Seymur, gəlim yanına, ölək - Günel Mövlud yazır...

Seymur, gəlim yanına, ölək   - Günel Mövlud yazır...

27 Noyabr 2024 15:31 155


YeniYaz.Az yazıçı Günel Mövludun öz həmkarı Seymur Baaycan haqqında yazısını təqdim edir.

İt əzabı çəkirəm indi, Seymur. Qadın kimi, insan kimi, yazıçı kimi yaralanmaq nədir ki, mən indi uşaqlığıma qayıdıb, uşaqlığımdan yaralanmışam, uşaqlığımdan sınmışam. Sənə çox ehtiyacım var. Hər dəfə insanlardan inciyəndə, yadıma düşürsən. Hər dəfə elə bilirəm, hardansa çıxıb deyəcəksən ki, Günel, mirvarilərini donuzların ayağına səpələdiyin bəsdi. İndi, bu sətirləri yazanda belə, mətnə sənin gözünlə baxmaya bilmirəm. İfrat emosional görünməkdən qorxuram, əslində, sənin yazıçı zəhmindən çəkinirəm. İçimdə səni bir daha görə bilməyəcəyimə qəribə və ağrılı bir əminlik var. Buna görə də, illərdir yığılıb qalanları yazmaq istəyirəm ki, yüngülləşim.

Sənin üçün çox darıxıram. Birlikdə yaşadığımız bəzən çox qısa, bəzən aylar çəkən vaxtlar yadıma düşür. Deyinməyini, yeri-gəldi gəlmədi üzümü danlamağını, bişiridiyim yeməklərdən heç vaxt razı qalmamağını nədənsə dərin bir kədər hissi ilə yada salıram. Bazara getməyimiz yadıma düşür. Zarafatla deyirdim ki, kül bu qızların başına, biri səni bişirib, ərə gələ bilmədi, səndən nə yaxşı bazarlıq eləyən ər olarmış. Xoşuna gəlirdi bu sözlər, hərdən mənə təkrarladırdın, gülürdün.

Bir dəfə soruşdun ki, niyə hamıdan elə maraqlı müsahibələr alırsan, amma məndən heç vaxt müsahibə istəməmisən. O vaxt qısa cavab vermişdim, demişdim, mən Seymur Baycandan müsahibə alacaq qədər qudurmamışam. Sən zarafat etdiyimi düşünmüşdün, ikimiz də bu söhbəti lağlağıya çevirmişdik. Amma o vaxt da, ondan əvvəl də, uzun sözün qısası, həmişə sənin kimliyinin, böyüklüyünün fərqində olmuşam və sənin dostluğunu, yaxınlığını, ünsiyyətini bir lütf, bir nemət hesab etmişəm.

Ölkədə gender bərabərliyindən, seksizmin pis şey olmağından ağız dolusu danışıb, hər fürsətdə qadına ət parçası kimi baxan, qadına ancaq ayaqlarının arasına görə qiymət verən qeheteşnik əxlaqlı adamlar çoxdur. Amma sən ədəbiyyatda, yazılarında seksist görünsən də, səni tanıdığımdan bu yana qadının təhsilindən, inkişafından, dik durmasından yana olmusan. Təhsili, duruşu, əzmi səni üstələyən qadınların qarşısında necə ehtiramla təzim etdiyini, onlarla səssizcə necə fəxr etdiyini görmüşəm.

Dostluq etdiyimiz illər boyu mənə onlarla, yüzlərlə əsər məsləhət görmüsən, söhbətlərimiz həmişə hansısa sənət əsərinə gedib, çıxıb. Məsləhət gördüyün kitabları oxuya bilmədiyimi anlayanda, o kitabları almağa pul vermisən, bir dost kimi, bir həmkar kimi bir əlin həmişə üstümdə olub. Bəlkə də yeganə insansan ki, mən sənin yanında özümü qız, qadın, övlad, bacı kimi yox, məhz yazıçı və şəxsiyyət kimi hiss etmişəm. Hansı cinsdən olmağımın sənin yanında əhəmiyyəti olmayıb.

Özün demişkən, ölkələr, şəhərlər, kəndlər, otellər, dağlar, dərələr, restoranlar, çayxanalar gəzmişik səninlə. Tonlarla içki içmişik. Yerindən, vaxtından, sərxoşluğunun dərəcəsindən asılı olmayaraq, bir dəfə də olsun, şəxsi ləyaqət hissinin səni tərk etdyini görməmişəm. İçdikcə qəlbinin gözəlliyi, təmizliyi, uşaqlığı üzə çıxıb. İçdikcə ədəbiyyatla, sənətlə daha çox dolmusan və bizi də doldurmusan.

Səkkiz il əvvəl, Tiflisdən Norveçə köçəndə, orda qalacaq əşyalarımdan ibarət bir çamodan yığmışdım. Səkkiz il boyunca o çamodanı açmağa heç vaxtım olmamışdı. Bu yay açdım o çamodanı. İçindən sənin hədiyyə etdiyin şərflər, çanta, ayaqqabı, bəzəkli ətək, o ətəyə yaraşdırıb aldığın naxışlı uzunboğaz çəkmələr və s. çıxdı. Bir dəfə sənə demişdim ki, heç həyat yoldaşım belə mənə sənin qədər çiçək almayıb. O çamodanı açanda gördüm ki, heç bir romantik münasibətimiz olmadığı halda, mənə ən çox hədiyyə alan kişi imişsən...

Tərcümə etdiyim ədəbi əsərləri tərifləməkdən doymurdun. Bir dəfə Tiflisdə, Sarajişvilidəki evdə mənə qısa bir mətn verdin, dedin ki, bunu azərbaycancaya çevir. Tərcümə etdim, dedin ki, ucadan oxu görüm. Mən mətni oxuduqca üzümə qəribə şəkildə baxdığını hiss edirdim. Mətn bitəndə başını bulayıb dedin ki, sən tərcümə edəndə, tamam başqa bir adam olursan, bu işin başını buraxma. Sonra da dedin ki, onsuz da, bildiyini edəcəksən, məni danışdırıb, ağzımı ağrıdırsan...

Bir dəfə rus yazıçısı Vladimir Sorokinin hekayəsini mənə göndərib, dedin ki, bunu tərcümə elə. Vaxtımın olmadığını dedim. Yazdın ki, Günel, mən heç vaxt sənin ailənin dağılmağını istəmərəm. Amma bu hekayəni tərcümə eləsən, bir gün boşanacaq olsan, səninlə evlənəcəyimə söz verirəm. Ədəbiyyat tarixində Seymur Baycanın həyat yoldaşı kimi qalmağı sənə layiq biləcəm. Hekayəni tərcümə eləmədim. Yazdın ki, sənə elə anlaşma şərtləri yazmışdım, insanlıq tarixi hələ belə kapitulyasiya görməmişdi. Vecinə almadın.

Sənin deyinməyini yamsılamaqdan ötrü ürəyim gedirdi. Bərk cırnayırdın. Deyirdin, bilsəm, kiminsə yanında məni yamsılamısan, saçını yolaram, hayasız, məni dolama. Amma hiss edirdim ki, səni belə yaxından tanımağım xoşuna gəlir.

Çitadze küçəsindəki evdə bir dəfə uzanmışdın. Nədənsə, sakit idin. Birdən mənə dedin ki, Günel, gəl, uzan yanımda, bir yerdə ölək. Güldüm, dedim, səninlə bir yerdə ölsək, ona da həsəd aparan olar ki, bu nə yazıçı ölümü idi, bunlar ölüb.

İndi bu ehtiyacı mən hiss edirəm. Hərdən sənə yazmaq istəyirəm ki, Seymur, gəlim yanına, ölək...