Qazi ilə şəhid anasının davası - Yeni hekayə

Qazi ilə şəhid anasının davası  - Yeni hekayə

02 Avqust 2022 11:15 499


Fəxr eyləmə, ey bülbülü-şeyda!

Sevinc Elsevər

Metrodan çıxanda isti hava adamın üzünə elə vurur, sanki cəhənnəmə düşürsən. Halbuki yerin altını cəhənnəm bilirik, üstünü cənnət.

Kondisionerlər işləyən vaqonlar lap beşulduzlu otelin rahatlığını xatırladırdı. Günün günorta vaxtıydı, adam da azdı. Basabas olmadığından adama ləzzət eləyirdi. Az qala gedəsən o başa, gələsən bu başa, vaxtını keçirəsən, axşamın sərinliyi düşsün, sonra çıxasan yer üzünə.

Ancaq o qədər vaxtım yox idi, uşaqlarım ac-acına gözləyirdilər, evə çatıb günorta yeməyini yan-yön eləyib stola düzməliydim. Qızım da dayanmadan zəng edirdi.

Metrodan çıxıb avtobus dayanacağına getdim. Dalbadal düzülüb özünü günə verən iki-üç “525” nəhəng, od püskürən əjdahaya bənzəyirdi, yanlarından ötəndə motorlarından çıxan isti üzümü qarsırdı. Bura sonuncu dayanacaqdır, avtobuslar növbəylə adam yığır. Birinci avtobus artıq dolmuşdu, sonrakılar da adam yığınca əriyib yerə yapışacaqdıq.

Bir avtobuslara baxdım, bir əlimdəki yükə, bir də saata. Ən tez çatsam əlli-altmış dəqiqəyə çataram evə. O boyda Masazıra cəmi bir avtobus işləyir. O da mənzil başına çatınca canı çıxır. Nuh əyyamından qalan bu avtobuslarda kondisionerdən söhbət gedə bilməz. “Kənar məhəllələr”də yaşayan qara camaatı şəhərə daşıyan, əcnəbilərin, turistlərin minmək ehtimalı olmayan bu avtobusun sərnişinləri rayonlardan gəlib ucuz evlərdə kirayələrdə qalanlar, bir də şəhər kənarında özünə dam-daş qaralayan zümrə, bir sözlə, şəhərdə ev ala bilməyən kasıblardır.

Az qala şeytan məni azdırırdı, bir ayağımı da atmışdım, bu istidə avtobusa minirdim ki, dolu salona: ağır yüklə ayaq üstə dayanıb bir əliylə də başının üstündəki dəmirdən yapışan orta yaşlı qadınların acıqlı üzlərinə, çirkli oturacaqlara, bir də pəncərələrdən şığıyan gün işığına baxdım, bir az da acıqla avtobusdan əlimi çəkib manatlıq taksilərə sarı getdim.

Manatlıq taksilər şəhərimizin kasıblarının ən gözəl kəşfidir. Əvvəllər taksidən varlılar istifadə edirdilər, nənəmin təbirincə desək, qudurğanlar.

Manatlıq taksilərsə əməlli-başlı xilas yolu, qurtuluş, böyük nemətdir bu xalqa.

Bir şey var ki, manatlıq taksiyə minəndə də arxada iki sərnişinin arasına düşməyəsən. Bəxtimdən düşdüm araya. Bir kişi sürücünün yanında oturmuşdu, başqa bir kişi də arxada digər qapının yanında. Sürücünün tapıb gətirdiyi orta yaşlı qadın üzünü arxadakı sərnişinlərə tutub dedi:

-Mən ortada otura bilmirəm, yan tərəfdə oturacam.

Bunu eşidəndə qanım qaralsa da, yavaş-yavaş kişiyə tərəf sıxlaşdım. Qadın sağ tərəfimdə oturdu, əlindəki torbaları da ayağının altına aldı, yola düşdük. Qadının yerinə kişi sərnişin rast gəlsəydi, yüz faiz ortada oturmayacaqdım. Yazılmamış qanun idi: nə bir kişini qadınlar araya almırdılar, nə də bir qadını kişilər.

Yanımda oturan kişi tez-tez burnunu çəkdiyinə görə qanım lap qaraldı: sərindir, kondisionerli maşında gedirəm deyə düşünəsən, avtobusdan qaçasan ki, adam çoxdur, birdən virus tutaram, dörd adamla taksiyə minəsən, biri xəstə ola.

Kişinin xəstə olduğu yadımdan çıxsın, başım qarışsın deyə, arada diqqətlə gözümü yola dikdim. Qəfildən kişi möhkəmdən asqırdı. Qulağımın dibində tapança açıldı, diksindim. Qeyri-ixtiyari əlimi çantama salıb maska axtartdım. Ağzıma-burnuma maska taxanda maşındakılar qəribə nəzərlərlə məni süzdülər, ancaq özümü o yerə qoymadım.

Yol boyu gah tıxaca düşür, gah çıxırdıq. Hamı susmağa üstünlük verirdi. Sürücü başqalarından fərqli olaraq, qaradinməz, qaşqabaqlı oğlan idi. Düz yoluna baxırdı. Heç kimlə işi yox idi.

Maşın Əliağa Vahidin heykəlinə çatanda adətim üzrə heykəlin arxasındakı divara iri hərflərlə yazılan misraları bir daha oxudum, hətta duyğulandım da.

Gözlənilmədən maşın heykəlin yanından kəndin içinə döndü. Adətən taksilər kənd arasına dönmür, düz “Qurtuluş”a, “Yeni Bakı”ya gedirlər.

Yeddi-səkkiz il əvvəlki kimi narahat olmadım. İlk dəfə manatlıq taksiyə hürkə-hürkə minmişdim. Sarışan hallar nevrozum olduğundan, ağlıma min cür detektiv süjet gətirmişdim. Tərslikdən tıxaca görə taksi bilmədiyim küçələrə, məhəllə içlərinə sürmüşdü. Qorxumdan ölüb ölümdən qayıtmışdım. Maşında olan digər üç adamdan da şübhələnmişdim, fikirləşmişdim ki, bu bir cinayətkar qrupdur, bir-birini əvvəlcədən tanıyan adamlardır, məni oğurlayırlar.

Ötənlərdə bir sürücü başına gələnləri yana-yana danışırdı. Deməli, bir günyenə çağıra-çağıra, çığıra-çığıra dörd nəfər sərnişin tapıb, taleyinə şükür edib, Masazır yolunu tutanda adamları bir-bir düşürüb, axırda maşında 17-18 yaşlarında gənc qız qalıb. Bu da tıxaca görə maşını indi çoxumuzun yaxşı tanıdığı, ancaq çox adamın hələ bilmədiyi arxa yolla sürməyə başlayıb. Yolu başa çatdırmamış bir də onda ayılıb ki, başının üstünü iki polis maşını kəsdirib. Sürücünü qatı bir cinayətkar kimi maşından çıxararaq, adam oğurladığını bildiriblər. Filmlərdəki kimi maşına dirəyib əllərini yuxarı qaldıraraq üst-başını axtarıblar. Bu vaxt qızın valideynləri yetişib, onlar da kişinin üstünə hücum çəkiblər. Bir sözlə, adam durduğu yerdə zibilə düşüb. And içirdi ki, onu soyub soğana çevirəndən, ev həbsində aylarla saxlayandan, ailəsini acından öldürəndən sonra əl çəkiblər.

Bu əhvalatı sürücü az qala ağlaya-ağlaya danışır, ara yola dönməzdən qabaq icazə istəyir və adam oğrusu olmadığına inandırmağa çalışırdı. Bu yerdə məni həm gülmək, həm ağlamaq tutmuşdu. Çünki sayrışan hallar nevrozum baş qaldıranda mən də dəfələrlə həmin sərnişin qızın gününə düşüb polis çağırmaq istəmişəm. Deyilənə görə, manatlıq taksi sürücülərinin içində narkomanı da vardı, cinayətkarı da. İndi bilmirdin kimi qınayasan. Ən yaxşısı korlanan zəmanəni qınamaqdır.

Ancaq bu dəfə maşın kəndin içinə dönəndə dərhal bildim ki, əvvəldən kimsə sürücüylə belə danışıb. İstidir deyə kəndin içinə piyada getmək istəmir. Düz də edir. Neyləsin.
Birinci döngədən sonra yanımda sakit oturan qadın dilləndi:

- Bala, burdan belə dön.

Sürücü dönüb qadının göstərdiyi istiqamətə baxdı və maşını sağa döndərdi. Bir az getdik. Qadın göstərdi:

-İndi bu yana dön!

Maşın indi də sola dönüb yoluna davam elədi. Bir neçə saniyədən sonra qadın təzədən sağa dönməyi xahiş elədi. Sürücü ah çəkib sağa döndü. Ancaq birdən qadın səsini yüksəltdi:

-Yox, ay bala, sağa dön deyirəm!

Sürücü bu dəfə əsəbiləşdi:

-Ay ana, başına dönüm, sağa dönürəm də!

-Hə? Məndə baş qalıb, bala? Sağa yox, onda sola dön!

Sürücü əsəbindən dodaqlarını çeynədi və partladı:

-Ay ana, sən demişdin, Vahidin heykəlindən iki addım məsafədə düşəcəksən. Bu nədir? Sağa dön, sola dön! Özü də mən belə yola maşın salmıram! Nə gündədir bu küçələr?!

-Biz maşınımızı boynumuzda aparırıq, bala! - qadın sürücünü cırnatmağa and içmişdi elə bil.

Həqiqətən yol daş-kəsəkli, gah üstdən aşağı, gah altdan yuxarıydı. Maşındakılar heç biri dinmirdi. Ancaq doğrudan da istəyirdik ki, bu qadın tez düşsün, mübahisədən canımız qurtarsın.

Qadın bir neçə dəfə də maşını sağa, sola döndərəndən sonra sürücü bir də deyindi:

-Olmadı, ay ana! Biz belə danışmamışdıq!

-Ay bala, sənə deyirəm, sür! Mənimlə də düz danış! Peşman olarsan! Mən elə belə adam deyiləm!

-Ay ana, kim olursan ol! Adama düz danışmamağınız yer eləyir. Deyərdiniz, yoldan çox aralıdır. Xeylax gedəcəyik! Mən də qərar verərdim, aparıram, ya aparmıram. Olmaz axı belə! Sizdən başqa maşında üç adam da var!

İçi mən qarışıq maşındakı adamların səsi çıxmırdı. Mən həm bu sürücüyə, həm qadına hirslənirdim artıq. Elə bil qadın sürücüylə məzələnir, bütün bunları qəsdən eləyib nəyinsə acığını çıxırdı. Düzünü deyim, sarışan hallar nevrozum da baş qaldırmışdı, indi bu qadının özünün bu sürücüylə əlbir olduğunu, bütün bu komediyanın əvvəlcədən qurulduğunu düşünürdüm. Hətta maşındakı digər iki sərnişindən də şübhələnməyə başlamışdım. Narahatlığım artırdı, qadının bizi hara aparıb çıxaracağı məlum deyildi.

Sürücünün reaksiyasına qadın pərt olmuşdu. Ancaq özünü o yerə qoymurdu. Arada qadına zəng gəldi, telefonu açdı:

-Hə, başına dönüm, ay qızım! Az qalıb, çatmışam.

Bunu deyib sürücüyə növbəti dəfə dönmək əmri verəndə, sürücü bir də dodaqaltı deyindi. Qadın amiranə səslə onun sözünü kəsdi:

-Mən sənə deyirəm, elə belə adam deyiləm! Demək istəmirdim, ancaq bilirsənmi, sənin kimi oğullar mənim oğlum kimi oğulların sayəsində bu gün sağdırlar!

Qadın bunu deyib ovcunda sıxıb saxladığı bir manatı sürət qutusunun üstünə tulladı və “burda saxla!” əmrini verdi.

Sürücü susdu. Qadın əsəbi halda cəld torbalarını götürdü və maşından düşüb güllə kimi getdi. Bir neçə saniyə beləcə qaldıq. Heç kim bir kəlmə demirdi. Handan-hana sürücü silkələndi, sandıqçanı açdı, ordan iki kitabça götürüb sərnişinlərə göstərdi. Sürücü də Qarabağ müharibəsi iştirakçısıymış. Xocavəndin və Fizulinin alınmasında göstərdiyi igidliyə görə medallar almışdı.

Qayıdan baş Vahidin heykəlinin yanından keçəndə, heykəlin arxasındakı divarda yazılan misraları təzədən oxudum:

Fəxr eyləmə, ey bülbülü-şeyda, çəmənim var
Qoy fəxr eyləyim mən ki, gözəl bir vətənim var.