"Qəvvas" romanının ədəbiyyatda yeri

"Qəvvas" romanının ədəbiyyatda yeri

15 Aprelel 2026 11:52 399


Bəhruz Tağızadə

XX əsrin sonlarına doğru formalaşan Azərbaycan nəsrində fərqli talelər, fərqli baxış bucaqları ilə eyni dövrün müxtəlif qatları təsvir olunur. "Qəvvas" romanının ilk səhifələrindən oxucu sovet sisteminin içindən danışan bir səs ilə qarşılaşır. Bu səs emosiyadan çox müşahidəyə, dramatizmdən çox reallığın ardıcıl təsvirinə və ironiyaya söykənir. Maliyyə Nazirliyində işə düzəlmək kimi adi görünən bir məqsədin arxasında bütöv bir sistemin mexanizmi açılır.

Sistem dəyişikliyi, uğursuz müharibə və kapitalizmin ilk, xaotik mərhələsi ilə xarakterizə olunan 90-cı illər Azərbaycan cəmiyyəti ədəbiyyat üçün son dərəcə zəngin material təqdim etsə də, bu dövrü dərinliklə və estetik bütövlüklə əks etdirən ciddi bədii nümunələr o qədər də çox deyil. Bu baxımdan "Qəvvas" , "Quqark" və "Cincilim" həmin boşluğu dolduran əsas əsərlər kimi diqqət çəkir.

Kolorit və sosial təsvirin genişliyi baxımından “Qəvvas” müəyyən məqamlarda digər iki romanla müqayisədə geri qalsada, hadisələrin inkişaf dinamikası, struktur dərinliyi və mövzuya yanaşma rakursu etibarilə digərlərini üstələyir. Bu mənada “Qəvvas” yalnız dövrü təsvir etmir, onu izah edən bir mətn kimi çıxış edir.Müəllif böyük fikirləri xırda detallarda ustalıqla verə bilir. Və dövrün böyük bir nəslinin taleyini bir neçə obrazda nümaiş etdirir.

Romanın birinci hissəsində müəllif bir "əqraba" gəncin doğma vətənində özünə yer tapa bilməməsini, xəyal və reallıq arasında sıxılıb qalmasını göstərir. Bu, təkcə fərdi böhran deyil, bütöv bir nəslin çıxılmaz vəziyyətinin simvoluna çevrilir. Bir savadlı gənc "seçilmiş" kimi nazirlikdə işə düzəlir, həyat onu burulğanda boğa-boğa Ufa şəhərinin bazar "rekertləri", qumar masalarına qədər aparır.

Romanın ikinci hissəsində əsas bu fərdi talenin miqyası genişlənir və artıq həmin “yolunu tapa bilməyən” gənclərin ümumi aqibəti ön plana keçir. Onlar üçün yad bir məkan olan Rusiyanın bazarları zamanla “yeni vətən”ə çevrilir. Qürbətdə, bazarların içində səpələnmiş bu talelər həm ümidin, həm də məcburiyyətin paradoksal vəhdətini yaradır. İnsanlar fiziki olaraq başqa məkanda yaşasalar da, mənəvi olaraq hələ də itirdikləri vətənin axtarışında qalırlar.Qürbət burada seçim yox, zərurət kimi təqdim olunur.

Axıcılığı ilə seçilən "Qəvvas" yalnız roman kimi deyil, həm də dövrün sosial-psixoloji portretini təqdim edən bir əsər kimi diqqət çəkir. Müəllif 90-cı illərin zərurətləri ucbatından dostların düşmənə çevrilməsini, maddi maraqların mənəvi dəyərləri üstələməsini böyük səlisliklə təsvir edir.

Yazıçı oxucuya incə bir məna aşılayır: insan plan qurur, hesab aparır, lakin həyatın öz hesabı tamam fərqlidir. Bu fikir “sən saydığını say, gör fələk nə sayır” deyimi ilə səsləşir.Baş qəhrəman İlqarın daxili ilə üzləşdikləri bir-birini tamamlamır, obrazı uçurumda göstərir, oxucunu həyəcanda saxlayır.

Əsərin adı ilə yanaşsaq obraz həyatının yolunu qəvvas kimi axtarır, özünü mirvari kimi qiymətli etməyə çalışır. Bir mirvari həm okeanın dərinliklərində, görünməzlik içində qala bilər, həm də bir kraliçanın boynunda ən qiymətli zinətə çevrilə bilər. Dəyəri yalnız düşdüyü mühit müəyyən edir.

Bununla yanaşı, Qəvvas romanında redaktor ustalığı və mətnin texniki baxımdan səliqəli quruluşu da diqqətdən yayınmır. Süjet xəttinin ardıcıllığı, keçidlərin nizamlılığı və ümumi kompozisiya müəllifin mətn üzərində ciddi işlədiyini göstərir və oxuduqca əsəri əsl yazıçı yazdığını hiss etdirir.

Mən qələm yoldaşım İlham Əzizin romanını xüsusilə gənclərə şiddətlə tövsiyə edirəm. Bu əsər valideynlərinizin sizin yaşınızda olarkən yaşadığı dövrü yalnız təsəvvür etmək yox, qiyabi yaşamaq imkanı yaradır. Roman o illərin ruhunu, həyat tərzini və insan münasibətlərini canlı şəkildə oxucuya çatdırır.

Lakin bütün bu üstünlüklərlə yanaşı, əsərdə müəyyən boşluqlar da hiss olunur. Xüsusilə dövrün koloritinin və sosial atmosferinin tam dolğun şəkildə verilməməsi diqqət çəkir. Məsələn, baş qəhrəman İlqarın şəhər mühitində hərəkət etdiyi səhnələrdə 90-cı illərin küçə həyatına xas səslər və detallar — gündəlik həyatın “fon musiqisi” demək olar ki, eşidilmir. Halbuki həmin dövrün ayrılmaz atributlarından olan xırda satıcıların səsləri,xlor satanların məhəllə çağırışları və küçə ticarətinin təsviri mətnə əlavə canlılıq qata bilərdi.İlham bəy isə atmosferi idarələrin dəhlizindən, çayxanaların masalarından və Ufa şəhərinin bazarlarından kənara çıxarmır.İki rəqib xalqın-ermənilərin və azərbaycanlıların üçüncü ölkədəki münasibətinə yer vermir. Daha önəmli məqamlardan biri isə ümummilli miqyaslı hadisələrin fonunun zəif hiss olunmasıdır. Bəhs edilən dövrdə ölkənin 20 faiz torpağının işğal altında olması və yüz minlərlə qaçqın probleminin mövcudluğu cəmiyyətin psixologiyasına ciddi təsir göstərmişdi. Lakin romanda bu hiss olunmur. Dövrün o boyda həngaməsi cəmi bir cümlə ilə dialoqda verilir.

Eyni şəkildə, dövrün vizual simvolları, məsələn, “qazel” tipli nəqliyyat vasitələrinin yoxluğu, küçədə səslənən musiqilər, o vaxtlar baş vermiş ciddi hadisələrin göstərilməməsi də sosial reallığın təsvirində müəyyən boşluq yaradır. Bu cür detallar təkcə dekorativ element deyil, həm də oxucunu zamanın mühitina salan göstəricilərdir.

Beləliklə, “Qəvvas” daha çox fərdi və lokal müstəvidə güclü təsir bağışlayır. Halbuki potensiallı yazar İlham Əziz və təcrübəli redaktor Şəhriyar Del Geranı bir az da çalışıb romanın formatını azca genişləndirməklə onu daha yaxşı səviyyəyə qaldıra bilərdilər.

Bütün hallarda “Qəvvas” ədəbiyyatımızda ciddi bir boşluğu dolduran romandır. 90-cı illər mövzusu yazıçılarımızın nadir hallarda müraciət etdiyi, mürəkkəb və ziddiyyətli bir dövrdür. Bu qarışıq zamanı bədii şəkildə təsvir etmək isə hər yazıçının bacara biləcəyi iş deyil. Bu dövrü hiss etdirərək yazmaq isə yalnız güclü müşahidə və qələm sahibi olanlara nəsib olur. Dünyanın bütün azərbaycanlılarına və ruslarına " Qəvvas" - ı oxumağı məsləhət görürəm.

Üç yüz il sonranın oxucusu 90-cı illərin Azərbaycanını tanımaq istəsə, "Quqark", "Cincilim", "Qəvvas" romanları onun köməyinə çatacaq. Lakin həmin dövrün ədəbiyyatında hələ də bir boşluq qalır — müharibənin yalnız döyüş səhnələri ilə deyil, onun insan talelərində açdığı yaralarla, törətdiyi fəsadlarla dərin və bütöv şəkildə qələmə alınmaması. İnanıram ki, yazarlarımızdan biri bu məsuliyyəti gec-tez öz üzərinə götürəcək.