Marina Ovsyannikova azərbaycanlı olsaydı - Şərif Ağayarın yazır...

Marina Ovsyannikova azərbaycanlı olsaydı   - Şərif Ağayarın yazır...

15 Martt 2022 12:05 223


Rusiyanın “Birinci kanal”ında yayımlanan “Vremya” verilişində "No War!" şüarı ilə canlı efirə çıxan Marina Ovsyannikova günün qəhrəmanına çevrildi.

Kanalın redaktoru olan xanım “müharibə” kəlməsinin qanunla qadağan olunduğu və bu ifadəyə görə ağır cəza nəzərdə tutulduğu bir ölkədə doğrudan da böyük şücaət göstərdi.

O, hər şeydən əvvəl qəhrəmanlığın an məsələsi olduğunu bir daha sübut etdi.

Məşhur şeirdə necə idi:

Onun üçün ölümə bir atılış gərəkdir
Atıldıqdan sonra da bir daha dönməməkdir...

Lakin qəhrəmanlıq həm də uzun bir prosesin, dərk olunmuş gerçəkliyin meyvəsidir.

Marina xanım qəhrəmana çevrilən kimi dərhal onun sosial şəbəkə hesablarına baş vurduq.

Məlum oldu ki, əvvəllər irticaçı siyasətin nəinki müdafiəçisi, hətta təbliğatçısı olub.

Az keçməmiş onun etiraf videosu yayıldı.

Səhv etdiyini, zülm və istibdadın xidmətində durduğunu boynuna aldı, bundan peşman olduğunu bildirdi.

Həqiqətə sayğı insanın fitrətindədir və dünyanın ən pis adamı da haqsızlığı hiss edir, ona daxili müqavimət göstərir, sadəcə şəxsi məqsədlər və ambisiyalar həqiqət eşqindən güclü olanda onu öz daxilində palçıq vulkanı kimi susdurur.

İçindəki həqiqət qımıltısı tamamilə sönən adam, ruhən ölüdür.

Biz son 30 ildə çoxlu belə rəhmətliklər gördük.

Aramızda dolaşan, bəzən rəhbərimiz olan, bizi kaprizləri ilə idarə edən, efirə çıxan, müsahibələr verən və təbii, sosial-mənəvi mühitə leş qoxusu yayan rəhmətliklər...

Marina xanıma bəslənin pafoslu sevgilər ölkəmizdə diri adamların hələ də mövcud olduğuna bir işarədir.

Bu fakt şəxsən məni xeyli sevindirir.

Lakin həm də düşünməkdən özümü saxlaya bilmirəm: Əgər Marina Ovsyannikova azərbaycanlı olsaydı və oxşar hadisə Azərbaycan efirində baş versəydi, vəziyyət necə olardı?

Yenə onu indiki kimi müdafiə edərdikmi?

Məncə, yox!

Tutaq ki, Tofiq Abbaslı qəfil çıxır AzTV-yə, canlı efirdə plakat qaldırır: “Səsimizi oğurlamayın!”

Və hökumət məsələyə sərt yanaşır, onu hüquq-mühafizə orqanlarına çağırırlar...

Nə edərdik?

Əmin olun, indi Marinanı qəhrəman kimi alqışlayanların bir çoxu efir qanunlarının pozulmasından danışardı.

Xalqımızın çox praqmatik bir deyimi var, deyir, qonaqlıq yaxşı şeydir, bir gün sizdə, bir gün bizdə.

Bunu bir balaca dəyişib belə bir müasir atalar sözü düzəltmək istəyirəm: Qəhrəmanlıq yaxşı şeydir, lakin uzaqda...

BakuPost.Az