Allah rəhmət eləsin, Mövlud Süleymanlı! - Çingiz Sultansoy yazır...

Allah rəhmət eləsin, Mövlud Süleymanlı!   - Çingiz Sultansoy yazır...

22 Fevral 2024 10:11 368


Mövlud Süleymanlının adını ilk dəfə 1970-ci illərin ikinci yarısında, ilk səs salan əsəri - “Dəyirman” povestiylə bağlı eşitdim. Əkrəm Əylisli "Azərbaycan" jurnalına baş redaktor təyin olunmuşdu, tanınmış, cild-cild kitabları çıxan, sinəsi orden medallı qocaları qoyub Vaqif Cəbrayılzadə kimi istedadlı gəncləri çap edirdi, məndən 9 yaş böyük, artıq şerləri, hekayələri çıxan Mövlud da onların sırasında idi.

“Dəyirman” povesti də istedadla, həqiqətən yeni nəfəslə yazılmışdı.

Köhnə, suyu soğulmuş dəyirmanda açılan “rayonlararası” kababxana, onun işi, həyatı, müştəriləri haqda idi və sovetin basmaqəlib standartlarına nəinki cavab vermirdi, xeyli kənara çıxıb həyatı bütün çılpaqlığıyla göstərirdi. “Azərbaycan” jurnalının o nömrəsi əldən-ələ gəzirdi. Nömrəni tapıb oxudum, povest çox xoşuma gəldi. Yazıçılar İttifaqında ədəbi hadisə olan, qalmaqallı povestin müzakirəsi təyin olunmuşdu, gedib bir kənarda oturdum, müzakirəyə, daha doğrusu mübahisələrə qulaq asdım.

Tanınmış yaşlılar hücuma keçmişdilər, povestin sovet həyatına qarayaxma olduğunu iddia edirdilər. Sonradan anladım ki, onlar povestin ədəbi-bədii cəhətləriylə elə də maraqlanmayaraq, daha çox “sovet həyatına qarayaxma” bəhanəsiylə onları çap eləməyən Əkrəmi qaralayıb yıxmağa çalışırdılar. Mövlud Süleymanlı bu hücumların qarşısında özünü bir qədər itirmiş kimi görünür, müdafiə olunurdu, onu və povesti Əkrəm Əylisili müdafiə edirdi, Yİ ən cavan katibi Elçin Əfəndiyev də elə mövqedə idi, amma nə dediyi dəqiq yadımda deyil. Yanımda oturan, hələ cavanlar sırasında sayılan Çingiz Əlioğlu Mövludun tərəfində idi, yerindən nəsə dedi, amma çıxış etmədi ya söz vermədilər...

Daha sonra M.Süleymanlı “Köç” romanını yazdı, romanı maraqla oxudum. Romanı oxuyan Bəxtiyar Vahabzadə əsərin müəllifinə ünvanladığı açıq məktubunda yazmışdı:

"Köç" xalqımızın yüz illərdən bəri keçib gəldiyi yolların tarixi, adət və ənənələrini qoruyub saxladığı köçəri ruhunun bədii etnoqrafiyasıdır".

Əsərdə keçmişin idealizasiası olsa da, sovet vaxtı buna etiraz, nonkonformizm kimi baxsaq da, çox xoşuma gəlsə də, məni “Dəyirman” kimi təsirləndirməmişdi, bəlkə də ona görə detallar yadımda yaxşı qalmayıb, maraqlı sitat gətirə bilmərəm, bəlkə də təkrar-təkrar oxumaq imkanım olmadığıma görədir bu.

Mövlud Süleymanlını oxusam, bəyənsəm, tanısam da, o vaxt pərəstiş etdiyim qələmlər, adlar başqa idi – Anar, Elçin, İsa Hüseynov - daha çox Nəsimi haqda romanına görə, Sabir Əhmədov, İsi Məlikzadə, cavanlardan Ramiz Rövşən, Azər Abdulla.

Mövludun sonra “Ceviz qurdu”, “Səs” romanları çıxdı, yaxşı romanlar idi, sovet "sosialist realizmi" tələblərinə zidd getməyə çalışırdı.

Mövludun hekayələri arasında bir neçə hekayə isə məni romanlardan daha çox təsirləndirmişdi.
Amma “Dəyirman” povestindən bir epizod yaddaşıma o vaxtdan həkk olunub, onu sizə danışım.
Məşhur kəbabxanaya qonşu kənddən ya rayondan, bəlkə də daha uzaqdan gələn, qarnı, boynu yoğun, pullu kişilər yeyib-içəndən sonra buralarda yüngüləxlaq, yola gələn qadın həvəsinə düşürlər, kababxanadakı kənd adamlarından biri onlara deyir ki, bir beləsi var:

- Amma hər adamla getmir. Belə də, sədrnən, böyüklərnən.

Boynuyoğun kişilər o adamı dilə tuturlar ki, “Danışıb, düzəldə bilərsən? Pulnan deyil?”.
Bu maraqlı və işgüzar söhbəti həmin yaxın kənddən olan çoban eşidir və o adama söyüb:

- Ə-ə, kəndi hərraca qoyursan? Çoxdandır bu kənddə namus üstündə adam öldürülməyib! - bağıraraq xəncərini çıxardır.

Mövlud Süleymanlı “Qınından sıyrılan xəncər ən böyük həqiqət kimi parladı” yazmışdı.
Sitatlarım təxminidir, yadımda qalan kimi yazıram, gərək povesti tapıb dəqiqləşdirəm.
Hərdən mənə elə gəlir ki, bu sözləri bəsit, bir yüngüləxlaq, pula satılan kənd qadını səviyyəsində yox, daha böyük və geniş, ictimai-siyasi mənada həm o kəndə, həm də bütün Azərbaycana aid eləmək olar.

Allah rəhmət eləsin, Mövlud Süleymanlı!