Mən o evdən sağ çıxmışamsa... - Nəsr

Mən o evdən sağ çıxmışamsa...   - Nəsr

22 İyun 2022 14:47 235


YeniYaz.Az Hədiyyə Şəfaqətin “Quşlar günəşə sarı uçur” hekayəsini təqdim edir.

Yola çıxmaq qərarına gəldim.
Mənim yol dediyim sənin yol dediyindən fərqlənir.
Soruşmuşdu: “Neçədə uçacaqsan”
“Dördə qalanda”, - demişdim, - “amma düşməyəcəyəm...”

Qəfəs kimi bir otaq vardı. Birbaşa günəş işığı düşməyən otaq, heç günəş işığı düşmədiyini demək daha doğru olardı. Orada, taxtın kənarında oturub gözümü divar kağızlarının naxışlarına zilləyirdim. Üzü yuxarı qalxan qəribə, qarışıq naxışlar. Çirkli bej rənginin üstündə qara. İyrənc görünürdü. Üstəlik qara rənglə heç aram yoxdur.

İndi o mənzildə yaşamağım yadıma düşəndə həmin otağı, həmin divar kağızlarını və üzüyuxarı qalxan qarışıq naxışları xatırlayıram. Orda mən də elə yaşayırdım, o naxışlarla nəyin təsvir olunduğu bilinmədiyi kimi mən də əvvəlki həyatımdan uçub gəlib necə bir həyata düşdüyümü anlaya bilmirdim. O mənzilin adını ürəyimdə “qəfəs” qoymuşdum, o mənzildəki həyatımın adı da “qəfəs”dir, o evdə qoyub çıxdığım Adamın adı da.

Mənim də adım Qəfəsdir. Ya da Yarıqəfəs. Öz adıma o evdə “Əsir” deyirdim. Əsiri harda saxlamaq olar? Qəfəsdə. Mən də özümü qəfəsdə saxlayıram. Uçan Qəfəs. Nəfəs alan Qəfəs. Sevinmək istəyən Qəfəs.

Ağlamaq istəməyən Qəfəs.

Mən ağlamağa nifrət eləmirəm. Qorxmuram da göz yaşlarımdan. Həmişə dizlərimi yerə atıb, başımı aşağı salıb dünyanı unudaraq dualarımı pıçıldayanda göz yaşlarım süzülməyə başlayır və mən gülümsəyirəm: Gözəl Tanrı, ey Sevgili! Məni sevdiyini, qoruduğunu bilirəm. Məni gördüyünü, qanadlarını üstümə gərdiyini bilirəm...

Tanrı quşdurmu?

Lazım gələrsə, hə.

O qaranlıq otaqda, qəfəsdə oturub divar kağızlarına baxanda həmişə naxışların içində quş qanadına oxşayan bir şey axtarırdım. Sonra çiçəyə oxşayan nəsə. Yoxdu. Olsa-olsa zorla yarpağı xatırladan nəsə vardı. Vardısa, deməli qanad da vardı, çünki yarpaqlar çiçəklərin qanadıdır. Çiçəklər də məndə təbəssümlə qarışan göz yaşlarına səbəb olur. Düymələməyə başlayandan solub quruyana qədər. Mən o qaranlıq otaqda oturub üzü yuxarı qalxan divar kağızı naxışlarının içində yarpağa oxşayan nəsə tapmışamsa, deməli çiçəklərə uça bilməyən quşlar deyə bilərəm.

Deyə bilərəm.

Mən o evdən sağ çıxmışamsa, nəyə nə istəsəm deyə bilərəm. Kim verib mənə o haqqı?

Allah verib.

Səhərlər başımı pəncərədən çölə uzadıb bir parça səma görməyə çalışırdım. Uzaqda, çox uzaqda, bir-birilə ağız-ağıza vermiş göydələnlərin sıxışdırıb aradan çıxartdığı bir parça göy üzü görünürdü. O vaxtlar ona “göy” də demək olmazdı, çünki görünən ancaq səmanın boz üzüydü...

Həyat da mənə ilk dəfə boz üzünü göstərməyə başlamışdı.

Hər səhər mətbəxdəki köhnə xalçanın üstündə oturub başımı aşağı salırdım, dua edirdim: İlahi, sən mənə dözüm ver. İlahi, sən məni ağlımı itirməkdən qoru. İlahi, bilirəm bu sınaqdır, bu sınağın mükafatına inanıram.

Bəzi səhərlər mükafatın adını çəkmirdim, dizlərimə vura-vura pıçıldayırdım: İlahi, məni xilas et!

Bu dua deyildi, yalvarış da deyildi, tələbdi – İlahi, məni xilas et!

İlahi məni xilas edib.

İstəsəydim, o divar kağızlarının üzüyuxarı qalxan naxışlarının neçə sıra olduğunu saya bilərdim. Çoxlu vaxtım olurdu. Oturub yanıma gəlməsini, məni ovutmasını, könlümü almasını gözləyirdim. Yemirdim, içmirdim, yerimdən tərpənmirdim. Bacarsaydım, heç nəfəs də almazdım.

Divarın o üzündə həyat davam edirdi, qəddarcasına. Özü üçün.

Zaman yavaşıyırdı, qəddarcasına. Özü üçün.

Mən get-gedə qaranlığa çəkilirdim – Özüm üçün.

Bəlkə də sayırdım o naxışların sırasını, amma çox şey kimi onu da unutmuşam. Ümumiyyətlə, saylarla, rəqəmlərlə, ədədlərlə aram yaxşı deyil. Adamlarla da aram yaxşı deyil. Adamlar vecimə deyil. Adamlar öləndə çox da ağlaya bilmirəm. Çiçəklər quruyanda kövrəlirəm, ağacların quruduğunu görəndəsə hönkür-hönkür ağlaya bilərəm. Niyə qurudursunuz axı ağacları, ay daş ürəklilər?

O mənzilin pəncərəsindən ha boylanırdım, ağac tapmırdım. Hər yer beton, beton, beton... Adamlar üst-üstə qalanmış beton gecə-gündüzqondularda yaşayırdılar. Mən də yaşayırdım, amma mən yaşamırdım. Sınağa dayanmışdım. Sınağımın yarısını o qaranlıq otaqda iyrənc rəngli divar kağızının qarışıq naxışlarında qanad əlaməti tapmağa çalışaraq, yarısını hər şeyi gözümü dünyaya yumub daxilimə açmış vəziyyətdə, ağacları, quşları, çölü seyr edə-edə keçirirdim.

Özümü, özümü, özümü fikirləşirdim: “Sağ qalmaq, sağ qalmaq, sağ qalmaq!” Sağ qalmaq lazımdı. Sağ qalmaq üçün özümü ölü vəziyyətinə salmalıydım, salmışdım. Çünki elə şeylər var, o şeylərin içindəki oddan-alovdan sağ canla çıxa bilməzsən, yolun başında özünü öldürüb, həyatı saxlayıb çıxmalısan.

Üstəlik mənim o gözəl qəfəsim dərin bir quyunun dibindəydi. Quş olasan, qanadların qırılmış ola, qəfəsin də quyuya salınmış...

“İlahi, qanadlarımı qoru!”

İlahi qanadlarımı qorumağım üçün astadan qulağıma pıçıldamışdı: “Uçmağa cəhd etmə”.

Mən də etmədim. Qaranlıq otaqda oturub divar kağızının üzüyuxarı qalxan qarışıq naxışlarının arasında çiçək qanadlarına bənzəyən naxışlar tapdım.

Quşların göyü o hündür və bahalı beton gecəqonduların arasında qalmışdı, quşlar yuvalarını harda qururdular, bilmirəm, amma olsa-olsa orta mərtəbələrin arasında uçuşurdular. Yaddaş əvvəlki səma yolunu qoruyub saxlamışdı, quşlar əvvəl harda uçurdularsa, indi də orda uçurdular, binaların arasına girib-çıxırdılar. Yuxarı yüksəlmirdilər, aşağı da çox düşmürdülər. Yorulanda, ya da acanda səmanın orta mərtəbələri səviyyəsində bir pəncərə, eyvan kənarı tapıb qonurdular. Quşların qanadları vardı, uçub açıq səmanın hakim olduğu yerlərə gedə bilərdilər, getmirdilər. Mənim qanadlarım qırılmışdı, amma bilirdim ki, qanadlarımı sürüyə-sürüyə də olsa bir gün bu yerdən çıxıb gedəcəyəm.

Hər səhər gənc ata kiçik qızını beton həyətdə qoyulmuş balaca və yeganə yelləncəkdə yellənməyə gətirirdi. Qızın əynində narıncı gödəkçə olurdu, başına qulaqlı ağ papaq qoyurdu. Atası qızı bir-iki dəfə yelləyib telefonu çıxardırdı, uşaq ayaqlarıyla təkan verə-verə özünü yelləndirirdi. Ata telefonla qurdalanırdı. Hər dəfə o uşaqla atası həyətdə olanda yanlarına bir cüt göyərçin qonub gəzişirdi.

Qəfəsimdən onlara baxırdım hər səhər, gözlərim yaşarırdı. Ta düymələnəndən solub quruyanadək çiçəklərə baxanda olduğu kimi.

Mövlud deyirdi ki, sən bu ürəklə çox yaşamayacaqsan. Mövlud özünü belə bir beton qəfəs yığınının üstündən yerə atmışdı. Uçmaq istəmişdi, amma qanadları yoxdu ki. O da özünü öldürmüşdü. Mən də özümü öldürmüşdüm. Amma mən sağ qalmışdım, qanadlarımın qırıq olduğunu bildiyim üçün uçmaq fikrindən imtina etmişdim, sağ qaldığımı məni öldürmək istəyən hər şeydən gizlədirdim ki, yaxamdan əl çəksinlər.

“Sağ qalmaq, sağ qalmaq, sağ qalmaq!”

Özümü xaosun ortasındakı nöqtə yerinə qoymuşdum. Bapbalaca, qapqara, pozan götürüb silmək istəsən yoxa çıxacaq nöqtə. Xaosun iki üzü vardı: Allah və o Adam. Mənim bir şey etməyə həvəsim qalmamışdı, amma tez-tez özümdən çıxırdım. Özündən çıxan adam daha özü deyil. Mən də özüm deyildim. Nöqtənin ortasında bardaş qurub oturmuşdum, özündən çıxan özümün etdiklərinə baxıb pıçıldayırdım: İlahi, sən bilənsən, İlahi, sən bilənsən.

İlahi də bilirdi, mən də bilirdim. Bilirdim, bildikcə də dərinə gedirdim. Vururdum, dağıdırdım, sındırırdım, özümü yerdən-yerə çırpırdım, qəfəsin o divarından bu divarına atırdım, özümə zülm edirdim. O nöqtədə oturub bu özünə zülm edən özümə baxıb gülürdüm mən: “Sənə lap yerində olur!”

Özümü cəzalandırmağa başlamışdım, həyasız qadınlar kimi səsimi başıma atıb qışqıranda bu iki cür mövcudluğumu üz-üzə qoyub ortalarında dərin fikrə dalmış olurdum. Gözlərimin qabağında cərəyan edən dəhşətli əzabı kim kimin başına gətirmişdi? Fikirləşməyə imkan tapanda birdən-birə kövrəkləşirdim, üstümə qalxan o əli öpməyim gəlmişdi hər dəfə: Ona ürəyim yanırdı, düşdüyü vəziyyətin içində başını itirmişdi, onu qucaqlayıb bağrıma basmaq istəyirdim, istəyirdim o da məni qucaqlasın, elə orda qırdığım qabların, dağıtdığım əşyaların ortasında, hönkürüb ağlasın, içində gizlətdiyi bütün keçmiş ağrılar axıb getsin, tər-təmiz olsun, saflığı üzə çıxsın.

Onu sevim.

Öz özümə: “Axmaqsan”, - deyirdim, - “hamının ürəyinin dərinliyində işıq olmurmuş”. O adamın ürəyinin dərinliyində yarıq vardı, çat vardı, mənim qanadlarım o yarığa ilişib zədələnmişdi.

“Uçmağa cəhd etmə!”

Ona nifrət edirdim.

Hər səhər quşların günəşə sarı uçduqları yeri qoyub gəlmişdim. Gələndə ürəyimdə bir səmalıq qanad gətirmişdim, kəpənək qanadı, quş qanadı, çiçək qanadı. O mənzildə hamısından olmağa çalışmışdım, heç birinin ömrü çox çəkmirdi. O adam qollarımdan məngənə kimi yapışıb ancaq aşağıya, aşağıya, aşağıya çəkirdi: Otur, cavab ver!

Cavab vermək istəmirdim. Sual da vermək istəmirdim. Suallar və cavablar haqqında heç nə bilmək istəmirdim. Mən sualsızlıq və cavabsızlıq səltənətinin ortasında kiçik bir nöqtəydim, iynə ulduzu boyda nöqtə. Heç vaxt heç kim məni sorğu-suala çəkməmişdi.

Qoyub gəldiyim həyatda quşların günəşi qarşılamaq üçün başımın üstündən faniliyə uçduqca ölülərin sükutunun içində itmiş sirri fikirləşdiyimi xatırlayırdım. Xatırladıqca da dəli olurdum.

***

“Getmək istəyirəm”, - dedim.

Bu dəfə etiraz etmədi. Özümü öldürəcəyimdən qorxurdu.