Latın qrafikasıyla çap olunan kitablardakı nöqsanlar - Fəxri Uğurlu

Latın qrafikasıyla çap olunan kitablardakı nöqsanlar  - Fəxri Uğurlu

14 Fevral 2022 09:21 427


YeniYaz.Az yazıçı-esseist Fəxri Uğurlunun latın qrafikasıyla çap olunmuş kitablarda yol verilən nöqsanlarla bağlı yazdığı “Çörəyi ver çörəkçiyə” məqaləsini təqdim edir.

Günlərin bir günü bir gənc həmkarımla dünya mədəniyyəti tarixinə dərin iz salmış kitablardan danışırdıq. Söhbət əsnasında məlum oldu ki, dostum Servantesin “Don Kixot” romanını yarımçıq oxuyub, daha dəqiqi, əsərin birinci cildindən xəbərsizdir. Ağlıma ilk bu gəldi: yəqin gənc həmkarım romanın özündən yaşlı olan birinci bölümünü - “Gənclik” nəşriyyatının “Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyası altında 1983-cü ildə işıq üzünə çıxardığı birinci cildini görməyib, “Don Kixot”un 1985-ci ildə çapdan çıxmış ikinci cildini oxuyub və elə bilib ki, əsər elə bu cilddən ibarətdir. Üstəlik, ikinci kitabın da proloqla başlandığını nəzərə alanda gəldiyim qənaət xeyli inandırıcı görünürdü. Sən demə, səbəb mən düşündüyümdən qəlizmiş...

Ölkə Prezidentinin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, sovet dövründə kiril əlifbasıyla çap olunmuş xeyli ədəbi əsər latın qrafikasıyla yenidən nəşr edilib dövlət kitabxanalarına paylandı. Paylanma işinin hansı səviyyədə icra olunduğunu deyə bilmərəm, ancaq çap işinin icrasını bir çox hallarda, yumşaq desək, mükəmməl saymaq olmaz...

Dünya ədəbiyyatının tacı sayılan Servantesin “Lamançlı Don Kixot” romanı iki kitabdan ibarət olsa da, 2004-cü ildə əsərin yalnız ikinci cildi nəşr edilib. Xatırladım ki, romanı dilimizə professor Pənah Xəlilov çevirmişdi. Yeni nəşrdə tərcüməçinin bir qədər dəyişdirilməklə ön söz kimi təqdim edilmiş yazısı 1985-ci il nəşrində kitabın sonunda verilmişdi.

Görünür, tərtibçilər də, naşirlər də əsərin birinci cildinin varlığından yerli-dibli xəbərsiz olublar, yoxsa romanın birinci bölümü dura-dura ikinci bölümünün dərc edilməsini necə anlamaq olar? Ən azından kitabda Don Kixotun yel dəyirmanıyla döyüşməsi səhnəsinin yer almamasından (çünki həmin səhnə birinci cilddədir) şübhələnə bilərdilər. Çox güman, naşirləri ikinci cildin də proloqla başlanması yanıldıb. Üstəlik, həmin proloqda aşıq-aşkar deyilir ki, Don Kixot birinci və ikinci səfərlərindən (ki, bunlar barədə əsərin məhz birinci cildində danışılıb) sonra üçüncü səfərə çıxdı.

2007-ci ildə elə həmin “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmış “Fransız ədəbiyyatı antologiyası” da insanı sözün pis mənasında heyrətləndirir. Birinci cildin titul vərəqində antologiyanın 2 cilddə tərtib olunduğu yazılsa da, nədənsə tərtibçilər nəşrə 3-cü cildi də əlavə etmək qərarına gəliblər. Cildlərin sayı artmağına artıb, fəqət nəyin hesabına?

Qustav Floberin dünyaca məşhur “Madam Bovari” romanını mərhum yazıçımız Ənvər Məmmədxanlı hələ ötən əsrin 30-cu illərində dilimizə çevirib. Ancaq antologiyanın I cildinə bu əsərdən cəmi otuz beş səhifə salınıb. Bundansa Floberin təqribən otuz-qırx kitab səhifəsi həcmində kiçik əsərlərindən birini çevirib antologiyaya salmaq, bununla da tərcümə ədəbiyyatı xəzinəmizə yeni töhfə vermək olmazdımı? Həm də dilimizə çoxdan çevrilmiş “Madam Bovari”yə - dünya ədəbiyyatının bu nadir incisinə belə nəhəng layihə çərçivəsində nə səbəbdən xüsusi bir cild ayrılmasın?

Ədəbiyyatdan az-çox xəbəri olanlar bilirlər ki, Volterin “Kandid, yaxud optimizm” əsəri povestdir. Fransız ədəbiyyatında bu adda janrın olmadığını nəzərə alsaq, novella, yaxud kiçik roman da demək olar. Antologiyada bu əsər hekayə kimi, üstəlik, “hekayədən fraqment” şəklində yarımçıq təqdim olunub. Əvvəla, təqribən 80-90 kitab səhifəsi həcmində olan bir əsərin nədən bütövlükdə tərcümə edilib antologiyaya salınmadığı başa düşülmür. Dünya maarifçilik cərəyanının bayraqdarı sayılan Volterin şah əsərinə fransız antologiyasında yermi qəhət idi? İkincisi, Volterin kiçikhəcmli nəsr əsərləri də var, onlardan birini çevirib bütöv şəkildə antologiyaya salmaq olmazdımı?

“İndiana” romanından verilmiş bir parça da oxucuda əsər haqqında təəssürat yaratmağa qadir deyil. Üstəlik, Jorj Sandın hələ sovet dövründə tərcümə olunmuş dünya şöhrətli romanı da nədənsə ayrıca kitab şəklində buraxılmır, qol-budağı budanmış şəkildə antologiyaya salınır.

“Fransız ədəbiyyatı antologiyası”nın hansı meyarlar əsasında hazırlandığı anlaşılmır. Məsələn, Onore de Balzakın “Qobsek” əsəri yazıçının 2006-cı ildə “Şərq-Qərb” nəşriyyatında tərtib olunmuş “Seçilmiş əsərləri”nə daxil edildiyi halda, novellanın yenidən antologiyaya da salınmasına nə zərurət vardı? Prosper Merimenin “Məhəbbət ilahəsi” əsəri də onun kimi - həmin müəllifin həmin nəşriyyatda həmin ildə çap olunmuş “Seçilmiş əsərləri”ndə də yer alıb. Əgər antologiyaya adıçəkilən əsərlərin yeni tərcümələri, yaxud eyni müəlliflərin başqa əsərləri salınmış olsaydı, bunu başa düşmək olardı.

Antologiyanın II cildinə Alber Kamünün “Taun” romanından cəmi 14 səhifə daxil edilib, halbuki bu şöhrətli əsər dilimizə, yanılmıramsa, ən azı iki dəfə tərcümə olunub. Oxucu kiçicik parçanı oxuyub əsərin məzmunu və ideyası haqqında məlumat ala bilməyəcəksə, onu girinc qoymağın nə anlamı var? Üstəlik, Kamünün bundan qat-qat yığcam əsərləri var. Yazıçının məşhur “Sizif haqqında mif” əsərinə isə cəmi üç səhifə yer ayrılıb, tərtibçilər hətta “əsərdən fraqment” yazmağı da lazım bilməyiblər. Oxucuda belə bir yanlış təsəvvür yaranır ki, guya əsər elə bu kiçik parçadan ibarətdir. Bundansa kitaba Kamünün kiçikhəcmli esselərindən birini salmaq daha məqsədəuyğun olardı.

Fransuaza Saqanın məşhur “Salam, qüssə!” romanı həcmcə kiçik əsər olsa da, antologiyanın II cildində onun yalnız birinci bölümü verilib, oxucu yenə də əsərin süjetindən, məzmunundan xəbərsiz qalır.

Bunlar azmış kimi, antologiyaya salınmış ədəbi mətnlər ciddi redaktə səhvləriylə doludur. Emil Zolyanın III cilddə yer almış “Dəyirmanın mühasirəsi” povestindəki redaktə xətalarını saymaqla qurtaran deyil: “Fransuazanın yanağındakı çuxurlar daha aydın göründülər” (135-ci səh.), “yarpaqlar havada oynadılar” (141-ci səh.) kimi cümlələr hansı dildədir? Yaxud da atılan güllələr haqda belə bir cümləyə rast gəlirik: “Onlar dolu kimi dəyirmanın köhnəlmiş divarlarını cırmaqlayırdılar” (142-ci səh.). Əsər boyu “soldat”, “serjant” kəlmələri oxucunun gözünü yağır eləyir; halbuki “soldat” əvəzinə “əsgər”, “serjant” əvəzinə “çavuş” yazılmalıydı. Hiss olunur ki, əsər köhnə nəşrdən götürülüb, olduğu kimi kitaba salınıb və üzərində redaktə işi getməyib.

Fransız ədəbiyyatının Jan Jak Russo, Şarl Lui Monteskyö, Andre Jid, Lui Ferdinand Selin, Romen Rollan, Fransua Moriak, Mişel Uelbek kimi bir çox parlaq simalarının antologiyadan kənarda qalması da işin yarıtmazlığına daha bir sübutdur. Onu da deyim ki, oxucunu yormamaq üçün bu yazıda haqqında danışdığım kitablarda rast gəldiyim nöqsanların yalnız az bir qismindən söz açdım. Redaktə bir yana, korrektə səhvləri barədə isə heç danışmağa dəyməz.

Üstəlik, bu tipli nəşrlərdə mütləq hər müəllif haqqında yığcam da olsa məlumat verilməlidir. Təəssüf ki, Azərbaycan oxucusuna təqdim olunmuş antologiyalarda bu ənənə də qorunmur...

Dövlətin himayədarlığı və böyük maliyyə dəstəyi sayəsində latın qrafikasıyla yenidən çap olunmuş kitabların nəşrinə bu sayaq biganə, səthi münasibətin səbəbi nədir? Niyə bu seriyadan çıxan kitablar yalnız bir nəşriyyatın monopoliyasına alınmalıdır? Əgər bu nəhəng işin icrasına bir neçə ciddi nəşriyyat cəlb olunsaydı, rəqabət sayəsində nöqsanlar daha az olmazdımı?

Dövlət hər il filan qədər pul ayırıb yaradıcı təşkilatları çökməyə qoymur. Nə üçün ədəbiyyata birbaşa dəxli olan bu cür məsuliyyətli işdə Yazıçılar Birliyinin xidmətlərindən istifadə olunmayıb? Əgər kitabların redaktə, korrektə, tərtibat məsələləri azacıq maliyyə vəsaiti ayrılmaqla bu təşkilatın boynuna qoyulsaydı, haqqında danışdığımız-danışmadığımız bunca biabırçı qüsurlara yol verilərdimi? Üstəlik, yoxsulluqdan əziyyət çəkən yazıçı tayfası da dövlətin dəstək verdiyi bu möhtəşəm layihədən beş manat xeyir götürsəydi, dünyamı dağılardı?

Bu suallara cavab tapmağa çalışacağıq...