilə yenidən üstünə gedən Qərbi qabaqlamaq, özü dünyaya açılmaq istəyir.

Nə isə... Bundan sonrasını da tarixçilər, politoloqlar düşünsün. Sonda onu da deyim ki, çinşünas Everhard kimi professorlar yazırlar ki, müasir Çin bizim bildiyimiz qədim mədəniyyəti olan Çin deyil. Yəni bugünkü İtaliyanın Qədim Romaya, bugünkü İranın qədim Persiyaya nə qədər dəxli varsa, bugünkü Çinin də qədim Çin mədəniyyətinə bir o qədər dəxli var. Odur ki, müasir Çini Qədim Çin mədəniyyəti üzərindən təhlil etmək heç də doğru yanaşma sayılmamalı.

Bugünkü Çin daha çox "kitayski” Çindir!
Qaynarİnfo