Yuvasını yandıran vulkan
İvan Qonçarovun “Uçurum” romanı haqqında
Fəxri Uğurlu
Turgenevlə Qonçarov 1847-ci ildə məşhur tənqidçi Vissarion Belinskinin evində keçirilən ədəbi axşamların birində tanış olmuşdular. Bundan sonra dostlaşıb məktublaşmağa, bir-birinə yazdıqları, yazmaq istədikləri əsərlərdən, süjetlərdən, qəhrəmanlardan danışmağa başlamışdılar. Görüşlərin birində Qonçarov dostuna üstündə işləməyə hazırlaşdığı yeni romandan söz açmış, əsər üçün nəzərdə tutduğu süjet xəttindən, personajlardan bəhs eləmiş, bir sözlə, bəzi yaradıcılıq sirlərini Turgenevlə bölüşmüşdü.
1858-ci ildə Turgenev “Dvoryan ocağı” romanını bitirib tənqidçilərə, qələm yoldaşlarına oxuyanda Qonçarov müəllifi plagiatda suçlamışdı: yazıçı bu qənaətə gəlmişdi ki, Turgenevin yeni əsərinin istər fabulasında, istərsə də obrazların xarakterik cizgilərində bir çox cəhət onun hələ neçə il sonra işıq üzü görəsi (bəzi parçaları dövri mətbuata çıxarılmışdı) romanından əxz olunub, başqa sözlə, oğurlanıb. Qonçarov əvvəllər Turgenevə danışdıqlarıyla onun yazdıqları arasında bir xeyli bənzərlik tutmuşdu, buna görə də düşünürdü ki, Turgenev onun ideyalarını çırpışdırıb. Bu səbəbdən bəzi epizodları romandan silməyi müəllifdən tələb eləmiş, Turgenev də onunla razılaşmışdı. İvan Aleksandroviçlə İvan Sergeyeviç ədəbi gecələrdə bundan sonra da üz-üzə gəlib görüşmüşdülər, ancaq bir-birinə yazdıqları məktublar seyrəlmişdi.
1860-cı ildə Turgenevin “Ərəfə” romanı jurnalda nəşr olundu. Qonçarov onu yenə oğurluqda suçladı. Onda Turgenev söz xiridarlarından ibarət yoldaşlıq məhkəməsi qurmaq təklifi irəli sürdü – qoy nüfuzlu ədəbiyyat adamları müəyyənləşdirsinlər ki, Turgenev Qonçarovun “Uçurum” romanının motivlərindən öz romanlarında yararlanıb, ya yox. Qonçarov təkliflə razılaşdı.
Məhkəmə həmin ilin mart ayında keçirildi. Sanballı tənqidçilər, ədəbiyyatşünaslar bu qənaətə gəldilər ki, çəkişən iki yazıçının yaradıcılığında üst-üstə düşən məqamlar olsa da, bunları plagiat saymaq doğru deyil, bənzərliklər hər iki yazıçının eyni bir zəmində yetişməsindən, eyni dövrdə eyni mühitdə yaşamasından irəli gəlir. Qonçarov məhkəmənin qərarıyla razılaşmağa məcbur oldu, Turgenev isə bundan sonra onunla əlaqəsini biryolluq kəsdi.
Qonçarovun yazdığına görə, Belinski bir dəfə Turgenevin yanında onun ilk romanı (“Adi əhvalat”) haqqında deyibmiş ki, bu romanı şaqqalayıb ondan on povest çıxarmaq olar, o (yəni Qonçarov) isə hamısını bir çərçivəyə sığdırıb. İvan Aleksandroviç bu fikirdəydi ki, İvan Sergeyeviç məhz həmin üsuldan yararlanıb, “Uçurum” romanını doğrayıb-çapmaqla ondan nə az, nə çox, düz üç roman çıxarıb – “Dvoryan ocağı”, “Ərəfə”, bir də “Atalar və oğullar”. Həm də təkcə məzmunu, xarakterləri yox, əsərin planını da mənimsəyib!
Xarakter, süjet, məzmun bənzərliyi öz yerində – bu məsələlərlə bağlı inandırıcı olan da, olmayan da arqumentlər var. Ancaq bir mühüm məsələni unutmaq olmaz ki, bu iki böyük yazıçının ideya-fəlsəfi, mənəvi-etik (bunları açıq mətnlə, çılpaq dillə bəyan eləməsələr belə), hətta ictimai-siyasi baxışları arasında bəzən bir-birinə daban-dabana zidd gedən ciddi fərqlər də var. “Oblomov”, “Atalar və oğullar” romanlarından danışanda biz bu fərqlərə yüngülcə toxunmuşduq, hətta Çexovun “Altı nömrəli palata” povestini Oblomovla Bazarovun – stoiklə anarxistin dialoqu kimi izah eləməyə çalışmışdıq. Bəli, Oblomovun antipodu Bazarova bənzər obraz “Uçurum” romanında var, ancaq gəlin görək, Qonçarovun durduğu ideya-fəlsəfi platformadan həmin obraz necə görünür? Əminəm ki, bu sualın düzgün cavabı 166 il bundan qabaq keçirilmiş yoldaşlıq məhkəməsinin qərarından daha maraqlı, daha ötədir.
***
Qonçarovun üç romanı var. Hər biri müstəqil əsər olsa da, müəllif bu romanları bir-birinin davamı, eyni bir əsərin qolları, yəni bir növ trilogiya sayırdı. Maraqlıdır ki, orijinalda romanların adları da eyni hərflərlə, daha doğrusu, “ob” hissəciyi ilə başlayır: “Obıknovennaya istoriya”, “Oblomov”, “Obrıv”. Üçüncü romanın adı dilimizə bəlkə “Yamac”, “Yarğan” kimi də çevrilə bilər, ancaq əsərin məzmunundan, adın rəmzi mənasından yola çıxsaq, məncə, “Uçurum” daha doğru variantdır. Əsərlərdən həcmcə ən böyüyü, süjet, kompozisiya baxımından ən mürəkkəbi də elə bu romandır. Qonçarov “Uçurum”u fasilələrlə iyirmi ilə yazıb bitirib. Əsər “Oblomov”dan düz on il sonra – 1869-cu ildə işıq üzü görüb. On ildən bir bar verən ağac kimi müəllif təqribən iyirmi bir-iyirmi iki il ərzində üç sanballı roman ərsəyə gətirib, bununla da dünya ədəbiyyatının altun kitabına adını qızıl hərflərlə yazdırıb.
“Uçurum” yəqin ki, məhəbbət romanı sayılmalıdır, çünki bu kitabda bir xeyli məhəbbət xətti, sevgi epizodu, qadın-kişi, erkək-dişi rabitəsi var. Doğrudur, bu münasibətlərin hamısına anladığımız mənada məhəbbət demək olmaz, bunların arasında saf, məsum mömin sevgi də, sadədil itaətkarlıq da, çılğın romantik ehtiras da, yırtıcı heyvani instinkt də, qadına antik üslubda baxış da, nikaha bəzən anarxist, bəzən utilitarist münasibət də, klassik ailə institutuna konservativ sədaqət də, ənənəyə liberal xəyanət də var. Xülasə, hər cür sifətiylə, hər cür üzüylə əldən-ələ, candan-cana, nəsildən-nəslə keçən məhəbbət. Qonçarov hər “növ” məhəbbətə aid psixoloji portret, dolğun xarakter yaratmağı bacarıb, onu yaşadığı dövrün ən böyük psixoloqlarından biri sayanlar bu baxımdan tam haqlıdırlar. Ədəbiyyatşünaslar “Uçurum” romanını məhz psixoloji roman kimi xarakterizə eləyirlər.
Roman beş bölümdən ibarətdir. Birinci bölümdə hadisələr Peterburqda cərəyan eləyir. Otuz beş yaşlı dvoryan Boris Pavloviç Rayski öz mənzilində qırx yaşlı məmur dostu Ayanovla söhbətləşir. Onlar Rayskinin qohumu Sofya Belovodskayanı ziyarətə getməyə hazırlaşırlar. Sofya iyirmi dörd yaşlı dul qadındır. Anası onun toyunu görmədən ölüb, atası sərvətini qadınlara xərcləyib. Belovodskaya iki varlı bibisiylə yaşayır, Rayski onunla söhbətləşdiyi müddətdə bibilər Ayanovla kart oynayırlar. Təbiətcə romantik olan Rayskini durğun həyat darıxdırır, o bilmək istəyir ki, mərmər heykəllər kimi soyuq, laqeyd qohumu nə vaxtsa duyğu tufanı, ehtiras fırtınası qoparmağa qadir olacaqmı? Boris Sofyanı ənənə buxovlarını qırmağa, həyatından zövq almağa, sevməyə, əzab çəkməyə çağırır. Rayski peşəkar səviyyəyə çatmamış rəssamdır, Sofyanın portretini çəkmək istəyir, bundan ötrü qadının hisslərini coşdurmağa, onu incəsənət obyektinə çevriləcək bir hala gətirməyə çalışır.
Fəqət Rayskinin yaradıcı arzuları bir portretin dar çərçivəsinə sığmır, onun daha böyük planı var: Boris Pavloviç özünü yazıçı kimi sınaqdan çıxarmaq, roman yazmaq niyyətindədir. Bunun üçün də zəngin həyat materialı toplamalı, dərin, təlatümlü duyğular okeanına baş vurmalıdır. Ta uşaqlıqdan onun ədəbiyyata, rəssamlığa, musiqiyə marağı var, daha dəqiqi, Rayskini incəsənətdən, gözəllikdən savayı heç nə maraqlandırmır. Məhz buna görə on ildən bəri yaşadığı Peterburqda qulluğundan da istefa verib. Ata-anasını uşaqkən itirdiyindən Boris qohumlarının himayəsində böyüyüb. Məktəbdə oxuyanda alman müəllimi Borisi bir cümləylə belə xarakterizə eləyərmiş: “Onun qabiliyyəti heyrət doğurur, tənbəlliyi isə bundan da heyrətamizdir”. Qonçarov özü də deyirdi ki, Rayski yatağından qalxıb həyatın içinə yerimiş Oblomovdur.
***
Universitetə girəndən sonra Rayski yay tətilində nənəliyi Tatyana Markovna Berejkovanın yanına gedir. Nənə Borisin Volqa sahilindəki Malinovka kəndində yerləşən ata mülkünü idarə eləyir, üstəlik, ona nəvə, Borisə qohum düşən beş-altı yaşlı bir cüt qız uşağını da qanadları altında bəsləyib-böyüdüb tərbiyələndirir. Bacılardan böyüyü Vera, kiçiyi Marfa adlanır; kiçik bacı nənənin köhnə mülkün yanında tikdirdiyi təzə evdə Tatyana Markovna ilə birlikdə, böyüksə köhnə evdə qalır.
Rayskini ata mülkündə coşğun sevinclə, evin ağası kimi qarşılayırlar. Oğlan özünü analı, bacılı, dayılı, bir sözlə, doğmalı-arxalı sanmağa başlayır; sevimli dayı rolunu isə nənənin dostu, istefaya çıxandan sonra yaxın əyalət şəhərində özünə ev almış hərbçi Tit Nilıç Vatutin oynayır. Söz gəzir ki, Tatyana Markovna ilə Vatutin cavanlıqda bir-birini seviblər, ancaq böyükləri qızı başqasına vermək istədiklərindən onların qovuşması baş tutmayıb, bu səbəbdən zavallı nənə qız qarıyıb.
Volqanın yaxasındakı uçurum Borisi özünə çəkir. Oradan ana təbiətə gözəl mənzərə açılır. Hələ onun yaşından qabaq, valideynlərinin sağlığında həmin uçurumun ayağında bir qısqanc ər arvadını məşuquyla birgə öldürüb, sonra da özünə qəsd eləyib. Meyitlər elə hadisə yerinəcə gömülüb. O zamandan uçurum adamların yaddaşında xatalı, nəhs bir yer kimi qalıb, hamı oradan gen dolanmağa çalışır, çox adam təkbaşına oralara enməkdən qorxur...
Tətildən sonra universitetə qayıdan Rayski oxumaqda çətinlik çəkir, başına heç nə batmır, gözünə ancaq obrazlar, surətlər görünür. Tezliklə o, yoxsul tələbə yoldaşı, keşiş oğlu Leonti Kozlova mehir salır, yunan, latın dillərini bilən Kozlov Rayskidə antik müəlliflərə maraq oyadır. Bundan sonra Boris şeir, nəsr parçaları yazmağa başlayır.
Universiteti bitirəndən sonra Rayski yunker rütbəsiylə qulluğa girir, “qızıl gənclik” deyilən təbəqəyə xas həyat keçirir. Daha sonra qulluq yerini dəyişən cavan yeni vəzifəsində də çox bənd almır, bir müddət də rəssamlıq akademiyasına ayaq döyür. Yarım ildən sonra çəkdiyi rəsmi ustadlar bəyənsələr də, ona sənətin sirlərini daha üç il öyrənməyi məsləhət görürlər. Rayski isə tələsir, qısa zamanda şöhrət qazanmaq istəyir. Buna görə də roman yazmağa keçir. Romanda iki il əvvəl ona aşiq olmuş Nataşa adlı həlim, itaətkar qızın ölümünü təsvir eləyir. Qızın müti sədaqəti onu bezdirdiyindən Boris Nataşanı almaq istəməmişdi. Beləcə, Rayski yeni romanın səhifələrini qaralamağa başlayır. Oxuduğumuz roman boyu biz onun öz romanı üçün material topladığını görürük.
Əslində, “Uçurum” romanı elə Rayskinin topladığı müşahidələrdən, yığdığı materiallardan, yaratdığı obrazlardan ibarətdir, yəni qəhrəman bir növ müəllifin alter-eqosudur. Ona görə “bir növ” dedim ki, əsərdə baş qəhrəmanın iştirak eləmədiyi, xəbərsiz qaldığı epizodlar da var, başqa sözlə, hər kəsi görən, hər şeyi bilən müəllif sevimli personajına bütün qüdrətini köçürməyib, bununla belə Turgenevə qıymadığı bir neçə romanlıq həyat materialını Rayskinin yaradıcılıq laboratoriyasına böyük səxavətlə bağışlayıb.
Boris Sofyanın portretini tamamlayıb qadına eşq elan eləyir. Sofya isə qohumuna dostluqdan başqa bir şey verə bilməyəcəyini söyləyib Borisə ümid yeri qoymur. Rayski qadının bir italyan qrafına uyduğundan şübhələnir. Rədd cavabı alandan sonra Boris Pavloviçin qaynamaqda olan ehtirasının köpüyü yatır.
***
Birinci hissəni romanın proloqu da saya bilərik. Bəzi tənqidçilər bu bölümdə mətləbin çox uzadıldığını desələr də, müəllif məramını, sonrakı bölümlərdə baş verəcəkləri daha dərindən anlamaq baxımından birinci hissəni diqqətlə öyrənmək vacibdir. İlk bölümdə al-əlvan ehtiras kəpənəyi hələ qanad çıxarmayıb, hələ tırtıl halındadır.
İkinci hissədə Rayski nənəliyinin xahişi, sifarişiylə Malinovka kəndinə yollanır. Tatyana Markovna onu yerin yiyəsi kimi qarşılayıb Borisə hesabat verməyə, onu təsərrüfatın gəlir-çıxarından agah eləməyə, onda öz mal-mülkünə, təhkimli kəndlilərinə qarşı ağalıq, sahiblik hissi oyatmağa çalışır, ancaq bu cür instinktlər Rayskiyə yaddır, onu dünya malı maraqlandırmır, gah rəiyyətə azadlıq vermək, gah da mülkünü Vera-Marfa bacılarına bağışlamaq, onlar arasında bölmək fikrinə düşür. Onun belə qismətinə asi, havalı fikirləri qohumlarının əmanəti, nəvələrinin mirası üstündə əsən tədbirli, təsərrüfatcıl nənəni qorxuya salır, təcrübəli qadın anlayır ki, Borisə qalsa, var-yoxunu ya satacaq, ya da girov qoyacaq, ona görə də daşıdığı yükü ölənəcən çəkməyə razılaşır. Yetimlərə gəlincə, onların cehizləri hazırdır, sədəqə kimi verilən sərvətə isə ehtiyacları yoxdur.
Rayskini ilk qarşılayanlardan biri iyirmi yaşlarında ərgən qıza çevrilmiş sarışın, saf, şən Marfa olur. Vera isə çayın o tayında – rəfiqəlik elədiyi keşiş arvadının yanındadır. Rayski çoxdan görmədiyi, bir az səhraya, bir az da qəbiristanlığa bənzəyən şəhəri gəzib dolaşır. Bu şəhər onun romanı üçün yaxşı çərçivə, fon rolu oynaya bilər. Əsərin mərkəzinə Marfanı qoymaq olardı, ancaq onda ehtiras, yanğı çatmır, nənəsinin sözündən qətiyyən çıxmaz, düz, rahat yoldan əsla sapmaz, özü də qorxaqdır, Rayskiyə qoşulub uçuruma enmək istəmədi.
Şəhərdə Boris tələbəlik yoldaşı, gimnaziya müəllimi Kozlovu tapır. Leonti antik ədəbiyyatın içində itib-batıb. Rayski onun şəhərin qırağında, öz mülkünə yaxın bir evdə yerləşməsinə kömək göstərib, bütün kitabxanasını onun ixtiyarına verib, hərçənd kitablardan bir neçəsini Mark Voloxov adlı şuluq adam korlayıb. Leonti üç min nüsxəlik kitabxananın kataloqunu tərtib eləyib, sonra bilinir ki, bu işdə Vera da ona yardım göstərib. Rayski kitabxanasını Kozlova bağışlayır, dostunu həyatdan uzaq düşməkdə qınayır.
Kozlov dostların hələ tələbəlik çağından tanıdıqları Ulyana ilə evlənib. Özü gözəgəlimli olmayan Leonti arvadına vurğundur, qadının boy-buxunu, qədd-qaməti ona antik heykəlləri xatırladır. Kozlov Ulyanaya universiteti bitirdiklərindən beş il sonra elçi düşüb, onda qız atası öldüyünə görə bibisiylə qalırmış, özü də möhkəm xəstəymiş. Sonradan Ulyana Kozlovu sevmədiyini, onun çağırışına yalnız ərə getmək xatirinə razılıq verdiyini Rayskiyə etiraf eləyir.
***
Yerdən qopuq nəvəsinin romantik xəyallarla, göylərlə əlləşməyi nənəliyi nigaran qoyur, ona elə gəlir ki, buna görə tale Borisi cəzalandıracaq. Yüngülcə toqquşmalardan sonra nənə-bala sülhə gəlib öz aralarında şifahi müqavilə bağlayırlar: hər kəs öz istədiyi, öz bildiyi kimi yaşasın. Əslində, bununla hərə həyatda ona ayrılmış postuna çəkilir, hər kəs öz payına düşən missiyanı yerinə yetirmək üçün işinin başına qayıdır. Bundan sonra nənəylə nəvə arasında ciddi konflikt yaranmır, Tatyana Markovna hər şeyi bir stoik inancıyla tapındığı əlahəzrət Talenin ixtiyarına buraxır, Boris Pavloviç isə əlində Diogen çırağı bir geoloq həvəsiylə odlu-alovlu duyğu yataqları, ehtiras vulkanları axtarmağına davam eləyir.
Marfa – nənəsinin qüdrətli qanadları altına sığınmış qayğısız, məsum sarıdimdik cücədir; Rayski onda qadınlıq ehtirası oyatmağa çalışsa da, alınmır, Marfa onun dediklərini anlamır, eyhamlarını tutmur, nə istədiyini başa düşmür, bu səbəbdən günahsız qəlbini nənəyə açmağa da ehtiyac duymur. Rayski onun portretini yaradır, xarakterini formalaşdıran cizgiləri düzgün oxumağa çalışır, sonra da Nataşa haqqında yazdıqlarına düzəlişlər eləyir ki, bütün bunları romana oturda bilsin.
Bu ara malikanədə Rayskinin arzuladığı, həvəslə axtardığı ehtiras tufanı qopur: Saveli adlı mujik arvadı Marinanı ayağısürüşkənliyinə görə möhkəmcə döyür. Nənə boynuna alır ki, nökər-qaravaş hamılıqla zinaya qurşanıb, həmin bu Marina isə heç bir çərçivəyə sığmır, belə getsə, əri onu öldürəcək. Mülkədarlar arasında da macəra həvəskarları var: məsələn, nənənin daimi qonağı, yaşlı dul qadın Polina Karpovna Kritskaya xoşlayır ki, kimsə ona vurulsun, say-seçmə cavanlar arxasınca gəzsinlər, o da onları yedəyində hərləsin; iki daşın arasında hətta Rayskiyə də qarmaq atmağa fürsət tapıb, amma insafən, onunku sözdən o yana keçmir.
Rayski Kozlovun evinə pəncərədən girən Mark Voloxovla tanış olur. Mark hər cür adət-ənənənin, hətta qanun-qaydanın belə əleyhinə gedən tipdir. Boris ona nənəliyinin yanında şam eləmək təklifi verir, mühafizəkar nənəninsə, təbii ki, Markdan zəhləsi gedir. Sözü üzə qırmızı deyən Mark söhbət əsnasında Rayskini uğursuz adam adlandırır.
Vera qonaq getdiyi yerdən qayıdanda Rayski görür ki, bacıların bir-birinə oxşarı yoxdur. Anlayır ki, hələ uşaqlıq yuxusundan ayılmamış Marfadan ona yar olası deyil, odur ki, qarasaç, qaragöz Veranı izləməyə başlayır. Onu yalnız yandırıcı gözəllik, dağıdıcı ehtiras maraqlandırır. Bu vaxt onun qənaətinin təsdiqi kimi Marfanın dostu gənc mülkədar Vikentyev də qonaq gəlir – onlar bir-birinə çox yaraşırlar, hər ikisi həyatla dolu qaynayan qab kimidir. Getdikcə qonaqlar artır, hər birinin də öz xasiyyəti, öz taleyi, öz tarixçəsi var.
Rayski əyalət mühitində darıxır. Şəhəri bir az dolaşıb Kozlovun evinə dönür, dəhlizdə duyuq düşür ki, Leontinin arvadının yanında başqa kişi var, ona görə də qapıdan qayıdır. Oradan Voloxovun yanına gedir. Mark onunla mərcə girir ki, uzağı iki həftəyə Boris Pavloviç buralarda kiməsə vurulacaq.
Vera Rayskidən qaçır, o isə gecə-gündüz ondan gen gəzən bu qız haqqında düşünür. Nəhayət, onlar açılışırlar, Vera qəti şəkildə bildirir ki, əgər qohumu ona sərbəstlik verməsə, onu təqib eləməkdən əl çəkməsə, buralardan çıxıb gedəcək. Rayski Veranın bu qədər cəsarəti haradan aldığına, azadlıq şüuruna, iradəsinə necə yiyələndiyinə təəccüblənir. Axırda qohumlar sözləşirlər ki, dost olsunlar. İkinci bölüm bununla başa çatır.
***
Ondan sonra Rayski Vera haqda düşünməmək üçün cürbəcür üsullarla başını qatır, əkin-biçin sahələrinə baş çəkir, özünü ağa kimi aparmağa çalışır. Bazar günü nənənin bir qoşun qonağı gəlir. Onlardan ən məşhuru Nil Andreyeviç Tıçkovdur – palata sədri, şəhərdə hamının tanıdığı, mənəviyyat etalonu saydığı adam. Tıçkov məclisdə dul qadın Kritskayanı ələ salır, onu, demək olar, təhqir eləyir. Rayski dözməyib Tıçkovun olmayan abrını ətəyinə bükür, rüşvətxorluğu, haramxorluğuyla şəhərdə ad çıxardığını, bir vaxt fırıldaq işlədib sərvətini taladığı doğmaca qardaşı qızını dəlixanaya basdırdığını onun yadına salır. Nil Andreyeviç coşub özündən çıxır, Tatyana Markovna hətərən-pətərən danışmağa başlayan qocanı evindən qovur, nənənin mərdliyinə heyran qalan Rayski onu qucaqlayıb öpür. Vera isə cəsarətinə görə Rayskiyə bir öpüş bəxşiş verir. Tıçkovun qırx illik zəhmi bir həmlədə puça çıxır.
Bu hadisədən sonra Vera Borisdən çəkinməməyə, ona yaxınlıq verməyə başlayır. Bir qadın kimi Rayskiyə laqeyd olsa da, onunla söhbətləşmək, fikir bölüşmək Veraya xoş gəlir. Bu arada Rayski nənənin də portretini çəkməyə girişir. Bütün bu portretlər həm də rəmzi mahiyyət daşıyır, yazıçının yaratdığı obrazların xarakterik cizgiləri üzərində bir rəssam dəqiqliyi ilə necə işlədiyini simvolizə eləyir.
Voloxovla kəsdiyi mərcin üstündən bir ay keçmiş Rayski geri qayıtmağa dartınır. Vidalaşmaq üçün Leontinin evinə gedəndə Markın da burada olduğunu görür. Mark Borisi cırnatmağa çalışıb deyir ki, tənbəl, uğursuz olduğuna görə yazdığı romanı tamamlaya bilməyəcək, üstəlik də vurulduğunu onun boynuna qoymaq istəyir. Rayski aşiq olduğunu boynundan atmağa, qəlbində közərən duyğunun sönüb getdiyinə hətta özünü inandırmağa çalışsa da, Veranın ondan məktub gizlədiyini görəndə qısqanclığını boğa bilmir, özünü bir növ ələ verir. Vera isə inadla sirrini ondan gizləyir, qohumunu cürbəcür söz oyunlarıyla yanıltmağa, azdırmağa cəhd göstərir.
Xanım Kritskayanın təkidi sayəsində Rayski onun da portretini yaratmağa məcbur olur. Bu da simvolik dildə o deməkdir ki, gerçək yazıçı bir əsər qələmə alanda müəllifin təxəyyülündən həmin əsərə doğru yol gələn obrazlar məqamı çatanda özləri yazıçının qarşısında peyda olurlar, qeybdən zühura gələn personajlar rollarını oynamaq üçün səhnəyə çıxıb, müəllifdən özlərinin surətlərini yaratmağı inadla tələb eləyirlər. Əsər üzərində işləyəndə buna bənzər hisslər keçirdiyini, kölgələr, kabuslar, ruhlarla danışdığını, məchul bir aləmdən verilmiş hansısa sifarişi yerinə yetirdiyini dilə gətirən yazıçılar az olmayıb. Qonçarov bu prosesi bizə obrazlı şəkildə göstərir.
Əyalətə faktiki sürgün olunmuş, ötən ildən bəri polis nəzarəti altında saxlanan Mark Voloxov indi də əhali arasında yasaq kitablar yaymaq ittihamıyla suçlanır. Markın xahişiylə Rayski qubernatorun yanına gedib günahı öz boynuna götürür, cinayətin üstünü malalayır. Bu ara Vera Borisə başqasını sevdiyini etiraf eləyib, yenidən çayın o tayına – keşiş arvadının yanına gedir. Yalqız qalan Rayski qısqanclıqdan özünə yer tapa bilmir, nənənin ağzını arayıb, Veranın kimi sevə biləcəyini öyrənməyə çalışır. Nənə meşəbəyidən şübhələnir. Söhbət Veranın dostluq elədiyi İvan İvanoviç Tuşindən gedir. Tuşinin meşənin ortasında taxta zavodu var, özü də bacısıyla birgə meşədəki evində yaşayır.
Rayskinin xanım Kritskaya ilə çox vaxt keçirməsi şəhərdə şayiələrə səbəb olur. Boris sadədil dostu Leontinin ayağısürüşkən arvadını doğru yola qaytarmaq üçün Kozlovgilə gedir, ancaq onun missiyası tamam tərs effekt verir, Ulyananın yırtıcı ehtirası, hiyləgər şəhvəti qarşısında Rayski də duruş gətirə bilmir, adam gözünü açanda özünü qadının tələsində tapır. Bu iradəsizliyi onu möhkəm sarsıdır, dostunun namusuna ləkə yaxanların sırasında durması Boris Pavloviçin dərdinə dərd artırır, onu öz gözündən salır.
Vera Rayskini inandırır ki, onun qəhrəmanı Tuşin deyil. Bu məsələ aydınlaşandan sonra Vikentyev Marfaya elçi düşür, ertəsi gün oğlanın anası nənənin qapısına gəlir, gənclərin niyyəti rəsmiləşir. Ardınca evdə toya hazırlıq görülməsinə başlanır. Bundan ruhlanan Rayski Verayla anlaşmağa yenidən cəhd göstərir, Vera isə bu fikirdədir ki, qohumu onu sevmir, başqa qadınlara münasibətində olduğu kimi sadəcə könül əyləndirir. Bağçada gəzəndə Boris Verayla təsadüfən qarşılaşır, ancaq qızın görüşə hazırlaşdığını başa düşsə də, Markla görüşdüyünü bilmir. Onlar keçən ilin yayında, Voloxov Veragilin bağından alma oğurlayanda tanış olublar. Bir ildir görüşürlər, özü də harada – uçurumun altında!
***
Üçüncü bölüm Markla Veranın ötənilki tanışlığının tarixçəsiylə bitir, dördüncü hissə hazırkı görüşün təfsilatıyla başlanır. Onlar uçurumun ayağındakı köhnə bir köşkdə görüşürlər. Bir-birini sevsələr də, həyata baxışları daban-dabana ziddir. Vera Markdan gənclərə qadağan olunmuş kitablar verməməyi, dinc oturmağı xahiş eləyir. Voloxov Veranı yalnız ərə getmək barədə düşündüyünə görə qınayır, halbuki ona sevdiyi qızın timsalında yol yoldaşı, könül sirdaşı lazımdır. Niyyətləri üst-üstə düşmədiyinə görə onlar ayrılmaq qərarına gəlirlər.
Vera Markdan aralı dura bilmir, başını götürüb yenə Volqanın qarşı yaxasına adlayır, rəfiqəsinə pənah aparır. Az keçmiş oradan Rayskiyə sevgi, dostluq ətirli, komplimentlə dolu məktublar gəlməyə başlayır. Sonradan məlum olur ki, zarafat məqsədli o məktubları Verayla keşiş arvadı növbəylə yazırmışlar. Məktubların birində onlar Boris Pavloviçi ehtiyacı olan bir nəfərə yardım göstərməyə çağırırlar, bu çağırışın müqabilində Rayski deyilən ünvana 220 rubl pul göndərir. Sonra bilinəcək ki, bu məktubdan Veranın xəbəri olmayıb, onu qızın adından Mark Voloxov yazıb. Bundan əvvəl onun Rayskiyə 80 rubl borcu vardı, özü də qızıl-qırmızı bəyan eləyirdi ki, borcunu qaytarmayacaq.
Bu vaxt antik qamətli Ulyananın ərini atıb getdiyi, fransız Şarla qoşulub paytaxta qaçdığı xəbəri yayılır. Zavallı Leonti fikir çəkməkdən xəstə düşür. Nənə Borisə məsləhət görür ki, dostunu gözdən-nəzərdən qıraq qoymasın, onu öz evinə köçürsün. Bu yandan da Rayski Peterburqdan məktub alır, Ayanov ona yazır ki, Sofya Belovodova italyan qrafla münasibətinə görə adına ləkə salıb, qraf isə məsələ yoğunlayanda aradan çıxıb Parisə gedib, sən demə, orada onun nişanlısı varmış.
Rayski uçurumun başında durub Veranın getdiyi səmtə həsrətlə baxanda birdən qız onun böyründə peyda olur. Veranın özünə bənzəri qalmayıb, deyir ki, onu bu hala Boris Pavloviçin öyüb göylərə qaldırdığı ehtiras salıb. Rayski ondan kimi sevdiyini soruşanda Vera yenə doğru cavabdan yayınır. Rayskiyə elə gəlir qız havalanıb, əvvəl Veraya xoşbəxtlik kimi dilədiyi yanğı, ehtiras indi onu qorxudur, artıq cilovunu qırmış həmin çılğın ehtiras Veranı daşdan-daşa çırpıb məhv eləməkdədir. Qız Rayskiyə yalvarır ki, əl-qolunu qandallayıb onu uçurumun altına buraxmasın. Di gəl, parol əvəzi güllə səsi eşidiləndə Vera böyük çətinliklə qohumunun əlindən çıxıb görüş yerinə qaçır.
Verayla Mark uçurumun ayağındakı köşkdə saatlarla gərgin söhbət eləyirlər. Onların söhbəti stoisizmlə anarxizmin (yaxud da epikürizmin) dialoqu kimi fəlsəfi mahiyyət daşıyır. Əlbəttə, Qonçarov bu parlaq səhnəni iki filosofun quru polemikası kimi yox, iki sevgilinin qızğın mübahisəsi kimi qələmə alıb, həm də mükəmməl işləyib. Vera borc, sədaqət, məsuliyyət anlayışının üstündə möhkəm durur, onun fikrincə, gerçək sevgi heyvani instinktlə yox, bu anlayışlarla əkizdir. Qız əbədi, ölməz məhəbbət arzusundadır. Voloxovsa heç bir borc, öhdəlik tanımır; o, Veranı gerçəkdən sevir, ona yalan danışmır, di gəl, onun həqiqəti yalandan da zəhərlidir. Əbədi məhəbbət, ömürlük sədaqət, xoşbəxt ailə ondan ötrü yalan, illüziyadır, din, nikah, kilsə, dövlət, qanun, mülkiyyət onda ən yaxşı halda istehza doğurur. Vera bir il ərzində sevdiyi oğlandan istədiyi qəhrəmanı yarada bilməyib. Mark isə bu müddətdə qızın ürəyinə girsə də, ağlını, iradəsini ram eləməyi bacarmayıb.
Rayski Veranın sevdiyi şəxsin kimliyini biləndə havalanmaq həddinə çatır. Səhərə qədər gözləyir ki, qızın gözlərinə baxsın. Halı özündə olmayan Vera evə çatanda huşunu itirir...
***
Beşinci hissədə Vera qohumuna Mark Voloxovla münasibətinin tarixçəsini danışır, xahiş eləyir ki, dediklərini nənəyə də çatdırsın. Marfanın doğum günündə Vera özündə güc tapıb qonaqların üzünə çıxır. Həmin gün Tuşin ona evlənmək təklifində bulunur; meşəbəyinin olub-keçənləri eşitdiyini düşünən Vera fürsətdən yararlanıb ürəyini onun ovcuna boşaldır, günahlarını boynuna alır.
Marfa məclisdən sonra gələcək qayınanasıgilə qonaq gedir. Rayski Verayla Markın qəziyyəsini nənəyə danışır. Tatyana Markovna havalanıb üç gün çölləri dolaşır, üçüncü gün bərk xəstələnir. Nənəsi yatağa düşdüyü vaxt Vera da azarlayıb qızdırma içində sayıqlayır. Nənə onun halından xəbər tutanda nəvəsinin başının üstünü kəsdirib ona özü qulluq, nəvaziş göstərir, onun tövbəsini qəbul eləyir, günahlarını bağışlayır.
Vera Markdan ikinci məktubu alır – sonuncu görüşdən sonra gələn birinci məktubun zərfi hələ də bağlıdır. Mark qızı görüşə çağırır, yazır ki, onunla evlənməyə hazırdır. Vera məsələni açıb Tuşinə də, nənəyə də söyləyir. Nənə onların görüşdüyü köhnə köşkü dağıtmaq əmri verir. Tuşin Veranın məktubunu Voloxova çatdırır, məktubda onların münasibətinə birdəfəlik son qoyulduğu bildirilir. Mark könülsüz də olsa buralardan çıxıb getməyə söz verir. Tezliklə Kozlov xəbər gətirir ki, Voloxov Novqorod quberniyasında yaşayan xalasının yanına köçmək, sonra da yunker rütbəsi alıb Qafqaza yollanmaq niyyətindədir.
Tuşin Veraya elçi düşmək istəyir, ancaq nənə Vera tam sağalanacan gözləməyi məsləhət görür. Şəhərdə söz gəzir ki, onlar tezliklə evlənəcəklər, fəqət Veranın bu söz-söhbətdən xəbəri yoxdur.
Rayski Verayla nənənin portretlərini tamamlayıb Vera haqqında romana başlayır, amma əsər üzərində iş epiqrafla ithafdan o yana keçmir. Onun beyninə yeni bir ideya girib – İtaliyaya gedib heykəltəraşlıq öyrənmək.
Beləcə, romanın finalı açıq qalır, biz Veranın Tuşinə ərə getməyimi, yoxsa nənəsi kimi ömürlük tənha qalmağımı seçəcəyini bilmirik. Rayskinin aqibəti də qaranlıqdır, otuz beş yaşdan sonra onun sənət möcüzəsi yaradacağı bəlkə də inandırıcı görünmür. Ancaq məsələ burasındadır ki, ilk romanı işıq üzünə çıxarılanda Qonçarov özü də elə o yaşdaydı. Bundan on iki il sonra “Oblomov” kimi ədəbi möcüzə, üstündən daha on il keçmiş “Uçurum” adlı şedevr yarandı. Bəlkə bu işlərdə elə Qonçarovun tənbəl qəhrəmanının da əməyi var? Kim deyə bilər ki, bayaqdan səhifələrini dolaşdığımız bu roman elə Rayskinin yazmaq istədiyi həmin o roman deyil?..
***
Qonçarov deyirdi ki, bu romanın üç başlıca qəhrəmanı vür: Rayski, nənə, bir də Vera. Göründüyü kimi, müəllifin əsas heyətində Mark Voloxovun adı yoxdur. Turgenevdən fərqli olaraq o, yeni tip personajı, nihilisti, anarxisti özünün aparıcı qəhrəmanına çevirməyib – bu, həm də o deməkdir ki, Qonçarov bu tipajları dövrünün mütərəqqi lokomotivi, qabaqcıl ictimai generatoru saymırdı, onları xeyir qüvvətək görmür, onlara rəğbət bəsləmirdi. Əlbəttə, bunu deməklə mən oxucunu belə yaşarı, daim aktual əsərlərə sırf ictimai-fəlsəfi, sosial-siyasi yöndən yanaşmağa çağırmıram, əksinə, bir çox halda bu tip baxışlara qarşı çıxıram – izləyənlər bilərlər. Vulqar sosioloji metod adətən əsərin dərinliyinə varmağa (əlbəttə, əgər o dərinlik varsa) mane olur, səthi yanaşmaya aparıb çıxarır. Biz Qoqol, Turgenev, Dostoyevski, Çexov, Balzak, Zolya, Kafka kimi dahi müəlliflərin əsərlərindəki dərinliklərin nisbətən dayaz mətnlərə hesablanmış arşınlarla ölçüldüyünü dönə-dönə görmüşük. Elə Qonçarovun özünün yaradıcılığına – “Oblomov” romanına da bu cür yanaşan az olmayıb. Mən bunu böyük qəbahət də saymazdım, adını çəkdiyim-çəkmədiyim müəlliflərin yaradıcılığından, əlbəttə, istənilən qədər sosial ideya, ictimai qənaət də çıxarmaq olar, bununla belə həmin qənaətlər hansısa əsərin alt qatlarına dalmağa əngəl törətməməlidir.
Bu baxımdan “Uçurum” romanının verdiyi mesajları da yazıldığı dövrlərin ictimai-fəlsəfi polemikaları kontekstində yozanlar olub, indi də var. Məlumdur ki, İvan Qonçarov mühafizəkar insan idi, dövlət işində çalışırdı, dinə, kilsəyə rəğbət bəsləyirdi, qərbçiliyin, sosializmin, liberalizmin hər cür ifrat təzahürünə qarşıydı, keçmişə, ənənəyə candan-könüldən bağlıydı. Ancaq onun Turgenevlə münaqişəsini sırf belə bir ictimai-siyasi müstəviyə çəksək, yəni “Uçurum”u yalnız konservatorlarla liberalların, xristianlıqla pozitivizmin, dinlə ateizmin ideoloji davası çərçivəsində nəzərdən keçirsək, üzdən getmiş olarıq. Kim nə deyir desin, Turgenevin nihilist qəhrəmanı Bazarov müəllifinin yaradıcılığı kontekstində müsbət obrazdır: təkcə ona görə yox ki, mühafizəkar dəyərlərə, köhnəliyə amansız savaş açır, yeniliyin alovlu tərəfdarı kimi ortaya çıxır; ilk növbədə ona görə ki, insan azadlığının Avropa ədəbiyyatında o vaxtacan misli-bərabəri görünməmiş yeni bir modelini – anarxist insan tipini ortaya qoyur. Bu, bir fəlsəfi inancdır, yazıçının bəşər cəmiyyətinin gələcəyinə yönəlmiş təklifi, layihəsidir. Bu layihənin mahiyyətini təxminən belə ifadə eləmək olar: fərdin başının üstünü kəsdirmiş hər növ ictimai təsisatı, hər cür zor alətini, xurafat mənbəyini aradan qaldırıb insanı mütləq azadlığına, asudəliyinə qovuşdurmaq, həzzi, şövqü, ehtirası həyatın mühərrikinə, hərəkətverici qüvvəsinə çevirmək, bu üsulla qorxunu, həyəcanı, xofu sıfıra endirmək.
Fəqət Qonçarov həmkarının tapındığı fəlsəfi ideala tamam başqa yöndən yaxınlaşır. Əgər Bazarov öz həqiqətini, mənəvi kamilliyini taleyin buxovlarını qırmaqla, çılğın bir epikürçü kimi yasaqların, qorxuların üstünə getməklə tapırsa, Qonçarovun qəlbinə yaxın qəhrəmanlar haqqa da, dincliyə də, müdrikliyə də təmkinli bir stoik kimi ehtirasları cilovlamaq, taleyə boyun əymək, təbiətlə həmahəng yaşamaq sayəsində çatırlar. Bu iki “düşmən” (əsas da ideoloji düşmən!) yazıçıya xas dünyagörüşlərin müqayisəsi bizi yenidən klassik Şərq ədəbiyyatının rindü-zahid qarşıdurmasına qaytarır. Hər iki tərəf insana dinclik, rahatlıq arzulayır, sadəcə, hədəflər, metodlar başqadır. Qonçarov antik dövrdən üzübəri yol gələn bir zahid, dövrünün Buddası kimi ehtirasları hədəf götürür, ruhani müvazinəti, zehni dincliyi intellektual asketizmdə tapır. “Uçurum” romanı məhz dünyəvi həvəslərin bihudəliyi, ehtirasların dağıdıcı gücü haqdadır – romanın həm adındakı, həm də özündəki uçurum insanı fəlakətə aparan bu müdhiş gücün rəmzidir. Bu kitabın elə bir səhifəsi tapılmaz ki, orada “ehtiras” sözü ən azı bir dəfə təkrarlanmasın. Bu qan-qırmızı kəlmə romanın sətirləri arasında yüzlərlə, bəlkə minlərlə yerdə yanıb-sönür, sanki bununla müəllif oxucusuna hər addımda nə qədər böyük bir təhlükəylə üz-üzə qala biləcəyini xatırlatmaq istəyir.
***
Şair təbiətli, təmiz ürəkli Boris Pavloviç Rayski, soyadından göründüyü kimi, ruhuna cənnət axtarır. Məsum, müti Nataşanın susqun sədaqəti, Marfanın dinc, təlatümsüz cənnəti onu darıxdırır, ona elə gəlir ki, xoşbəxtlik duyğular fırtınasında, ehtirasların coşub-daşmasındadır. Fəqət onun mədh elədiyi, vəsf elədiyi ehtiras heç kimə bəxtəvərlik gətirmir, tam tərsinə, hamını fəlakətə sürükləyir. Ehtiras onun Peterburqdakı qohumu Sofyanı rüsvayçılıq dirəyinə bağlayır, Veranı intiharın astanasınacan dartıb aparır, arvadının atıb qaçdığı Kozlovu tragikomik duruma salır, karikaturaya bənzər dul xanım Kritskayanı gülünc vəziyyətə qoyur, Marinanı xəyanətə, Savelini qısqanclığa, arvadını qətlə yetirməyə təhrik eləyir... Bunca fəsadlar verən ehtiras incə qəlbli incəsənət aşiqinə xoşbəxtliyi hansı əliylə, hansı qabda gətirəcək? Zatən onun yaxıcı, yıxıcı, dağıdıcı təbiəti; namərd, riyakar, hiyləgər xisləti var – tufan, ildırım, zəlzələ kimi; canavar, çaqqal, tülkü kimi. Rayski sevgini yalnız ehtiras qılafında təsəvvür elədiyindən, ikisinin arasına hava yeri qoymadığından məsələnin birmənalı, doğru həllini də tapa bilmir, ehtiras onu gah vəcdə gətirir, gah da qorxudur. O öz xoşbəxtliyini həvəslər, ehtiraslar laboratoriyasından aralanıb yaşanmış günləri qəlbinin güzgüsündə yenidən seyrə dalanda, olmuşları ruhunun süzgəcindən keçirib beynindəki taxçalara düzəndə, yəni bu kitabı yazanda – ehtirasdan ehtirassız bir halda danışanda tapacaq.
Mark Voloxov Rayskinin antipodudur. Bazarovun qan qardaşı olsa da, ona rəğbət bəsləmək, can yandırmaq çətindir. “Yeni nəslin” nümayəndəsi, nihilist, anarxist Voloxovu müəllifin sevmədiyi çətin sezilmir, hətta o dərəcədə ki, tənqidçilər bəzən yazıçını ona qərəzli yanaşdığına görə qınayırdılar. Müəllifin sevmədiyi personajı Vera kimi xarizmatik gözəl niyə bəyənib – burası da bilinmir. Mark Avropa siyasi anarxizminin banilərindən sayılan Prudonun pərəstişkarıdır. Tatyana Berejkovanın alma bağında Vera onu oğurluq başında yaxalayanda da Prudonun yardımıyla vəziyyətdən çıxır: “Xüsusi mülkiyyət – oğurluqdur”. Voloxov sübuta yetirməyə çalışır ki, almalar əslində onundur, oğru isə bağ yiyəsidir. Vera onun dərdiyi almaların halallığını verəndə Mark pərişan olub meyvələri qıza qaytarır. O, canlı-cansız bütün varlığın, cümlə məxluqatın üzərində özünün yiyəlik, ağalıq hüququnu tanıyır, bu hüququ başqalarına da tanıtmaq istəyir. Sədəqə dilənmək, pay almaq onluq deyil, gözü düşəni, meyli çəkəni kimsə ona könüllü bağışlayanda ürəyinə yatmır – onunku oğurlamaq, çalıb-çapmaq, talamaqdır. Voloxov adət-ənənə, qoruq-qaytaq, qanun-qayda tanımır, özünü qədim dünyanın ilk anarxistlərindən, sinizmin atalarından olan Diogen kimi aparmağa çalışır (kitabda antik filosofun adı dəfələrlə hallanır), hətta Markın Leontinin qapısındakı arabada bükülüb yatdığını görən Rayski Diogeni yamsıladığını onun üzünə vurur. Universitetdən qovulmuş bu nihilist üçün dünyada heç bir avtoritet, müqəddəs heç nə yoxdur. Nikahın əleyhinə çıxan Mark təbiətdə olduğu kimi azad sevgi tərəfdarıdır – sevəndə birləş, sevməyəndə qop. Ehtirasın qarşısına bənd vurmaq təbiətə qarşı çıxmaqdır. Fədakarlıq, borc, sədaqət kimi anlayışlar, onun fikrincə, insan xislətinə yaddır, yalan, saxtadır. Bir yaxşı cəhəti var ki, Voloxov yalan danışmır, nə düşünürsə, onu deyir, ona kölə sədaqətiylə bağlanmış məsum Veranı yalan vədlərlə aldatmır, qıza əbədi məhəbbət vədi vermir.
Ailəyə, sevgiyə, ənənəyə münasibətdə Veranın düşündükləri Markın dediklərinə yaxın da gəlmir. Ehtirası onu Voloxovun yırtıcı ağuşuna sürükləyir, ağlı isə bunun fəlakət olduğunu pıçıldayır. Turgenevin Asyası kimi Veraya da ideal qəhrəman lazımdır, Asyadan fərqli olaraq Vera özünü idealına qurban verməyə də hazırdır, amma neyləyəsən ki, onun bütü qurban qəbul eləmir. Vera nənənin dizinin qırağında, onun tərbiyəsiylə böyüyüb, onun aldığı tərbiyənin gözlüyündən baxanda Voloxov nəinki büt, ən tərbiyəsiz adamdır. İnsafən Mark özü də büt olmağa iddialı deyil.
Özündə güc tapıb Markdan qopanda qısnanmış ehtirasın fəsadı, üstəgəl suç duyğusu Veranı xəstə salır, qız uzun müddət həyata qayıda bilmir. Xəstəlik nənə-balanı bir az da doğmalaşdırır, nənə nəvəsinin günahlarını suya çəkir. Bir vaxt Tatyana Markovna özü də belə bir günahdan keçmişdi; fəqət bataqlıqdan çıxıb silkinəndən, kirini-pasağını saf suya axıdandan sonra müdrikləşdi, ailəsi-uşağı olmadısa da, bir rahibə səbriylə nəsil ocağının keşiyini çəkdi, nəvələrini böyütdü, valideynlərinin mirasını onlara salamat çatdırdı. Nənənin köhnə tikilinin yanında ucaltdığı təzə ev – evdən də çox məbəddir: xoşbəxtlik, bərəkət, dinclik məbədi.
***
Marfanı ərə verəndən sonra Tatyana Markovna Verayla bir dam altında qalır. Hərdəmxəyal Boris ötən yay onun tapdığı qızı bəyənməmişdi, indi Allah bilir Avropanın hansı şəhərində dolaşır, kimlərə uyub. Artıq Veranın taleyi haqda düşünmək vaxtı çatıb, Tuşin kimi layiqli namizəd də var. Şəhərdə söz gəzir ki, üzümüzə gələn yay onların toyu olacaq. Fəqət mən bu şayiələrə inanmıram, Vera da nənəsi kimi ərə getməyəcək: günah hissi, borc duyğusu onun canında ehtirasın bir daha baş qaldırmasına yol verməyəcək. Vera estafeti nənədən alıb nəslin ocaq qoruyanına, ata-baba yurdunun könüllü qarovulçusuna, cürbəcür xətdən gələn nəvələrinin hamisinə çevriləcək.
Nənənin ömrü nəvədə yenidən yaşanır, dünyada heç nə dəyişmir, tarix təkrar olunur. Nənəsi yaşa çatanda indi Vatutin tez-tez onlara gəldiyi kimi Tuşin də vaxtaşırı Veranı ziyarət eləyəcək, onun məclislərinin başında oturacaq. Qocalar hərdən-hərdən yanıb getmiş istəklərin külünü qurdalayacaqlar.
Rayskinin kitabları buralarda əldən-ələ keçəcək. Onlar belə böyük bir yazıçını tanıdıqlarına, hətta ona doğma olduqlarına görə öyünəcəklər.
O kitabların müəllifi də ömrü boyu subay qalacaq. Ayaq tutsa, günün birində Boris Pavloviç ata yurdunu ziyarətə gələcək. Ancaq Veranı görəndə əvvəlkitək həyəcan keçirməyəcək. Bu gəlişində onun uzun illər boyunca mükəmməl təlim görmüş atı kimsənin çal-çəpərini basmayacaq, kimsənin bağçasına girməyəcək, kimsənin tövləsinə soxulmayacaq. Bu dəfə o, hər kəsə, hər nəsnəyə ürəyinin şəffaf köşkündən, beyninin sükut mərkəzindən baxacaq...
Çünki ehtiras dediyin yanıb-yanıb sönən vulkan kimidir – nə odundan fayda var, nə külündən. Eləcə öz yuvasını yandırar.
“Yeni Azərbaycan” qəzeti