İki gün idi evdən bayıra çıxmırdım. İşlə məşğul idim. Özümü məcbur edib işimi bitirdim. Dedim çıxım bir az gəzim. Bir az hava, bir az da mer-meyvə alım. Beynimdə dağı arana, aranı dağa köçürə-köçürə küçəylə gedirdim. Gördüm iki qız vitrinin qarşısında dayanıb özlərini unutmuş bir vəziyyətdə heyranlıqla vitrinə baxırlar.
İlin-günün bu vaxtında iki insanın yanaşı dayanıb bir istiqamətə heyranlıqla baxması etiraf edək ki, adi hal deyil. Bəs bu iki qız hara, nəyə belə heyranlıqla baxırdılar? Sizi intizarda saxlamaq istəmirəm. Yazıda, ədəbiyyatda intizardan zəhləm gedir. Açığı intizarlıq bir şey də yoxdu. Bu iki qız heyranlıqla gəlin paltarlarına baxırdılar. Dayandım yanlarında. Onların ruh halını hiss etmək istəyirdim. Bilmək istəyirdim bu gəlin paltarları iki qızı necə, hansı qüvvəylə, hansi guclə sehrləyərək, ovsunlayaraq yerlərində dondurub. Sanki manikenlərin əyinlərinə geyindirilmiş gəlin paltarları ay işığı idi, qızları buraxmırdı, sehrləyib, ovsunlayıb saxlamışdı, getməyə, yollarına davam etməyə imkan vermirdi.
Həyat elə gətirib ki, insanların nəyəsə baxmasını çox müşahidə etmişəm. Nəyəsə baxan adama baxmaq mənim üçün həmişə maraqlıdır. Xeyli tamaşaların, filmlərin premyerasında olmuşam. Xeyli sərgilərdə iştirak etmişəm, amma kiminsə hansısa rəsm əsərinə, tamaşaya, filmə belə heyranlıqla baxdığını görməmişəm. Bu iki qız manikenlərin əyninə geyindirilmiş gəlin paltarına elə heyranlıqla baxırdılar ki, bir qram, bir qram da yox, bircə milliqram müşahidə qabiliyyəti, mərhəməti, hissiyyatı olan adam onların gözlərindən bu sözləri asanlıqla oxuya bilərdi: Biz o paltarı geyinmək istəyirik.
İndi yazacam, bəzi adamlar inanmayacaqlar. Həmin anda yadıma ölməz Viktor Hüqonun ölməz “Səfillər” əsərindən Kozettanın oyuncağa heyranlıqla, həsədlə baxması səhnəsi düşdü. Əgər məndə bir qram qeyrət, bir qram cəsarət olsaydı, əlimə bir daş götürüb mağazanın şüşəsini sındırar, gəlin paltarından ikisini götürüb qızlara hədiyyə edərdim. Edə bilmədim. Öz acizliyini, gücsüzlüyünü hiss etmək insan üçün necə ağır imiş.
Dayana bilmədim daha orda. Aralandım. Küçəyə çıxmağıma peşman olmuşdum. Gəzə-gəzə öz-özümə düşünürdum: əgər bir mağazanın şüşəsini sındırıb iki qıza gəlin paltarı hədiyyə vermək gücündə deyilsənsə müxtəlif mövzularda yazılar yazmağın, boşboğazlıq etməyin mənası nədir? İnsanın yazdıqları ilə həyatı, düşüncələri arasında bu qədər zidiyyətin olmasi saxtakarlq deyilmi?
Bu cür fikirlərlə gəzmək çox çətin idi. Qarşıma çıxan kafelərdən birinə girdim. Çay və tort sifariş verdim. Yavaş-yavaş həyəcanım çəkildi, soyudum və ayıq başla bir suala cavab axtarmağa başladım.