Leninlə Xomeyni kitab təqdimatında - Fotolar

Leninlə Xomeyni kitab təqdimatında   - Fotolar

01 Martt 2023 12:30 458


Dünən “Qanun” Nəşrlər Evinin binasında fəaliyyət göstərən “M Teatr”da tanınmış yazar Eluca Atalının “İran hizbullah zindanında” romanının təqdimatı və imza günü keçirilib.

Maraqlı formatda təqdim olunan tədbir ümumi bir tamaşa əhvalı yaratmışdı.

Tədbiri giriş sözü ilə “M Teatr”ın rəhbəri, Xalq artisti Vidadi Həsənov açaraq müəllifi alqışların müşayiəti altında səhnəyə dəvət etdi.

İlk çıxış üçün söz kitabın redaktoru Əntiqə Qonağa verildi.

Sonra müəllif barədə video-roliklər göstərildi.

Tədbir boyu müəllif roman və onun yazılma zərurəti haqqında söhbətlər etdi.

“M Teatr”ın gənc aktyorlarının ifasında romandan bir səhnə oynanıldı. Bu səhnə Vladimir Leninlə İmam Xomeyninin Bakıda görüşməsi ilə bağlı qrotesk idi.

Tədbirin sonunda müəllif kitablarını imzaladı və xatirə şəkilləri çəkildi.

Xatırladaq ki, “İran hizbullah zindanında” romanı “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adlı dörd kitabdan ibarətdir. Roman tarixi, ictimai, siyasi baxımdan İran İslam inqilabının təsadüf, yoxsa zərurət olması suallarını cavablandırır. İnqilab və insan anlayışlarını üz-üzə qoyan müəllif, inqilabın antihumanist mahiyyət daşıdığını və insanı yediyini isbat edir.

1978–1988-ci illəri əhatə edən əsərdə hadisələr əsasən Paris, Qum və Urmiya şəhərlərində baş verir.

Əsərdə azad düşüncəsinə görə şərlənib zindana atılmış yüzlərlə insanın taleyi ilə tanış oluruq. Eyni zamanda, digər maraqlı nüanslarla da qarşılaşırıq. Məsələn, İmam Xomeyninin Bakı planı, “Azadlıq” meydanında Leninlə qarşılaşması, hər iki liderin Quzey Azərbaycanda mövqe tutmaq uğurunda mübarizəsi və s.