Qismətdən yeni hekayə: Tamaşa

Qismətdən yeni hekayə:   Tamaşa

13 Oktyabr 2023 15:11 551


Cərrahiyə masasındakı qadın canını tapşırıb. İyirmi dəqiqə bundan qabaq bir qarışqa boyu qalxıb-enən nəbzi kardioqramda düz xəttə çevrilərək onun dirilər siyahısındakı adının üstündən çəkilib.

Xəstəxana dəhlizində ağlamsınan (qadınlar), siqaret çəkməkdən qayıdan (kişilər), dilinin altına validol qoyan (qocalar), gərginliyi götürmək üçün xəyali bir ünvan tapıb zarafatlaşan (cavanlar) hələ heç nə bilmir. Əməliyyat otağında isə artıq son hazırlıqlar gedir, rolları bölüşdürməyə başlayıblar.

Səhnədə birinci assistent görünəcək; şəkər bəyazı xalatını düymələyir, həmişə hazır saxladığı təbəssüm maskasını taxıb dəhlizə çıxır. Bu dünyada sonuncu dəfə nəfəs alıb bir də geri verməyən mərhumənin bu şirin al-verdən hələ doymamış qohumları tezcə “qənd”in üstünə cumurlar.

Assistent cərrahiyə masasındakı qızın ölümə qoşulub qaçmasını gizlədir, vəziyyətin orta-ağır olmasından danışır, “ağır” sözündən qorxmamalı olduqlarını deyir və öz nitqinə azşəkərli, turşa-şirin qatqılar əlavə edir: üç dəfə “inşallah” (ümidli tonda), dörd dəfə “amin” (dərdə şərik səslə), üç-dörd dəfə “səbrli olun” (vəziyyət nəzarətdədir minvalında).

“Mətbuat açıqlaması” bitən kimi hamı öz dünyasına qayıdır. Qadınlardan yaşlısı köynəyinin yaxasına gözlərini silə-silə pəsdən ağlamağa başlayır. Kişilər tüstülətməyə yollanırlar. Aralıqda nəzarətsiz qalmış uşaqlar dəhlizin bir başından o başına qaçışır, boz-bozanaq xəstəxana divarlarını qayğısız gülüşlərilə göyqurşağına döndərirlər.

Assistent otaqda alqışlarla qarşılanır, gülə-gülə baş əyir, zarafatla ona gül buketi əvəzinə bir ampul dimedrol verirlər.

Cərrahiyə otağında sonrakı aktın məşqləri gedərkən, həyətdə siqaret çəkən kişilər dinməzcə bir-birinin başı üstündəki xəyali lövhədə tüstü halqaları vasitəsilə söhbətləşirlər. Ancaq təmizkar külək üfürüb közərtdiyi siqaret küllərini onların üst-başına tökür və həmin xəyali lövhədəki iki sual cümləsini tezcə silir:

1) “Yeriyə bilməsə, uşaqlara kim baxacaq?” ;
2) “Şikəst qalsa, guya özünə baxan olacaq ki?!”

Gümüşü oturacaqlara çökən qadınlar, elə bil seçib-arıtlaya bilmədikləri, boğazlarında ilişib qalan, ancaq günbəgün dənələnib yas plovuna çevriləcək sözləri indidən göz yaşında islağa qoyurlar.

Vaxt çatıb, vədə yetişəndə səhnəyə tibb bacısı çıxır. O, nahardan bəri dişlərinin arasına ilişib ona rahatlıq verməyən sümük parçasını çıxarmaq üçün arabir dilini üst damağında gəzdirir və xəstə yaxınları onun dedikləriylə hərəkətləri arasındakı – iştahlı, ağzı sulanan görünür – bu uyğunsuzluqdan əsəbiləşməyə başlayırlar. Ancaq bəxtindən dəhlizdəkilər ona dişlərinin dibindən çıxanı deməmiş, sümük dişlərin dibindən çıxır və tibb bacısı bayaqdan xaric vursa da, “ortaq bəyənatı” səsləndirir: “Bəlkə şikəst qaldı, bəlkə yeriyə də bilmədi, bəlkə özü yemək də yeyə bilmədi...”

Tibb bacısının bu “bəlkə”li çıxışından sonra hamı məyus olsa da, xəstə yaxınlarının içində ən lağlağı olanı ürəyində məşhur bir şeiri az-maz dəyişdirir və onu gic bir gülmək tutur: “Bəlkə də ölübdür, xəbərimiz yox!”

Yenə pıçapıç başladı, dualar, xəyal ilə reallıq arasında gedib-gələn ehtimallar havada uçuşmağa başladı və bütün bunlar olarkən nəzarətsiz qalmış uşaqlar dəhlizin ayağında, pəncərənin yanında qoyulmuş iri saxsı qabdakı ekzotik çiçəyə baxırdılar. Saxsıdakı balaca torpaq parçasında yuvalarına çörək qırıntısı (haradan tapmışdılar?) daşıyan qarışqalar uşaqlara maraqlı gəlirdi.

Tibb bacısının çıxışı yavaş-yavaş öz təsirini göstərməyə başladı, get-gedə mərhumənin yaxınları ürəklərində bir az əvvəl səslənən amansız həqiqətlərə haqq qazandırmağa başladılar: “Ölsə, bundan yaxşıdır...”

Hamısı, heç nədən xəbərsiz uşaqlardan başqa hamısı, “ömürlük yükdənsə, bir dəfə yas vermək” fikrinə ürəklərində yaşıl işıq yandırdılar.

Əməliyyat otağında final səhnəsinin hazırlığı gedirdi. Birinci dəfə deyildi, təcrübədən bilirdilər ki, əgər bəri başdan xəstənin öldüyünü desələr, qohumları haqq-ədalət axtarışı naminə, ömürlərində nəhayət hansısa işin axırına çıxmaq üçün polisə, məhkəməyə ayaq döyəcəklər, mətbuatda müvəqqəti qəhrəman olacaqlar. Cərrahın dediyi kimi, ancaq indi xəstənin yaxınları özlərini bir yükdən xilas olmuş hiss edəcəklər, həm yaslarını saxlayacaqlar, həm də haradasa düşünəcəklər ki, yaxşı qurtardıq. Artıq onlara həqiqəti demək olar.

...Həkimlər əllərindən gələni etdiklərini, ancaq əfsus ki, xəstənin dünyasını dəyişidiyini xəbəri verən kimi, itkiyə hissə-hissə hazırlaşmış adamlar hazır göz yaşlarıyla ağlamağa başladılar. Uşaqlar dəhlizin ayağından valideynlərinə sarı gəldilər. Qaraşın qız uşağı ovcunu açıb soruşdu: “Ata, olar bu qarışqanı evə aparım?”