Müharibədən sağ çıxmayan dirilər - Nuran Yaqub yazır...

Müharibədən sağ çıxmayan dirilər   - Nuran Yaqub yazır...

20 May 2025 14:59 472


Gənc yazıçı Əli Zərbəlinin “Qayıdış” hekayəsi müharibədən sonrakı dövrü anlamaq üçün yazılmış adi bədii mətn deyil, bir travma poetikasıdır. Müəllifin bu hekayədə toxunduğu məqamlar təkcə sosial deyil, eyni zamanda ekzistensial xarakter daşıyır: insanın zamanla, yaddaşla, mənsubiyyətlə, varlığı ilə münasibəti.

Burada "qayıdış" məfhumunun özü birmənalı deyil. Hekayənin qəhrəmanı qayıdıb, amma hara qayıdıb və nəyə? Evəmi, vətənəmi, yoxsa artıq dəyişmiş bir məkana və məqama?

Əsərin strukturunda və dilində hiss olunan sükut, danışılmayanlar, daxili monoloq kimi təqdim edilən müşahidələr, əslində bir insanın yox, bütöv bir kollektivin yaddaşsızlığını təsvir edir. Əli Zərbəlinin qəhrəmanı klassik qəhrəman deyil – o, qəhrəmanlıqdan sonra baş verən “adi” həyatın içində yolunu itirmiş biridir.

Müharibədə sağ qalıb, lakin müharibənin özündən sağ çıxa bilməyib.

Hekayədə zaman anlayışı da pozulub. Qəhrəman üçün zaman müharibədə donub. Geri döndüyü məkan fiziki baxımdan tanışdır, lakin ontoloji olaraq yadlaşıb. Bu yadlaşma isə sıradan bir nostalji deyil – Haydiggervari "evsizlik"dir. O öz evi içində qürbətə düşüb.

Yazıçı məkanın dəyişmədiyini göstərsə də, qəhrəmanın içindəki dünya elə dəyişib ki, artıq heç bir divar ona tanış gəlmir. Əsərdəki zaman düz xətt üzrə deyil, pozulmuş yaddaş kimi təqdim edilir. Qəhrəmanın düşüncələri, keçmişlə bu gün arasında yer dəyişir, oxucuya onun ruh halı barədə ötəri siqnallar ötürür.

Zamanın bu şəkildə parçalanması onun daxili dünyasındakı qırılmaları əks etdirir. Lakin bu qırılmalar daha dərin təhlil üçün imkan yaratsa da, əsərin həcmi və struktur baxımından psixoloji portret tam açılmır. Oxucu qəhrəmanın içində baş verənləri duyur, lakin tam dərk edə bilmir. Bu isə həm müəllifin məqsədli susqunluğu, həm də psixoloji təqdimatın natamamlığı ilə bağlı ola bilər.

Stilistika baxımından müəllifin dili qənaətcildir, bəzən hətta həddindən artıq. Travma ədəbiyyatında minimalizm təsirli ola bilər, lakin bu minimalizm bəzən səhnələrin, xüsusən də vizual və duyğu qatının zəifləməsinə səbəb olur. Əsərin bəzi yerlərində bu sadəlik sənətkarlıqdan çox, ehtiyatlılıq kimi görünür – sanki müəllif qəhrəmanın iç dünyasına tam girib onu dağıtmaqdan çəkinir.

Müəllif mövzuya etik məsafə saxlayır, qəhrəmanı ideallaşdırmır, onunla empatiya qurur. Bu isə artıq ədəbiyyatın hadisəni yox, insanı mərkəzə qoyduğunu göstərir. Lakin bu mərkəzdə dayanmış insanın ruhundakı boşluq da yalnız susqunluqla dolmur – onu anlamaq üçün daha çox psixoloji qat, daha çox daxili təhlil və estetik dərinlik tələb olunur.

“Qayıdış”ı oxuyarkən oxucu fərqinə varmadan həm də öz yaddaşı ilə qarşılaşır. Bu yalnız bir əsgərin qayıdışı deyil, oxucunun öz içində unutmağa çalışdığı, lakin iz buraxan hadisələrə dönüşüdür. Yazıçı bizə göstərir ki, əsl müharibə insanın içində başlayır və çox zaman bitmir.