Xocalıdan Buçaya çəkilən yol - Fəxri Uğurlu

Xocalıdan Buçaya çəkilən yol  - Fəxri Uğurlu

12 Aprelel 2022 11:26 386


Siyasətin əxlaqına şəkk gətirənlərin nəzərinə!
Fəxri Uğurlu

Uzun illərdən sonra, nəhayət, qlobal siyasətdə əxlaqa qayıdış sezilir. Bəri başdan deyim ki, siyasəti əxlaqın düşməni sayanlarla heç vaxt razılaşmamışam; tam tərsinə, başqa fəaliyyət sahələrinə baxanda siyasətin əxlaqa daha çox ehtiyacı var. Dünən Xocalıda, bu gün Buçada törədilənlər əxlaqdan xali siyasətin haralara apardığına əyani sübutdur.

İyirmi birinci əsrin iyirmi ikinci ilində bəşəriyyəti dünya müharibəsinin astanasına gətirib çıxaran da elə əxlaqdan arınmış ruhsuz siyasətdir. Bəli, əxlaq, universal dəyərlər, ümumbəşəri inkişaf qanunları siyasətin ruhudur, bunlardan məhrum olunanda siyasət ruhsuz cəsədə çevrilir, insani mahiyyətini itirir. Təqribən on il bundan irəli mən bir rus telekanalında tolerantlığı gözdən salan uzun-uzadı bir verilişə baxmışdım. Az qala iki saat çəkən verilişin müəllifləri multikulturalizmin, tolerantlığın Avropanı necə pis günə qoyduğunu, bu müdhiş dəyərlərin qoca qitəyə hansı ağır zərbələr vurduğunu ciddi-cəhdlə sübuta yetirməyə çalışırdılar. Ancaq belə təbliğat yalnız həmin ölkədə, yalnız həmin dildə aparılmırdı, Avropanın özündə də xırda mənafelər naminə böyük mənəvi güzəştlərə göz yummağa çağıran ayrılıqçılar, şərlə əməkdaşlığa şərəf donu geyindirməyə çalışan siyasət dəllalları ön səflərə çıxmışdılar. Qərb siyasəti altdan-üstdən yalançı praqmatizm libasına bürünmüşdü. Guya siyasətin tərkibində əxlaq adına bir komponent yoxmuş, guya praqmatizm nəyin bahasına olur olsun maraqları otarmaq deməkmiş. Praqmatizm fəlsəfəsini bu günə salanlara o təlimin atası Uilyam Ceyms özü qənim olsun!

Pozitivist həqiqətin əllərini insanın cibinə qədər uzatmaq üçün deyir: həqiqət faydalıdır. Praqmatik isə guya bunun tərsini deyir: faydalı olan həqiqətdir. Fəqət bundan belə bir nəticə hasil eləmək olmaz ki, başqasını öldürmək birisinə maddi fayda verdiyinə görə onun həyat həqiqəti sayıla bilər. Zahirən bir-birinə tərs görünsə də, pozitivistlə praqmatikin tapındığı əqidələr bir-birinə zidd deyil, yanaşı işlənəndə bir həqiqətin iki qütbünün ortaq məxrəcə gətirilməsidir. Yalançı praqmatizm şərin əlində hədəfi asan vuran silaha bənzər psevdohəqiqətdir, saxtadır, qızıl suyuna salınmış paslı metaldır.

Qərb liderləri qırmızı imperiyanın iyirmi birinci əsrə kök atmış uzantısıyla şıdırğı alverə girişib, liberal dəyərlərə tapınan insanları pərişan eləyəndə şərin hərbi-ideoloji maşınının pas tutmuş vintlərini necə yağladıqlarını, demokratiyanın mənəvi ərazisini addım-addım güzəştə gedəndə hansı qlobal fəlakətlərə yol açdıqlarını, Xocalının müsibətinə laqeyd qalanda Buçanın qanına bulaşdıqlarını bilməliydilər. İngiltərə kimi parlaq demokratiya ənənəsi olan dövlətin baş naziri Devid Kemeron multikulturalizmə müharibə elan eləyəndə, öz ölkəsində böyük nüfuz qazanmış Almaniya kansleri Angela Merkel multikulturalizm siyasətinə, yumşaq desək, dodaq büzəndə bunun alternativini də göstərməliydilər. Alternativ Xocalıdır, alternativ Buçadır! Dinc Xocalı sakinlərinin soyu qırılanda bunu qanan olmadı, nə yaxşı ki, Buça fəlakətindən sonra, nəhayət, gönüqalınlara da isti keçməyə başlayıb.



Siyasəti əxlaqla, öz qəlbində də olsa, barışdırmağa çalışan biri kimi mən, doğrusu, son iyirmi ildə, ələlxüsus da 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra xeyli pəjmürdə günlər, pərişan anlar keçirmişəm. Haqqa inamım üzülməyibsə də, bəzi məqamlarda çox nazilib. Hərdən düşünmüşəm ki, bəlkə mən dünyanın gedişatından bilmərrə baş çıxarmayan avam, sadəlövh bir zavallıyam, bəlkə ömrümü bu inamın, etiqadın bəslənməsinə həsr elədiyimə görə bada vermişəm, bəlkə bütün həyatımı xam xəyalların, çürük illüziyaların yedəyində aparmaqla qəhr eləmişəm? Doğrudanmı siyasət səhnəsində əxlaqa rol verilməyib, doğrudanmı yer üzündə mənəviyyat yoxdur, yalnız alver var, doğrudanmı əxlaq, mənəviyyat, Nitsşenin dediyi kimi, zəiflərin silahı, acizlərin uydurmasıdır? Haqqa dərin inamım olmasaydı, bu suallar çoxdan məni şeytan fəhləsinə döndərmişdi.

Qəti əminəm ki, 11 sentyabrdan sonra Amerika dövləti Qərbin öz dəyərlərinə sadiqliyini itirməsi nəticəsində meydana çıxmış qlobal terror imperiyasına qarşı hər şeydən əvvəl ideoloji savaş açmalıydı, müharibəyə çəkdiyi xərclərin ən azı yarıdan çoxunu planetdə demokratiyanın, multikulturalizmin, humanizmin təşviq olunmasına yönəltməliydi. O halda indi biz başqa dünyada yaşayardıq. Sevinirəm ki, gec də olsa, Qərb liderlərinin dilindən iqtisadi maraqları mənəvi-ideoloji prinsiplərə qurban verməyə dair çağırışlar səslənir. Həm də iş yalnız çağırışla bitmir, çağırışların arxasında tarixdə misli görünməmiş əməllər, tədbirlər dayanır. Əgər əxlaq, mənəviyyat gücdən, sərvətdən önə keçibsə, demək, axırı yaxşı olacaq…

Əxlaq mövsümi dəyər deyil, əbədi keyfiyyətdir. Dəyişən əxlaqın özü yox, ifadə formaları, şəkilləridir. İllər öncə bir ziyalı məclisində “əxlaq və siyasət” mövzusunda keçirilən diskussiyaya dəvət olunmuşdum. Bir qıraqda oturub məndən iyirmi-otuz yaş böyük ziyalıları dinləməyə üstünlük verdim. Bu dəm o dövrdə yavaş-yavaş populyarlaşmaqda olan bir gənc siyasətçi (sonradan müxalif mövqeyini 179 dərəcə dəyişdi) qaranəfəs içəri təpilib az sonra söz istədi, oturanların üzünü qarsan odlu-alovlu çıxışında əxlaqın artıq vaxtı keçmiş bir anlayış olduğunu, əxlaqa yox, qanun-qaydaya istinad eləməyin vacibliyini sübuta yetirməyə başladı. Elə həmin andaca anladım ki, bundan heç nə çıxmayacaq. Ürəyimdən keçsə də, məclislərdə özümü gözə soxmağı xoşlamadığımdan ona cavab vermədim, yoxsa əxlaqdan nəsibini almamış o siyasət “cəngavərinə” deyəsiydim ki, sənin guya tapındığın çağdaş qanunlar, beynəlxalq normalar, müasir sivilizasiyanın ideoloji formulları insan əxlaqının məhsulu deyilsə, bəs nədir? Ən təkmil qanunlar əbədi əxlaqın boyuna biçilməyə, ilahi əxlaqa layiq olmağa can atır. Yeni dünyanın “dini-şəriəti” sayılan Universal İnsan Haqları Bəyannaməsi bəlkə hansısa dağın başında hansısa peyğəmbərə nazil olunub? Tövrat da, İncil də, Quran da, Avesta, Dhammapada, Vedalar da – hamısı insan əxlaqının məhsulu, adına tanrı, mələk dediyimiz insan ruhunun ayrı-ayrı zamanlara, qövmlərə uyğun, ayrı-ayrı dillərdə səslənən ifadəsidir.

Hələ indi transkripsiyası dilimizdə “post-trus” kimi yazılan bir termin də atıblar ortaya, mənası da “post-həqiqət”, yəni həqiqətdən sonrakı dövr deməkdir. Əgər universal həqiqət yoxdursa, demək, universal əxlaq da yoxdur; demək, Xocalıda, Buçada günahsız qətlə yetirilənlərin həqiqətiylə onları vəhşicəsinə qıranların tapındığı həqiqətin eyni dərəcədə yaşamaq hüququ var. Ortaq həqiqət, ortaq əxlaq yoxdursa, standartlar, arşınlar, tərəzilər də fərqli olacaq, onda Xocalıda qırılanlara biganə, Srebrenitsa qətlini törədənlərə qəzəblə yanaşacaqsan, Xocalı qətliamını şəhidlərin sümükləri çürüyəndən sonra yad eləyəcəksən, Buçada törədilənləri isə ölənlərin qanı qurumamış dünyaya car çəkəcəksən. Eyni xarakterli, eyni məzmunlu münaqişələrə, eyni çaxmaqla odlanan konfliktlərə qiymət verəndə bir halda işğalçıya qarşı, başqa halda işğalçının tərəfində olacaqsan. Belə ikili-üçlü, belə pozuq standartlar yalnız həqiqətin izini azdırmağa çalışanların işinə yarayır. Halbuki Xocalı soyqırımına vaxtında doğru qiymət verilsəydi, dünən Srebrenitsa, bu gün Buça müsibəti də baş verməzdi. Buçaya gətirən yol Xocalıdan başlanır. Universal həqiqət, universal əxlaq olmayanda işğala uğrayanla işğalçı arasında, öldürülənlə öldürən arasında fərq də qalmır. Necə deyərlər, əgər Allah yoxdursa, demək, hər əmələ, hər cinayətə rüsxət var. Bu mübahisələr Sokratdan üzübəri ara vermir, ancaq həmişə, hər raundda meydana yeni adla çıxan Sokratın qələbəsiylə başa çatır. Çünki əxlaqın, kişiliyin, mərdliyin bir alternativi var – əxlaqsızlıq, nakişilik, namərdlik.

11 sentyabrdan sonra Qərbin götürdüyü “kim olursan ol, təki yanımda ol” siyasi kursu bu gün Ukrayna çöllərində bəhrəsini verməkdədir. O siyasətin gətirdiyi haram qazanc, bəlkə ondan da artığı kim bilir hələ nə müddət həmin siyasətin keçdiyi yolları süpürməyə, vurduğu yaraları sarımağa xərclənəcək. Demokratiyanı piştaxtaya çıxaranlar, multikulturalizmə əlcək atanlar, tolerantlığı lağa qoyanlar səpdikləri toxumların Buçada verdiyi qanlı məhsula baxıb utansınlar.

Fəqət hər xeyirdə bir ziyan, hər ziyanda bir xeyir var. Yer üzündə həyatı təməlindən dəyişmiş elektrik enerjisi, təəssüf ki, bəzən insan tələfatına da səbəb olur. Faşizm virusu Avropanı zəhərləməsəydi, bütün dünyanı çətiri altına almış beynəlxalq institutlar da yaranmayacaqdı. Əfqanıstanda palçığa batmasaydı, qırmızı imperiya o tezliklə tarixin arxivinə vasil olmayacaqdı. Bəzən şər seli xeyirin bağçasını suvarır. Bu ilahi nizam, pozulmaz qanun öz işini indən belə də görəcək.

Bəşəriyyət yeni qlobal fəlakətin, üçüncü dünya müharibəsinin astanasında duranda yenə həmişə cavan qalan qocaman əxlaq dada çatdı. Mənafelər, faydalar dərhal kənara çəkilib ona yol verdilər. İndi yenə yer üzündə əlahəzrət əxlaqın möhtəşəm yürüşü başlanıb. Bu yürüş həqiqətin növbəti zəfəriylə başa çatacaq. Universal demokratiya maşınının paslanmış vintcikləri, təkərcikləri təzələnəcək. Ondan sonra dünyada haqq-ədalət yerini bir az da bərkidəcək, demokratiya bir baş da ucalacaq. Planetdə azadlığın, bərabərliyin, qardaşlığın təntənəsiylə müşayiət olunan yeni dövran başlanacaq. Vicdanlı bəşər övladının, allahlı dünya vətəndaşının bu gün buna inanmadan, o parlaq gələcəyə heç olmasa fikrində, diləyində can atmadan yaşaması haramdır.

Mənbə: Yeniazerbaycan.com